525.Az

Kamil şəxsiyyət, unudulmaz alim


 

GÖRKƏMLİ ELM VƏ SƏNƏT XADİMİ, BU GÜNLƏRDƏ 80 İLLİYİ TAMAM OLAN MƏRHUM PROFESSOR BABƏK QURBANOVU DƏRİN EHTİRAMLA ANIRIQ

Kamil şəxsiyyət, unudulmaz alim<b style="color:red"></b>

"Əcəl gəlmiş cahanə, xəstəliklər bəhanə..." Bu ifadəni ilk dəfə Türkiyədə eşidəndə mənasının dərinliyinə görə o andaca ürəyimə yazıldı. Amma bilməzdim ki,  bu təbir 2 ay öncə  haqq dünyasına qovuşmuş böyük elm adamı, professor Babək Qurbanovun həyatda olmadığı zaman, iyunun 9-da tamam olan 80 yaşının tamamından üç gün əvvəl qələmə aldığım xatirəyə başlıq olaraq seçəcəyəm.

Babək müəllimsiz günlərdə yazacağım xatirəmə bir başlıq da bulmuşdum: "Öz ürəyindən başqa kimsənin ürəyini sındırmayan insan". Həqiqətən də Babək müəllimi tanıyan şəxslərdən bu alicənab insan barədə neqativ söz duymadım desəm, bəlkə də inanmazlar. Əslində, Babək müəllim nənki onu tanıyanlara, elə tanımayanlara da öz səhhəti, öz vaxtı-zəhməti hesabına, "yox" sözü deyə bilmirdi. "Yox" kəlməsini şəxsiyyətinə belə sığışdırmazdı. Ona görə də hər kəsin gerçək sevgisini, hörmətini, məhəbbətini yaşadığı sadə bir həyat tərzinə, öz körpə qəlbli, duyğusal, həlim, xeyirxahlıq məramı ilə çırpınan ürəyinə görə qazanmış, bütün bunları şərəflə daşımışdı. Bu baxımdan da hər kəs Babək müəllimdən olduqca məmnun idi. 18 il çalışdığımız dost ölkədə kimsə haqqında pis fikir, nəhs söz demədiyi üçün, onun barəsində də xoş sözlərdən başqa heç nə eşitmədim desəm, buna inanın. Babək müəllim pis fikirdən, bəd sözlərdən çox-çox uzaq dayanan, türk təbiri ilə desək, gerçək Bəyəfəndi idi. Sözün əsl mənasında öz adına, Osman Sarılvəlli ocağına şərəf-şan qazandıran tərbiyəli, qanacaqlı, əxlaq qaydalarına riayət edən, bu insani dəyərləri ünsiyyət məqamında daim gözləyən, özünü, sözünün yerini tanıyıb bilən  əsl vətənpərvər, xalq-millət təəssübü çəkən, ali duyğularla yaşayan insan idi. 700-dən artıq elmi yazısı, müəllifi olduğu 48 kitabı ilə yanaşı, alicənablığı, elmdə zirvələr fəth etməsilə, üzü nurlu, ipək könüllü, olduqca səbirli, təmkinli, əsl ziyalı keyfiyyətlərinə malik şəxsiyyət kimi yetişməsilə seçilirdi.

Çoxyönlü, zəngin mütaliəsi ilə özünü o qədər yüksəltmişdi ki, elmin və sənətin ayrı-ayrı sahələri üzrə məqalələr yazmaq onun üçün çox asan bir iş idi. Nə yazacaqdısa, mütləq o barədə elmi mənbələrni çox qısa vaxtda sürətlə mütaliə edib qeydlər apardıqdan sonra əlyazma halında vərəqlərə köçürərdi. Təbii ki, vaxtın azlığını nəzərə alıb məndən kompüterdə bu məqaləni "təmizə çəkməyimi" xahiş edərdi. Qeyd etməliyəm ki, Babək müəllimin 100-lərlə məqaləsini yazdığım üçün, həm də ilk oxucusu olaraq fəxr edirdim. Hər bir məqaləsində elmiliyin yüksək səviyyəsi ilə diqqətimi çəkərdi. Mövzu baxımından aktual olduğu üçün heç bir məqaləsi digərinə bənzəməzdi. Babək müəllim istər estetika və etika, istərsə də ədəbiyyat, musiqi, rəssamlıq, heykəltəraşlıq, kino və başqa sahələrə, xalq yaradıcılığı, muğam və aşıq sənətinə dair, hər biri mütəfəkkir düşüncəsilə yoğrulmuş şahanə əsərlər yazıb. Qeyd etməliyəm ki bu ayrı-ayrı elm sahələrindəki özünəməxsus terminologiyaları yalnız hədəfində olan sahə üzrə xırıd edirdi. Mən bu keyfiyyətinə, məqalələrinin yazılmasına köməyimi əsirgəmədiyim zamanlarda oxuduqca, heyrət edərdim. Allah Təala ondan Azərbaycan elminə başucalığı gətirməsi üçün bu lütfü əsirgəməmişdi. Müdrik fikirlərlə cilalanmış danışığı məqalələrinin sanbalında da özünü büruzə verirdi. Boş sözlərdən, saxta fikirlərdən uzaq olan alimimizin məqalələrinin hər biri dərin mənalı məzmunla bahəm, aktuallık kəsb etməsi ilə də elm camiasının diqqətini çəkərdi. Çünki zehni mükəmməl, düşüncəsi dərin və geniş olanın qələmi də sanballı olar. 

