525.Az

Uçurumdan qurtuluşa: Heydər Əliyevin tarixi xilaskarlıq missiyası


 

Uçurumdan qurtuluşa: <b style="color:red">Heydər Əliyevin tarixi xilaskarlıq missiyası</b>

Azərbaycanın tarixində əhəmiyyətli rol oynayan, xalqımızın yaddaşına əbədi həkk olan günlər, hadisələr var. Bu sırada 15 iyun tarixi xüsusi yer tutur. 15 iyun 1993-cü il həqiqətən də yenicə müstəqillik əldə etmiş Azərbaycan dövlətinin, xalqının Qurtuluşu, Xilası oldu.

Həmin dövrdəki vəziyyəti göz önünə gətirdikdə, indi də elə ağır durumdan Ümummilli lider Heydər Əliyevin ölkəni necə çıxarmasına heyrətlənirsən. Heydər Əliyev xalqın təkidi və tələbi ilə iyunun 9-da Bakıya qayıdaraq, ölkənin xaos, vətəndaş qarşıdurması, dövlət müstəqilliyinin itirilməsi təhlükəsindən xilas edilməsi üçün tarixi missiyasını həyata keçirməyə başladı. İyunun 15-də isə Heydər Əliyev Ali Məclisin sədri seçildi. Həmin gün Azərbaycan xalqının tarixinə Milli Qurtuluş Günü kimi düşdü. Ümummilli liderin hakimiyyətə qayıdışı ilə xalqımız rahat nəfəs almağa, sabaha ümidlə baxmağa başladı. Çünki vəziyyətin nə dərəcədə ağır olmasından asılı olmayaraq, insanlar əmin idilər ki, Heydər Əliyev öhdəsindən gələcək. Belə də oldu.

AXC-Müsavat cütlüyünün hakimiyyəti ölkəmiz üçün çox ciddi problemlər və risklər yaratmışdı. 1993-cü ildə artıq respublikada həyatın bütün sahələrini böhran bürümüşdü. Səriştəsiz rəhbərlik nəticəsində müstəqilliyimiz süquta uğramaq təhlükəsi ilə üz-üzə idi. AXC-Müsavat hakimiyyətinin kadrları yox idi, ən mühüm, strateji vəzifələri heç bir təcrübəsi, peşəkarlığı olmayan, qeyri-ixtisas sahibləri tuturdular. Bu da vəziyyəti daha da ağırlaşdırırdı. Başqa bir məqam isə, onların öz aralarında gedən mübarizə idi. Hakimiyyətə gələndən sonra AXC üzləri dərhal bir-biri ilə mübarizəyə başlamışdılar.

Belə daxili didişmələr, eyni zamanda, xalq tərəfindən onlara olan inamsızlıq  nəticəsində cəmi 1 il hakimiyyətdə qaldılar. Ancaq vurduqları ziyanın miqyası elə böyük idi ki, onları aradan qaldırmağa illər lazım gəldi.

Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycanı məhv olmaqdan, parçalanmaqdan xilas etdi. Ölkədə asayiş, qayda-qanun bərqərar edildi, nizami ordu yaradıldı, Qarabağ müharibəsində atəşkəs əldə olundu, münaqişəsinin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı. İdarəetmə sistemi formalaşdırıldı, insanlara öz dövlətinə inamı qaytarıldı. Neft müqavilələrinin imzalanması ilə Azərbaycanın iqtisadi dirçəlişinin əsası qoyuldu. Qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son verildi, ilk parlament seçkiləri keçirildi və referendum yolu ilə Konstitusiya qəbul edildi.

Azərbaycanın beynəlxalq əlaqələri formalaşdırıldı, ölkənin dünya birliyinə inteqrasiyası prosesi başlandı.

Həmin dövrdə cərəyan edən hadisələr və 15 iyun tarixinin əhəmiyyətindən danışan  deputat Aydın Hüseynov "525"ə deyib ki, Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında göstərdiyi xidmətlərin həddi-hüdudu yoxdur, lakin onun fəaliyyətinin zirvəsi məhz müstəqil Azərbaycan dövlətini qurmasıdır. Keçən əsrin 90-cı illərinin əvvəllərində ölkədəki durumu xatırladan millət vəkili bildirib ki, müstəqilliyimizin ilk vaxtlarında hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün səriştəsiz fəaliyyəti ölkəni xaos və anarxiyaya sürükləyirdi, ölkə parçalanmaq, müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Digər tərəfdən cəbhədəki uğursuzluqlar, iqtisadi və sosial böhran vəziyyəti daha da ağırlaşdırırdı. Belə bir çətin vəziyyətdə xalq yeganə çıxış yolunu ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıtmasında gördü: "Ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycan məhv olmaqdan, parçalanmaqdan xilas etdi. Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkəmiz bəlalardan qurtuldu, həmin dövrdə ulu öndərin həyata keçirdiyi mühüm işlər nəticəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu və dünyada tanınmağa başladı. Əgər həmin çətin dövrdə Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycan xalqının başına hansı faciələrin gələcəyini heç kim bilmirdi. O vaxt səriştəsiz hakimiyyətin fəaliyyəti nəticəsində Azərbaycanın müstəqilliyi təhdid altında idi. Lakin Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində Azərbaycan bu bəlalardan qurtuldu və dövlət quruculuğu istiqamətində böyük işlər həyata keçirilməyə başlandı. 1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan parlamentinin sədri vəzifəsinə seçilməsi müasir tariximizdə dönüş nöqtəsi idi".

