525.Az

Qələmsiz yazılanlar - Rəşad Məciddən sms-esselər


 

Qələmsiz yazılanlar - <b style="color:red">Rəşad Məciddən sms-esselər</b>

Fərqli ovqatların əksi 

Özüm də bilmirəm, bu yazılar nədir və onları necə adlandırım? Qələmsiz yazıldıqları həqiqətdir. Bir yaxın adama, bəlkə, gələcək kitabımın redaktoruna göndərilib. Amma hansı niyyətlə? Bəlkə, bir romanın eskizləri, parçalarıdır bunlar? Bəlkə, bir az bioqrafik, özümlə bağlı düşüncələrdir? Hər bir insanın düşüncələrini kiminləsə bölüşmək ehtiyacı olur. Ömrü boyu özünə qapanıb yaşayan adamın da haçansa bir gün içindəkiləri kiməsə açıb danışmaq zərurəti yaranır. Bölüşdüyün, danışdığın adam yaxın bildiyin, güvəndiyin kəs olanda isə daha çox açılırsan. Özündən, həyatından, yaşadıqlarından, udub-uduzduqlarından, gücündən, zəifliyindən - neçə illərdən bəri qəlbinin bir küncündə gizlədib saxladığın hər nə var - açıb danışmaq istəyirsən. Bəzən, hətta doğma adamdan giley-güzar da ola bilər. Təbii ki, özündən gileyləndiyin məqamlar da, özündən özünə yazdıqların da var. Amma hər nədirsə, hamısı öz yaşantıların - özünün yaşadıqlarındır, parça-parça olmuş, hissə-hissə bölünmüş həyatın əksi, nişanələridir.

Ona görə də "Qələmsiz yazılanlar"ın ikinci hissəsi kimi "Sms-esselər" adlandırdığım həmin bu qeydləri də çap etdirməyi düşündüm. Ayrı-ayrı vaxtlarda, fərqli şəraitlərdə yazıb göndərdiyim və çoxusunu özümdə saxlamadığım bu mətinləri yığıb toplamaq elə də asan başa gəlmədi. Göndərdiyim doğma adamdan - redaktordan xahiş etdim, yardımçı oldu. Amma içərisində yazıb özümdə saxladığım, gizlətdiklərim də var idi. Onları da bura əlavə elədim. Və beləcə, qaçaraq, yüz yerə parçalanmış, əlli yerə bölünmüş həyatımın fərqli ovqatlarının əksi, mənzərəsi olan bu yazılar ortaya çıxdı.

SƏBƏBSİZ HÜZN... 

Yaxınlıqda çay var. Böyükdür. Bunlar kanal deyir bu boyda suya. Dunaydan çəkilən kanaldır. Səhərin gözü açılmamış pilləkənlərlə çayın qırağına düşüb, otururam. Ağlıma ilk gələn Sena çayı olur - sahili gecələr Parisin bomjlarına səxavətlə qucaq açan Sena! Burada gözə dəymirlər deyə təəccüblənirəm. Çox keçmir, yaxındakı skamyada bürünüb yatan bomju gözüm alır...

Fikrimi əsən səhər mehinə yönəldirəm. Məcidovun sözü yadıma düşür: "Sən Bakıda olanda rahat oluram" - deyirdi mənə! Sonra gözüm üzbəüz sahildəki qayıqlara sataşır. Və dayanacağın rəngləri Əskişəhəri - Porsuq çayını yadıma salır; oradakı qayıqlar, çəkilən şəkillər və xoşbəxt simalar...

Yaxınlıqdakı skamyada yatan bomj oyanıb, deyəsən... "Qaçış" filmini xatırlayıram. Eynən buradakına bənzər körpünün altına gələn knyaz qumarda udduğu pullarla bomjları sevindirir, arada da deyir: "Skolko deneq ya vıiqral, a poçemu mne qrustno?" Ah çəkirəm! Bu ahı sözə çevirmək artıq mənim gücümdə deyil, Elif Şəfəqlik, Orxan Pamukluk məsələdir yəqin...

Görürəm, bomj skamyadan qalxıb divarın dibində başını basdırıb yatmış başqa bir bomja yanaşır. Deyəsən, lap bərk yatıb. Bayaqdan göz qoyduğum bu kişi bomjun yatan bomja asta, nəzakətlə yanaşmasından nəsə mənə elə gəlir ki, o təpəsinəcən bürünüb yerdə, otların üstündə yatan qadındır.

Kişi nəsə götürüb ağzına atır. Bomjlar barədə eşitdiyim bir məşhur lətifə yadıma düşür. Bir bomj ölən bomja baxır, görür ki, yanında yarım soğan, bir alma və 100 qram da araq var. Qayıdıb deyir: "Bunun ki hər şəraiti varmış, bəs, niyə ölüb?!"

