525.Az

Barat Vüsalın şeirləri


 

Barat Vüsalın <b style="color:red">şeirləri</b>

NÖVBƏ

 

Tanrım, qəbul etdim bir hökmünü də,

Hamı necə atır bir dərdi, gördüm.

Halal sevincimi əlimdən alıb,

Arxamca sevinən namərdi gördüm,

Gördüm ki, qırmızı geyinməliymiş,

Hamı bu dünyada sevinməliymiş.

                       

Nələr olasıymış, Allahım mənim,

Yaxşı da, yaman da yaratdığındı,

Yaxşı da, yaman da bəndəndi sənin.

Bir gün görəcəyəm ölüb gedirəm,

Bir gün görəcəyəm... əstəğfürullah,

İndi də sevinmək növbəndi sənin?!

 

Qarğalar Laçına əl çalmalıymış,

Qarğalar Laçına lağlanmalıymış.

Hürməsə ağlayır, hürsə sevinir,

İtlərə də sevinc saxlanmalıymış,

Çaqqal vaqqıltıyla öyünməliymiş,

Hamı bu dünyada sevinməliymiş.

 

Sənin dərdin alım, qurbanın olum,

Görürəm hökmünə yoxdu beh-bezar.

Birinə elə bil dərman olurmuş,

Birinin heç nədən düşdüyü azar.

 

Mərdin təzə-təzə açan çiçəklə,

Ətrindən öldüyü güllə sevinir.

Namərd qəlbi vurur qara diləklə,

Əlində bir qızıl güllə... sevinir.

 

Növbəylə ağlayıb güləcək hamı,

Hər kəs qəm içində kefinə gedir.

Ölən görəndə ki, öləcək hamı,

Qəbirə sevinə-sevinə gedir.

 

Gülüb həqiqətə yalan sevinir,

Ölənə əl vurub qalan sevinir.

Bir anası ölmüş balan sevinir,

Bu da növbəsində deyilməliymiş,

Hamı bu dünyada sevinməliymiş.

 

Bir oğul boş qoyub yurd ocağını,

Doğma bir qapını çırpıb sevinir.

Bir yad qucağında, yad ocağında,

Sevinmək növbəsi tapıb sevinir,

Öpür yad ətəyi, yad ayağını,

Guya sevincini öpüb sevinir.

 

Hər günün əbədi növbədi bəlkə,

Hər anın növbədi... basabas düşür.

Hamı sevinsə də, sevinə bilmir,

Amma sevinməkdən  hər gün söz düşür,

hər an söz düşür.

Mən də səhv eylədim hansı sözləsə,

Mən də öz yolumu azıb sevindim.

Vermədim əlimdən növbəmi nəsə,

Üzünə ağ  oldum elə indicə,

Çatıldım, dağıldım elə indicə,

Yüyürdüm, yıxıldım elə indicə,

Mən də bu şeirimi yazıb sevindim,

Mən də yazığammış, yazıq... sevindim!?

 

MƏNİ ÇEVİRDİLƏR ADƏM OĞLUNA 


 Uçurdum Allahın yanına qalxıb,

 Məni sürüdülər 

                     yerlərə çəkib.

 Dedim ki, qaydaya-qanuna baxın,

 Məni sürüdülər yerlərə çəkib.

 

 Mənnən əl-ələydi Ülkər az qala,

 Qıydılar... qıymazdım Ülkər sozala.

 Çevrilib baxmazlar Ülkər yüz ola,

 Məni sürüdülər yerlərə çəkib.

 

 Çıxmışdım Məhəmməd-Xatəm yoluna,

 Getmişdim tanrının mən qəbuluna.

 Məni çevirdilər Adəm oğluna,

 Məni sürüdülər yerlərə çəkib.

 

 Kəsib nəfəsimi, olan tabımı,

 Çırpıb pəncərəmi, qırıb qapımı.

 Gördülər qoyuna gedən tapılmır,

 Məni sürüdülər yerlərə çəkib.

 

 Başımı qatdılar evnən, eşiknən,

 Yeməyə tutdular camnan, qaşıqnan,

 Nə işim var idi itnən, pişiknən,

 Məni sürüdülər yerlərə çəkib. 

                            

 Başımın altında balıncı qandı,

 Başıma fələyin qılıncı endi.

 Qanadım çıxırdı... qırxıncı gündü,

 Məni sürüdülər yerlərə çəkib.

 

ŞAİR QƏBRİ

 

İçimdə bir sarı sim ağlayanda,

İşləyir canımda qılınc dərinə.

Mənim qəbrimdə də... kim ağlayanda,

Göz yaşı damacaq ovuclarıma.

 

Hazırlaş şairim, qorxudan əl çək,

Deyim, bu dünyaya kim nəyə gəlir.

Gedənlər dərdini qoyub gedəcək,

Gələnlər dərdini deməyə gəlir.

