525.Az

Nizami Tağısoy və onun "Meyxanənin poetikası" kitabı


 

Nizami Tağısoy və onun "Meyxanənin poetikası" kitabı<b style="color:red"></b>

ONLAR NƏ DEYİBLƏR : Rüstəm Kamal
Filologiya elmləri namizədi, dosent, folklorşünas. 

Son dövrlərdə folklor poetikasına həsr olunmuş araşdırmaların sayı artmışdır. Prof. Nizami Tağısoyun “Meyxanənin poetikası” kitabı bu araşdırmalar sırasında özünün metodoloji yanaşması, materialın işlənmə, problemə dərindən nüfuz etmə dərəcəsinə görə xüsusilə fərqlənir. Meyxana folklor mərasim nitq janrı kimi son vaxtlar yayılma hüdudlarını genişləndirmiş, ənənəvi meyxana landşaftı olmayan ərazilərdə belə kök salmağa başlamışdır. Buna səsəb, bir tərəfdən, meyxana janrının demokratikliyi, sosial-ictimai həssaslığı, meyxana mətnlərinin ritmik çevikliyi, digər tərəfdən, TV-lərdə meyxana ilə bağlı müsabiqələrin keçirilməsi, nəticədə həm də folklor mətnində, ictimaiyyətdə meyxanaçı obrazının və statusunun dəyişməsi baş vermişdir. Prof. Nizami Tağısoy Azərbaycan filoloji fikrində ilk dəfə olaraq və sistemli şəkildə bu janrı araşdırmaya cəlb etmişdir. Görkəmli tədqiqatçı meyxana anlayışının,  etimoloji yozumunun  xüsusiyyətini açmış , “bədihə”, “bədiyə” sözlərinin semantikasını icələmiş, meyxananın meydan mərasim diskursu ilə əlaqəsini göstərməyə müvəffəq olmuşdur. Araşdırmanın müəllif tərəfindən sinxron və diaxron səviyyədə aparılması tədqiqatçıya XX əsrin əvvəllərində yaşayıb yaratmış  meyxana ustadları  (Hacı Əli Kərəm, Mirzə Bağır, Əli Ağa Vahid, Əli İslam, Mirpaşa, Ağahüseyn Əfsun, Hacı Kazım) ilə yanaşı, XX1 əsrdə fəaliyyət göstərən meyxanaçıların repertuarı,varislik və novatorluq məsələlərini tipoloji müqayisə etməyə imkan vermişdir. Kitabın qiymətli cəhəti ondadır ki, meyxana şifahi folklor janrı olmasına baxmayaraq, müəllif buraya arxiv materialları, yazıya alınmış meyxana mətnləri və s. araşdırmaya cəlb etmişdir. Meyxana mətnlərinin poetikası ritm-intonasiya, qafiyə-rədif, adresant-adresat, auditoriya obrazı yüksək filoloji səviyyədə öyrənilmişdir. Bu əsər yalnız  meyxanasevərlər üçün deyil, başqa poetik folklor mətnlərimizin tədqiqatçıları üçün də  dəyərli mənbədir.

 

 

–Təbii ki,gözlənilən bir vəziyyətdir.Bəs sonra işinizi necə davam etdirdiniz?

