525.Az

Paytaxt təhsili 2018-2019-cu tədris ilində... - Hesabat


 

RƏŞAD TAĞIYEV: "TƏHSİL MÜƏSSİSƏLƏRİNİN FƏALİYYƏTİNİN MÜASİR TƏLƏBLƏR SƏVİYYƏSİNƏ YÜKSƏLDİLMƏSİ VƏ TƏDRİS OCAQLARININ MADDİ-TEXNİKİ BAZASININ GÜCLƏNDİRİLMƏSİ İSTİQAMƏTİNDƏ SƏMƏRƏLİ İŞLƏR GÖRÜLÜB"

Paytaxt təhsili 2018-2019-cu tədris ilində... - <b style="color:red">Hesabat </b>

2018-2019-cu tədris ili ümumi təhsil sahəsində müəyyənləşdirilmiş prioritet fəaliyyət istiqamətlərinə uyğun olaraq, Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədilə səmərəli fəaliyyət istiqaməti seçilib.

Təhsil müəssisələrinin fəaliyyətinin müasir tələblər səviyyəsinə yüksəldilməsi və tədris ocaqlarının maddi-texniki bazasının gücləndirilməsi istiqamətində səmərəli işlər görülüb. Təhsildə keyfiyyətin dayanıqlılığını təmin etmək, həmçinin, ümumi təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən dəyişikliklərə nail olmaq məqsədilə bütün potensial imkanlar səfərbər edilib. 

Birinci sinfə qəbul üzrə 45 minədək sorğu yerləşdirilib 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev deyir ki, BŞTİ-nin tabeliyində 308 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 7 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 318 məktəb fəaliyyət göstərir. Bu məktəblərdə ümumilikdə 424 118 şagird təhsil alır.

BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin I siniflərini 45 616, IX siniflərini 28 993, XI siniflərini 19 786, XII siniflərini isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 655 nəfər başa vurur. İdarənin tabeliyindəki ümumi təhsil məktəblərində 27 563 müəllim çalışır.

Onun sözlərinə görə, birinci sinfə qəbul üzrə 45 minədək sorğu yerləşdirilib.

Bakı şəhərinin ümumi təhsil məktəblərinin və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların I sinfinə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçirilib. 2019-2020-ci tədris ili üçün paytaxtın ümumi təhsil məktəbləri üzrə I sinfə 44 875 uşaq üçün sorğu yerləşdirilib. Onlardan 41 430-u ümumi təhsil məktəblərini, 3 445-i isə lisey və gimnaziyaları seçib: "2019-2020-ci tədris ilində ümumi təhsil müəssisələrinin tədris digər dildə aparılan bölmələrində I sinfə qəbul uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi vasitəsilə aparılıb. Qeyd edim ki, tədris digər dildə aparılan bölmə üzrə uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı müsahibə valideyn və ya qanuni nümayəndələrin iştirakı ilə 3 nəfər müəllimdən ibarət komissiya tərəfindən həyata keçirilib. Müsahibə komissiyaları paytaxtın 12 inzibati rayonu üzrə 9 mərkəzdə fəaliyyət göstərib".

264 məktəbdə 919 məktəbəhazırlıq qrupu 

BŞTİ müdirinin dediyinə görə, İdarənin tabeliyindəki 264 ümumi təhsil müəssisəsində 919 məktəbəhazırlıq qrupu fəaliyyət göstərib. Həftədə 4 gün fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında 23 840 uşaq məşğələlərə cəlb olunub: "Məlumat üçün bildirim ki, paytaxtdakı ümumi təhsil müəssisələrində "Sağlam təhsil-sağlam millət" layihəsinin tətbiqi genişləndirilib. Təhsil Nazirliyi tərəfindən həyata keçirilən layihə çərçivəsində paytaxtdakı 38 ümumi təhsil müəssisəsinin 168 sinfində "Sağlam təhsil" sinifləri fəaliyyət göstərib. Həmçinin, cari tədris ilində paytaxtdakı 15 məktəbdə 21 "Sağlam təhsil" məktəbəhazırlıq qrupu fəaliyyət göstərib. 

164 məktəbdə 360 təmayül sinfi təşkil olunub 

R.Tağiyev qeyd edib ki, 2018-2019-cu tədris ilində ümumi təhsilin tam orta təhsil səviyyəsində təmayülləşmənin miqyası genişlənib. BŞTİ-nin tabeliyindəki 164 məktəbdə 360 təmayül sinfi təşkil olunub. Hər bir təmayül istiqaməti üzrə ayrıca tədris planı və proqramları hazırlanaraq təsdiq edilib: "Bakı şəhəri üzrə 4 ümumi təhsil müəssisəsində 52 şagird inklüziv təhsilə cəlb edilib. Həmçinin, "2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı"na əsasən, çoxsaylı işlər görülüb, bu sahədə müəllimlərin üzərinə düşən vəzifələr müəyyənləşdirilib". 

