525.Az

"Bakı Xoreoqrafiya Akademiyasının yaradılması da tarixi bir hadisədir"


 

BAKI XOREOQRAFİYA AKADEMİYASININ REKTORU TİMUÇİN ƏFƏNDİYEV: "BU İL AZƏRBAYCANDA XOREOQRAFİYA TƏHSİLİNİN 90 İLLİK, HƏMÇİNİN, BAKI XOREOQRAFİYA AKADEMİYASININ 5 İLLİK YUBİLEYİ QEYD OLUNACAQ"

"Bakı Xoreoqrafiya Akademiyasının yaradılması da tarixi bir hadisədir"<b style="color:red"></b>

Müsahibimiz Bakı Xoreoqrafiya Akademiyasının rektoru, filologiya elmlər doktoru, Əməkdar elm xadimi professor Timuçin Əfəndiyevdir.

- Timuçin müəllim, Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksi  90 illik yubileyinin ərəfəsindədir. Müsahibəmizə elə akademiyanın yubiley hazırlıqları ilə başlayaq.

- Bu il Azərbaycanda xoreoqrafiya  təhsilinin 90 illik, həmçinin, Bakı Xoreoqrafiya Akademiyasının 5 illik yubileyi qeyd olunacaq. Şərq aləmində ilk dəfə olaraq Azərbaycanda belə bir təhsil ocağının açılması tarixi bir hadisə idi. 1929-cu ildə Xalq Maarif Komissarlığı Kollegiyasının qərarına əsasən  Bakı Xoreoqrafiya Məktəbi açılıb. Bu məktəb milli mədəniyyətin inkişafında misilsiz rol oynayib. Qəmər Almaszadə, Leyla Vəkilova, Çimnaz Babayeva, Xumar Zülfüqarova, Roza Cəlilova, Maqsud Məmmədov, Rəfiqə Axundova, Böyükağa Məmmədov, Afaq Məlikova, Təranə Muradova kimi görkəmli sənətkarların yetişməsində bu məktəbin böyük rolu olub. Azərbaycan Prezidentinin 30 aprel 2014-cü il tarixli sərəncamı ilə Bakı Xoreoqrafiya Məktəbinin bazasında  Bakı Xoreoqrafiya Akademiyasının  yaradılması da tarixi bir hadisədir. Bu sərəncam nəinki Azərbaycanda və regionda,  eyni zamanda,  bütün Şərq aləmində və MDB məkanında xoreoqrafiya sənəti sahəsində  ilk çoxpilləli və fasiləsiz təhsil sisteminin təşəkkülünə rəvac verib. Ölkə başçısının 26 dekabr 2014-cü il tarixli fərmanı ilə təsdiq olunmuş Bakı Xoreoqrafiya Akademiyasının nizamnaməsinə əsasən, akademiya ibtidai, ümumi orta, tam orta, orta ixtisas, bakalavr, magistr, doktorantura pillələri üzrə təhsil proqramını, həmçinin, əlavə təhsilin müvafiq istiqamətlərini (ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşməsi təkrar ali təhsil və orta ixtisas təhsili, dərəcələrin yüksəldilməsi) həyata keçirən təhsil kompleksidir. 

Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksi bu 5 il ərzində bir çox uğurlara imza atıb. Akademiya Avropa İncəsənət Universitetləri Liqasına üzv seçilib, 10 ölkənin 12 təhsil müəssisəsi ilə əməkdaşlıq sazişləri bağlayıb, dünyaca məşhur 18 balet ustası və xoreoqraflarının ustad dərsini təşkil edib. Bununla yanaşı, akademiya "Qəmər Almaszadə adına Beynəlxalq Rəqs Müsabiqəsi"ni  təsis edib və 2016, 2018-ci illərdə dünyanın 12 ölkəsindən 324 nümayəndənin iştirakı ilə müsabiqəni müvəffəqiyyətlə keçirib. Eyni zamanda, "Sənət Akademiyası" beynəlxalq  elmi-nəzəri jurnalını təsis etməsi və onun Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının reyestrinə  daxil edilməsi, ölkənin aparıcı teatr və konsert zallarında keçirilən onlarla hesabat konsertləri, rəqs tamaşaları və xoreoqrafik  kompozisiyalar, beynəlxalq və respublika əhəmiyyətli konfranslar, akademiya tələbələrinin müntəzəm olaraq xaricdə  keçirilən müxtəlif  rəqs və balet müsabiqələrində iştirakı, Azərbaycan bayrağını böyük konsert  salonlarında dalğalandırması akademiyanın böyük uğurlarındandır. Yubiley hazırlıqları  ilə bağlı onu qeyd edə bilərəm ki,  artıq 90 illik yubileyə həsr olunmuş Azərbaycan Dövlət Akademik  Opera  və Balet Teatrının, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının, Opera Studiyasının səhnələrində balet və rəqs tamaşaları nümayiş olunub. Noyabr ayının əvvəllərində isə akademiya 90 illik yubileyə həsr olunmuş beynəlxalq konqres və Qala konsert keçirməyi nəzərdə tutub. Bu tədbirə bir çox xarici ölkələrin görkəmli sənət adamları və səntşünasları dəvət olunacaq.

