525.Az

Zirvələr, enişlər: Vidadi Paşayev


 

Zirvələr, enişlər: Vidadi Paşayev<b style="color:red"></b>

Biz, əyanidə oxuyan Filoloji fakültəsinin tələbələri qiyabi və axşam şöbəsində oxuyanlara üstdənaşağı baxırdıq. Tələbə Elmi Cəmiyyətinin keçirdiyi konfransda axşam şöbəsinin III kurs tələbəsi Vidadi Paşayevin möhtəşəm çıxışı təkcə ağzınacan dolu salondakı tələbələri deyil, ADU-nun (Azərbaycan Dövlət Universiteti) dosent və professorlarını da heyran etmişdi. Vidadinin nədən, hansı mövzudan danışdığı yadımda olmasa da, onun geri daranmış dalğalı, parıldayan saçı, səliqəli geyimi, ağbəniz yanağındakı qara xalı, hərdənbir qarşısındakı vərəqə baxıb sərbəst danışması, çıxışı bitəndə öndəki sırada əyləşənlərdən kiminsə “hazır dissertasiya mövzusudu” deməsi, dosentlərin, professorların ürəkdən, sevgiylə şapalaq çala-çala çevrilib bir-birinə baxaraq başlarını tərpətməklə, sıxılmış dodaq mimikalarıyla məmnun qaldıqları anlar indi də gözümün qabağındadır. Vidadini ilk dəfə aralıdan beləcə görmüşdüm.

Yenicə dünyaya gəlmiş “Qobustan” dərgisinin ikinci sayı üçün (1970)  “Kino, teatr, balet” bölməsinin müdiri Tofiq Abdin (o vaxtkı imzası Tofiq Məhərrəmoğlu) mənə gənc balerina Tamilla Şirəliyevadan yazmağı ismarışlamışdı. Bir neçə gündən sonra yazımı, artıq mətbuat aləminə səs salmış “Qobustan” dərgisi redaksiyasına nigarançılıq və həyəcan içində apardım. İki gündən sonra Tofiqlə görüşəndə o, məqaləmin birinci cümləsini həzin və kövrək avazla – Ölüm belə olurmuş...- söylədi, sonra əlavə edərək – Yaxşı yazıdı, hamı bəyəndi,- deyəndə mən onun ciddimi, yoxsa kinayəylə dediyini anışdıra bilmədim. Bir gündən sonra redaksiyaya getdim, toplunun o vaxtkı  məsul katibi Vidadi Paşayev gülə-gülə baş barmağını qaldıraraq “Əla!” söyləyib məqaləmdə balerina barəsində yazdığım “Deməli, sən də adi qızlar kimi nəsə tikirsən...” cümləni söyləyəndə yazımın bəyənildiyinə inandım, sevinc və xoşbəxt anlar yaşadım. Məqaləmi Vidadinin redaktə elədiyi mənə bəlli oldu. Üçmü, ya dördmü cümlədə bəzi sözləri pozaraq öz əlavəsini etmişdi. Düzəlişlərə baxanda onun sözü, cümləni, mətni yüksək hissiyyatla duyduğunun şahidi oldum. Mən “Qobustan”a işə düzələndə (1970) iyirmi altı yaşlı Vidadi “Gənclik” nəşriyyatına baş redaktor vəzifəsində işləməyə çağrılmışdı..

Bir dəfə Tofiq Abdinin işiylə bağlı “Vətən” kinoteatrının arxasındakı evlərdən birinin geniş həyətinə girəndə Vidadiylə İsa İsmayılzadənin manqal başında tüstü-duman içində kabab bişirdiklərini gördüm. Tofiqlə mənim kimi onların üzündə də sıxıntı, pərtlik gördüm. Yanılmıramsa, kabab bişirilərkən çağrılmamış adam(lar)ın gözlənilmədən peyda olması əksər hallarda bu cür pərtliyə səbəb olur.

Bir dəfə yenə Tofiq Abdin, mən və Vidadi Paşayevin Respublika Sarayının yaxınlığındakı zirzəmidə noxudla pivələdiyimiz yadıma düşür. Bəlkə də o vaxt Vidadinin “Qobustan”da işlədiyi çağlarıydı. Həmin zirzəmidə Tofiqlə Vidadinin hansısa mövzu (bunu sonralar Tofiqdən soruşanda “mən də xatırlamıram” dedi) barəsində başlayıb getdikcə gərginləşən höcətləri küçələrboyu addımlayaraq gəlib “Papanin” deyilən yerəcən – Hərbi hospitalın yanınacan davam elədi. Mübahisənin sonu Vidadinin Tofiqə əl qaldırmasıyla sona çatdı.

1975-ci ildə Yazıçılar İttifaqının qarşısındakı bağın qırağında (“Sahil” metrosuna yaxın) Vidadi ilə təsadüfən üz-üzə gəldik. O, dünən Sərdar Əsədin özünü asdığını söylədi. Araya düşən sükutu pozaraq kədərli-kədərli sözünə davam elədi: – Bir gün qabaq bilirsən nə deyib? Deyirmiş, sabah Əli Kərimin öldüyü gündü. Nəsə olmalıdı...