 

Mənimdir, demirəm kimindi bu yük,

Sanma ki, səhv edir,

                            ya yanılıram.

Dərddən danışanda bu adamların

Məndən doğmasını mən tanımıram.

 

Uzanır qarşıda ömür yolları,

Yaşayır, hələ ki, gedirik şair.

Kimsə sonulayır təzə paltarı,

Mənimsə kipriyim sökük yamayır.

 

Kiminsə içində qışqırır qəmi,

Ümidlə gözünü dikir üzümə.

Şair maqnit kimi yığışır qəmi,

Şair göz yaşını çəkir özünə.

 

Gedəcəm, məni də yenəcək qədər,

Nə dərdim, dərd-kədər cəmsə qəlbimə.

Dolmuş ürəyini boşalda bilər,

Söykəyib başını kimsə qəbrimə.

 

ŞİRNİ

I

Bir böyük qəbirmiş bu yer kürəsi,

Adamlar bilmirmiş, yuxulu imiş.

Hamının tikili görünən evi

Fələklər əliylə yıxılı imiş.

 

Bu böyük qəbirdə böyük səbirlə

Öldüyümüz yerdə ölə bilmirik,

Durduğumuz yerdə dura bilmirik.

Hər gün silkinirik, gordan çıxırıq,

Hər gün yıxılırıq gora... bilmirik,

Hər gün qəbirdəyik, görə bilmirik!

 

Bu böyük qəbirlə beşdaş oynayır,

Bu böyük qəbirlə dalaşırıq biz.

Fələklə, mələklə yollaşamırıq,

Kələklə, küləklə yollaşırıq biz.

 

Hələ də Allaha inanmayırsan,

Aldadan istehza, nəşədi səni.

Hər gün öz əliylə qəbirə qoyur,

Hər gün öz əliylə yaşadır səni!

 

Bu böyük qəbirə əhsən,min əhsən!

Çörəyi axırda ölümdən gəlir.

Allahın altında nə işlər desən,

Bu böyük qəbrin əlindən gəlir.

 

Bu böyük qəbirə sığmırıq qardaş,

Hər gün yekə-yekə iş çıxardırıq,

Guya yaşamaqdan baş çıxardırıq.

Kiməsə verməyə çiçək tapmırıq,

Kimisə vurmağa daş çıxardırıq.

 

Yaxşı alışmırıq, yaxşı yanmırıq,

Bu böyük qəbirə sığmayanları,

Görüncə, fələyə qıyırlar bizi.

Bu böyük qəbiri bəyənməyəndə,

Kiçik qəbirlərə qoyurlar bizi.

 

II

 

...Qadınlar ağlaşır bir qəbir üstə,

Dalda da sevinir kiçik uşaqlar.

Qəbir daşlarının dalına sinib

Şirni yığmaq üçün hazırlaşırlar.

 

Gətirmir ölümü birisi yada,

Sanırlar uşaqlar çətin ki, ölər.

Gözlərdə islanan dəsmalları da

Az qalır ağappaq şirni bilələr.

 

Onlar bir-birini hey dümsükləyir,

Nə fərqi, indi də qarışsın aləm.

Biri kimdi ölən o adam, deyir,

O biri səslənir: mən ölməyəcəm!

 

Bəyaz  saçlarını yolur bir ana,

Bir gözəl köksünü

                         yanıb ötürür.

Uşaqlar gözləşir... qəbirstana,

Adamlar çiynində “şirni” gətirir.

 

Qoy deyim, qalmasın, söz ürəyimdə,

O şirnilər – sevinc, o şirnilər – qəm.

Yeyin, söyləyirəm öz ürəyimdə,

Mən də o şirnidən az yeməmişəm.

 

Dünyada nə qədər şirni yeyən var,

Hələ də çoxuna fikir verilmir,

Hələ də çoxuna uşaq deyilir.

Yeyib içən kəsdən yeməyənlərin

Şirnisi nədənsə qabaq yeyilir.

 

Qəbri bəzəyəcək növ-növ şirnilər,

Ağlayanlar qoyur,

gülənlər yeyir.

Bəlkə başımızı fələklər deyil,

Bəlkə başımızı şirnilər yeyir?!

 

...Bir böyük qəbirdi bu yer kürəsi,

Sağ gördüyü nə var

ölü, yıxılı...

Biz hər gün bəlkə də çörək yeyəndə

Öz qəbrimiz üstdən şirni yığırıq,

Öz qəlbimiz üstdən şirni yığırıq?!

 

Biz şirni yığmasaq, qırılacağıq,

Qəbirstan şirnisi cürbəcür, baha.

Onda nə durmusan ay zalımoğlu,

Qoy elə bilsinlər biz də uşağıq,

Gedək qəbirstandan

                         şirni yığmağa?!

 

AZARIN YOXDUMU, ŞAİR?

 

Biri çörəyinə tüpürüb yeyir,

Biri diri-diri ötürüb yeyir.

