525.Az

Azərbaycan Bolqarıstanda keçirilmiş beynəlxalq festivalda - Foto


 

Azərbaycan Bolqarıstanda keçirilmiş beynəlxalq festivalda - <b style="color:red">Foto</b>

Azərbaycanın Bolqarıstandakı Səfirliyinin təşəbbüsü ilə bu ölkənin Qara dəniz sahilində yerləşən ən qədim şəhərlərindən olan Sozopol şəhərində keçirilmiş “Soleil” 9-cu Beynəlxalq Frankofoniya Festivalı çərçivəsində Azərbaycan mədəniyyəti gecəsi təşkil olunub.

Tədbirdə Sozopol şəhərinin meri KatyaStoyanova, Bolqarıstan Mədəniyyət nazirinin müavini Rumen Dimitrov, Bolqarıstanda akkreditə olunan diplomatik nümayəndəliklərin rəhbər və əməkdaşları, KİV nümayəndələri və şəhər sakinləri iştirak ediblər.

Festival çərçivəsində “Qafqaz Albaniyasının irsi: Azərbaycanda multikulturalizm ənənələri” adlı foto-sərgi, “Şəhər motivləri” bədii filmi nümayiş olunmuş və qonaqlara Azərbaycanın ənənəvi çay süfrəsi təqdim olunmuşdur. Festival çərçivəsində baş tutmuş plenerdə 2 azərbaycanlı rəssam – Cəlal Ağayev və Elçin Hüseynli iştirak edib. Onların çəkdikləri əsərlər plenerçərçivəsində təşkil edilmiş sərgidə nümayiş olunub.

Tədbirdə çıxış edən səfir Nərgiz Qurbanova foto-sərginin zəngin xristianlıq irsi nümunəsində Azərbaycanın çoxəsrlik multikulturalizm və tolerantlıq ənənələrini təqdim etdiyini söyləmişdir. Səfir müasir Azərbaycan ərazisindəe.ə. 4-cü əsrdən eramızın 8-ci əsrinədək mövcud olmuş Qafqaz Albaniyası dövlətində 1-ci əsrdən etibarən xristianlığın yayılmağa başladığını əlavə etmişdir. Bu prosesin Şəki şəhəri yaxınlığında Kiş kəndinə gələrək burada indiyədək fəaliyyət göstərən “alban kilsəsinin anası” hesab olunan ilk məbədin əsasını qoyan apostolYeliseyin adı ilə  bağlı olduğunu qeyd edən N.Qurbanova xristianlığın alban çarı Urnayr tərəfindən dövlət dininə çevrildiyini vurğulayıb, bundan sonra ölkə ərazisində kilsə və monastırların tikilməyə başladığı bildirib. Bu kilsənin nümayəndələri bu gün də öz dinlərinə sərbəst şəkildə etiqad etməyə davam edirlər.

Şərqlə qərb və şimalla cənubun qovşağında özünəməxsus məkanda yerləşən Azərbaycanda müxtəlif mədəniyyətlərin və sivilizasiyaların bir araya gəldiyini söyləyən səfir ölkəmizdə müxtəlif vaxtlarda islam, xristianlıq, iudaizm və digər dinlərin və etiqadların yayıldığını və qarşılıqlı əlaqədə olduğunu diqqətə çatdırıb.

Daha sonra Azərbaycanda çay mərasimləri barədə məlumat verən səfir çayın Azərbaycanda ən məşhur içki növü olduğunu, bunun dostluq və mehribanlıqla assosiasiya olunduğunu qeyd edib

Festival çərçivəsində nümayiş olunan “Şəhər motivləri” filmi barədə bəhs edən N.Qurbanova filmin 5 qısametrajlı filmdən ibarət, Bakının müxtəlif rayonlarında lentə alınan filmlərin hər birinin şəhər həyatı ilə bağlı olduğunu, 5 rejissorun meqapolis həyatının aydın və qaranlıq tərəflərini işıqlandırdığını, filmdə paytaxt Bakının ruhunun hiss edildiyini, müxtəlif həyatlar və talelərlə yanaşı, filmdə Bakının qədimlik və müasirliyinin təqdim olunduğunu, İçərişəhər, Qız Qalası, Şirvanşahlar sarayı ilə bağlı təsvirlərin yer aldığını qeyd edib. 

Gecədə çıxış edən şəhər meri K.Stoyanova və Mədəniyyət nazirinin müavini R.Dimitrov festivalın əhəmiyyətindən bəhs edərək festival ilə Sozopoldayay turizm mövsümünün başladığına diqqət çəkmiş, eyni zamanda Azərbaycanın ötən il olduğu kimi, bu ildə festivalda iştirakını yüksək qiymətləndiriblər.

Tədbirin rəsmi açılışı Bolqarıstanın məşhur müğənnisi Yordanka Xristovanın konserti ilə baş tutub. Konsertdə müğənni Azərbaycan və bolqar dillərində “Qaya” qrupunun “Ey həyat, sən nə qəribəsən” mahnısını ifa etmiş və tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. 

Gecədə həmçinin səfir N.Qurbanova Bolqarıstan Milli Televiziyası və Bolqarıstanın aparıcı özəl kanallarından olan “Kanal 3”-ə müsahibə verərək nümayiş olunan sərgi barədə ətraflı məlumat vermiş, ənənəvi Azərbaycan çay süfrələri barədə danışıb.











 





13.06.2019    çap et  çap et