525.Az

Məramsız addımlar- TEATRI DİREKTOR İDARƏ ETMƏLİDİR, YOXSA BAŞ REJİSSOR?”


 

Məramsız addımlar- <b style="color:red"> TEATRI DİREKTOR İDARƏ ETMƏLİDİR, YOXSA BAŞ REJİSSOR?” </b>

YAXUD “TEATRI DİREKTOR İDARƏ ETMƏLİDİR, YOXSA BAŞ REJİSSOR?” SUALINA CAVAB AXTARIŞI

Teatrın yaradıcılıq simasını direktor müəyyənləşdirir, yoxsa baş rejissor?

Əslində kinayəli və bəlkə də gülməli sualdır.

Neyləməli... bu gün həmin sualın cavabına işıq tutmağa böyük ehtiyac duyuram.

Bu bir həqiqətdir ki, bütün dünyada teatrlar baş rejissorların adı ilə tanınıb. Məsələn, XIX əsrin sonları və XX əsrdə Almaniyada Bertolt Brext, Maks Reynxardt, Otto Bram, Fransada Andre Antuan, Jan Rusion, Polşada Eji Qrotevski, İngiltərədə Piter Bruk, Coan Litilvud, Barri Cekson, ABŞ-da Li Strasberq, İtaliyada Lukino Viskenti (həm də kino rejissorudur), Türkiyədə Möhsün Ərtoğrul, Çexiyada Emil Burian, Macarıstanda Tamoş Mayor, Rumıniyada Yon Sava, İsveçdə Auqust Falk, İnqmar Berqman (həm də kino rejissorudur), Rusiyada Konstantin Stanislavski, Yevgeni Vaxtanqov, Vsevolod Meyerxold, Valentin Pluçek, Aleksandr Tairov, Georgi Tovstonoqov, Andrey Qonçarov, Gürcüstanda Konstantin (Keto) Marcanaşvili, Robert Strua teatrları... məşhur olub.

1930 – 1980-ci illərdə Azərbaycanda da ayrı-ayrı teatrlar məhz ilk növbədə baş rejissorların adları ilə tanınıb. (Sözsüz ki, qüdrətli aktyorların adları istisna deyil). Məsələn, müxtəlif vaxtlarda Milli Dram Teatrı “Ədil İsgəndərov teatrı”, “Tofiq Kazımov teatrı”, Musiqili Teatr “Şəmsi Bədəlbəyli teatrı”, Opera teatrı “İsmayıl Hidayətzadə teatrı”, “Soltan Dadaşov teatrı”, Gənc Tamaşaçılar Teatrı “Məhərrəm Haşımov teatrı”, “Zəfər Nemətov teatrı”, “Azər Paşa Nemət teatrı”, Gəncə teatrı “Mehdi Məmmədov teatrı”, “Hüseyn Sultanov teatrı”, Naxçıvan teatrı “İbrahim Həmzəyev teatrı”, “Vəli Babayev teatrı”, “Baxşı Qələndərli teatrı”, Şəki teatrı “Hüseynağa Atakişiyev teatrı”, son 15 – 20 ildə “Yuğ” Dövlət Teatrı “Vaqif İbrahimoğlu teatrı”, Dövlət Pantomim Teatrı “Bəxtiyar Xanızadə teatrı” kimi tanınıb. Həmin dövrlərdə Azərbaycan teatr məkanında sənət ocaqlarının direktorlarının adlarını bugünkü teatrsevərlərin çox az bir qismindən başqa heç kim bilmir.

Çox-çox təəssüflər olsun ki, bu gün Azərbaycan teatrları əsasən baş rejissor deyil, “direktor teatrları” kimi çalışır. Hətta əksər teatrlarda baş rejissor olsa da, sözün kəsəri direktorlardadır. Halbuki yaradıcılıq məsələlərinə birbaşa cavabdeh və məsul baş rejissor olmalıdır.

Opera və Balet Teatrında repertuarı, ştata yeni vokalçı, balet artisti və ya ifaçı götürməyi baş rejissor yox, direktor həll edir. Bəlkə də elə buna görə Arif Məlikovun “Məhəbbət əfsanəsi” baleti dünyanın ən qabaqcıl sənət ocaqlarında oynanıldığı halda, 30 ildən çoxdur Azərbaycan səhnəsində göstərilmir. Və yaxud, Koroğlunun bəzi ifaçılarının qəhrəmanlıq əzəmətini səhnədə görmək üçün tamaşaçıya durbin lazım gəlir.

