525.Az

Bütün zamanların Nəsimisi... - Şahanə Müşfiqin yazısı


 

ŞƏRQDƏN QƏRBƏ HUMANİZM DƏRSİ...

Bütün zamanların Nəsimisi... - <b style="color:red">Şahanə Müşfiqin yazısı </b>

"Nəsimi ili: klassik ədəbi irsə müasir baxış, milli və bəşəri ideyaların təbliği" 

"Elm Darvinin şəxsində insanın meymun mənşəyini, ədəbiyyat (poeziya) isə Nəsiminin şəxsində ilahi mənşəyini kəşf etdi..." - mərhum professor Yaşar Qarayevin böyük Azərbaycan şairi, filosofu İmadəddin Nəsimi haqqında dediyi bu fikir, düşünürəm ki, əsrlərdən qalma Qərb-Şərq əqidə savaşının başqa bir mərhələsindən xəbər verir. Bu savaşın mərkəzində insana münasibət, daha dəqiqi, humanizm ideyaları dayanır. XIV əsrdə Qərb alim, filosof və yazıçıları insana qarşı zorakılığın, insanlığa yönələn hər cür təcavüzün aradan qaldırılması üçün yollar axtarırdılarsa, elə həmin zamanlarda Şərqdə Nəsimi adlanan hürufilik ideyalarının daşıyıcısı gənc şair-filosof, Şamaxıdan Hələbə qədər dolaşaraq "ənəlhəq" deyir, insanı hər cür varlığın alisi, ucası adlandırır, insanlara öz mənini tanıtmaq uğrunda savaşırdı.

Azərbaycanda XIII-XIV əsrlərdə geniş yayılmış hürufilik haqqında yetərincə məlumat var. Nə yazıq ki, Allahın təcəssümünü insanda görən, kamil insanı ilahiləşdirən, "haqq mənəm, haqq məndədir" şüarı ilə insanları pis əməllərdən, nəfsin, ehtirasın çirkabından çəkindirməyə çalışan hürufilər uzun zaman "allahsız", "dinsiz", "kafir" adlandırılaraq təqib edilib, işgəncələrə, edamlara məruz qalıblar.

İnsana bu cür yüksək dəyər verən hürufilik Təbriz, Urmiya, bütün Azərbaycan kimi geniş ərazilərdə özünə tərəfdarlar tapır və getdikcə genişlənir. O dövrdə Azərbaycanda hakim olan Miranşah, Əmir Teymur hürufilərlə nə qədər mübarizə aparsalar da təriqətin yayılmasının qarşısını ala bilmirdilər. Çünki hürufilik insana əsrlərcə həsrət qaldığı ehtiyacı olan dəyəri verirdi.

Nəsimi deyirdi:

Ey Həqi "hər yerdə hazırdır" deyən əgrinəzər,
Bəs nə mənidən seçərsən Kəbədən bütxanəyi?

Tanrı hər şeyin fövqündədir və Tanrıya gedən yol birdir. Bu yol - insanlıq, mənəvi təkamül, kamil insan yoludur və Nəsimi də "yol", "ərkan" deyərkən məhz bu insanlıq marşrutunu nəzərdə tuturdu, bu yoldan çıxanlara "əgrinəzər" deyirdi.

İNSANIN NƏSİMİ MODELİ

Dahi filosof-şair Nəsimi Azərbaycan bədii söz sənətinin forma və məzmunca zənginləşməsində ən önəmli rollardan birini oynamaqdan əlavə, həmçinin, fəlsəfi fikrin inkişafında da mühüm söz sahibi olan sənətkarlardandır. O, təkcə yaşadığı Azərbaycan, aid olduğu Şərq mühitini deyil, bütün bəşəriyyəti öz əsərlərində ifadə etməyi bacaran şair-mütəfəkkirdir.