- Akademiyanın apardığı əməkdaşlıq layihələri haqda, eləcə də elmə yönəlik fəaliyyətlə bağlı nə deyə bilərsiniz?

- Akademiya Moskva Dövlət Xoreoqrafiya Akademiyası, Y.Vaqanova adına "Rus Baleti" Akademiyası,  Moskva Dövlət Mədəniyyət İnstitutu, Qazaxıstan Dövlət Xoreoqrafiya Akademiyası,  Belarus Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Pekin Rəqs Akademiyası və digər xarici təhsil müəssisələri ilə əməkdaşlıq sazişləri imzalayib, onlarla yaradıcılıq əlaqələri  və təcrübə mübadiləsi  həyata keçirir.  Bu dövr ərzində Rusiya Federasiyasının Xalq artistləri D.Muzakayev, V.Vasiliyev, N.Tsiskaridze, Rusiya Federasiyasının əməkdar artisti P.Skirmantas  və digər məşhur müəllim-xoreoqraflar ustad dərsləri keçmək üçün akademiyaya dəvət olunublar. Rusiya Federasiyasının Xalq artisti, Y.Vaqanova adına "Rus Baleti" Akademiyasının rektoru Nikolay Tsiskaridze akademiyanın fəxri professoru adına layiq görülüb. Həmçinin, akademiyanın baş müəllimi, Əməkdar artist Eteri Cəfərova və tam orta məktəbin direktor müavini Kamilə Əliyeva Moskva Dövlət Mədəniyyət İnstitutunda təcrübə keçiblər. Bununla yanaşı, akademiyanın yüksək ixtisaslı müəllim-xoreoqrafları respublikanın şəhər və rayonlarında xoreoqrafiya sənətinin təbliği, həmçinin, məktəblərdə və digər mədəniyyət müəssisələrində xoreoqrafiya sahəsi üzrə mütəxəssislərin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə ustad dərsləri keçiblər.

Elmə yönəlik fəaliyyətlə bağlı  isə onu qeyd edə bilərəm ki,  bu illər ərzində 10-dan artıq respublika elmi-nəzəri və elmi-praktiki konfrans keçirilib, "Sənət Akademiyası", "Konfrans materiallar toplusu", "Elmi əsərlər", "Magistr" jurnalları, 10 dərs  vəsaiti, 5 metodik vəsait, 2 dərslik, 3 monoqrafiya, 56 fənn proqramı nəşr olunub, 19 elmi-tədqiqat işi yerinə yetirilib. Akademiyanın  doktorantlarından  iki nəfər  dissertasiya  mövzularını müdafiə ediblər.

- Bəs Bakı Xoreoqrafiya Akademiyası tələbələrinin beynəlxalq səviyyədəki uğurları barədə nə deyə bilərsiniz?

- Akademiya tələbələri mütəmadi olaraq hər il Tbilisidə keçirilən Vaxtanq Çabukiani adına uşaq və yeniyetmələrin xoreoqrafiya sənəti üzrə beynəlxalq festival-müsabiqəsində müvəffəqiyyətlə iştirak edib və laureat adını qazanıblar. Həmçinin, Fransanın Orn  departamentində  Sen Simeon şəhərində keçirilən ənənəvi Sen-Jan  milli bayramında, eləcə də   Fransanın Alzas  regionunun  Müluz şəhərində Azərbaycan  musiqisinə həsr olunmuş "İki dünya" adlı  musiqi festivalında milli rəqslərimizlə çıxış edib, Fransa Senatının  xatirə medalı ilə təltif  olunublar. Eyni zamanda, Serbiyanın Belqrad şəhərində  keçirilən "Avropanın sevinci"  festivalında çox uğurlu çıxışlarına görə akademiyanın şagird və tələbələri diplomlarla təltif olunub,  Serbiya prezidenti Boris Tadiçlə görüşüblər. Həmçinin, tələbələrimiz Rusiya Federasiyasında "Yer kürəsi - ümumi evimizdir"  Gənclərin XVI Beynəlxalq musiqi yaradıcılığı festivalında birinci yeri qazanıb,  Qazaxıstan və Çeçenistan Respublikasında keçirilən milli rəqs, Sankt-Peterburqda  keçirilən  klassik rəqs müsabiqələri  və festivallarda uğurla çıxış ediblər.

