525.Az

"Molla Nəsrəddin"in əks-sədası: mübahisələr və həqiqətlər


 

"Molla Nəsrəddin"in əks-sədası: <b style="color:red">mübahisələr və həqiqətlər</b>

(Əvvəli ötən sayımızda)

Dini ədəbiyyatda hicab məsələsinə münasibət Mirzə Cəlil demişkən, "şərab və zinanın haram olmağı kimi deyildir, ixtilaflıdır". Bir halda ki, belədir, yenə Mirzə Cəlil demişkən, "haramlığına dair də dəlillər çox olacaq, caizliyinə də".

Məsələyə bu baxımdan yanaşanda nə C.Məmmədquluzadənın, nə də M.Mirheydərzadənın hicab məsələsinə münasibətində heç bir qəbahət yoxdur. Bu, onların özünəməxsus mövqeyidir.

Zövci-axər məsələsinə münasibətə gəldikdə isə C.Məmmədquluzadə  jurnalının həmin nömrəsində dərc etdirdiyi "Bir neçə günlüyə (zövci-axər məsələsi)" cavabında yenə də öz mövqeyində qaldığını bildirir: "Eşitsinlər bizə böhtan deyənlər, eşitsinlər... Biz Molla Nəsrəddinik. Bizim peşəmiz vəhşi adətlərə gülməkdir".

Qayıdaq M.Mirheydərzadənin H.Minasazova verdiyi cavabın üzərinə. Bu cavab "Tazə həyat" qəzetinin 5 iyun 1907-ci il tarixli 46-cı nömrəsində dərc edilmişdi. Çox sərt şəkildə yazılmış həmin cavabda M.Mirheydərzadə H.Minasazovun 23 mayda Tiflis məscidində baş verənlər  haqqında "Zaqafqaziya" qəzetinə təhrif olunmuş məlumatlar göndərməsinə öz etirazını ifadə edir: "Minasazovun bu yazısından çox təəccüb edirəm, ondan ötrü bir adam ki, özünü kulturnu və intiligent adlandıra, onun vicdanı necə yol verər ki, sətrinə üç qəpik pul almaqdan ötrü bu cürə iftira və yalanlar ilə qəzetə sütunlarını doldursun. Hərçənd ki, Minasazovun məsləki və əqidəsini yaxşı bilən heç təəccüb etməməlidir və halonki işin həqiqəti boylə olubdur ki, "Molla Nəsrəddin" məcmuəsində "Zövci-axər" və "Erməni və müsəlman övrətləri" ünvanlı məqalə Tiflisdə camaat içində böyük bir inqilab və cürbəcür danışıqlara səbəb olmuşdur. Hətta bazarlarda avam camaatlardan oylə adamlar da vardı ki, istəyirdilər "Molla Nəsrəddin"in müdir və mühərririni döyüb biabır etsinlər. Lakin bir neçə tədbirli və islahxah adamlar və mən də məscidə gedib camaatı sakit etməkdən ötrü mən də çıxıb camaata xitabən dedim: Camaat, siz bura cəm olmusunuz bundan ötrü ki, "Molla Nəsrəddin" idarəsi övrətlər barəsində belə tələb yazmışdır və özü də tələb etmişdir ki, hər kəsin cavabı vardır ki, cavab versin görək bu işin həqiqəti nə imiş. İndi mən də sizə onu deyirəm ki, "Molla Nəsrəddin"in yazısı mütabiqi-Quran və şəriət deyildir. Budur onun cavabları həm zövci-axər və həm hicab barəsində. Quranı-şərifin sureyi-Bəqərədən və sureyi-Nurdan və sureyi-Əhzabdan bir neçə ayətlər zikr edib müəyyən elədim hansılar ki, iki gün əvvəl "Tazə həyat" ruznaməsində yazdığıma görə dəxi burada təkrar etmək istəmirəm".