İnsanların qəlbi, onların iç dünyası, dünyayla münasibətləri özünün ən yaxşı əksini məhz Nəsimi qəzəllərində tapır. O, təkcə bununla kifayətlənmir, insanlara öz mənini məhz sözlər vasitəsiylə aşılayır, onları özlərini tanımağa, özlərinin əsl dəyərinin fərqinə varmağa çağırır. Bununla yanaşı, o, kamil insan olmağın sirlərini açır, gələcək nəsillərin tərbiyəsində böyük rol oynayacaq nəsihətlərini misralarına sığdırır. Onun bütün yaradıcılığı məhz insanlıq, kamil şəxsiyyət haqqındakı yüksək təsəvvürlərinin ifadəsinə həsr olunub

Hər bihünər insafı yox, uş mənsəbi tutdu,
Sahibhünərə mənsəbü idrar bulunmaz,
Xəlqin əməli azdı, könül yıxıcı ögüş,
Bir xəstə könül yapıcı memar bulunmaz.

Nəsimi humanizmini şərtləndirən ən başlıca xüsusiyyətlərdən biri insana sonsuz sevgidir. Bu sevginin gücüylə o, insanı nəfsinə qalib gəlməyə çağırır. Çünki bilir və anlayır ki, insanlığı məhvə sürükləyən əsas amil məhz nəfsdir. Bəli, nəfslə mübarizə heç də asan deyil, "nəfsə qalib gəlmək Xeybər qalasını almaqdan çətindir". Ancaq bu savaşdan qalib çıxan şəxs kamillik zirvəsinə ucalan şəxsdir. O kamil insan ki, onun simasında Allah təcəlli edib, onun ürəyi İlahi nurla dolub.

Bir ovuc tozdur küləklər qarşısında bu bədən,
Ömrümüz qortək ərir hər an günəşdən, şölədən.
İnsan üçün mərifətdən özgə yoxdur bir bəzək,
Aqil insan zər üçün öz ömrünü verməz hədər.

Nəsimi poeziyasının leytmotivi insandır; zəkalı, kamil, gözəl insan; öz amalından dönməyən, mübariz, haqq, həqiqət yolunda canından keçməyə hazır olan mərd, doğruçul, sadiq, vəfalı insan! Nəsimi öz şəxsində insanın bəşəri keyfiyyətlərini açır, onu mənalandırır, poetik səviyyəyə yüksəlir. Şairin fikrincə, insan bütöv bir aləmdir, kainatdır. Nəsimi öz şəxsində insanın bəşəri keyfiyyətlərini açır, onu mənalandırır, poetik səviyyəyə yüksəlir.

Mən mülki-cahan, cahan mənəm, mən,
Mən ərşi-məkan, məkan mənəm, mən.

Lakin insan bundan daha böyükdür, o, kainata da sığmır...

Haqqın, həqiqətin tərənnümü Nəsiminin şəxsiyyəti ilə poeziyası arasında bir vəhdət, bağlılıq, həmahənglik yaradır. Nəsimi fitrətən haqq, həqiqət aşiqi idi.

Cümlə həqdir, hər nə kim, mövcud imiş,
Həqqə sacid, həqqə hər məscud imiş.

Əsl böyük həqiqət isə insandır, insanın mövcudluğudur. Haqq, həqiqət özü də ancaq insanla bağlı keyfiyyətdir, insana məxsusdur, bəşəridir. Belə olan surətdə insan həqiqətin keşiyində durmalı, mövcud aləmin sahibi, habelə, haqqın, ədalətin başçısı, allahı olmalıdır:

Ey könül, həq səndədir, həq səndədir,
Söylə həqqi kim, ənəlhəq səndədir.

Milli Məclisin deputatı, akademik Nizami Cəfərovun fikrincə: "Bütün dünyanın dilində danışan Nəsiminin dili, həm də bizim ana dilimizdir. Nəsimi şairlərimizin içində ən çox fəlsəfi, poetik və "mən"i olan şairdir. Onun yaradıcılığında həm özünün şəxsiyyəti, ideologiyası, həm də dili və milli mənliyi dayanır".

MÜASİRİMİZ NƏSİMİ

Zaman ən doğru tərəzidir, deyirlər. Bu, sənətə, sənətkara da aiddir. Tarixən də belə olub: sənətkarın əsl qiyməti özündən çox sonralar verilib. Bu mənada Nəsiminin məruz qaldığı cismani cəzalar onun mənəviyyatının ucalığından xəbər verirdi, əslində. Bu həqiqətə insanlıq sonralar vardı-illərlə, əsrlərlə ölməyən, zamanın hər cür sınağından alnıaçıq çıxan Nəsimi poeziyasını bu gün- XXI əsrdə sözə, həqiqətə təşnəliklə oxuyarkən. Nəsimi həqiqət, amal, əqidə uğrunda fədakarlığın canlı modeli olaraq əsrlərə meydan oxumağı bacardı. O, fədakarlığın simvoluna çevrildi: "Nəsimi tək bu Aşiq - Yolunda soyulandır" (Sarı Aşıq).