- Bu gün Akademiyaya şagird və tələbələrin göstərdiyi maraq hansı səviyyədədir?

- Akademiyanın istər tam orta məktəbinə, istər kollec, istərsə də  bakalavr, magistratura, doktorantura  pillələrinə maraq gündən-günə artır. Xüsusilə  də, akademiyanın  bakalavr və magistratura pillələrində keçirilən ixtisaslara qəbul olunmaq istəyən  abituriyentlərin  sayı ildən-ilə artmaqdadır. Qeyd etməliyəm ki,  akademiyada xoreoqrafiya sənəti ixtisası ilə yanaşı, Moskvanın Xoeroqrafiya  Akademiyası, Y.Vaqanova adına "Rus Baleti" Akademiyası və başqa məşhur tədris müəssisələrində olduğu kimi "Rəqs müəllimliyi", "Sənətşünaslıq" (səhnəqrafiya tarixi, geyim tarixi, xoreoqrafiya tarixi və.s), "Dizayn" (səhnə tərtibatı, milli və klassik rəqslər üçün geyim dizaynı), "Menecment" (prodüserlik) və digər ixtisaslar üzrə xüsusi proqramlarla tədris aparılır. Lakin təəssüf hissi ilə bildirmək istəyirəm ki,  bu il təsdiq olunmuş qəbul planı birdən-birə 50 faiz azaldılıb, yuxarıda qeyd olunmuş ixtisaslar üzrə isə qəbul planı  ümumiyyətlə,  verilməyib. Baxmayaraq ki,  keçən tədris ilində bu ixtisaslar üzrə tədris planı dolmuşdu. "Rəqs müəllimliyi" (pedaqogikası) ixtisası isə "Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların təsnifatı"ndan ümumiyyətlə, çıxarılıb. Yuxarıda qeyd olunan akademiyalarda  ən aparıcı ixtisas olan "Rəqs pedaqogikası" ixtisasına bu cür münasibət təəssüf doğurur.

- Timuçin müəllim, yaradıcılıqda, elmi fəaliyyətinizdə nə yenilik var?

- Mənə elə gəlir ki, sənət ali məktəblərində tədrislə məşğul olmaq özü böyük yaradıcılıq işidir. Əgər tədris  müəssisəsinin  yaradıcılıq uğurları varsa, deməli, orda sənin də payın var.  O ki qaldı elmi fəaliyyətimə, 40 ildir, elmlə məşğul olan adam təbii ki, bu fəaliyyətini də davam etdirir. Vaxtı ilə rəhbərlik etdiyim 40-dan artıq fəlsəfə doktorlarının bir çoxu  elmlər doktorudurlar. İndi də bu sahədə mən fəaliyyətimi davam etdirirəm. Hal-hazırda romantizm haqqında böyük bir monoqrafiya üzərində işləyir, həmçinin,  seçilmiş məqalələr  kitabımı da çapa hazırlayıram.

- Siz 20-dən artıq elmi-nəzəri kitabların müəllifisiniz. Bunlardan bir neçəsi teatr haqqında olan tədqiqat əsərləridir. Azərbaycan teatrının durumunu necə dəyərləndirirsiniz?

- Azərbaycan teatrının durumu bu gün hesab edirəm ki, pis deyil. Bilirsiniz ki, ümumiyyətlə, son dövrlərdə bütün beynəlxalq aləmdə teatr tamaşalarına maraq bir qədər azalmışdır. Bunun da səbəbi müasir texnologiyaların (internet) inkişafı və bəzi yeni bədii cərəyanların yaranması idi. Lakin həqiqi sənət gec-tez öz sözünü deyir. Odur ki, son vaxtlar artıq Azərbaycan tetarına maraq xeyli artıb.  Buna da səbəb istər Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında, istər M.F.Axundov adına Dövlət  Akademik Opera və Balet Teatrında, istər Azərbaycan Dövlət Akademik  Musiqili Teatrında, istərsə də digər teatrlarda maraqlı, yüksək bədii-estetik  tələblərə cavab verən  tamaşaların olmasıdır.

Zeynəb ƏKBƏR

 





12.06.2019    çap et  çap et