Biri qəbir qazır, qəbiri yeyir,

Boğazdan keçməyən tikəsən, şair,

Azarın yoxdumu çəkəsən, şair?

 

Mənim də qaynardı qanım söyüdə,

Mənim də qurbandır canım söyüdə.

Kişilər dönürsə xanım söyüdə,

Sən gərək palıdmı əkəsən, şair?

Azarın yoxdumu çəkəsən, şair?

 

Acıqdan yumruğnu sıxmağın günah,

Guya ki, kişi tək baxmağın günah.

Çoban tütəyindən çıxmağın günah,

Niyə qoyun deyil, təkəsən, şair?

Azarın yoxdumu çəkəsən şair?!

 

Tökmürlər ətəkdən daşı, daşları,

Başlı edəmməzsən başı boşları.

Eh, hardan çıxmır ki, kişi başları,

Nə lazım açasan, bükəsən şair?

Azarın yoxdumu çəkəsən, şair?!

Nəyinə gərəkdi nəyi yeyirlər,

İndi də lap yeri, göyü yeyirlər.

Çaşıb erməniyə dayı deyirlər,

Neyləyə bilərsən təkcə sən, şair?!

Azarın yoxdumu çəkəsən, şair?!

 

Baxdınmı çaqqalın yar-yarağına,

Çıxdınmı ölərsən yol-yolağına.

Dolaşma tülkünün əl-ayağına,

Dəli-zad olmusan bəlkə sən, şair?

Azarın yoxdumu çəkəsən, şair?!

 

Hamı susursa da, bir sən danışma,

Nə canlı-cinlisən, sirsən, danışma!

Arazsan, Qoşqarsan, Kürsən, danışma!

Daşı ətəyindən tökəsən, şair,

Azarın yoxdumu çəkəsən, şair?!

 

ULDUZLAR VƏ QUYRUQLAR

 

İlanın quyruğu ulduz

görməmiş ölmür.

El inancı.

 

Quyruğu sağ qalan yazıq ilanlar,

Quyruğu sağ qalan kərtənkələlər!

Nədəndi bilmirəm, başınız deyil,

Qırıqquyruğunuz görür ulduzu.

Bəlkə də dünyanın xoşbəxtisiniz,

Ulduzlar öldürür quyruğunuzu.

 

Sizin başınızdan kim baş açacaq,

Sizin ki, başınız quyruqda imiş.

Sizin də başınız haqq əzilir, haqq,

Bu quyruq yolunda buyruqda imiş.

 

Nəymiş yer kürəsi – bu qəza yeri,

Boşluqmuş olmaya varlıqlarımız?

Başı bada verib, güdaza verib,

Ulduzda dolaşır quyruqlarımız.

 

Naşılar önündə naşı demirlər,

Gör nədi adlanıb, varıb uyduğu?

Dərdə bax, yerlərdə başı sevmirlər,

Ulduzlar yanında qırıq quyruğu?!

 

Quyruğu sağ qalan yazıq ilanlar,

Quyruğu sağ qalan kərtənkələlər,

Nəyinsə başını biz əzən zaman

Bəlkə biz çevrilib quyu oluruq,

Bəlkə biz çevrilib quyruq oluruq,

Başın yox, quyruğun qulu oluruq!

 

Əlimizdə silah daş-kəsək idi,

Ovda ölənləri marıq öldürür.

Nə var, başımızı baş əzsə idi,

Bizi bu dünyada quyruq öldürür,

Ulduzlara baxa-baxa,

... ulduzlara qalxa-qalxa

yavaş-yavaş, qırıq-qırıq öldürür.

 

Yanmır göy üzündə ulduzlar əbəs,

Nə quyruq varsa da sözsüz öldürür.

Götürməz bu dərdi, dünya götürməz,

Hər insan öləndə bir ulduz axır,

İnsanın quyruğu ulduz ölürür...

 

... Tökülüb ortaya bu qan düşüncə,

Mən nə qəm bilirdim, nə günah bilir.

Bu quyruq ölüncə, axşam düşüncə,

Neçəsi öləcək, bir Allah bilir!

 

Bir azdan yenə də axşam olacaq,

Qıvrılan quyruğu kərtənkələnin

Həm ulduz görəcək, həm də öləcək.

Bu ilan quyruğu onda öləcək,

Koramal quyruğu onda öləcək.

 

Başlar bir zərbədən ölüb gedirsə,

Başlar görməyəcək quyruq görəni.

Bir az öyəcəklər quyruqla səni,

Bir az söyəcəklər quyruqlu məni...

 

Baxanda hamının baş daşına bax,

Hamı bir ulduzu endirib göydən,

Hamı bir ulduzu söndürüb göydə,

Ulduz quyruğmuzu öldürəmməyib,

Quyruğmuz ulduzu öldürür göydə?!

 

 





07.10.2013    çap et  çap et