– Üz tutdum M.F.Axundzadə adına Milli Respublika Kitabxanasında işləməyə, tarixi, nəzəri, metodik və praktik materiallar toplamağa başladım. İş prosesi bəzən üzücü, bəzənsə həvəsləndirici olduğundan mövzuya intriqa daha da güclənirdi. Burada digər bir səbəbi də nəzərdən qaçırmaq olmaz. M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun bazasında Bakı Slavyan Universiteti yaradıldıqdan (2000) sonra mənim Universitetimizdə daha davamlı olaraq tələbələrə “Türk xalqları ədəbiyyatı” fənnindən mühazirələr oxumağım və burada türk xalqlarının folklorunun öyrənilməsinin də az rolu olmadı. Necə deyərlər, “İştah diş altındadır”. İstəklə həvəsin birləşməsi kitabın araya-ərsəyə gəlməsində mənə yardımçı oldu. Qaldı ki, Siz deyirsiz “meyxana tamamilə başqa bir dünyadır” bu mənada mən Sizinlə razılaşıram. Ona görə ki, meyxanəyə diletant kimi yanaşmaq onun əsl mahiyyətinin nədən ibarət olduğunu göz önünə gətirməz. Onu ağıllı-başlı öyrənib araşdırdıqda isə orada doğrudan da fərqli etnik-milli, dini-sakral, mədəni-mənəvi dünyanın necəliyi haqqında təsəvvür yürütmək olar. Bax, elə “başqa dünya da” məni meyxanələri az qala 20 ilə yaxın bir zaman kəsiyində öyrənməyə məcbur etdi. Və mən bu əziyyətdən qətiyyən peşman deyiləm, çünki xalq sözünün qədrini bilənlər mənim boşuna zəhmət çəkmədiyimi dəyərləndirərlər. İlk növbədə biz meyxanələri Azərbaycan folklorunun atılmış yetim uşaq həyatı yaşaması statusundan xilas etdik. Bildiyimiz kimi meyxanə xalqın şifahi təfəkküründən qaynaq alıb gələn nümunədir və bu nümunənin itib-batmasına yol verməyimiz xalq yaradıcılığını adekvat dəyərləndirməməyimiz kimi başa düşülərdi.

Keçən həftədən yarımçıq qalan müsahibəmizə davam edək: elə buna görə də xalq yaradıcılığına qiymət verən bir sıra alimlərimiz  fikirləşmişik ki, meyxanələrin qeyri-maddi mədəni irs kimi qoruması ilə bağlı Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın köməyi ilə YUNESKO-da qeyddən keçməsinə nail olaq. Xalq, məlum olduğu kimi, təfəkkürünə, adət-ənənələrinə, dini baxışlarına, həyat fəlsəfəsinə, yaşam tərzinə, etnik psixologiyasına yad olan heç nəyi yaddaşında saxlamır. Deməli, meyxanə də digər çoxsaylı folklor, klassik ədəbiyyat nümunələrimizlə birgə bizlərin qan yaddaşıdır. Digər folklor nümunələri yaradıcılığı kimi meyxanədə fasiləsiz transferin süjet yaradıcılığı prosesinin instiktiv düşüncə mərhələsindən bizim dövrümüzə gəlib çatdığı üçün, bu nümunələri yalnız yazıya almaqla qorumaq mümkündür. Məlumdur ki, kollektiv ifada iştirak edən fərdlərin özünəməxsus yaradıcılıq ənənəsi, müşairəçilik, improvizatorçuluq məharəti olmuşdur. Bu gün texnoloji proses və amillərin folklora, geneoloji qaynaqlara necə zərbə vurduğunu gördükdə Azərbaycan etnik-milli təfəkkürünün məhsulu olan bu nümünələri xalqın yaddaşında möhürləməyə nə qədər böyük ehtiyac olduğunu izah etməyə lüzum varmı?!

–Meyxananın bir xalq malı olaraq daha hansı üstünlükləri var? 