Bir neçə an sükut içində bir-birimizə baxıb ayrıldıq.

Elmi rəhbərim rəhmətlik Əkbər Babayevlə sözləşmədən onunla görüşmək üçün Moskvaya getmişdim. Tərslikdən həmin vaxt o, hansısa xarici ölkəyə getmişdi. Mən apardığım 7-8 kilo narı Əkbər müəllimin evinə çatdırmaq üçün onların ev telefonunu Vidadidən soruşanda (onda Vidadi Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunda müəllim işləyirdi.) – Azər, o rus qadının qəribə xasiyyəti var, sənin onlara getdiyini, nar apardığını Əkbərə deməyə də bilər, – söylədi. O narlardan canımı qurtarmaq üçün həmin axşam çamadanımı götürüb Vidadinin yanına getdim. Gecə Vidadi məni qaldığım qonaq evinə qayıtmağa qoymadı. Azərbaycanla, ədəbiyyat, incəsənət adamlarıyla bağlı məni sorğu-suala tutdu. Sonda mənə bəlli oldu ki, Moskvada yaşamasına baxmayaraq, o dövrün Bakı həyatını, sənət aləmində baş verən son olayları, aydınlar arasındakı münasibətləri məndən də yaxşı bilir. Mən “gedək bu yaxınlarda bir yerdə şam edək” deyəndə Vidadi: – Heç hara gedəsi deyilik, ürəyin istədiyi yeməyi lələşin (əlini sinəsinə vuraraq) hazırlaya bilər. Mənim mətbəx səriştəmdən xəbərin yoxdumu? – söyləyib köynəyinin qollarını çırmaladı, soyuducudan çıxartdığı əti taxtanın üstünə qoyub parıldayan dişli çəkiclə həvəslə döyəcləməyə başladı. – Bəlkə duru xörək istəyirsən? – soruşdu. – Mənim üçün fərqi yoxdu, – dedim. – Varam belə mədəni, etikalı qonaqdan. Onda sənin üçün bir langet hazırlayım, heç vaxt dadı damağından getməsin...

Vidadi instituta getməliydi deyə səhər yuxudan tez ayıldıq. Mən çamadandakı narları mətbəxdə tələsik masanın üstünə düzəndə Vidadi onlardan üçünü ayırıb: – Qalanını aparıb yataqxanada azərbaycanlı tələbələrə verərsən, – deyə israr etdi.

1990-ın yayında Vidadiylə “Azadlıq” meydanında mitinqlərin birində gözlənilmədən qarşılaşdıq. Sanki dünən ayrılmışdıq, kef-əhval soruşmamış yenə baş barmağını dik tutaraq kürsüdə çıxış edən Məhəmməd Tantəkinə işarəylə: – Əsl rəhbər, siyasətçi kimi danışır. Sözləri yaş taxtaya mismarı çəkiclə vurub yeridən kimi adamlara yeridir... – dedi.

Həmin gün taksiyə minib dördüncü mikrorayonda Vidadinin yaşadığı evin yaxınlığındakı kafeyə getdik. Üç-dörd saat noxudla pivə içə-içə, söhbətimizin əsas mövzusu siyasətdən olmaqla, dağı arana endirib aranı dağa qaldırdıq. İkinci dəfə evlənəndən sonra iki qızı olduğunu söylədi. Ancaq mən 1989-un yayında həyat yoldaşım və oğlum Alpayla Göytəpə (Koktobel) sanatoriyasında dincələndə tanınmış şair, tərcüməçi Alla Axundova və onun Məryəm adlı qızıyla (o həm də Vidadinin qızıydı.) ötəri olsa da,  tanış olduğumuzu yeməkxanada, Qara dənizin qırağında və dənizdə çimərkən, şairlərin təşkil elədiyi poeziya axşamlarında onları bəzən yaxından, bəzən aralıdan görəndə həmişə Vidadini xatırladığım barədə onun özünə heç nə demədim.

Gəncə səfərlərimin birində Vidadiyə zəng edib onunla görüşmək istədiyimi bildirdim. Xan (Sərdar) bağında çayçıda görüşdük. Söhbət zamanı Vidadini boğmaca tutdu, o, cibindən çıxartdığı adını indı də bilmədiyim nəsnəni ağzına aparıb püskürtdü. Mən onun xəstəliyi ilə maraqlandım, Naxçıvanda duz mədəninə getməsini məsləhət bildim. O mənim dediklərimi eşitmirmiş kimi tamamilə başqa söhbətə keçdi. Bakıdakı siyasi aləmlə bağlı suallar verdi, rejissorlardan, şairlərdən söz saldı. Birdən onu yenə boğmaca tutdu. Masanın üstünə qoyduğu həmin nəsnəni tələsik götürüb ağzına soxaraq iki yol boğazına fısqırtdı. Mən hansısa dərmanın adını deyərək ondan istifadə edib-etmədiyini soruşanda Vidadi əsəbiliklə əlini masaya vurub – Bəsdirin də! Mənim üçün hamı loğman olub!..