Məsciddə Ö.Faiqin cavab nitqinə maneçilik törətmək məsələsinə gəldikdə isə M.Mirheydərzadə bu məlumatın da təhrif edildiyini bildirir: "Ömər Faiq Nemanzadə ayağa durub camaata xitabən dedi: "Camaat, mən də sizin biriniz. İzn verirsiniz mənə, mən də çıxım bir neçə kəlmə söz danışım? Heç kəsdən cavab olmadı. Mən ona dedim ki, minbər ruhani sinfinə münhəsir olmağına görə minbərə çıxa bilməzsən. Ancaq münbərin yanında durduğun yerdə bu mətləbə dair hər nə sözün olsa, deyə bilərsən. Faiq durub bu mətləbdən kənar  riba və qeyr məsələlər üstündə danışmaq və bütün üləmaları hiyleyi-şərri qayırmaq ilə zəmm edib tohin etdi. Bu halda məsciddə olan bir çox tüccar və əsnaf onun sözlərinə qulaq asmaq istəməyib durub getdilər və məsciddə olan bəzi şəxslər Faiqə cavab verdilər ki, bu cür iftiraları üləma haqqında söyləməyib bu məsələdə cavabın var isə bəyan etgilən. Bu halda üzü açıqlıq tərəfdarları olan üç-dörd nəfər tazə cavanlar o tərəfdən qışqırıb dedilər ki, yenə qoymursuz Faiq danışsın. Mən onları da və bu biri camaatı da sakit edib Faiqin sözlərinə qulaq asmaqlarını təvəqqe etdim. Faiq isə bu barədə heç bir dəlil gətirə bilməyib yalnız "İlla mazəhərə minhə" ayeyi-şərifəsini dəlil gətirib onu öz rəyi ilə üzə və əllərə təfsir etdi və bir də heç bu məsələyə dəxli və rəbti olmayan Şeyx Tusi mərhumun bu sözünü ki, naməhrəm kişi əcnəbiyə övrətə şübhə veribən nəzəri ilə baxmasa, haram etməyibdir. Faiq sözünü qurtardıqdan sonra mən də cavabında demişəm ki, camaat, o ki, "İlla mazəhərə minhə"   ayəsidir eylə deyil ki, Faiq onu məna etdi. Üləma və təfsirin yazmağına görə və hicab barəsində olan o biri ayələrin "qərine-səncin illa mazəhərə minhə"dən murad övrət tayfasının zahir zinətləridir ki, ibarət olsun onun, yəni övrətin libaslarının görkəmindən, çadırbəndə və ayaqqabılarına olan kəlbətin və zəncirə və qeyrdən, hansılar ki, onları gizlətmək mahaldır".

Sonra M.Mirheydərzadə məsciddə Ö.Faiqə qarşı heç bir təzyiq göstərilməməsindən, "Molla Nəsrəddin"i boykot etmək fikrinin böhtan olmasından bəhs edərək məqaləni belə bitirir: "Pəs sərkar Minasazov, heç utanmırsan bu cür qırmızı yalan və iftiralar ilə qəzetə sütunlarını doldurub özgələrin şəxsiyyətinə toxunursan! Görünür ki, sənin həqq və doğru ilə rucuin yoxdur. Səninki məhz ona-buna sataşmaqdır. Nə eyləyəsən, səninki də belə düşübdür. Dəxi bundan artıq bir söz yazmıram. Səni rucu edirəm el və yoldaşlar məhkəməsinə".

Bu məsələdən bəhs edən tədqiqatçılardan Qulam Məmmədli, Tofiq Hacıyev, Əsgər Qədimov, Ataxan Paşayev, Şamil Qurbanov, Arif Əliyev və bəlkə də bizə məlum olmayan başqaları heç bir səbr və  tərəddüd etmədən H.Minasazova haqq qazandırmış, M.Mirheydərzadəni isə  "riyakar", "fitnəkar", "mühafizəkar" adlandırmışlar.

