525.Az

15 iyun - Azərbaycanın siyasi tarixində yeni mərhələ


 

15 iyun - <b style="color:red">Azərbaycanın siyasi tarixində yeni mərhələ</b>

15 iyun Azərbaycanda Milli Qurtuluş Günü kimi qeyd olunur. Bu tarix 1991-ci ildə Sovet İttifaqının dağılması nəticəsində müstəqilliyini bərpa edən, lakin gərgin ictimai-siyasi və hərbi şəraitlə üzləşən - hökumət böhranı keçirən, işğala məruz qalan, vətəndaş müharibəsi astanasında olan dövlətimizin xilası yolunda atılmış mühüm addımla əlamətdardır.

Məhz 1993-cü ildə hakimiyyətə qayıdan böyük dövlət xadimi Heydər Əliyev siyasi iradə nümayiş etdirərək qısa müddət ərzində ölkədə anarxiya və özbaşınalığa son qoydu, sabitliyin təməl daşlarını atdı. Ona görə də, iyunun 15-də Heydər Əliyevin Azərbaycan Respublikasının Ali Məclisinin sədri seçilərək ölkəyə yenidən rəhbərlik etməyə başlaması önəmli tarixi günlərdən biri hesab edilir, dövlət səviyyəsində bayram günü kimi geniş şəkildə qeyd olunur.

Mövzu ilə bağlı fikirlərini bildirən Milli Məclisin deputatı Sədaqət Vəliyeva qeyd edib ki, 1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş günü kimi daxil olub və dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. O, "Azərtac"a bildirib ki, Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qoruyub, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırıb və inkişafın təməlini qoyub: "Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır".

"1993-sü ilin əvvəllərindən ölkədə fəaliyyət göstərən silahlı dəstələrin yol verdikləri başıpozuq fəaliyyət, Azərbaycanın daxilində vətəndaş müharibəsinə zəmin yaranması, ayrı-ayrı bölgələrdə isə separatçılıq və parçalanma meyllərinin baş qaldırması Azərbaycanı bir dövlət kimi varlığına son qoyulması təhlükəsi ilə üzləşdirmişdi. Səriştəsiz rəhbərliyin yarıtmaz fəaliyyəti nəticəsində müstəqilliyimiz süquta uğramaq təhlükəsi ilə qarşı-qarşıya idi. Belə bir vəziyyətdə o zamankı hakimiyyət ulu öndər Heydər Əliyevi Bakıya dəvət etməyə məcbur oldu. Xalqın təkidli tələbi və iqtidarın çoxsaylı xahişi ilə ümummilli lider Bakıya qayıtdı", - deyə deputat bildirib.

S.Vəliyevanın sözlərinə görə, Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycanı məhv olmaqdan, parçalanmaqdan xilas etdi: "Ölkəmizdə asayiş və qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına son qoyuldu. Nizami ordu yaradıldı, Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişənin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı. Həmçinin, idarəetmə sistemi formalaşdırıldı, insanlara öz dövlətinə inamı qaytarıldı, neft müqavilələri imzalandı, Azərbaycanın iqtisadi dirçəlişinin əsası qoyuldu. Bir sözlə, ümummilli lider Heydər Əliyevin siyasi rəhbərliyə qayıtması, ölkəmizi məhv olmaqdan xilas etməsi, Azərbaycanı güclü, dinamik inkişaf edən və milli varlığımızı yaşadan dövlətə çevirməsi təkcə bugünkü deyil, gələcək nəsillər, Azərbaycan amalını qəlbində yaşadan bütün insanlar üçün böyük əhəmiyyət kəsb edən dövlətçilik təcrübəsi oldu".

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru, deputat Hikmət Babaoğlu isə qeyd edib ki, tarixə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü ilin 15 iyun günündə Heydər Əliyevin Azərbaycan Respublikası Milli Məclisinə sədr seçilməsi Azərbaycanın siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu: "Ölkənin mürəkkəb kataklizmlərlə müşayiət edilən daxili siyasi böhrandan qurtulması məhz bundan sonra mümkünləşdi. Ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi əsasında istinad etdiyi rasional seçim strategiyası və bunun fonunda atdığı praqmatik addımlar sayəsində ölkədə hökm sürən və mütəmadi eskalasiya vəziyyətində qeyri-müəyyənliklə təzahür olunan destruktiv proseslərin mərhələli şəkildə neytrallaşdırılmasına nail olundu".

