525.Az

Sadəcə Bülbül - Əlisəfdər Hüseynov yazır


 

Sadəcə Bülbül - <b style="color:red">Əlisəfdər Hüseynov yazır </b>

Əgər Azərbaycan xalqının ruhunu öz səsində yaşadan vokalçıların müsabiqəsi keçirilsəydi, o müsabiqənin qeyd-şərtsiz qalibi heç şübhəsiz ki, Bülbül olardı.

Xalqımız öz ulu keçmişini, mübarizə əzmini, bəşəri duyğulardan qaynaqlanan ali əxlaqi keyfiyyətlərini-məhəbbətini, kövrəkliyini, saflığını... özünə Bülbülün səsi qədər dərindən hopduran və əbədi yaşadan ikinci bir səs tanımır. Bu mənada, Bülbülün səsi Azərbaycanın təkcə mənəvi sərvəti yox, həm də tarixidir, tərcümeyi-halıdır desək, heç də yanılmarıq.

Yaradıcılığında, fəaliyyətində Bülbül qədər öncül, Bülbül qədər təşəbbüskar, birincilik missiyasına Bülbül qədər bağlı olan ikinci bir Azərbaycan vokalçısı tapmaq mümkün deyil. Bülbül Azərbaycanın ilk peşəkar vokalçısı, vokal  sənəti üzrə ilk  azərbaycanlı professor, Şərq oxuma məktəbini Avropa vokal məktəbi ilə üzvi şəkildə birləşdirərək təkcə Azərbaycan üçün yox, Yaxın və  Orta Şərq ölkələri üçün də böyük əhəmiyyət kəsb edən yeni bir oxuma məktəbinin əsasını qoymuş bənzərsiz sənətkardır.    

O, böyük sənətə xalq musiqisindən, muğamlardan gəlmişdi. Xalq oxuma ənənələrini çox erkən, özü də mükəmməl şəkildə mənimsəyən Bülbül artıq 12-13 yaşlarında Qarabağın məşhur xanəndələrindən idi. Əlbəttə, xanəndə olub bu yolu axıra qədər getməyə onun hər cür imkanı, fürsəti vardı: ürəkləri yerindən oynadan səs onda, boy-buxun, yaraşıq onda. Üstəlik də el-oba içində, xalq arasında qazandığı hörmət. Zarafat deyil, hələ bığ yeri əməllicə tərləməmişdi, amma şöhrəti bütün Zaqafqaziyanı dolaşırdı. Lakin  1920-ci ildə Bakıya gəlib Üzeyir bəyin "Əsli və Kərəm" operasında Kərəm rolunu ifa edəndən sonra Bülbülün həyatı da, sənəti də,  öz məcrasını dəyişdi; oxumağın başqa üsullarının, Allah vergisi ilan səsi başqa  yöndə səsləndirməyin mümkünlüyünü görəndən sonra Bülbül üzünü elə bir səmtə tutdu, elə bir yola buruldu ki, bu yolun keçmişi, ənənəsi yox idi. Bu yolun ilk yolçusu olmaq şərəfi, xoşbəxtliyi Bülbülün alnına yazılmışdı.

Bülbül 1927-ci  ildə konservatoriyaya daxil oldu və peşəkar oxuma sənətinin sirlərini öyrənməyə  başladı. Lakin bu, olsa-olsa, işin başlanğıcı idi.  Qəfil döngələrdən keçib zirvələrə qalxan yoxuş Bülbülü irəlidə gözləyirdi və Bülbül o yoxuşda bir müddət tək-tənha addımladı.

"Artıq 3 ildir ki, konservatoriyadayam, amma hələ məndən başqa azərbaycanlı vokalçı yoxdur... Əlbəttə, Azərbaycanın dünya incəsənətinə qovuşması üçün yollar tapılmalıdır".

Xəfif bir nisgillə yoğrulmuş bu sözləri Bülbül 1927-ci ildə deyib və bundan 3 il sonra Azərbaycanı dünya incəsənətinə qovuşduran həmin o yollardan birinin ilk müsafiri kimi üz tutub İtaliyaya, burada düz 4 il vokal sənətinin incəliklərinə yiyələnib. İtaliyadan qayıdandan 2 ay sonra 34 yaşlı müğənni Xalq Maarif Komissarlığındakı müşavirədə artıq görüb-götürmüş, peşəkar ifaçılığın gizlinlərini mənimsəmiş musiqiçi səriştəsi ilə deyirdi: "Bəstəkarlarımız Avropa klassik formalarını mənimsəməlidirlər ki, təksəsli oxuma əvəzinə Avropa çoxsəsliliyindən (polifoniyasından) istifadə edə bilsinlər, hər bir artistin əvvəlki  improvizasiya əvəzinə nota yazılmış partiyası olsun, Xalq melodiyalarından, muğamlardan yeni operalarda da istifadə etmək olar, bir şərtlə ki, onlar klassik Avropa operaları ruhunda yazılsınlar. Özü də sadə iqtibas etmək yox, folklor materialları əsasında öz orijinal motivlərini bəstələmək gərəkdir".