Bir neçə ildir ki, Akademik Milli Dram Teatrında baş rejissor ştatı ləğv olunub. Bütün hegemonluq teatrın direktorunun səlahiyyətinə “keçirilib”. Belə bir “yenidənqurmaya” hansı tərəfdən yanaşsaq, heç bir məqamda özünü doğruldan dayağı görünmür.

Təbii ki, dünyada  prodüser teatrları mövcuddur və onlar xüsusi statusla və fərqli prinsiplərlə işləyirlər. Ancaq heç bir ənənəvi klassik, yaxud yeni yaranan eksperimental teatr baş rejissorsuz, yaxud bədii rəhbərsiz işləmir. Uzağa getməyək, Moskvada MXAT, Satira, Vaxtanqov, Mayakovski, Malı Bronnı, Taqanka, Peterburqda Böyük Dram, Tiflisdə Rustavelli, Marcanaşvili, Litvada Panevejis... teatrlarının yaradıcılıq sərkərdələri həmişə baş rejissorlar olublar və indi də bu ənənə davam edir.

Müstəqil Azərbaycan Respublikasında isə XXI əsrdə ölkənin ana teatrında eksperiment edilir. Həm paytaxtda, həm də əyalətlərdə əksər teatrlar baş rejissor yox, direktor teatrlarıdır. Gənc Tamaşaçılar Teatrında Bəhram Osmanovun baş rejissor təyin olunması müəyyən ümidlərə çıraq tutur. Eləcə də Mingəçevir, Gəncə, Lənkəran teatrlarına gənc istedadların baş rejissor təyini sevindirici haldır. Təbii ki, yaradıcılıqda “hegemonluğu” direktorlar öz üzərlərinə götürməsələr bu təyinatların nəticəsi daha uğurlu ola bilər.

Akademik teatr baş rejissorsuz fəaliyyət göstərir. Nəticəsi nə olub?

Yaxud, baş rejissorları olan kollektivlərdə yaradıcılıq iqlimini əsasən kim müəyyənləşdirir?

Baxaq.

Təzə hazırlanan tamaşalarda rolları əsasən direktor bölür. Hətta quruluşçu rejissorun müəyyənləşdirdiyi ansambl siyahısında da direktor istədiyi kimi dəyişiklik “redaktəsi” edir.

Fəxri adlara təqdimatı direktor “yazır”. Bu məsələdəki yanlışlıqlar, haqsızlıqlar və fərdi “münasibətlər”, şəxsi “maraqlar” kollektivdə uzunmüddətli intriqalar, çəkişmələr yaradır.

Akademik Teatrda tamaşa hazırlamaq üçün xaricdən rejissorları direktor dəvət edir. Dəvət edir və tamaşaya qoyulacaq əsərin adını, tamaşada oynayacaq aktyorların siyahısını direktor müəyyənləşdirib çağırılan rejissora təqdim edir. Halbuki dəvət olunan rejissor əvvəlcə repertuardakı bütün tamaşalara baxıb kollektivin potensial gücünü özü üçün müəyyənləşdirməlidir. Həmçinin hazırlayacağı tamaşa üçün aktyor ansamblını düzgün seçməlidir. Və ən əsası, teatrın yaradıcılıq estetikasının mahiyyətini, poetika səciyyələrini, milli-mənəvi ruhunun incəliklərini mənimsəməlidir. Əksər teatrların inzibati rəhbərləri, eləcə də Akademik Teatrın direktoru İsrafil İsrafilov üçün isə sanki bunların heç bir “əhəmiyyəti” yoxdur. Bəlkə də belə deyil. Ancaq acı nəticə bu qənaətə gəlməyə əsas verir.

Akademik Teatrda repertuar siyasətini direktor “qurur”.

Akademik Teatrda aktyorlar günlərlə, bəzən həftələrlə direktorun qəbuluna düşə bilmirlər.

Oxucuda belə bir sual doğa bilər: Bəlkə İsrafil İsrafilov savadsız, teatrdan uzaq adamdır?

Birmənalı şəkildə deyirəm: xeyr! Onu tələbəlik illərindən yaxşı tanıdığım üçün cəsarətlə deyirəm ki, kifayət qədər teatr savadı, yüksək sənət zövqü, geniş mütaliəsi var. Çağdaş dünya teatr prosesindən də ətraflı xəbərdardır. Hətta teatr sənətinə, ayrı-ayrı qüdrətli teatr xadimlərinə aid maraqlı kitabları da nəşr olunub. Ancaq gəlin etiraf edək ki, bütün bunlar teatr kimi mürəkkəb yaradıcılıq ocağının bədii-estetik iqlimini müəyyənləşdirmək üçün əsas olsa da, kifayət deyil.