Lətifənin bir anlıq təbəssümünü knyazın kədəri əvəzləyir. Düşünürəm, eyni ovqatdır - "Qaçış" filmindəki knyazın da, bomjun reaksiyası da, mənim halım da! Hər biri də eyni sualın cavabına məhkumdur: "...a poçemu mne qrustno?!"  

MƏNASIZLIĞA TƏƏCCÜB...  

Məşhur bəstəkarı xatırladım. Görüşlərimiz, söhbətlərimiz olmuşdu, musiqilərini də dinlədiyim yadımdadır. Amma adam Vaqif Mustafazadəyə neqativ münasibətiylə həkk olundu yaddaşıma. Ölümü də dəyişdirmədi heç nəyi. Bilmirəm, bəlkə haçansa, ovqatımın yaxşı məqamında bəyənəcəyim hansısa musiqisi münasibətimi dəyişdirə bilər. Amma elə də inanmıram buna. 

Burada, bu çayın kənarında o kobud sözlər bir də yadıma düşür. Xasiyyətim haqqında düşünürəm - riyanı, paxıllığı necə ağrıyla qəbul etməyimi, əslində, qəbul etməməyimi.

Kofe qurtum-qurtum azaldıqca, siqaretlər bir-birinə calandıqca fərq etdim ki, bomjlar yığışıb gedib. Onları sahildə velosiped sürən, yüyürən gənclər, asta sürətlə yeriyib-yüyürən orta yaşlılar əvəzləyib. Hələ ayaqlarını aralayıb pilləkənlərdən ördək kimi tullanan bu oğlanın da, gözlərində eynək qaçan o arıq gəncin də haqqında düşünürəm və bütün bunlarda heç bir məna görmürəm! Dopdolu, rahat yaşadığım günlərdə parkda yüyürən, ya veyil-veyil gəzən adamlara münasibətim və onların həyatlarındakı boşluqlara, mənasızlıqlara təəcüblənməyim yadıma gəlir.   

SƏRHƏDDƏ SƏRHƏDSİZ BƏDBİNLİK

Dünən sərhəddəki növbədən, sərhədçilərin sərnişinlərlə davranışından hiss elədim ki, dözülməz bir yerə gəlmişik. Nəhayət, qarşılayan oldu, sərhəddə  barmaqlarımızın hamısının izini götürəndən, üzümüzün üç pozada şəklini çəkəndən sonra bizi içəri buraxdılar. Dayanmadan asta tonla, ciy-ciy səslə danışan, ən adi hadisəyə də hədislərdən misal gətirib, primitiv söhbətləriylə yoran səfər yoldaşım və gənc operator - təzə evlənmiş, siqaret çəkən cavan oğlan. Aeroportdan şəhərə gələndə arabir zarafatlar etsəm də, axşam yeməyində anladım ki, burada özümə nəsə maraq yaratmasam, yorulacam. Təşkilatçıların, deyəsən, məşhur şəhərlərə  aparmaq fikirləri yoxdur, iqtisadi tədbir olduğuna görə fabriklərə, zavodlara aparacaqlar. "Marriott" otelin həyətində bir az gəzəndən sonra düşündüm ki, mən burda ancaq dincələ bilərəm. Səhər-axşam bu həyətdə piyada gəzməklə, ingiliscə kanallara qulaq asıb yaddaşımı, dil bilgilərimi təzələməklə... Otaqda İstanbul aeroportundan aldığım "Soğuq kahve"ni oxuyaram... Otağım "no smokinq"dir. Çalışdım siqaret çəkilən otaq olsun, alınmadı. Bəlkə, elə belə yaxşıdır, gecələr siqaret çəkməyi tərgidərəm. Beləcə, planımı qurdum: gündüzlər tədbirlər, özbək, tacik, qazax jurnalistlərlə söhbət, axşam piyada gəzmək, ingiliscə proqramlara baxmaq, "Soğuq kahve" oxumaq və siqareti azaltmaq...  