Babək müəllimin yoxluğu Azərbaycan və Türkiyə xalqı, xüsusən elmi ictimaiyyəti üçün böyük itkidir. Sovetlər dönəmində, rus elmi dünyada tüğyan etdiyi zaman Babək müəllimin adı da yuxarı məqamlardan, diqqətçəkici elmi yazıları sayəsində, aydın duyulmaqda idi. O, Azərbaycan musiqişünaslıq-estetika elmini həqiqətən vicdanla, qeyrətlə, ləyaqətlə təmsil edirdi. Təəssüf ki, Babək müəllimin zehnindəki neçə-neçə fundamental elmi əsər onun möhtəşəm qələmindən vərəqlərə köçmədən qaldı.

Nədənsə Babək müəllimin adı gələndə ilk öncə Xurrəmilər hərəkatının banisi və daha sonra Osmanoğlu Babəki hər zaman anıram. Təbiidir ki, ilk Babək xalq qəhrəmanı, ikinci Babək isə elm fatehi olub, musiqişünaslıq elmimizə, keçən əsrin 70-ci illərindən onu qeyb etdiyimiz günə kimi, sözün həqiqi anlamında, sərkərdəlik vəzifəsini yerinə yetirib,  heyrətamiz düşüncələrini ifadə edən, qılınc kimi kəsərli qələmi ilə yorulmadan çalışıb.

Babək müəllim fərqli bir ömür yaşadı. Hətta sirdaşına açmadan, bir kimsəyə bildirmədən belə dünyanın dərdi-sərini, problemlərini yalnız həssas ürəyində pünhan daşıdı. Üzündən nur yağsa da, gözlərinin dərinliklərində böyük ağrı-acıların, dərd-qəmin lövbər salması hiss olunurdu. Hər gün bir otaqda çalışsaq da, nə qəm idi, nə dərd idi onun ürək məkanında yuvalanan - bunları  heç cür biləmmədim! Bəlkə də məni dərdə salmaması üçün bu barədə bir kəlmə də dilinə gətirmədi. 18 yaş kiçik olsam da, hər zaman mənə "dayı" deyərdi. Mən də eyni müraciətlə ona "dayı" deyərdim. Son illərə kimi bu müraciət tərzi beləcə davam etdi. Bir gün dedim ki, ay dayı, heç bilmədik ki, kim-kimin bacısı oğludur...

Babək müəllimin hər il 10-a yaxın elmi məqaləsi Azərbaycanın jurnal və ya qəzetlərində yayımlansa da, bu barədə məlumat verməyi heç sevməzdi. Təsadüfən ağzından qaçırdığı zaman bilirdim ki, "yenə dayımın məqaləsi çap olunub". Bu səbəblə də deyərdim ki, həmin məqaləni də "Tərcümeyi-hal"ına əlavə edək". Türkiyədə buna "Özkeçmiş" deyirlər. Universitetin personal dairə başqanlığı hər il müəllimlərdən fəaliyyət raportu istədiyi üçün yayınlatdığımız məqalə və ya kitabların adını məcburən siyahıya salırdıq.

Bir neçə simpoziuma Babək müəllimlə dəvət aldığımız  (Niğde, Nevşəhər, İstanbul, Antalya, Osmaniyə, Diyarbəkir, Ankara, Trabzon və s.) zaman hörmətli alimimizin ətraflı, aktualığı ilə seçilən, maraqlı çıxışlarının şahidi olaraq qürur hissi keçirmişəm. Müxtəlif elm adamları bu çıxışlardan sonra onunla tanış olmağa can atar, vizit kartlarını, telefon nömrələrini böyük həvəslə Babək müəllimə  təqdim edərdilər.