İsrafil İsrafilov kollektiv rəhbəri kimi də aciz deyil. Qətiyyən! Teatra gəlməmişdən əvvəl iki böyük muzeydə direktor işləyib. Özü də bacarıqla, inamla, qətiyyətlə. Lakin... teatr tamam başqa bir aləmdir... Xüsusən baş rejissor vəzifəsində işləmək çox çətindir. Rejissorluq təcrübəsi olmadan direktor kürsüsündə əyləşib teatra bədii rəhbərlik etmək iddiası isə mütləq uğursuzluq uçurumuna qapı açır.

Teatrda tək hakimiyyətlik ehtirası, səmərəli fikir söyləyənlərə xoşagəlməz yarlıqlar yapışdırmağa cəhd göstərməsi, vaxtının böyük hissəsini inzibati işlərə sərf etməsi (bu, direktorun vəzifə səlahiyyəti və borcudur) İsrafil İsrafilovu istər-istəməz faydalı yaradıcılıq axtarışlarından uzaqlaşdırır. Fikrimcə, o, prinsipial, qətiyyətli direktor kimi təcrübəli, Akademik Teatrın üslub-estetika prinsiplərinə doğma olan baş rejissorla çiyin-çiyinə işləsəydilər biz tamaşaçılarda kollektivin parlaq gələcəyinə böyük ümidlər oyanardı.

Məsələyə geniş prizmadan yanaşsaq görərik ki, onun direktorluğu dövründə teatr bir neçə müxtəlif xarakterli beynəlxalq tədbirlərdə iştirak edib. Sözsüz ki, bu, alqışlanmalıdır. Həmin istiqamətdə işlər daha geniş vüsət almalıdır. Ancaq burada bir incə məqam var. Beynəlxalq tədbirlərdə göstərilən daha uğurlu tamaşalar direktorun deyil, ondan əvvəlki rejissorların, truppanın qabaqcıl aktyorlarının yaradıcılıq nailiyyətidir.

Sabah böyük səhvlər buraxmamaq üçün bu gün dünənin acı dərslərindən ibrət götürmək lazımdır. Göynərtili olsa da, onlardan bəzilərini xatırlayaq. Özü də heç çox uzağa getmədən.

Milli Dram Teatrının İsrafil İsrafilovdan əvvəlki direktorları Əliabbas Qədirov (o, həm də bədii rəhbər idi) və Maqbet Bünyadov da direktorluq “hikkəsinin” qurbanı oldular. Onların heç biri sənət ocağının heç olmasa üç illik yaradıcılıq kursunu müəyyənləşdirə bilmədilər. Əslində, acınacaqlı görünsə də, onlar bu yaradıcılıq prosesinin mahiyyətini dərindən dərk etməkdə özlərinin aciz və səriştəsiz olduqlarını büruzə verdilər.

Maqbet Bünyadov uzun müddət Dövlət Sirkində direktor işləmişdi və ümumən səriştəli rəhbər kimi tanınmışdı. Görünür heyvanlarla işləmək prinsipləri “canlı insanlara rəhbərlik şərtləri ilə fərqlidir” həqiqətini dərk etmək lazım imiş... Üstəlik də Maqbet Bünyadov qətiyyətsiz baş rejissorun səlahiyyətlərini də öz üzərinə götürməklə, yaradıcılıq iqlimindəki süstlüyü dərinləşdirmiş və ləngliyi artırmışdı.

Yaxud, Əliabbas Qədirov həm teatrda, həm də kinoda kifayət qədər bacarıqlı və təcrübəli aktyor idi. Ancaq o, direktor kürsüsündə çaş-baş qalması, dünənki sənət yoldaşlarına yuxarıdan aşağı baxması, “filankəs yerimə keçmək istəyir” xofuna uyması ilə həm teatra, həm də özünün illər uzunu təsdiqlədiyi gözəl aktyorluq imicinə güclü sarsıdıcı zərbə vurdu. Təbii ki, həm də teatrın yaradıcılıq iqliminə ürəkağrıdan durğunluq, süstlük gətirdi.