Bu sözləri öyrəndiklərini, bildiklərini tez bir zamanda reallaşdırmaq, özünü təsdiq etmək ehtirası ilə  yanan cavan bir müğənninin romantik arzuları, real əsası olmayan istəyi kimi başa düşmək səhv olardı. Əksinə, Bülbül öz çıxışında müdrik bir uzaqgörənliklə sabahın sərt həqiqətlərindən danışırdı, gələcəyin yaradıcılıq problemlərindən, bu problemləri dəf etməyin yollarını vaxtında axtarıb-tapmaq lüzumundan incə bir fəhmlə söz açırdı.

Musiqi biliciləri, nəzəriyyəçilər Bülbülün vokal sənətimizdəki yerinin ucalığını, mövqeyinin aliliyini məhz bu iki üslubun-muğam ifaçılığı üslubu ilə Avropa oxu üslubunun uğurlu sintezinə nail olmasında görürlər. Bu hadisənin milli mədəniyyətimiz üçün əhəmiyyətini tam aydınlığı ilə dərk etmək üçün onu mütləq tarixi kontekstdə nəzərdən keçirib qiymətləndirmək lazımdır. Azərbaycan milli vokal ifaçılığının Avropa məktəbinə qovuşmasını milli ənənələrin Avropanı, Qərbi təmsil edən üslubun ayağına gətirilməsi, yaxud onun içində əridilməsi kimi başa düşmək səhv olardı. Bülbül peşəkar, elmə əsaslanan oxu tərzinin incəliklərini dünya opera sənətinin beşiyi sayılan İtaliyada öyrənmişdi  və bu üslubun öz klassik formasında Azərbaycan mədəniyyətinə ağrı-acısız qovuşmasına haqlı olaraq həssaslıqla, ehtiyatla yanaşırdı. Məsələ ondadır ki, Azərbaycan dinləyicisinin zövqü, musiqi duyumu neçə əsr idi ki, xalq muğamlarının, mahnılarının, son onilliklərdə isə muğam improvizasiyası üslubunda yazılmış operaların az qala iliyə işləmiş emosional təsiri altında idi. Amma tarixi zərurətin qarşısını almaq da mümkün deyildi. Milli oxuma sənəti təksəsli oxuma prinsiplərinə əsaslanan üslub çərçivəsinə qapanıb qala bilməzdi. Polifonuk ifa tərzinin musiqimizə təşrif buyurması qaçılmaz labüdlüyə çevrilmişdi.

Əlbəttə, möcüzə dərhal baş vermədi, bu möcüzəyə hamı o dəqiqə, özü də asanlıqla inanmadı. İtaliyadan qayıdandan sonra Bülbülün ilk çıxışları musiqi ictimaiyyəti arasında heç də bir mənalı rəy doğurmamışdı. Məsələn, bəzi adamlar müğənninin ifasında "Traviata", "Karmen", "Toska", "Cokonda" operalarından ariyaları dinlədikdən sonra (Bülbülün həsrətində olduğu yeni tipli Azərbaycan operası hələn yaranmamışdı) guya musiqimizin Bülbülü həmişəlik itirməsi barədə hadyanlar danışırdılar, Şərq oxuma məktəbinin təəssübkeşləri kimi dərin təəssüf hissi keçirirdilər. Amma zaman göstərdi ki, Azərbaycan Bülbülü itirmədi, əksinə, yeni keyfiyyətli, yeni missiyalı dahi Bülbül qazandı. Özü də beş il, on  il üçün yox, əbədilik.

Musiqi folkloruna, xalq yaradıcılığına Bülbülün sevgisi, sayğısı tükənməz idi və onun 1932-ci ildə İncəsənət İşləri İdarəsinin nəzdində yaratdığı elmi-tədqiqat musiqi kabineti də bu sayğının, sevginin nəticəsi kimi meydana gəlmişdi. Qarşısına Azərbaycan musiqi folklorunun ən yaxşı nümunələrini toplayıb təhlil və təbliğ etmək, müəyyən səbəblər üzündən unudulan xalq mahnılarını, melodiyalarını yenidən xalqa qaytarmaq kimi nəcib və lazımlı bir məqsəd qoymuş kabinet qısa vaxt ərzində gördüyü işlərlə musiqi ictimaiyyətində böyük canlanma yaratmış, o dövrün A.Zeynallı, Q.Qarayev, C.Hacıyev, T.Quliyev, F.Əmirov, Niyazi kimi gənc bəstəkarlarının yaradıcılıq enerjisini xalq qaynaqlarının öyrənilməsinə və dirçəldilməsinə istiqamətləndirmiş, respublikamızda musiqinin tədrisinin keyfiyyətcə yeni bir mərhələyə qaldırılmasında mühüm rol oynamışdı.

Sonralar - yaşının nisbətən ahıl çağında Bülbül yenidən xalq mahnılarına üz tutdu - çoxlarını heyrətdə qoyan, çoxlarına hələ indinin özündə də çatmayan təzə bir yöndə.