Deputat deyib: "Həmin tarixi dövrün qanunauyğunluqlarına və reallıqlarına bir daha nəzər yetirdikdə belə bir nəticəyə gəlmək olur ki, qeyri-formal milli dövlət və modern cəmiyyət quruculuğu prosesinin sistematik surətdə əsası qoyulmamışdan öncə ölkə daxilində bir sıra dağıdıcı ünsürlərin qarşısının alınması, diskriminasiya və kataklizmlərlə müşayiət edilən xaotik proseslərin neytrallaşdırılması, bütün bunların fonunda isə siyasi sabitliyin təmin edilməsi lazım idi ki, Ümummilli lider Heydər Əliyev, ilk növbədə, sadalanan strateji vəzifələr üzərindən hərəkət edərək buna nail oldu".

Deputat Musa Quliyev qeyd edib ki, 15 iyun Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış ən əlamətdar günlərdən biridir: "Məhz bu gündə Ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya gəlib və Azərbaycan Ali Sovetinin sədri seçilib".

Deputatın sözlərinə görə, 15 iyuna qədərki günlər Azərbaycan xalqının tarixində ən ağır və gərgin günlər idi: "Müstəqilliyimiz 1991-ci ilin oktyabrında bərpa olunsa da, təəssüf ki, dövlətçiliyimizi qura bilmədik. Dövlətçiliyimizin ilk illəri çox ağır keçdi".

Azərbaycan xalqının həmişə müdrik qərarlar qəbul etdiyini deyən M.Quliyev bildirib ki, belə çətin məqamda xalqımız Heydər Əliyevi hakimiyyətə dəvət etdi: "Əgər Heydər Əliyev respublika rəhbərliyinə gəlməsəydi, Azərbaycan dövləti yer üzündən silinəcək və xalqımız uzun illər davam edəcək ağır vətəndaş müharibəsi ilə üz-üzə qalacaqdı. Nəzərə alsaq ki, həmin dövrdə Azərbaycanın müstəqilliyini istəməyən xarici qüvvələr də ölkəni içəridən parçalamaq niyyətini açıq-aşkar ortaya qoymuşdular. Belə bir halda, şübhəsiz ki, güclü liderə, dövlətçilik təcrübəsi və dünyada nüfuzu olan şəxsiyyətə ehtiyac var idi. Bu şəxsiyyət, əlbəttə ki, o zaman Naxçıvan Ali Sovetinin sədri olan Heydər Əliyev idi. Ulu öndər Heydər Əliyevin xalqın təkidi ilə Bakıya gəlməsi və Milli Məclisdə çıxış etməsi hər birimizin yadındadır. O çıxışda Azərbaycan xalqı öz ümidini, öz gələcəyini görürdü. Heydər Əliyev o zaman böyük cəsarət və qəhrəmanlıq nümayiş etdirdi. Gəncə qiyamı zamanı Heydər Əliyevin oraya getməsi onun bu dövlətin, bu xalqın yolunda həyatını qurban verməyə hazır olmasından irəli gəlirdi. Heydər Əliyev Gəncəyə gedərək orada yaranmış vəziyyətlə tanış oldu və Bakıya qayıdaraq 15 iyunda Milli Məclisin sədri seçildi, qardaş qırğınının, ölkənin parçalanmasının qarşısını almaq uğrunda mübarizəyə başladı. Heydər Əliyev bu çətin şəraitdə vətəndaş müharibəsinin qarşısını almaq üçün böyük fədakarlıqlar göstərdi. Həmin ilin avqustunda Lənkəranda Əlikram Hümbətovun başlatdığı qiyamın dinc yolla aradan qaldırılması Heydər Əliyevin xalqımız qarşısındakı böyük xidmətlərindən biridir".

"15 iyundan etibarən Azərbaycanda həqiqi dövlətçilik quruldu və Heydər Əliyev Azərbaycan dövlətinin struktur əsaslarını yaratdı. Bütün bunlara görə 15 iyunun Milli Qurtuluş Günü kimi qeyd edilməsi tamamilə haqlı bir qərardır. 15 iyun nəinki Azərbaycanın, regionun xəritəsini dəyişən bir gün oldu. Bu gün Azərbaycanın qüdrətli dövlət olması 15 iyunda başlanan yolun uğurudur. Bu gün bu yol Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir", - deyə deputat sözlərini tamamlayıb.

C.ABASOV

 





14.06.2019    çap et  çap et