Bilirdim, çətin olacaq. 9 saat fasilədən sonra siqaret lap ilk gənclikdəki kimi ləzzət elədi. Damarlarımda şirin süstlük yarandı. Gənc səfər yoldaşımın nələrəsə təəccüblə baxmağı uşaqlığımı, gəncliyimi yada saldı. O vaxt yeni gördüklərim məni də təəccübləndirirdi. 90-da, 91-də Türkiyəyə gedəndə, 93-də Şahin Sinariya ilə Parisi gəzəndə, sonra problemlərlə bağlı səfərlərə bir müddət fasilə verib, nəhayət, 98-də Strasburqa və Amerikaya səfərlərimdəki təəccübüm yadımdadır... Amma heç vaxt heç nədən hayıl-mayıl olmadım... Düşünürəm, zamanla adamlara, dünyaya daha sakit baxacam, ən yaxın adamlarımdan ibarət mikromühitdə rahat yaşayacam. İndi gəzə-gəzə bunları düşünürəm və sərhədçilərin qəzəbli, yekəxana sifəti gözümün önünə gəlir... İçimdəki xoşagəlməz qorxu, ağrı da onların davranışından qalıb yəqin. 

KÖHNƏ BAKI ÜÇÜN NOSTALJİ... 

Aktyor Vidadi Həsənovla vodka içəndən sonra qəribə nostalji duyğular keçirdim. Hətta səhərisi gün bir hekayə süjeti də ağlıma gəldi, xeyli fikirləşib yoruldum, yazmağın necə böyük ağrı, əzab hesabına başa gəldiyini düşündüm.

O nə hüzn idi məni tutan?!

Vidadi ilə ötən əsrin səksəninci illərinin Bakısını xatırladıq, ucuz kafeləri, onların standart menyüsünü, gəncliyimizi yada saldıq. Və Anar müəllimin misrası ağlıma gəldi: "Bu şəhər daha mənim şəhərim deyil".

O illərin kafelərini xatırladan "Təndir" kafesində oturmuşduq. Vaxtilə "qaban kababı" deyilən donuz ətinin kababı, "adjika", pendir, turşu, vodka və nostalji söhbətlər: Tədris teatrı, Vidadinin Ramiz Rövşənin şeirini ilk dəfə gitara ilə oxuması, "Azdrama"nın 4-cü mərtəbəsində "YUĞ" teatrının tamaşası və tamaşanın oynanıldığı, beynimdə indi də aydın canlanan yarıqaranlıq salon...

... "Azdrama"nın yanındakı yeraltı keçidə düşdük. Uzun illərdir, bu keçiddən keçmirdim. Gəncliyimdə çox vaxt dostlarla kefikök, danışa-gülə keçdiyim keçid indi bapbalaca qalmışdı. Keçiddə çoxlu mağazalar tikilmişdi. Mağazaların önündə, kətildə oturan satıcıların nərd stoluna maraqla baxdım.

Keçiddən çıxıb Şahmat məktəbi istiqamətinə üz tutduq. Şahmat məktəbinin indiyəcən qalmasına təəccüblənib ayaq saxladıq. Arxa həyətdəki xalça sexindən, şeirlərimi italiyan dilinə çevirmiş şair-bəstəkar, sevimli Davide Qualtierinin Bakıda toxunmuş xalça-portretindən və Dağlardan danışdıq...

Bir az gedəndən sonra sağollaşıb ayrıldıq. Evə piyada  gəldim. İçdiyim vodkanın, aradabir olduğu kimi, məni yenə incidəcəyini düşünsəm də, narahatlıq hiss etmədim. Amma nəyə görəsə içimdəki hüzn keçmək bilmirdi. Bu hüznün içərisində beynimə bir hekayə mövzusu gəldi...

... Keçiddə bir nəfərlə rastlaşırıq. Mənimlə görüşür. Cavanlıqda görüşməyimizdən, yaxınlığımızdan, vodka içməyimizdən danışır, amma mən onu yada sala bilmirəm. Ortaq dostlarımızın adlarını çəkir, hamısını tanıyıram, amma onu yada sala bilmirəm. Danışdığı hadisələri dumanlı da olsa, xatırlayıram, amma onu yada sala bilmirəm ki, bilmirəm. Özündən danışır - 91-ci ildə keçiddə mağaza açıb, düz 27 ildir, burada - yerin altında işləyir. Bir dəfə imkan yarananda uşaqlarını da götürüb Antalyaya səfərə gedib. Vəssalam! Həyatındakı işıqlı məqamlar elə bunlardır - gənclik xatirələri və ailəsiylə birgə getdiyi Antalya səfəri!

Keçiddən çıxıram. Fikirli-fikirli taksiyə oturub deyirəm: "Sür Alatavaya, bir nömrəli taksimatornunun yanına". Gənc sürücü key kimi üzümə baxır: "Taksimatornu hardadır?!" Ayılıram elə bil, "Sür Xətaiyə, Ali Məhkəmənin arxasına" - deyirəm.

Bu misranı hekayəyə epiqraf seçirəm: "Taksi, gəncliyimə apararmısan?!"

 





12.06.2019    çap et  çap et