İşə qəbul üzrə 1350 vakansiya təqdim olunub 

Onun sözlərinə əsasən, Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin işə qəbulu və yerdəyişməsi  müsabiqəsinə BŞTİ tərəfindən 2018-2019-cu dərs ili üçün 1350 vakansiya təqdim olunub. Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin işə qəbulu müsabiqəsi və müddətli əmək müqaviləsi əsasında çalışan müəllimlər üçün Təhsil Nazirliyi tərəfindən təşkil edilmiş müsahibələrin nəticəsində 790 nəfər daimi əsaslarla işə qəbul olunub: "2018-2019-cu tədris ilində ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi prosesi nəticəsində 265 müəllim iş yerini dəyişib. 2018-2019-cu tədris ili üçün müəllimlərin işə qəbulu müsabiqəsinin müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində 1210 namizəd müddətli müqavilə ilə işə qəbul üçün göndərilib. 2019-cu ilin aprel ayında Təhsil Nazirliyi tərəfindən təşkil edilən daimiləşmə prosesində müddətli müqavilə ilə çalışan 269 müəllimin 2019-2020-ci dərs ilindən etibarən müddətsiz əmək müqaviləsi ilə işə qəbuluna razılıq verilib. BŞTİ-nin tabeliyindəki müəssisələrdə çalışmanın yaş həddinə çatmış 1572 işçidən 995 nəfər ilə dərs ilinin sonunadək müddətli müqavilənin bağlanması məqsədəuyğun hesab edilib. Bunlardan 492 nəfəri əvvəlki illərdə, 503 nəfəri isə cari tədris ili ərzində çalışmanın yaş həddinə çatmış şəxslər olub". 

400 nəfərin müxtəlif vəzifələrə işə qəbulu həyata keçirilib 

2018-2019-cu tədris ilində təşkil edilən müsabiqələr vasitəsilə BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində 61 nəfər təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə, 25 nəfər tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) vəzifəsinə, 30 nəfər psixoloq vəzifəsinə, 29 nəfər kitabxanaçı vəzifəsinə, 16 nəfər gənclərin çağırışaqədərki hərbi hazırlığı üzrə rəhbər vəzifəsinə, 44 nəfər uşaq birliyi təşkilatı rəhbəri vəzifəsinə, 190 nəfər laborant vəzifəsinə, 5 nəfər BŞTİ-nin nəzdində fəaliyyət göstərən Təlimə Dəstək Mərkəzinə işə qəbul olunub: "Ümumilikdə, 400 nəfərin işə qəbulu həyata keçirilib. Qeyd edilən vəzifələrə növbəti işə qəbul müsabiqəsi 2019-cu ilin yanvar ayında elan edilib. Hazırda sonuncu (müsahibə) mərhələsinin təşkilinə hazırlıq işləri görülən yeni müsabiqənin test imtahanı mərhələsinin nəticələrinə əsasən, imtahanda iştirak edən 1 655 namizəddən 555 nəfəri keçid balından yüksək nəticə göstərib. İmtahanların nəticələrinə və mövcud olan vakansiyalara uyğun olaraq keçid balları müəyyənləşdirilib. Müəyyən edilmiş keçid ballarına əsasən, təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə işə qəbul üzrə 106, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) vəzifəsinə işə qəbul üzrə 54, gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsinə işə qəbul üzrə 21, psixoloq vəzifəsinə işə qəbul üzrə 40, uşaq birliyi təşkilatı rəhbəri vəzifəsinə işə qəbul üzrə 54, laborant vəzifəsinə işə qəbul üzrə 248, kitabxanaçı vəzifəsinə işə qəbul üzrə 32 namizəd növbəti mərhələdə iştirak etmək hüququ qazanıb: "Məktəb direktorlarının işə qəbulu üzrə keçirilən müsabiqə nəticəsində BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrinə 2018-2019-cu tədris ili ərzində 33 nəfər direktor vəzifəsinə işə qəbul edilib".  

Paytaxtda 13 məktəb əsaslı təmir olunub, 6 yeni məktəb binası inşa edilib 

R.Tağıyev bildirib ki, 2018-2019-cu dərs ilinə hazırlıq çərçivəsində BŞTİ-nin tabeliyində fəaliyyət göstərən 13 məktəbdə əsaslı təmir işləri aparılıb. Bundan əlavə, mövcud olan 4 məktəbin binası yenilənib və ehtiyac olan ərazilərdə 2 yeni məktəbin inşası başa çatıb.  Eləcə də, 224 təhsil müəssisəsində cari təmir və mühəndis kommunikasiya işləri aparılıb. 2 məktəbdə əsaslı təmir işləri davam etdirilir. 3 məktəb üçün köhnə korpusların sökülərək yeni bina və korpusların tikintisinə inşasına başlanılıb. 

50 minə yaxın müraciət daxil olub 

2018-2019-cu tədris ili ərzində BŞTİ-nin Vətəndaşların Qəbulu Mərkəzinə  50 minə yaxın müraciət daxil olub. Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 13 000-dən çox zəng qəbul edilib: "Vətəndaşların Qəbulu Mərkəzinə isə bu dövrdə 16minə yaxın vətəndaş müraciəti daxil olub. 1 800-ə yaxınvətəndaş sorğularına uyğun olaraq, elektron qaydada BŞTİ-nin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb. 15 000-ə yaxın sənəd qəbul olunub və qeydiyyata alınıb. Həmçinin, 2 430 elektron müraciətə baxılıb. Bakının 12 inzibati rayonu üzrə keçirilmiş səyyar qəbullar vasitəsilə müəllim və valideynlərin müraciətləri dinlənilib. Səyyar qəbullarda müəllim və valideynlərin müraciətləri dinlənilib, qaldırılan bir sıra müraciətlər operativ şəkildə cavablandırılıb, digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb".

S.QARAYEVA

 





16.06.2019    çap et  çap et