M.Mirheydərzadənin bu cür  qiymətləndirməsi sovet dövründə kommunist ideologiyasının həmin tədqiqatçılara yönləndirici mənfi təsiri ilə bağlıdır. Yəni o vaxt din  xadimlərinin fikirlərini, təklif və təşəbbüslərini ağına-bozuna baxmadan qaralamaq, inkar etmək və zərərli fəaliyyət kimi damğalamaq qarşıya qoyulmuş icrası zəruri olan tələblərdən biri idi.

Tədqiqatçıların həmin mövqeyinin yanlışlığını əsaslandıran bir məqam  da vardır. Bu, 23 may 1907-ci ildə Tiflis məscidində keçirilən Ömər Faiqlə M.Mirheydərzadənin qarşı-qarşıya gəldiyi müzakirədən sonra baş verən hadisələrdir. Diqqət edək: Bu müzakirələrdən 9 gün sonra, yəni jurnalın 2 iyun 1907-ci il tarixli 22-ci nömrəsində dərc edilmiş C.Məmmədquluzadənin qadın azadlığı məsələsinə həsr olunan "Şeyxülislama iki dənə açıq məktub" felyetonu mollaları daha da qıcıqlandırmış və hər vasitə ilə jurnalı bağlatdırmaq istəmişlər. Tiflis müvəqqəti general-qubernatoru N.P.Timofeyevin 8 iyun 1907-ci il tarixli əmri ilə jurnalın nəşri dayandırılmışdır. Bu qadağaya "Molla Nəsrəddin"ə hücuma keçənlər səbəb olmuşdur.

Tədqiqatçılar hadisələrin bu cür gedişinə istinad edərək uzun müddət C.Məmmədquluzadənin Qafqazın Şeyxülislamına yazdığı açıq məktubunu jurnalın nəşrinin dayandırılmasının əsas səbəbi hesab etmişlər. Həmidə Məmmədquluzadə də bu fikirdə olmuşdur: "Bu məktub ruhani başçısını çox hiddətləndirmiş və şeyx hökumətə şikayət etmişdi. Hökumət bu şikayətə cavab olaraq "Molla Nəsrəddin"i bağladı". Lakin tarix elmləri doktoru A.Paşayevin araşdırmaları qəti şəkildə sübut etmişdir ki, 1907-ci ilin iyununda "Molla Nəsrəddin"in nəşrinin dayandırılmasının "əsl səbəbi qadın azadlığı məsələsi deyil (Şeyxülislama yazılan açıq məktubda bu məsələdən söhbət gedirdi - F.X.), Türkiyə haqqında verilmiş karikaturalar olmuşdur". Bu faktı o vaxt Qafqaz canişini dəftərxanasının sorğusuna Mətbuat İşləri üzrə Tiflis Komitəsinin sədri V.Kolobovun  cavabı tam təsdiq edir. Cavabda yazılır: "Molla Nəsrəddin" jurnalının bağlanması barədə müvəqqəti general-qubernator tərəfindən verilmiş sərəncamla əlaqədar olaraq general Timofeyevlə (Tiflis genral-qubernatoru - F.X.) danışmağımdan aydın oldu ki, həmin jurnal haqqında görülmüş tədbirə səbəb (yəni jurnalın bağlanmasına səbəb - F.X.) qonşu müsəlman dövlətlərinin hökmdarlarına qarşı yönəldilmiş və diplomatik nöqteyi-nəzərdən manasib olmayan kəskin məqalələrin dərc edilməsi olmuşdur".

Deməli, jurnalın bağlanmasının əsl  səbəbi o vaxt çar inzibati orqanları tərəfindən çox gizli saxlanıldığından heç C.Məmmədquluzadənin özü də bundan xəbəri tutmamışdı. Bu fikrin doğruluğunu C.Məmmədquluzadənin "Molla Nəsrəddin" jurnalının 2 dekabr 1907-ci il tarixli nömrəsində dərc olunan Bakı qız məktəbinin müdiri Məryəm xanıma həsr etdiyi felyetonunda yazdığı sözlər tam təsdiq edir: "20-ci nömrədə yazanda ki, bizim kişilərimiz öz kəbinli övrətlərini evdə qoyub, gedirlər mütrübbazlığa və uşaqbazlığa qurşanırlar, dünyanın hər bir tərəfindən müsəlmanlar töküldülər üstümüzə və başladılar bizi təkfir eləməyə və mərhum şeyx məcmuəmizi bağlatdı".

