525.Az

Azərbaycan Televiziyasının yeni siması


 

Azərbaycan Televiziyasının yeni siması<b style="color:red"></b>

Bizim hər birimizin tanışları, dostları arasında müxtəlif televiziya kanallarında, o cümlədən də Azərbacan Televiziyasında işləyən insanlar var.

Biz onların öz peşələrinə böyük sədaqətinin və məhəbbətinin dönə-dönə şahidi olmuşuq. Hər görüşümüzdə daha çox onlar danışıb; çəkilişdən, montajdan, verilişlərə tamaşaçı marağından və tələbkarlığından, arzularından, həyata keçirmək istədikləri yeni layihələrdən... Onların çoxu ailəlidir, övlad sahibidir, ev işləri ilə, dükan-bazarla, mətbəxlə uğraşırlar, xüsusilə də qadınların, anaların qayğısı daha çoxdur. Ancaq onlar bütün məişət və sosial qarğaşalarını hər  səhər çiyinlərindən aşırıb evdə qoyur...və iş yerinə tələsirlər. Bəzən gecə yarıyadək uzanan montajdan, çəkilişdən sonra zəngləşəndə hiss olunur ki, yorğunluqdan dilləri söz belə tutmur.

Nəyə görə bunu belə dəqiq detallarla təsvir edirik? Ona görə ki, televiziyada işləyən bu yaradıcı insanların qabiliyyətinin, istedad və bacarığının, əziyyət və zəhmətinin son məhsulu - verilişdir ki... bəzimizin bu verilişlərə baxmağa ya macalımız olmur, ya da  həvəs və maraq göstərmirik. Ən əsası da odur ki, tez-tez çoxları etinasızcasına "mən ümumiyyətlə, yerli kanallara baxmıram!" - deyib xarici televiziya kanallarında veriliş "ovu"na çıxmağı ilə qürrələnir, özünü cəmiyyətin fərqli bir fərdi  sayır.

Təbii ki, bir vətəndaş, yurdsevər insan və televiziyada işləyən dostlarımızın böyük  zəhmətindən xəbərdar bir ziyalı və  tamaşaçı kimi bu, bizi çox incidir. Bir anlıq təsəvvür edirik ki, bu  insanlar da min bir əziyyətlə  məhsul yetişdirib onu bazara çıxaran, ancaq müştəri tapmayıb məyus halda evinə dönən əkinçi kimidir... Bircə fərq var ki, əkinçi bizim maddi təminatımızın qayğısına qalır, yaradıcı insanlarsa  mənəviyyatımızın zənginləşməsinə yardımçı olmaq üçün çalışırlar. Sonda hər ikisi (müqayisəmiz qüsurlu görünsə də, əfvinizə sığınaraq bunu yazırıq)  fiziki və zehni əmək sərf edir, əziyyət  çəkir.

Əlbəttə, bu günün tamaşaçısı 25-30 il əvvəlin tamaşaçası ilə müqayisə olunmayacaq bir üstünlüyə malikdir, əlinin altında yüzlərlə TV kanalına baxmaq imkanı verən peyklər, kiçik bir telefona sığışan informasiya bolluğu, bir-birindən fərqli  əyləncə və maarifləndirici mənbəələri var. Hər kəs günün istənilən vaxtı, arzu elədiyi məkanda bir düyməyə toxunmaqla dünyanı ovcuna sığışdırıb, ona maraqlı görünən  yeniliklərdən xəbərdar ola bilər. Amma və lakin... qəribədir ki, elə bu adamlar da bəzən özləri belə fərqinə varmadan özəl kanallarda hər kəsi qıcıqlandıran, bir-iki gün evdar qadınların və belə söhbətləri yaymaqda həvəskar olan dedi-qoduçuların  cərgəsinə qoşulur. Bu auditoriyanın daimi izləyicisi olan tamaşaçılar  üçün ən "maraqlı və reytinqli"  verilişdə mütləq bu və ya digər 88-ci dərəcəli bir "problem" qabardılmalı, "siçandan fil düzəltmək naminə" söyüşdən tutmuş qeyri-etik hərəkətlərəcən çox şey sərgilənməli, aparıcıların efirdə çıxardığı pəstahlar geninə-boluna tirajlamaq üçün hədəfə alınmalıdır. Çünki kütlə olaraq, onlar buna daha çox həvəslidir. Əvvəldə qeyd etdiyimiz kimi, çoxları "mən yerli kanallara baxmıram" - desə də, efirdəki biabırçılıqları daha çox müzakirə edən də elə onlardı. Soruşan gərək: əgər baxmırsansa, bunlardan necə xəbərdarsan?  Deməli, baxırsan, maraqlanırsan, elə isə niyə danırsan? Görünür, bu da müasir dövrün yaşam tərzini şəkilləndirən etinasızlıq bəlasıdır.