Babək müəllim əsl pedaqoq idi. Tələbələrini elmə həvəsləndirməkdə tayı-bərabəri yox idi. Dərsdən çıxdıqları zaman sinifinə kimi Babək müəllimi təqib edər və müxtəlif suallara cavab almaq istərdilər. Bu hal Babək müəllimin pedaqoji fəaliyyət sahəsindəki parlaq uğuru idi. Hər bir tələbə Babək müəllimə hörmət və ehtiramla yanaşardı. Babək müəllimin çox böyük alim və ustad olmasını isbatlayan bir fakt da tələbələrin ona "Hocaların hocası" demələri idi. Doğrudan da, bu nöqteyi-nəzərdən haqlı idilər, 33 aspirant Babək müəllimin xeyir-duası ilə elmdə yüksələ biliblər, öz sahələrində uğurla fəaliyyət göstərməkdədirlər.

Keçən əsrin 60-cı illərinin sonlarından başlamış, günümüzədək fərqli mətbuat səhifələrində  yayımlatdığı fərqli məqalələri köhnəlib saralmış qəzetlərdən xilas edib kirildən təkrar latıncaya köçürməkdə əsas məqsədim bu azman alimimizin külliyyatını bir araya gətirib özünün iştirakı ilə çap etdirmək idi. Bu məqsədlə də bir neçə il bu işlə məşğul oldum və 9 cildlik nəşr halına gətirə bildim. Hər zaman deyirdim ki, ay dayı, bu külliyatı çap etdirməyin vaxtı çoxdan çatıb. Gənc nəslin Babək Qurbanovun zehnindən süzülən, qələmindən çıxan əsərlərlə sistemli tanış olmasına razılıq ver, imkan yarat. O biri işlərini bir kənara qoy, bizi bu xəzinədən məhrum etmə. Təəssüf ki, bu istəyim doğrulmadı. Azərbaycana gedərkən bütün külliyatını "flaş disk"ə köçürüb özünə təqdim edərək dedim: "Dayı, bil ki, tək nüsxədir, o da səndədir. Məndə qalmadı. Vətəndə olduğun zaman redaktə edib nəşriyyata ver, qoy işıq üzü görsün". Lakin məsəl var ki, sən saydığını say, gör fələk nə sayır.

Babək müəllimdəki bir dəyərli keyfiyyət də bu idi ki, heç bir yaxşılığı unutmazdı. Kimdən bir xeyirxahlıq görsə, yəni bəstələrini bir musiqiçi (pianoçulardan professor Həqiqət Məhərrəmova, Əfqan Zəki Saleh, İlqar İmamverdiyev, Fərhat Ağamalızadə) konsertdə çalmış olurdusa və ya adını hər hansı bir elmi dərgidə anırdısa, nə vaxtsa bu əlamətdar hadisəni özünün məqalələrinin bir yerində mütləq qeyd edər, həmin şəxsi sevindirməkdən həzz alardı.

Ağayana bir ömür yaşayan Babək müəllim, məncə, bir kimsənin qarşısında günahkar olmadı. Çünki doğru-dürüst, kamil şəxsiyyət kimi yaşamağı özünə məram seçmişdi. Göründüyü kimi oldu, olduğu kimi göründü. Kimsəyə əziyyət verməyib, qəlbini sındırmadı. Edilən savab işlərin qarşılığını, əvəzini hər zaman verməyə çalışardı. Babək müəllim heç kəsin qarşısında boynubükük qalmadı. Ən sonda bir can borcu var idi, onu da 28 martda Allah Təalaya əmanət verdi, onu sevənləri tərk edib, karvanını bu nahaq dünyadan haqq dünyasına çəkdi. Allah sənə rəhmət eləsin, ay Babək müəllim, ay dayı! 80 yaşın tamam olur və bu yubileyini doğmaların, əzizlərin, dostların, etibarlı həmkarların kövrələrək, ürəkləri nisgillə dolmuş halda, sənsiz qeyd edirlər.

İlqar CƏMİLOĞLU - İMAMVERDİYEV
Qaziantep Universiteti Türk Musiqisi Dövlət Konservatoriyasının professoru

06.06.2019

 





14.06.2019    çap et  çap et