525.Az

"Sağlam məktəbli" layihəsində 10 minə yaxın şagird iştirak edib


 

"Sağlam məktəbli" layihəsində 10 minə yaxın şagird iştirak edib<b style="color:red"></b>

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məktəblilərin maarifləndirilməsi istiqamətində həyata keçirdiyi "Sağlam məktəbli" layihəsinə 2018-19-cu tədris ili üçün yekun vurulub.

AQTA-dan verilən məlumata görə, layihə çərçivəsində respublikanın 54 bölgəsində, 91 ümumtəhsil müəssisəsində məktəblilərlə görüş keçirilib. Görüşlərdə agentlik və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun 87 əməkdaşı qida təhlükəsizliyinə dair 61 mövzuda təqdimatla çıxış ediblər.

Təqdimatlarda məktəblilərin xüsusi maraq dairəsinə daxil olan enerji içkilərinin ziyanları, ilkin qida təhlükəsizliyi vərdişləri, gündəlik qida rasionun təşkili, süd və süd məhsullarının faydaları, məktəblinin sağlam qidalanması, qida zəhərlənmələri zamanı ilkin profilaktik tədbirlər, qida məhsullarının etiket məlumatları, plastik torbaların qida məhsullarına təsiri, mal qonşuluğu və s. kimi mövzulara toxunulub. Bundan başqa, agentlik tərəfindən hazırlanan maarifləndirici video-çarxlar və materiallar şagirdlərə təqdim olunub, onların qida təhlükəsizliyi ilə bağlı sualları mütəxəssislər tərəfindən cavablandırılıb. Layihədə ümumilikdə 10 minə yaxın müəllim və şagird heyəti iştirak edib.

Qeyd edək ki, "Sağlam məktəbli" layihəsinin həyata keçirilməsində əsas məqsəd məktəblilər arasında sağlam qidalanmanın təşviqi, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanmasıdır. Layihənin 2019-20-ci tədris ilində respublikanın bütün bölgələrini əhatə etməklə davam etdirilməsi nəzərdə tutulub.

CEYHUN

 





12.06.2019    çap et  çap et