525.Az

Təbrizdə Respublika Günü münasibətilə rəsmi qəbul


 

Təbrizdə Respublika Günü münasibətilə rəsmi qəbul <b style="color:red"></b>

Təbriz şəhərində Respublika Günü və Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə rəsmi qəbul təşkil edilib.

APA-nın İran bürosunun xəbərinə görə, Azərbaycanın Təbriz şəhərindəki baş konsulluğu tərəfindən təşkil olunan tədbirdə İranın Şərqi Azərbaycan vilayətinin valisi Məhəmmədrza Purməhəmmədi, şəhər bələdiyyəsinin rəhbəri İrəc Şəhinbaher, vilayətin Mədəniyyət və islami irşad idarəsinin rəhbəri Məhəmməd Məhəmmədpur, Təbriz Universitetinin rektoru professor Mir Rza Məcidi, Təbriz şəhər Şurasının üzvü Şəhram Dəbiri Oskuyi, İran Xarici İşlər Nazirliyinin Şimal-Qərb Nümayəndəliyinin rəhbəri Əkbər İsazadə, Türkiyənin Təbrizdəki baş konsulu Hüseyn Güngör, ziyalılar, yerli KİV nümayəndələri, Təbrizdə yaşayan Azərbaycan Respublikası vətəndaşları və ailə üzvləri iştirak ediblər.

Azərbaycan və İranın dövlət himnləri səsləndirildikdən sonra ölkəmizin baş konsulu Əliyənnağı Hüseynov çıxış edərək, 1918-ci il may ayının 28-də Tiflis şəhərində görkəmli Azərbaycan ziyalılarının qəbul etdikləri İstiqlal Bəyannaməsi barədə məlumat verib. Qeyd olunub ki, Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın qürur mənbəyi kimi tarixə düşüb: “Şərqdə demokratiyanın əsasını qoyan Azərbaycan xalqı bu gün də bu ənənələri əzmlə yaşadır. Qısa müddətdə Xalq Cümhuriyyəti tarixi bir missiyanı yerinə yetirib. Azərbaycanın ilk parlamenti, hökuməti, milli ordusu təşkil edilib. Dövlətçilik atributları – bayraq, himn və gerbi yaradılıb, Azərbaycan dili dövlət dili elan olunub”.

Ə.Hüseynov Azərbaycanın diplomatik xidmət orqanlarının da məhz Cümhuriyyət dövründə -1919-cu ilin iyulunda yarandığını bildirib. Qeyd edib ki, bununla əlaqədar Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, hər il 9 iyul tarixi ölkəmizdə Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur.

Diplomat diqqətə çatdırıb ki, Azərbaycan ikinci dəfə müstəqilliyini elan edəndə onun müstəqilliyini tanıyan ilk dövlətlərdən biri də İran İslam Respublikası olub. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursunda İran önəmli yer tutur.

İranın Şərqi Azərbaycan vilayətinin valisi Məhəmmədrza Purməhəmmədi çıxış edərək, xalqlarımızın müştərək tarixi, mədəni və dini bağlılıqları, qonşuluq əlaqələri haqqında danışıb. Bildirib ki, ölkələrimiz arasında suverenliyə hörmət, daxili işlərə müdaxilə etməmək çərçivəsində yaxın əlaqələrin mövcuddur. İran öz xarici siyasətində qonşu ölkələrlə əlaqələrə xüsusi əhəmiyyət verir və qonşu ölkələr arasında Azərbaycan Respublikası hər zaman xüsusi mövqeyə malikdir.

Çıxışlardan sonra “Əbədi ezamiyyət” sənədli filmi və Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyi ilə bağlı videoçarx nümayiş olunub.

Sonra tədbir mədəni proqramla davam etdirilib.

 





12.06.2019    çap et  çap et