İllər sonra hər şeydən bezən, bəzi telekanallarda aparıcıları dəyişsə də, təqdimat formatı eyni qalan, daha çox dedi-qodu, qeybət üstə köklənən verilişlərdən, yağışdan sonra çıxan göbələk kimi sayı artıb çoxalan "müğənniciklərdən" (əslində, onların verdikləri puldan) başqa heç kimi tanımayan, ekranı, efiri ləhcə ilə, bayağı cümlələrlə, hətta söyüş və nalayiq sözlərlə "gülləndirən" aparıcı və ifaçılar (qonaqlar) tamaşaçıların böyük bir qismini necə deyərlər, "özünə qayıtmağa, övladlarının gələcəyi barədə düşünməyə, haradan gəlib hara getdiyini öyrənməyə, mədəniyyətinə, tarixinə, bir sözlə, gələcəyinə dayaq ola biləcək problemləri önə çəkməyin vacibliyinə daha çox inandırır və bu qlobal problem vaxtaşırı  gündəmə gətirilir... və bu halda yada düşən yenə də köhnə dost -  heç vaxt köhnəlməyən Azərbaycan Televiziyası olur...

Etiraf etmək lazımdır ki, həm AzTV-də, həm Mədəniyyət kanalında hazırlanan verilişlərin aktuallığı, dövləti və dövlətçiliyi qorumaq, qazanılan uğurları təbliğ etmək səriştəsi digər özəl kanalların təqdim etdikləri "reytinqli" verilişlərdən xeyli fərqlənir. Biz bu kanalda müstəqil dövlətimizin müxtəlif sahələrdə əldə etdiyi  nailiyyətlərdən, qabaqcıl təcrübədən bəhs edən verilişlərə son bir neçə ayda daha çox rast gəlirik. Hazırlanan  tok-şouların, ictimai-siyasi və bədii-publisistik  verilişlərin həm məzmunu, həm təqdimat forması, həm də aktuallığı ilə seçilən bu verilişlərin  ana xəttini təşkil edən müqəddəs bir mövzu var: Azərbaycanın haqq səsini dünyaya çatdırmaq, görülən və görülməsi nəzərdə tutulan işlərdən söz açmaq, ölkəmizi tanıtmaq.

Azərbaycan Televiziyasında son bir neçə ayda nəzərə çarpacaq dərəcə hiss olunan canlanma  yaradıcı insanların hamısına, xüsusilə də bizim orada çalışan dostlarımıza da qol-qanad verib, söhbətlərinin istiqaməti  dəyişib, yaradıcılıq ruhu yüksəlib. Hazırladıqları verilişlərin məzmunundakı maraqlı yeniliklər, onların bədii və texniki təqdimatındakı müasirlik hər bir epizod və detalda gözə çarpan yeni üslub və təqdimat əlvanlığı ilə yadda qalır. Bu və ya digər verilişdə müzakirəyə çıxarılan mövzuların aktuallığı, cəmiyyətin gündəlik həyat ritmi ilə həmahəng olduğu hiss edilir, yaradıcı insanlar daha həvəslə ədəbi dilimizin qayğısına qalır, tariximizin naməlum səhifələrini vərəqləyir, tədris və tərbiyə işlərində uğur qazananların təcrübəsindən söz açır, mədəniyyət aləmində baş verən yenilikləri operativ olaraq tamaşaçı və dinləyici auditoriyasına çatdırır və bütün bunlar ilk növbədə gənclərin zövqünün formalaşmasına yardımçı olur. Əminik ki, yaradıcılıq ihamı ilə zəngin olan  bu yeni yayım tərzi  çox maraqlı və baxımlı verilişlərin efirə və ekrana vəsiqə almasına səbəb olacaq.

Zəngin tarixə, yaşarı ənənələrə  və çoxillik təcrübəyə malik olan Azərbaycan Televiziyasını  (həm də Mədəniyyət və İdman kanallarını nəzərdə tuturuq) izləyən tamaşaçılar inanırlar ki,  xalqımızın mənəvi sərvəti, milli varlığı, dünəni, bu günü və təbii ki, müasir gəncliyin çiynində, arzu və ümidlərində pərvazlanan gələcəyini tərənnüm edən mövzuları ilə  bundan sonra da sözün əsl mənasında cəmiyyətin aynası olacaq, onun tarixini yaradan insanlar da daha böyük əzmkarlıq və yaradıcılıq eşqi ilə çalışacaqlar.  Biz bu gərgin və şərəfli yolda dostlarımıza və bütövlükdə Azərbaycan Televiziyasında məhəbbətlə və məsuliyyətlə çalışanlara  uğurlar arzulayırıq. Hər zaman evimizin çağırılmamış qonağı olan bu insanlara böyük məhəbbət və sayğı ilə:

Şamil RƏHMANZADƏ
AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi;
Adilə AĞABƏYOVA
AMEA-nın Tərcümə və Nəşriyyat şöbəsinin böyük elmi işçisi;
Sahibə HACIYEVA
AMEA-nın Tarix İnstitutunun elmi işçisi;
Təranə HACIYEVA
AMEA-nın M.Füzuli adına Əlyazmaları İnstitutunun Elektron Resurslar şöbəsinin baş biblioqrafı

 





14.06.2019    çap et  çap et