Akademik İsa Həbibbəyliyə görə, böyük əqidə sahibi İmadəddin Nəsiminin faciəli şəkildə öldürülməsi haqqında geniş yayılmış rəvayətlər dünya ədəbiyyatında təkrarı olmayan qəhrəmanlıq mifidir: "Cəmi 48 il ömür sürmüş, böyük və zəngin ədəbi irs yaratmış Nəsiminin şeirlərində ifadə olunan yüksək humanizm, dünyəvilik, mənəvi kamillik, ictimai ədalət və ilahi eşq ideyaları zamanı daha da irəli aparan çağırışlardır. Nəsiminin böyük idealları müasir dövrün də ideyalarını əks etdirir, onun əsərləri insanlığı mənəvi kamilliyə, ədalətə, humanizmə çağırmaqda davam edir".

Akademik Teymur Kərimli isə deyir: "Hər hansı orta əsr sənətkarını orta əsr aliminin gözü ilə nəzərdən keçirmək və qiymətləndirmək, həmin dövrdə sənətkarın ideya-bədii qayəsini onun özünün, yaxud ətrafındakıların düşündüyü kimi tədqiq edib üzə çıxarmaq və dəyərləndirmək müəyyən dərəcədə tarixi maraq doğura bilər. Lakin yaddan çıxarmayaq ki, klassik sənətkarların ölməzliyinin sirri - onun öz dövründə nə düşünməsi və lokal zamanın ictimai mühitinə nə vermək istəməsi ilə deyil, bizim dövrümüzə hansı mənəvi dəyərləri ünvanlaması ilə şərtlənir. Bu baxımdan Nəsimi humanizmini də çağdaş elmi-nəzəri təfəkkürün işığında yenidən araşdırmaq, onun öz dövrü üçün ifadə etdiyi ezopdilli dolaşıq sufi-hürufi simvolların, rəqəm-hərf rebuslarının açılmasından daha çox, bizim mədəni-mənəvi, estetik problemlərimiz baxımından çağdaş nəsilimizə, cəmiyyətimizə nə verəcəyini üzə çıxarmaq önəmlidir.

Nəsimi humanizminin müasir dünyamız üçün önəmli olan cəhətlərindən biri onun mücərrəd xarakter daşımaması, konkret insan münasibətlərini, real insan gözəlliklərini əks etdirməsidir. Nəsimini böyük humanist sənətkar kimi düşündürən başlıca problemlərdən birini də insan cəhaləti, qəfləti kimi ictimai bəla təşkil edir. Şairin bir çox əsərləri məhz öz müasirini cəhalət yuxusundan oyandırmağa, ona insanlığın şərəfini anlatmağa həsr edilib".

NƏSİMİNİ XALQ DA UNUTMUR, DÖVLƏT DƏ...

Nəsiminin yaradıcılığı və şəxsiyyəti hər zaman Azərbaycanda çox yüksək qiymətləndirilib. Hələ 1973-cü ildə Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin 600 illik yubileyinin UNESCO səviyyəsində qeyd edilməsi Azərbaycan mədəniyyəti tarixində əhəmiyyətli hadisəyə çevrilmişdi. Həmin dövrdə Xalq rəssamı Tokay Məmmədovun müəllifliyi ilə Bakıda böyük mütəfəkkirin heykəli qoyuldu. Eyni zamanda, Nəsimiyə həsr olunan film də çəkildi, elmi tədqiqatlar aparıldı, kitablar çap edildi.

Ötən illər ərzində Nəsiminin adı nəinki ölkəmizin daxilində, hətta beynəlxalq arenada da uca tutulub, dünya ictimaiyyəti də onun yaradıcılığı ilə tanış olub. Azərbaycanın Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qayğısı ilə 2017-ci ilin may ayında Parisdə, UNESCO-nun baş qərargahında Nəsiminin vəfatının 600 illiyi qeyd olundu. Ötən il Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə ölkəmizdə ilk dəfə Nəsimi - poeziya, incəsənət və mənəviyyat Festivalı keçirildi. Festival çərçivəsində ölkəmizdə çoxsaylı ölkələrdən ədiblər, alimlər və tədqiqatçılar iştirak etdilər.