Müəyyən müddətdə Musiqili Komediya Teatrında (indi Musiqili Teatr adlanır) bədii rəhbər vəzifəsini “daşıyan” Səyavuş Aslan və Hacıbaba Bağırov da (o, həm də direktor idi) aktyor kimi belə zərbələrə məruz qaldılar. Çünki bu iki qüdrətli səhnə xadimi özlərinin inzibatçılıq və rejissorluq imkanları, ən əsası, kollektivi idarə etmək fərasətləri ilə bədii rəhbər kürsüsünə qətiyyən uyğun gəlmirdilər. Hər ikisinin hansısa pyesi nəzəri-estetik baxımdan təhlil etmək, hansısa operettanın musiqi partiturasını qiymətləndirmək bacarığı üçün lazımi savadları və bədii rəhbər ( və ya baş rejissor) kimi peşəkarlıq səriştələri yox idi. Buna görə də Musiqili Komediya Teatrının aktyorları uzun illər bu ağrının acısını dadmağa məhkum oldular. Müəyyən fərdi sənətkar uğurlarını nəzərə almasaq, teatr uzun illər yaradıcılıq böhranı keçirdi. Hətta günü bu gün də kollektiv müəyyən aktyorların ərköyünlük xislətinin yaratdığı acı nəticələrdən xilas ola bilmir.

Azərbaycanda sırf dramaturgiya ilə məşğul olan müəllif son dərəcə azdır. Həmçinin pyes yazan nasir və şairlər də çox deyil. Bu müəlliflərin bir qismi İsrafil İsrafilovun (eləcə də bir sıra başqa kollektiv rəhbərlərinin) onları teatra yaxın buraxmamasından gileylidirlər. Bu gileylərdə həm haqsızdırlar, həm də haqlı.

Haqsızdırlar ona görə ki, nəinki Akademik Teatr, eləcə də heç bir səhnə ocağı güclü çağdaş pyesdən imtina etməz. Əksinə, belə əsərdən və onu yazan müəllifdən ikiəlli yapışar. Deməli bir qism müəlliflərin giley-güzarları boş dedi-qodudur. Bəzi pyes müəllifləri Akademik Teatrın onların yazdıqlarına biganə qaldıqlarını dönə-dönə söyləyir, “nə üçün bizim pyesləri oynamırlar?” sualında israrlı olurlar.

Əziz pyes yazanlar! Elə ingilis teatrı var ki, 30 ildir Uilyam Şekspirin “Hamlet”ini, və ya “Kral Lir”ini oynamır. Məgər həmin teatr bununla Şekspirin pis dramaturq olduğunu iddia edir? Xeyr! Teatr ilk növbədə onu maraqlandıran problemlər üçün müasir və ya klassik pyesləri arayıb-axtarıb seçir. Bu istiqamətdəki yaradıcılıq yanlışlıqları və uğursuzluqları isə tamam başqa bir mövzudur.

Bununla belə, narazılıqların geniş mənada haqlı tərəfləri də var. Gəlin unutmayaq ki, Akademik Teatrda Səməd Vurğunun “Vaqif”, “Fərhad və Şirin”, Mehdi Hüseynin “Alov”, Mirzə İbrahimovun “Həyat”, “Kəndçi qızı”, Sabit Rəhmanın “Toy”, “Xoşbəxtlər”, İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən”, “Unuda bilmirəm”, Şıxəli Qurbanovun “Sənsiz”, Bəxtiyar Vahabzadənin “Yağışdan sonra”, “Özümüzü kəsən qılınc” (“Göytürklər”), Nəriman Həsənzadənin “Atabəylər”, Nəbi Xəzrinin “Mənsiz dünya”, Anarın “Şəhərin yay günləri”, Gənc Tamaşaçılar Teatrında Yusif Əzimzadənin “Anacan”, Adil Babayevin “Yarımçıq şəkil”, İsgəndər Coşqunun “Komsomol poeması”, Gəncə Teatrında Altay Məmmədovun “Həmyerlilər”, Əfqanın “Qız atası”, Naxçıvan Teatrında Kəmalə Ağayevanın “Məhsəti”... pyeslərinin tamaşaları məhz dramaturqlarla rejissorların, geniş mənada müəlliflərlə teatrın qarşılıqlı ehtiramı və inamı sayəsində uğurlu sənət hadisələrinə çevrilib.