Bir an araya sükut çökdü. Mən inciyərək: – Bu vəziyyətdə reaksiya verməyən adama deməzlərmi bu, nə köntöy, qalın adamdı? Sən mənim yerimdə olsaydın...

Onun yaşadığı şəhərə gəlmiş, onu aramış qonaqla sərt danışaraq pərt elədiyini duyduğundan dərhal səsini yumşaldaraq: – Bilənləri yenə də bağışlamaq olar, qoca-qarı qohumlarımız var, hərf-zad da tanımır, di gəl ki adama bir ağıl verirlər, ağzın açıla qalır... Axı xəstə mənəm, bu xəstəlik barədə həkimlərdən də çox bilirəm...

O, siqaretini odlayıb bəlkə də könlümü almaq üçün: – Görüm qohumlardan, tanışlardan kimin maşını var, sabah səni Hacıkəndə qaldırsınlar... – söylədi.

Yüksək savadı, intellekt səviyyəsi, dəqiq məntiqi, maraqlı parlaq və cazibədar nitqiylə istənilən peşə, sənət adamını özünə cəlb edən Vidadidə gəncəlilərə xas qürur (adamlar rəğbət bəslədiyi adama qürurlu, ürəyinə yatmayan, bəyənmədiyi adamasa təkəbbürlü deyirlər: elə mahiyyət etibarilə eyni məna daşıyan “fateh və işğalçı” sözləri kimi), qabağından yeməmək xüsusiyyəti vardı. O, istər çəkməçidən, dülgərdən, istərsə də memardan, musiqiçidən, yaxud siyasətçidən, qəhrəmandan, Vətən xainindən, bir sözlə, mələkdən və şeytandan danışanda da adamda çox maraqlı təəssürat buraxırdı.

...Vidadiylə yenə gözlənilmədən “Molokan” bağında rastlaşdıq. Qoluma girib Rus Dram Teatrına sarı birgə addımlayanda, o mənə həmişəki Vidadidən daha istiqanlı, doğma göründü. İçimi sevinc qarışıq rahatlıq bürüdü. Hal-əhvaldan sonra birdən məni saxlayıb “Qobustan”ın işçiləriylə maraqlandı. Baş redaktorumuz Anar bəyin yenicə Yazıçılar Birliyinin sədri təyin olunduğunu bilirdi. – Bilmirsən Anarın yerinə kimi qoymaq istəyirlər? – soruşdu.

– Fikrət Qocanın söhbəti var, – dedim. O, pıçıltıyla: – ...Sən Anara de məni redaktor qoysun... Mən də səni müavin götürərəm... – söylədi.

Onun bu sözlərindən sonra içimi sanki qatı kölgələr aldı, günün günorta çağı özümü alatoranlıqda hiss etdim. Hələ universitetin axşam bölməsinin üçüncü kurs tələbəsi olarkən son dərəcə səviyyəli elmi çıxışıyla ağsaçlı professorları heyran edən, Anar bəyin seçimiylə “Qobustan” dərgisinin məsul katibi vəzifəsində çalışan, iyirmi altı yaşında “Gənclik” nəşriyyatının baş redaktoru vəzifəsinə dəvət olunan ağıllı, zəkalı, geniş erudisiyalı, vətənpərvər, milli ruhlu olduğundan başqa, mən onu həm də arxalı-köməkli, yüksək dairələrdə sanballı adamı olan tanıyırdım. O çağlar Vidadi Paşayevi az müddətdən sonra Azərbaycanın mədəniyyət naziri olacağına, bir azdan da sonra Mərkəzi Komitədə sanballı bir vəzifə tutacağına inanırdım. Deməli, Vidadi bəy gör nə günə qalıb, cəmiyyətdə o qədər də tanınmayan, nüfuzu olmayan mənim kimi adamdan kömək umur. Gidi dünya... “Bəlkə də bu qarmaqarışıq zamanda uzun illər işsiz qalıb unudulmuş Vidadi məndən kömək ummaq deyil, sadəcə mənim vasitəmlə özünü Anar bəyin yadına salmaq istəyir” düşünərək özümə təsəlli verdim...

SÖZARDI: “Qurd qapısı” məzarlığında bir jurnalisti torpağa tapşıranda şair Zülfüqar Şahsevənlinin məndən pıçıltıyla – Vidadi Paşayevi tanıyırdın? – sualından sonra onunla bağlı bu anılar bir şimşək kimi gəlib ağlımdan keçdi. Evə qayıdanda Vidadi haqqında eşitdiklərimi deyil, bildiklərimi bilgisayara yazdım.

6 avqust 2013

 





07.10.2013    çap et  çap et