525.Az

"Azərbaycan" qəzetinin 100 illiyi elmi sessiya ilə qeyd edilib


 

"Azərbaycan" qəzetinin 100 illiyi elmi sessiya ilə qeyd edilib<b style="color:red"></b>

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda "Azərbaycan" qəzetinin 100 illiyinə həsr olunmuş "Böyük publisistika ənənələrinin müasir təqdimatı" mövzusunda elmi sessiya keçirilib.

Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açıb. Təqdimatı keçirilən "100 yaşlı "Azərbaycan" kitabında "Azərbaycan" qəzetinin keçdiyi inkişaf yolundan, uğurlarından, mübarizələrindən, hətta problemlərindən də bəhs edildiyini vurğulayan akademik İsa Həbibbəyli "Azərbaycan" qəzetini bir əsrlik Azərbaycan mətbuatının etibarlı mənbəyi, zəngin qaynağı kimi xarakterizə edib. Xüsusi olaraq vurğulayıb ki, "Azərbaycan" qəzeti rəsmi dövlət orqanı olaraq həm bütün xalqı, həm də müxtəlif təbəqələrin ziyalılarını öz ətrafına toplaya bilib. Mətbuat tarixində məktəb yaratmış bu qəzetin Ceyhun Hacıbəyli, Xəlil İbrahim kimi baş redaktorlarının əməyini yüksək qiymətləndirib. Bu gün həmin ənənələri millət vəkili, professional jurnalist Bəxtiyar Sadıqovun layiqincə davam etdirməsini təqdirəlayiq hal kimi dəyərləndirib.

"Azərbaycan" qəzetinin Ümummilli lider Heydər Əliyevin də sevdiyi, inandığı, etibar etdiyi mətbu orqan olduğunu, həmçinin, ölkə başçısı İlham Əliyevin də qəzetin yubileyinin keçirilməsi üçün geniş imkanlar yaratdığını diqqətə çatdıran akademik İsa Həbibbəyli nəşr olunmuş kitabın elmi-tarixi əhəmiyyətini xüsusi vurğulayıb.

Daha sonra AMEA Humanitar elmlər bölməsinin akademik-katibi, akademik Teymur Kərimli "Azərbaycanda rəsmi dövlət mətbuat nümunəsi: ənənə və müasirlik" mövzusunda məruzə ilə çıxış edib. O, məruzəsində "Azərbaycan" qəzetini nəşrə başladığı dövrdən istiqlal yolunda bir ordu qədər xidmət göstərən mətbuat orqanı olaraq təqdir edib. Eyni zamanda, məruzədə qəzetin keçdiyi inkişaf yolu, redaktorları və digər əməkdaşları barədə ətraflı məlumat verilib.

Millət vəkili, akademik Nizami Cəfərov qəzetin digər üstünlükləri ilə yanaşı, Azərbaycan ədəbi dilinin normalarının qoruması işində xüsusi seçildiyini də nəzərə çatdırıb.

Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev çıxış edərək qəzetin səhifələrində Ədəbiyyat İnstitutunun əməkdaşlarına da yer verdiyi üçün təşəkkürünü bildirib.

Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, professor Bədirxan Əhmədov çıxışında qəzetin tarixinə nəzər salaraq qeyd edib ki, "Əkinçi" qəzeti ilk qəzet nümunəsi olduğu kimi, "Azərbaycan" qəzeti də ilk rəsmi qəzet olmuşdur. Əvvəl Gəncədə, sonra Bakıda nəşr olunan qəzetin Cümhuriyyətin süqutundan sonra həbs taleyi yaşamağa məhkum edildiyini bildirib. Çünki qəzeti oxumaq üçün rəsmi icazə ilə müraciət olunsa da, icazə verilmədiyini təəssüf hissi ilə qeyd edib.

Filologiya elmləri doktoru Elçin Mehrəliyev "Azərbaycan"ın bayramı Azərbaycan ədəbiyyatında bayramdır" adlı məruzəsində təqdimatı keçirilən kitab haqqında hərtərəfli məlumat verərək qəzetin müxtəlif tarixi mərhələlərdə sınaqlardan çıxdığını mübarizlik nümunəsi kimi örnək göstərib.

"Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov çıxışında ədəbiyyatşünas alimlərə, elmi ictimaiyyətin nümayəndələrinə minnətdarlığını bildirib. Həmçinin qeyd edib ki, "Azərbaycan-90" kitabında yalnız Cümhuriyyət dövrü əhatə olunmuşdursa, bu kitabda qəzetin bütün fəaliyyətinə işıq salınıb.

Sonda Ədəbiyyat İnstitutunun direktoru İsa Həbibbəyli Nizami Gəncəvinin "Leyli və Məcnun" əsərinin AMEA tərəfindən çap olunmuş nüsxəsini "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqova təqdim edib.

 





14.06.2019    çap et  çap et