– Meyxanənin özü söz və bədii düşüncə kodudur. Onun da izahına (yəni dərindən araşdırılmasına) mütləq ehtiyaclıyıq. Son dövrlərdəki texniki tərəqqi, yeni qanunların kəşfi, ictimai fikirdə və fəlsəfi yanaşmada təbiət və cəmiyyət hadisələrinə yeni baxışlar gündəmə gəlir, formalaşır və bu, ənənəvi örnəklərdən xalqın kənarlaşmasına, qloballaşma bəşər övladının amorflaşmasına gətirib çıxarır. Yadınızdadırsa, bir zamanlar qloballaşmanı yeganə doğru-dürüst yol seçən Avropa bu gün onun əlindən yaxa qurtarmağa çalışır. Xalqlar nivelirovkaya yox, orijinallığı qoruyub saxlamağa daha çox meyl göstərirlər. Xalqımızın mətbəxi, adət-ənənələri, muğamı, musiqisi, rəqsi və digər nümunələri ilə yanaşı bu milli ifadə özəlliyinin meyxanada da əks olunduğunu alimlərimizin, mütəxəssislərimizin qorumağa ehtiyacı vardır. Bax, meyxanələr  məni bu baxımdan onları öyrənməyə məcbur etdi. Bu nümunələrin sahiblərinin məhz biz olduğumuzu sübut etməliyik.

–Bu vaxta qədər bu sahədə heç olmasa qığılcımlar olsa da vardımı?

–Tanınmış meyxanəçi X1X əsrdə yaşamış Mirzə Bağırın “Bakı və Abşeron toylarının təsviri” adlı meyxanəsi var, orada meyxanələrdə ermənilərin də iştirakından söhbət gedir. Meyxanələrə yiyə durmasaq, bir gün göz açıb görəcəyik ki, Qarabağ, Təbriz, Şirvan xalçaları və digər nümunələrimiz kimi ermənilər meyxanələrimizi də qeyri-maddi mədəni irs nümunələri kimi YUNESKO-ya öz milli örnəkləri kimi təqdim ediblər. Bu gün Rusiya, Avropa Azərbaycan mətbəxinin çoxsaylı örnəklərini vaxtında onlara  yiyə durmadığımızdan erməni mətbəxi nümunələri kimi tanımaqdadır.Rusiyada, Avropada türkə, Azərbaycana məxsus olan, məsələn, “dolma” sözünün semantikası və etimologiyası maraqlı deyil, onun ermənilərə məxsusluğunun səslənməsi maraqlıdır. Bəli, Tofiq müəllim, belə-belə işlər. İndi bildiniz mən nə üçün meyxanələri belə ardıcıl və sistemli öyrənməyi zəruri hesab etmişəm?!

–Kitab həqiqətən son dərəcə böyük zəhmət hesabına yaranıb və bizim meyxana tariximiz üçün  məncə, ən dəyərli və ən sanballı kitabdır. Kitab üzərində iş necə gedib və bu nəhəng kitab neçə ilə başa gəlib?

–Bu sualınıza görə də çox sağ olun! Bəri başdan söyləyək ki, kitab üzərində iş doğrudan da uzun müddətli, üzücü və yorucu olmuşdur. Burada onun yazılmasına kifayət qədər obyektiv və subyektiv amillər öz təsirini göstərmişdir. Obyektiv amillər sırasında meyxanələrə dair tarixi, nəzəri, metodoloji materialların qıtlığı, subyektiv amillər sırasında isə bəzi diletantlar tərəfindən mənə olan təzyiqlər, bu təzyiqlərin mənim kitabın yazılması ilə bağlı əhval-ruhiyyəmə gətirdiyi bədbin notlar idi. Bəzən bu təsirlər o qədər güclü olurdu ki, hətta gördüyüm işi ya məhv etmək, ya da yarımçıq saxlamağa məcbur olurdum. Sağ olsunlar el sözünə, xalq sözünə, alim əməyinə, zəhmətinə, onun ucalığına qiymət verən alimlərimiz – bir daha qeyd edirəm, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, yeri behiştlik AMEA-nın müxbir üzvü Azad Nəbiyev, Folklor İnstitutunun sabiq direktoru, prof. Hüseyn İsmayılov, indiki direktoru prof. Muxtar İmanov, folklorşünas-ədəbiyyatşünas alim, dos. Rüstəm Kamal, xalq yaradıcılığı örnəklərimizin qeydinə qalan AMEA-nın Folklor İnstitutunun şöbə müdiri Elxan Məmmədli, AMEA-nın İncəsənət və Memarlıq İnstitutunun baş elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Qorxmaz Əlilicanzadə, AMEA-nın Şərqşünaslıq İnstitutunun elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Kəminə Məmmədova və başqa bu kimi dəyərli söz və elm adamları. Onların mənəvi köməyi sayəsində bu kitabı 18 ildən artıq bir zaman kəsiyində yazıb ortaya qoymaq mənə nəsib oldu. Sizə məlum olduğu kimi bu kitab 432 səhifə, yəni 28,5 çap vərəqi həcmindədir. Lakin məsələ heç də həcmlə bağlı deyil.