A.Hüseynov qeyd edib ki, Heydər Əliyevin qayıdışından sonra siyasi sabitlik bərpa olunmaqla yanaşı, ölkə iqtisadiyyatı da inkişaf yoluna qədəm qoydu: "Ölkə iqtisadiyyatı tənəzzül etdiyi bir vaxtda Heydər Əliyev belə bir devizlə çıxış etdi: "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir". Həmin dövrdə ulu öndər Azərbaycanın gələcək inkişaf perspektivlərini çox dəqiq şəkildə müəyyənləşdirdi. Heydər Əliyev ölkənin gələcəyinin, dövlətimizin inkişafının məhz iqtisadiyyatın inkişafından asılı olduğunu önə çəkirdi. Heydər Əliyev iqtisadiyyatı çox dərindən təhlil etməyi, proqnozlaşdırmağı və bütün potensialları işə salmağı bacarırdı".

Siyasi şərhçi, "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli isə "525"ə bildirib ki, müstəqilliyin ilk illərində ölkəmizin düşdüyü vəziyyəti xatırlayanda, indiki Azərbaycana gəlib çıxacağımız həmin dövrü yaşayan heç bir insanın ağlına gəlməzdi.

O vurğulayıb ki, çox mürəkkəb və çıxılmaz vəziyyət yaranmışdı: "Bir tərəfdən Ermənistanın işğalı, digər tərəfdən ölkədə siyasi hakimiyyətin təsir imkanlarının, idarəçilik təcrübəsinin olmaması, ayrı-ayrı bölgələrdə separatçı hərəkətləri stimullaşdıran qüvvələrin mövcudluğu, Azərbaycanı vətəndaş müharibəsinə sövq edən qruplar və s. Bu aspektdən yanaşanda, faktiki olaraq idarəolunmayan bir xaos mövcud idi ki, bu da ilk növbədə siyasi hakimiyyətinin təcrübəsizliyindən və mənəm-mənəm davasından irəli gələn məsələ idi".

E.Mirzəbəyli əlavə edib ki, AXC-Müsavat cütlüyünün hakimiyyəti nə edəcəyini bilmirdi, əllərində konkret bir proqram və onu həyata keçirəcək təcrübə yox idi: "Digər tərəfdən, bu qüvvələr arasında ciddi qarşıdurma var idi və bu qarşıdurma nəticə etibarilə həm də Azərbaycan xalqını qarşı-qarşıya qoymaq kimi bir durum yaratmışdı. Yanlış bəyanatlar, xarici siyasətdə buraxılan çox ciddi səhvlər, yaxın qonşularla münasibətlərin pozulması istiqamətində səsləndirilən mülahizələr, onların faktiki olaraq potensialı ilə uyğun gəlməyən həm siyasi, həm də geosiyasi iddaları nəticə etibarilə Azərbaycanı olduqca çıxılmaz bir beynəlxalq dalana dirəmişdi. Həmin mənzərə bu gün də olduğu kimi gözümün önündədir. Təbii ki, bu, çox ciddi buraxılan səhvlər idi ki, ölkədə normal bir vəziyyətin formalaşmasına mane olurdu. Böyük xətalara yol verilmişdi. Onları aradan qaldırmaq üçün Heydər Əliyev kimi bir lider uzun müddət vaxt, əmək sərf etmiş oldu".

E.Mirzəbəyli əlavə edib ki, çox çətin situasiyada yeganə çıxış yolu Ümummili lider Heydər Əliyevin hakimiyyətə gəlməsi idi: "Həmin dövrü xatırlayanda indiki Azərbaycana gəlib çıxacağımız o hadisələri yaşayan heç bir insanın ağlına gəlməzdi. Çünki ölkə faktiki olaraq paramparça vəziyyətində idi. Heydər Əliyevin Azərbaycanda dövlət idarəçilik sistemini formalaşdırdı, bütün strukturları öz yerinə otuzdurdu və Azərbaycanda faktiki olaraq normal bir dövlət formalaşdı. Növbəti addımlar isə Azərbaycan enerji siyasətinin müəyyənləşdirilməsi, ölkənin iqtisadi cəhətdən inkişafı üçün atılan addımlar idi ki, biz bu gün də onun bəhrəsini görməkdəyik. Təbii ki, 15 iyun Azərbaycan tarixində çox önəmli bir hissədir.  Heydər Əliyevin özünün də zamanında dediyi kimi, dövləti qurmaq nə qədər çətindirsə, onu qoryub saxlamaq ondan daha çətindir. Heydər Əliyev məhz Azərbaycan dövlətini, onun müstəqilliyini qoruyub saxladı və bu gün ölkəmiz regionun ən güclü dövlətlərindən biridir. Azərbaycan qarşısına çox böyük hədəflər qoyan bir dövlətdir".