"Molla Nəsrəddin" jurnalının bağlanmasının səbəbi haqqındakı fikirlərin  azdırılması "parçala, hökm sür" siyasətini həyata keçirən çar hökumətinin marağında idi. Çünki ruhani təbəqə ilə digər ziyalılar arasında intiriqa salıb onu qızışdırmaq, Qafqaz xalqlarını bir-birinə qırdırmaq onun bu ərazidə şovinist niyyətlərini həyata keçirməsi üçün sərfəli idi.

Beləliklə, aydın olur ki, "Molla Nəsrəddin" jurnalının 1907-ci ildə qadağan olunmasında tədqiqatçıların güman etdiyi kimi nə Şeyxülislamın, nə də M.Mirheydərzadə və onu müdafiə edənlərin barmağı olmuşdu. Əslində, jurnalın nəşrinin Şeyxülislama görə qadağan olunmasını M.Mirheydərzadənin heç özü də istəməzdi. Çünki bu, həmin Şeyxülislam idi ki, xoşu gəlmədiyi üçün vaxtilə onu ruhani idarəsindəki işindən çıxarmış, 1907-ci ildə isə ruhanilik hüququndan məhrum etmişdi.

Tədqiqatçıların M.Mirheydərzadəni xoşagəlməz epitetlərlə təqdim etməsinin əsas səbəblərindən biri də məhz bu məsələlərdən xəbərdar olmamalarıdır.

M.Mirheydərzadə rus çarizminin mənfur siyasətini anladığı üçün  XX əsrin lap ilk illərində inqilabi fəaliyyətə başlamışdı. Bu məqamda o, çar mütləqiyyətinin əleyhinə açıq-açığına çıxış edən C.Məmmədquluzadə ilə eyni mövqedə idi. (İnqilabi fəaliyyətinə görə 1905, 1907-ci illərdə həbs olunub Metex qalasına salınan M.Mirheydərzadənin "Tərcümeyi-halında belə bir cümlə var: "Çar müttəqiyyətinə qarşı fəhlələr arasında təbliğat və təşviqat işləri aparırdım". Lakin İranda mükəmməl dini təhsil alan M.Mirheydərzadənin zövci-axər və hicab məsələsində özünəməxsus baxışları imkan vermirdi ki, C.Məmmədqiluzadə ilə eyni mövqedən çıxış etsin. Buna görə ona "riyakar" və "mühafizəkar" demək olarmı? Yox!

M.Mirheydərzadənin sonrakı inqilabi və elmi fəaliyyəti (O, 1925-1928-ci illərdə Naxçıvanı Tədqiq və Tətəbbö Cəmiyyətinin elmi katibi, 1930-1945-ci illərdə isə Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru olmuşdur) sübut etdi ki, onun da C.Məmmədquluzadə kimi məfkurəsinin formalaşmasında 1905-ci il rus inqilabının, sosial-demokrat təşkilatlarının ciddi rolu olmuşdur. M.Mirheydərzadənin "Hümmət" qrupunun üzvü kimi sonralar hətta Ö.F.Nemanzadə ilə əməkdaşlığı haqqında da məlumatlar vardır.

Belə bir mənalı həyat  yolu keçən azad və demokratik cəmiyyət uğrunda mübarizə aparan bir şəxsi inandığı həqiqətləri (qadın məsələsində) dilə gətirdiyi və öz mövqeyini müdafiə etdiyi üçün "fitnəkar" adlandırmaq olarmı? Yox!

İstər C.Məmmədquluzadə, istərsə də M.Mirheydərzadə Azərbaycan xalqının oğullarıdır. Onların hər ikisinin fikrinə və mövqeyinə hörmətlə yanaşmaq bugünkü demokratik düşüncəli hər bir şəxsin borcudur.

 





12.06.2019    çap et  çap et