525.Az

Zakir Həsənov: “Aprel qələbəsini hər an təkrarlamağa hazırıq”


 

Zakir Həsənov: “Aprel qələbəsini hər an təkrarlamağa hazırıq”<b style="color:red"></b>

İyunun 18-də müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti yeni inşa olunan təlim mərkəzinin açılışında iştirak edib.

AzərTAc xəbər verir ki, mərkəz haqqında tədbir iştirakçılarına ətraflı məlumat verilib. Bildirilib ki, burada təlimlərə cəlb olunacaq şəxsi heyətin yerləşdirilməsi və fəaliyyəti üçün lazımi infrastruktur yaradılıb. Real döyüş şəraitinə uyğun inşa edilən təlim mərkəzində atış çalışmaları, müxtəlif döyüş və xüsusi texnikanın mürəkkəb relyef və hava şəraitində idarə olunması üzrə praktiki vərdişlərin təkmilləşdirilməsi məqsədilə məşğələlərin keçirilməsi, döyüş tapşırıqlarını tədris və praktiki məşq etdirilməsi nəzərdə tutulub.
Müdafiə naziri poliqonun ərazisindəki hərbi infrastruktur obyektlərinə baş çəkib, müxtəlif bölmələr ilə keçirilən səhra məşğələlərini izləyib.

Açılışdan sonra nazir jurnalistlərə açıqlama verib. O bildirib ki, Azərbaycan Ordusunda aparılan islahatlar uğurla davam edir: “Ordumuz inkişaf edir və bununla bağlı sübutlar var”.

Nazir bildirib ki, Azərbaycan Ordusuna müasir silahlar alınır və bununla bağlı ictimaiyyət məlumatlandırılır. Ötən il Azərbaycan Ordusunun paradında nümayiş olunan hərbi texnikaların 90 faizi yeni və müasir texnikalar idi.

Z.Həsənov qeyd edib ki, 2016-cı ilin Aprel döyüşlərində Azərbaycan Ordusunun kiçik bir hissəsi Ermənistan ordusunu darmadağın etdi. Nəticədə ermənilər məcbur olub atəşkəs üçün müraciət etdilər.

Nazir deyib ki, 2016-cı ildə üç gün ərzində Azərbaycan Ordusunun kiçik bir hissəsi Ermənistanın bütöv bir ordusunu darmadağın edib.

Nazir bildirib: “Azərbaycan Ordusu bu qələbəni hər an təkrarlamağa hazırdır. Müharibəni hərbçilər başlamırlar, icra edirlər. Azərbaycan Ordusu gecə-gündüz döyüş hazırlığı ilə məşğul olur. Ordumuz daim inkişaf edir, döyüş qabiliyyəti, psixoloji hazırlığını daim artırır. Ermənistan isə bu baxımdan çox zəifdir. Aprel döyüşlərindən sonra Serj Sarkisyan özü bildirdi ki, “biz 80-ci illərin istehsalı olan silahlarla döyüşürdük”. Onda sual olunur, bəs necə oldu, deyirdiniz ki, “bizim güclü ordumuz var?”.

Nazir deyib ki, Azərbaycan Ordusunun balansında olan hərbi təyyarələr təkmilləşdirilir və onlar döyüş tapşırıqlarını icra etməyə qadirdir. O bildirib ki, Ordumuzun helikopter meydançaları yenilənib və müasir silahlarla təchiz edilib. Azərbaycan Ordusunun helikopterləri uzaq məsafədən hədəfləri dəqiq vurmağa qadirdir.

Z.Həsənov qeyd edib ki, Azərbaycanın Hərbi Dəniz Qüvvələrinin təkmilləşdirilməsi istiqamətində də işlər aparılır, texniki məsələlər həll olunur.

Zakir Həsənov Ermənistanın müdafiə naziri David Tonoyanın hərbi qulluqçumuz, əsgər Elşən Xəlilovun vurulmasına şəxsən əmr verməsi ilə bağlı dediyi fikrə də münasibət bildirib: “Deyə bilərəm ki, Ermənistanın müdafiə naziri David Tonoyan yalan danışır. Son hadisələr zamanı biz ermənilərə layiqli cavab vermişik. Bir müddət sonra onlar öz itkilərini açıqlayacaqlar”.

Nazir onu da deyib ki, Azərbaycan Ordusunun döyüş hazırlığının gücləndirilməsi istiqamətində işlər aparılır: “Təlimlər döyüş vəziyyətinə maksimum yaxın şəraitdə keçirilir. Səhra bacarıqlarının artırılması ilə əlaqədar tez-tez təlimlər təşkil olunur. Azərbaycan Türkiyənin bu sahədə təcrübələrini öyrənir. İki qardaş ölkə birgə təlimlər təşkil edir”.

 





18.06.2019    çap et  çap et