Təəssüf olsun ki, bu gün Akademik Teatrda həmin ənənənin davamında da nizamsızlıq var, hətta müəyyən mənada etinasızlıq duyulur. Pyes yazan müəlliflərdən, əsaslı və ya əsassız, gen qaçmağın təməli Əliabbas Qədirovun teatra direktorluğu və bədii rəhbərliyi dövründə qoyulub. Bu qüsur rayon teatrlarında daha qabarıq nəzərə çarpır. Arzu edərdim ki, teatrlarda dramaturq – rejissor – aktyorlar üçlüyünün peşəkarcasına işləmək vərdişləri parlaq və qətiyyətli yaradıcılıq qayəsinə çevrilsin.

Teatrın vaxtaşırı truppanı cavanlaşdırmaq, yaxud təcrübəli aktyorlarla yeniləşdirmək cəhdi əksər  hallarda səmərə verir və bu prosesin mütəhərrikliyi vacibdir. Lakin bu işin də kövrək, zərif tərəfləri var ki, onlara məhəl qoymayanda kollektiv bir addım irəli, üç addım geri getmək zorunda qalır. Son üç ildə başqa kollektivlərdə müəyyən uğurlar qazanmış müxtəlif yaş nəslinə mənsub aktyorlar Akademik Teatrın truppasına qəbul ediliblər. Cəsarətli təşəbbüsdür. Təəssüf ki, burada bir vacib şərtə tam məhəl qoyulmur. Axı başqa teatrlarda hətta böyük uğur qazanan aktyorların belə əksəriyyəti Akademik Teatrın yaradıcılıq ruhunun estetik incəliklərini tuta bilmirlər. Buna görə də onlar tamaşalarda hərəkət plastikaları, səhnə danışığı prinsipləri, mizanların icrası, yöndaşlarla səmimiyyət qurmaq baxımından ansamblda yad görünürlər.

Fikrimcə, rejissor dəvətində də çox ehtiyatlı olmaq lazımdır. Teatrın özünün əsas yaradıcılıq məramının aşınmaya uğraması ayrı-ayrı rejissorların fərdi üslublarının “diktə” qabarıqlığı son nəticədə sənət ocağını simasızlığa gətirib çıxarır. Bəlkə də elə buna görə Akademik Teatrın bir tamaşasında iyirmi-otuz il əvvəl dəbdən düşmüş post modernist qərb teatrının estetikası, digər bir tamaşada Gənc Tamaşaçılar Teatrının burada yad görünən forma prinsipləri, daha başqa bir tamaşada Vaqif İbrahimoğlunun konseptual sənət düşüncəsinin indiki halda cilalanmamış ifadə elementləri qabarıq görsənir. Belə bir sərt üslub uyarsızlığı kollektivin hətta səriştəli, zəngin təcrübəli aktyorları üçün də ciddi yaradıcılıq əngəlləri törədir.

Akademik Teatrda sənət ocağının yaradıcılıq qayəsinə uyğun gəlməyən müxtəlif yaş nəslinə mənsub aktyorlar da var. Onlarla vidalaşmaq mütləq lazımdır. Ancaq burada da yalnız direktorun “seçimi” və “qənaəti” əsas götürülməməlidir. Həmin aktyorlar sınaqdan keçirilərək onların bu kollektivə yaramadıqları əyani şəkildə sübuta yetirilməlidir... Bax, bunun üçün də mütləq obyektiv və qətiyyətli, prinsipial və cəsarətli baş rejissor lazımdır. Ayrı-ayrı rejissorların müxtəlif aktyorlara fərdi “münasibətləri” ilə truppanı sağlamlaşdırmaq, sağlamlaşdırıb gücləndirmək, gücləndirib müəyyən  estetik konsepsiyaya yönəltmək mümkünsüzdür.

Ötən əsrin sonlarında Azərbaycanda özəl teatrların təşəkkülü maraq doğurdu. Hətta bu istiqamətdə müəyyən uğurlar da nəzərə çarpdı. Təəssüf ki, tədricən bu proses dayanmaq həddinə çatdı. Mənə elə gəlir ki, teatr sənəti ilə bağlı səlahiyyətli təşkilatların bu məsələni araşdırmalarına,  hansısa səmərəli tədbirlər görmələrinə ehtiyac var.

lll

...Teatrın yaradıcılıq simasını direktor müəyyənləşdirir, yoxsa baş rejissor?

Əslində kinayəli və bəlkə də gülməli sualdır.

Amma və di gəl ki, bu gün həmin sualın dəqiq cavabını tapmağa böyük ehtiyac var...

 

 





07.10.2013    çap et  çap et