525.Az

Şagirdlərin müəllifi olduğu kitablar təqdim edildi - Fotolar


 

Şagirdlərin müəllifi olduğu kitablar təqdim edildi - <b style="color:red">Fotolar</b>

İyunun 11-də Tahir Həsənov adına 23 nömrəli tam orta məktəbdə həmin məktəbin 7a sinif şagirdlərinin yazdığı “Qorxulu meşə” və 3b sinif şagirdlərinin yazdığı “Mənim dünyam” adlı kitabların təqdimat mərasimi olub.

Əvvəlcə uşaqlar yazdıqları kitabların səhnələşdirilmiş versiyasını qısa şəkildə tədbir iştirakçılarına və qonaqlara təqdim ediblər. Bu təqdimatda hər iki essedə cərəyan edən hadisələr onu yazan müəlliflərin ifasında çox gözəl səslənib.

7a sinif şagirdlərindən Qocayev Bədirxan, Bayramov Fazil, Tahirli Nicat, Adışirinli Nuray, Yusifzadə Anara və Bayramova Zəhranın müəllifi olduğu “Qorxulu meşə” kitabının meydana gəlməsinin çox qəribə tarixçəsi olub. Belə ki, uşaqlar bir il bundan öncə qrup halında Şamaxıya səyahətə gediblər və bu zaman Bədirxan və Nicatın təklifi ilə Şamaxı meşələrində gəzərkən gördüklərini qələmə almağa və bunu kitabça şəklində çap etdirməyə qərar veriblər. Hər şagird qorxulu meşədə baş verən bir hadisəni qələmə alıb və onu sonradan birləşdirərək “Qorxulu meşə” adı altında kitab şəklində çap etdiriblər. Bu essenin əsas qayəsi bütün çətinliklərə dostluğun və yaxşılığın gücü ilə qalib gəlməyin mümkün olduğunu həmyaşıdlarına aşılamaqdan ibarətdir.

Həmin məktəbin 3b sinif şagirdlərinin tərtib etdikləri “Mənim dünyam” adlı kitabda həmin sinifin 33 şagirdinin yazıları öz əksini tapıb. Uşaqlara 4 mövzuda – “Birdən mağaradan...”, “Əynində kürk olan rəssam...”, “Yeddi gözəl mağarası...” və “Əlində böyük bir ox”  mövzularında bir-iki səhifəlik kiçik esse yazmaq tövsiyə olunub. 33 şagird bu dörd mövzu üzrə çox maraqlı və rəngarəng, kiçik bir-iki səhifəlik esselər yazaraq “Mənim dünyam” başlığı altında kitab şəklində çap etdiriblər. Layihənin rəhbəri 23 nömrəli tam orta məktəbin direktoru Yulya Kərimova, ideya müəllifi Fatma xanım Bünyatova, icraçılar isə sinif rəhbəri Südabə Həsənova və sinif müəllimləridir. Bu kitabda yer alan bütün yazılarda insanlara, heyvanlara və təbiətə qayğı ilə yanaşmaq və yaxşılıq etmək sayəsində bütün təhlükəli anlara qalib gəlməyin mümkün olduğu bədii şəkildə aşılanıb.

Tədbirdə çıxış edən 23 nömrəli orta məktəbin direktoru bu ideyanın çox maraqlı bir ideya olduğunu və uşaqlar tərəfindən yazılan yazıların maraqlı və diqqətçəkən olduğunu söyləmiş və uşaqların gələcək inkişafında böyük rolu olacağını bildirib. Direktor həm 7-ci sinif şagirdlərinin və həm də 3-cü sinif şagirdlərinin timsalında gələcəyin yazıçılarını gördüyünü vurğulayaraq şagirdləri, həm də müəllimləri bu gün münasibətilə təbrik edib.

Sonra çıxış edən F.Bünyatova real həyata belə açıq gözlə baxan və təbiət hadisələrindən, eləcə də gördüklərindən təsirlənərək onu qələmə almağı bacaran uşaqlarla işləməyin çox şərəfli olduğunu söyləyib və bu layihənin həyata keçirilməsində əməyi olan bütün insanlara öz təşəkkürünü bildirərək layihənin uğurlu alınmasında sinif şagirdlərinin hamısının böyük bir çoşqu ilə iştirakından məmnun qaldığını bildirib.

Sonra Mirzə Fətəli Axundzadə adına Milli Kitabxananın direktoru Kərim Tahirov çıxış edərək bu gün onun üçün iki qat bayram olduğunu və sevincinin həddi hüdudu olmadığını tədbir iştirakçılarına çatdırıb: "Həm 7-ci sinif şagirdi Nicat Tahirli və həm də 3-cü sinif şagirdi Fərəh Tahirli mənim nəvələrimdir və onların hər ikisi bu kitabların yazılmasında fəal iştirak edən şagirdlərdəndir. Şagirdlərin belə kitabların yazılmasında fəal iştirakını alqışlayıram və bu işdə dəstək verən, yardımçı olan hər kəsə öz təşəkkürümü bidlirirəm.

K.Tahirov bildirib ki, bir kitabxanaçı kimi, ömrünü kitab həsr etmiş bir insan kimi həmişə uşaqların oxumasını, kitabla dost olmasını və mütaliə etməsini alqışlayıb: "Ancaq bu gün nəinki uşaqlarımızın kitab oxumasını, hətta kitab yazmasını da ürəkdən alqışlayaraq bu günün iki qat sevincini hamı ilə bölüşürəm. Mənə elə gəlir ki, biz bir neçə ildən sonra bu günki kitab yazan uşaqların içərəsindən görkəmli yazıçıların, şairlərin, elm adamalarının, ziyalıların yetişəcəyinə tamamilə əmin ola bilərik. Vaxt gələcək onlar bu ilk kitablarının sevincini öz övladları, nəvələri ilə paylaçacaqlar".

Sonda Milli Kitabxananın direktoru uşaqların əqli inkişafına, bədii təxəyyüllərinin formalaşmasına böyük təkan verən belə layihələrin həyata keçirilməsinə dəstək verdiyinə görə 23 nömrəli tam orta məktəbin rəhbərliyinə və müəllimlərinə öz təşəkkürünü bildirib, şagirdlərə isə gələcək yaradıcılıqlarında daha böyük uğurlar arzulayıb.

Tədbirin sonunda hər iki kitabın müəllifi olan uşaqlar öz əsərlərini müəllim və valideynlərə hədiyyə ediblər.

 





11.06.2019    çap et  çap et