–Mən əminəm ki, bu monumental kitab bir çox mübahisələrə səbəb olacaq.

–Kitabın əhəmiyyəti ilk növbədə onun özündə tarixi, nəzəri, metodoloji postulat və konsepsiyaları əhatə etməsidir. Hər hansı yaxşı kitab oxucunu, mütəxəssisi onunla mübahisəyə girişə çağırmalıdır.

–“Meyxanənin poetikası” kitabında mən köhnə əlifba ilə yazılmış nümunələr və onların transliterasiyası ilə rastlaşdım. Bunlar nə nümunələrdir?

–Bu nümunələr haqqında ayrıca danışmağa ehtiyac vardır. Əgər kitabda onlara nəzər saldınızsa, gördünüz ki, meyxanələrə aid bu nümunələr  XX əsrin əvvəllərinə  aiddir. Onlar “Meyxanə” adı altında iki hissədən ibarət, nasiri Abbas Mirzə Şərifzadə və Rza Darablı olmaqla (birinci hissə 20 may, ikinci hissə 20 oktyabr 1919-cu ildə) Bakıda “Elektrik” mətbəəsində nəşr olunmuş və bu dövrə qədər Azərbaycan Dövlət Tyatro aktyorları Əli İslam və Mirpaşa tərəfindən teatr səhnəsində söylənilmişdir.  Digər bir nümunə yenə də Şəhri Baküdə (kitabın üstündə yazıldığı kimi) 1922-ci ildə Türk Dram Krujoku Nəşriyyatında Əli Ağa Vahid ilə Bağır Cabbarzadə tərəfindən söylənmiş meyxanə nümunələri; Satiragit Tyatrosunda deyilmiş Vahidin meyxanələri Süleyman Səfərov tərəfindən Bakıda 1925-ci ildə nəşr olunmuş örnəkdir. Bundan başqa yenə də Bakıda Əhməd Anatollunun və Bağır Cabarzadənin ifa etdikləri nümunələri 1925, 1927 və 1930-cu illərdəki kuplet və meyxanələri təqdim etmişik. Bu nümunələrin əksər hissəsi ərəb qrafikalı əski Azərbaycan əlifbasında olduğundan onların doğru-dürüst transliterasiyası iki baxımdan vacib idi. Birinci, meyxanədən xəbəri olmayanlara sübut etmək ki, “meyxanə” sözü XX əsrin 50-ci illərindən sonra yox, lap əvvəllərdən olub  və onun yazılışı “meyxanə” kimi olmuş, ikinci, həmin kitablar pis vəziyyətdə tamam istifadədən düşüb yararsız hala gəldiyindən oradakı hərf və sözləri böyüdücülərin köməyi ilə düzgün oxuyub oxucuya adekvat oxunuşunu təqdim etmək zəruri idi. Çox sağ olsunlar Qorxmaz Əlilicanzadə ilə Kəminə xanım Məmmədova. Onların hər ikisi dəfələrlə Milli Kitabxananın xüsusi saxlancında mühafizə olunan bu nümunələri səbr və təmkinlə, ən başlıcası ilkin mənbəyə uyğun olaraq autentik transliterasiya etməklə mənə yardımçı oldular. Onlara ürəkdən minnətdaram.

(Hər iki hissə davam edəcək) 

 





07.10.2013    çap et  çap et