Televiziyanın qızıl fondunda nadir bir lent yazısı var: Bülbül xalq çalğı alətləri ansamblının müşayiətilə xalq mahnıları oxuyur. "Gülə gülə" mahnısından əvvəl "Bayatı kürd" üstündə Bülbülün gəzişmələrinin şirinliyindən doymamış "Qara tellər"in Bülbül yozumunun səmimiliyinə heyran kəsilirsən və bu mahnının ifası bitən anda Bülbül öz qəfil, gözlənilməz jesti ilə bizi heyrətə qoyur: SSRİ xalq artisti, professor Bülbül nə oxusa yaxşıdır - uşaq oyun kəlmələrindən ibarət  aşağıdakı düzgünü:

Əlimi bıçaq kəsibdi,
Dəstə bıçaq kəsibdi,
Yağ gətirin yağlayaq,
Dəsmal gətirin bağlayaq...

İfaçılıq texnikası, səsinin diapazonu Bülbülə ən mürəkkəb, ən  çətin vokal partiyalarını rahatca oxumaq imkanı verirdi. Amma o, düzgün oxuyurdu. Bəlkə ona görə ki, dahilik hər yerdə, hər zaman dünyaya uşaq heyrətindən başlayıb uşaq təmizliyində də sona çatır?

Bülbül düzgün oxuyur, özü də necə şövqlə, həvəslə, tapdığı melodiyanı həmin o sözlərə yaraşdıra-yaraşdıra hər boğazda sözlə müsiqinin vəhdətindən təptəzə çələng hörə-hörə.

Bu mahnını oxumağa, onu bizim həm uşaqlarımızın, həm də qocalığımızın himni səviyyəsinə qaldırmağa yalnız Bülbülün qüdrəti çatardı.

Bülbül hər şeyə münasibətdə bu cür müdriklik nümayiş etdirirdi. 40-cı illərdə yaradılan və tezliklə Şərq simfonizminin inkişafında mühüm mərhələ kimi qiymətləndirilən "Şur", "Kürd-ovşarı" simfonik muğamları da bu müdrikliyin nişanələri deyildimi? Axı F.Əmirov bu əsərləri məhz Bülbülün təkidi, təşəbbüsü ilə yazmışdı.

Bülbül uzun illər xalqın yaddaşında oyun havası kimi yaşayan "İnnabı" melodiyasını birdən-birə mahnı biçiminə salmağa, ona mahnı ömrü verməyə özündə güc, mənəvi qüvvə tapırdı - çünki Bülbül idi!

Və nəhayət, Bülbülün Koroğlusu...

Üzeyir bəy dühasının parlaq incisi olan "Koroğlu" operası milli musiqi mədəniyyətimizin ucalığına heç bir zaman xələl gəlməyəcək möhtəşəm zirvələrindən biridir və Azərbaycan xalqı bunun üçün Üzeyir bəyə də, Bülbülə də eyni dərəcədə minnətdar olmalıdır.

Vaxtilə musiqişünaslar Koroğlu partiyasının ifasının  Boris Qodunovun, Otellonun, Germanın partiyalarının ifasından çətin olduğunu dönə-dönə qeyd ediblər. Bülbül bu çətinliyin öhdəsindən ona görə məharətlə gəlib ki, öz ifasında sözlə, hərəkətlə musiqinin üzvi vəhdətinə, ahəngdarlığına misilsiz bir ustalıqla nail olub, qəhrəmanının musiqi obrazını zərgər dəqiqliyi ilə cilalayıb.  Başqa sözlə, müğənni yaratdığı obrazın xarakterini - yenilməzliyini, üsyankarlığını,  əsl qəhrəmanlara yaraşan sadəliyini, kövtəkliyini səslə musiqinin vəhdətində incəliklə rəsm edib.

Vokal tarixində analoqu çətin tapılan bu fenominal hadisənin izahını, şərhini vermək son dərəcə müşkül işdir. Musiqi aləminin nütüm incəliklərini, möcüzələrinin sözlə izah etmək mümkün olsaydı, nə vardı ki! Lakin bir şey gün kimi aydındı: Bülbül oxuyanda bu və ya digər vokal partiyasını xalq oxumaq tərzində ifa etməyi planlaşdırmırdı. Bu bənzərsiz keyfiyyət Bülbül sənətinin stixiyası idi, çünki muğam havası, xalq melodiyalarının əsrarəngiz ritm ölçüləri Bülbülün qanına, canına işləmişdir, onun ruhuna əbədilik hopmuşdur.

Bülbül sənəti mədəniyyətimizdə bütöv bir epoxa, mərhələdir və xalqımızın bütün gələcək nəsilləri bu böyük sənətin işığında zaman-zaman isinəcək, bu sənətin işığından keçib durula-durula Bülbülə minnətdar olacaqlar.

Bülbül sənəti bu gün hansı ucalıqdadırsa, 50 il, 100 il... sonra da eyni ucalıqda qalacaq.

 





13.06.2019    çap et  çap et