"NƏSİMİ İLİ" - İNSANLIĞIN TƏBLİĞİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında" 15 noyabr 2018-ci il tarixli Sərəncamı görkəmli şairin Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus rola malik olduğunu bir daha təsdiq edir. Sərəncamda deyilir: "Nəsimi dünya poeziyasının ən kamil nümunələri sırasında diqqətəlayiq yer tutan əsərlərində daim insanın əzəmətini, insani məhəbbəti və şəxsiyyətin azadlığını tərənnüm etmişdir. Anadilli şeirin humanist ideyalarla, yeni məzmun, deyim tərzi və bədii lövhələrlə daha da zənginləşməsində unudulmaz şairin misilsiz xidmətləri vardır. Nəsiminin mənbəyini xalq ruhundan almış parlaq üslubu orta əsrlər Azərbaycan dilinin məna imkanlarını bütün dolğunluğu və rəngarəngliyi ilə əks etdirir. Sənətkarın yaradıcılığı bir sıra xalqların bədii-ictimai fikrinin inkişafına qüvvətli təsir göstərmişdir".

Eyni zamanda, Prezidentin 11 yanvar 2019-cu il tarixli Sərəncamı ilə 2019-cu ilin görkəmli Azərbaycan şairi və mütəfəkkiri, Azərbaycan dilini ədəbi-bədii dil səviyyəsinə yüksəldən böyük ustad İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar "Nəsimi ili" elan edilməsi şairə dövlət səviyyəsində verilən dəyərin, hörmət və ehtiramın ən yüksək ifadəsidir. Eləcə də, bu Sərəncam Azərbaycan mədəniyyətinin, zəngin tarixi-mədəni irsinin təbliğinə çox böyük töhfədir.

Keçən yüzilliklər ərzində Şərq humanizm ideyalarını daha da genişləndirərkən, Nəsiminin şəxsində humanizmi dünyaya yaymaqla məşğulkən, Qərbin yenə də insanlıqla bağlı "ağlı qarışıq idi". Haydegger, Nitsşe, Sartr, Fuko kimi XIX-XX əsr filosofları insan haqqında bir fikirdə həmrəydirlər ki, insan Tanrının yerini işğal edib. Yəni insan elə lap əvvəldən işğalçı və təcavüzkardır. Sartr insan haqqında yazırdı: "İnsan başlanğıcda heç nə idi. Sonra necə ola bilərdisə, o cür də oldu". Artıq dünyanın bir tərəfində antihumanizm təşəkkül tapmağa başlayırdı. Müasir dünyamıza nəzər salsaq, antihumanizmin humanizmi üstələdiyini, yenidən insanlığa qarşı zorakılıqların baş qaldırdığını, dünyanın insan anlayışına alçaldıcı nəzərini görmüş olarıq. Belə bir zamanda Azərbaycan kimi dünyaya inteqrasiya etməkdə olan, xüsusən, son illərdə müxtəlif  uğurlu beynəlxalq layihələri ilə siyasi və mədəni arenada tanınmaq yolunda əzmlə irəliləyən bir ölkənin 2019-cu ili bütünlüklə Nəsimi kimi şəxsiyyətə həsr etməsi, onun həqiqətən də dünyaya multikulturalizmin, humanizmin bir örnəyi, modeli olduğunu bir daha sübuta yetirir. Eyni zamanda, bu, Azərbaycanın bir daha böyük mütəfəkkirin təbliğ etdiyi ümumbəşəri dəyərlərin, humanizm ideyalarının yaşadılmasına bir çağırışıdır. Dünyanın bu çağırışa verəcəyi cavabı isə yenə də zaman göstərəcək. Axı həqiqətən də:

Bir günəşdir Nəsimi kim anın
Neçələr zərrəsinə həsrətdir.

Yazı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi birgə müsabiqəyə təqdim etmək üçündür

 





13.06.2019    çap et  çap et