Politoloq Arzu Nağıyev isə bildirib ki, Ümummilli lider Heydər Əliyev 1993-cü il iyunun 15-də hakimiyyətə gəlişi ilə Azərbaycanı sözün əsl mənasında xaosdan, böyük bəlalardan xilas etdi. O deyib ki, müstəqilliyin ilk illəri Azərbaycan üçün ən xaotik və qarşıdurmanın pik həddə olduğu bir dövr kimi yadda qalıb: "Həmin günlərin iştirakçısı kimi deyə bilərəm ki, Azərbaycan parçalanma vəziyyətində idi. Ölkəmizi bir neçə istiqamətdə, hətta federasiyalara bölmək istiqamətində istər xarici xüsusi xidmət orqanları, istərsə də daxildən olan olan bəzi qüvvələr addımlar atmağa çalışırdılar.

Çox acınacaqlı bir dövr idi. Ordu formalaşmamışdı, müəyyən siyasi qüvvələrin patronajı altında hərəkət edən silahlı birləşmələr mövcud idi. Təsəvvür edin ki, artıq vəziyyət o həddə çatmışdı ki, təmas xəttindən qoşunları çıxararaq öz məqsədləri üçün istifadə etməyə çalışırdılar. Yeni müstəqillik qazanmış ölkəmiz belə çətin, çıxılmaz vəziyyətlə üz-üzə idi".

Politoloq hesab edir ki, AXC-Müsavat cütlüyü hakimiyyətinin ölkəmiz üçün yaratdığı digər problemlərlə yanaşı, ən acınacaqlı məsələlərdən də biri onların kadr poblemi idi:

"Peşəkarlar işdən uzaqlaşdırılmışdı, kimlərəsə siyasət damğaları vurulmuşdu. Məhz kadr potensialının olmaması da belə bir çətin problemlər yaratmışdı. Sadəcə olaraq peşəkarlıq deyil, siyasi əqidəsinə, siyasi məsləkinə görə insanları vəzifəyə cəlb etmişdilər".

A.Nağıyev əlavə edib ki, Heydər Əliyev hakimiyyətə gəlişi ilə Azərbaycanı sözün əsl mənasında xaosdan, böyük bəlalardan xilas etdi: "Artıq Azərbaycan parçalanmışdı, büdcə acınacaqlı vəziyyətdə idi, SSRİ-dən tam şəkildə ayrılsaq da, hələ onların regionda nüfuzu həddən artıq çox idi. Bunların hamısını qaydasına salmaq, büdcəni formalaşdırmaq, ordu quruculuğu ilə məşğul olmaq, sonradan neft müqavilələrini bağlayaraq ordan gələn gəliri Azərbaycanın müdafiəsi üçün orduya yönəltmək, eyni zamanda, dövlətin təhlükəsizliyinə təhdidin qarşısını almaq böyük siyasi təcrübə tələb edirdi. Heydər Əliyev bu istiqamətdə çox mühüm, sözlə ifadə edilməyəcək dərəcədə vacib addımlar atdı".

Politoloq vurğulayıb ki, Azərbaycan üçün tariximizdə mühüm çəkisi olan siyasətçilər var: "20-ci əsrin sonunda ən mühüm çəkisi olan siyasətçi məhz Heydər Əliyev olub. Onun Azərbaycan üçün etdikləri onilliklər, əsrlər irəliyə hesablanmışdı. Təsəvvür edin ki, heç kim inanmırdı ki, "Əsrin müqaviləsi" imzalana bilər, heç kim inanmırdı ki, Azərbaycan Ordusu bir gün dünyanın ən güclü orduları sırasında ola bilər. Heydər Əliyevin siyasəti danılmaz bir siyasətdir. Ulu öndər 20-ci əsrin sonunda ən mühüm addımlar atan, ən çəkili siyasətçilərdən biridir".

Politoloqa görə, Heyər Əliyevin apardığı siyasəti bu gün davam etdirən Prezident İlham Əliyev çox mühüm addımlar atıb: "Bu, həm siyasi, iqtisadi, həm hərbi istiqamətlərdə aparılan islahatlarla bağlıdır".

PƏRVANƏ

 





12.06.2019    çap et  çap et