525.Az

Azərbaycan milli hərəkat tarixinin tədqiqatçısı


 

Azərbaycan milli hərəkat tarixinin tədqiqatçısı<b style="color:red"></b>

Azərbaycan xalqının tarixinə daxil olmuş görkəmli tədqiqatçı alimlərin elmi-pedaqoji fəaliyyətini, yaradıcılığını və ictimai-siyasi fəaliyyətinin ayrı-ayrı sahələrini öyrənmək, onların mənalı həyat yolunu, zəhmətsevərliyini və vətəndaş mövqeyini, vətənpərvərliyini  və yüksək insani keyfiyyətlərini gənc nəslə çatdırmaq çağdaş dövrümüzdə də mühüm əhəmiyyətə malikdir.

Xalqımızın tarixinə, milli-mənəvi dəyərlərimizə kökündən bağlı olan belə tədqiqatçı alimlərin qələmindən çıxan tarixi kitablar geniş elmi ictimaiyyət və tələbələr tərəfindən sevilə-sevilə oxunan əsərlər sırasına daxildir. Belə alimlərdən biri ömrünün müdrik çağını yaşayan, tarix elmləri doktoru, professor Xəqani Məmmədovdur.

Xəqani Məmmədov 1954-cü il iyun ayının 18-də Ağcabədi şəhərində dünyaya gəlib. 1970-ci ildə Ağcabədi şəhər 1 saylı orta məktəbini bitirən Xəqani Məmmədov elə həmin ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tarix fakültəsinə daxil olur. Cəmi 16 yaşı yenicə tamam olan gənc Xəqani tələbə yoldaşları içərisində ən cavanı idi.

Hələ tələbə ikən gecə-gündüz tarixi kitabları yorulmaq bilmədən kitabxanalarda fasiləsiz öyrənən Xəqani özünün zəhməti və elmi biliyi hesabına 1975-ci ildə fakültəni fərqlənmə diplomu ilə bitirir. Təhsil Nazirliyinin göndərişi ilə doğma məktəbində tarix müəllimi işləyir və 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin aspiranturasına daxil olur. Onun istedadı və savadı nəzərə alınaraq 1982-ci ildə tarix fakültəsində müəllim vəzifəsinə təyin edilir. Deyirlər ki, cəmiyyətdə insanın mövqe tutmasının birinci amili onun öz sənətini ürəkdən sevməsidir. Sənətini və milli tariximizi canı qədər sevən Xəqani müəllimə zaman keçdikcə bu peşə şöhrət gətirdi. 1985-ci ildə namizədlik, 1998-ci ildə isə doktorluq dissertasiyalarını müdafiə edir və tarix elmləri doktoru alimlik dərəcəsini alır. 2000-ci ildə professor vəzifəsini tutur. Sürətlə keçın bu illər ərzində Xəqani Məmmədov zəngin və çoxsahəli bir elmi-pedaqoji yaradıcılıq yolu keçir. Bu illər ərzində ciddi elmi tədqiqatlar apararaq dəyərli əsərlər yazır.

Xeyirxah fikir, xeyirxah söz və xeyirxah əməl sahibi olan Xəqani müəllimin həyatda özünəməxsus elə bir tarixi fəlsəfəsi var ki, onun həyat simfoniyasında mənəvi saflıq, poetik təbiət, Vətənə, xalqa sədaqət, milli-mənəvi dəyərlərə bağlılıq üstünlük təşkil edir.

Bu gün respublika elmi ictimaiyyətinin görkəmli alimlərindən biri, Azərbaycanda və türk dünyasında tanınmış dəyərli tarixçi alim, yüzlərlə insanın qəlbində özünə əbədi heykəl ucaldan, sevgi və istək dolu mənalı ömür yaşayan Xəqani Məmməd oğlu Məmmədovun anadan olmasının 65 və elm-pedaqoji fəaliyyətinin 40 ili tamam olur. Qəlbinin hərarətini, zəngin elmi biliyini istəkli tələbələrinə öyrətmək, bütün insanlara əlindən gələn köməyi etmək, onlara mənəvi dayaq olmaq Xəqani müəllimin elmi-pedaqoji və ictimai-siyasi fəaliyyətinin başlıca amalına çevrilib. Məhəmməd Peyğəmbər (s.) hədislərinin birində deyib: “İnsanların ən xeyirlisi başqalarına xeyri dəyəndir”. Xəqani müəllim həmişə belə xeyirxah insanlardan biri olub.

Qədim Roma imperatorlarından birinin dediyi kimi, ən böyük elm müdriklikdir, ən yüksək müdriklik isə xeyirxahlıqdır. Bu baxımdan X.Məmmədov yeni tarixi şəraitdə fəaliyyətə başlayarkən bütün hərəkətlərində və addımlarında haqqın qələbəsinə çalışıb, təbiətindəki saflıq və səmimiyyət, mənəvi və əxlaqi təmizlik, ümid və arzularını həyata keçirməkdə aparacağı mübarizə üçün ona dönməz cəsarət və qətiyyət verib. Onun həm rəhbər, həm müəllim, həm mütəxəssis kadr və həm də bir ziyalı kimi həqiqət konsepsiyası daha geniş ictimai məkan ölçüsü kəsb edir, Vətənə və xalqına xidmət onun başlıca amalıdır.

Hər kəsi səbirlə dinləmək, hadisələrə doğru-düzgün qiymət vermək, mühakimələrində obyektivlik, sərbəstlik, ardıcıllıq və qətiyyətlilik Xəqani müəllimin həyat kredosudur.

Xəqani Məmmədov müdrik alim, dəyərli ziyalı, gözəl təşkilatçı, əvəzsiz dost, minlərlə insanın və tələbə dünyasının sevdiyi istəkli müəllim, təcrübəli pedaqoq, xalqını və Vətənini canı qədər sevən insandır. Yaxşılıq və xeyirxahlıq onun qanında və canında, bütün elmi və pedaqoji yaradıcılığında, praktik əməllərində və mənalı ömür bioqrafiyasındadır.

X.Məmmədov Azərbaycan tarix elmində öz sözünü deyən yaradıcı və məhsuldar tədqiqatçı alimdir. Mənim yaxşı yadımdadır. Xəqani müəllim Bakı Dövlət Universitetinin aspiranturasına daxil olduğu ilk günlərdən elmi tədqiqatlara böyük həvəs və istəklə yanaşırdı.  Məhz həmin istək arzusu ilə Xəqani müəllim respublikanın, o zamankı İttifaq dövlətinin mərkəzi şəhərlərinin kitabxanalarında, arxivlərində yorulmaq bilmədən axtarışlar aparır, yeni-yeni arxiv materiallarını elmi dövriyyəyə cəlb edirdi. Həmin ciddi elmi axtarışların məntiqi nəticəsidir ki, onun qələminin məhsulu kimi Azərbaycanın XIX əsrin sonu - XX əsrin əvvəllərini əhatə edən milli hərəkat tarixi, Azərbaycan Xalq Cümhuriyyətinin təhsil, elm və mədəniyyət sahələrində fəaliyyəti, Türkiyədə və Azərbaycanda erməni quldurları tərəfindən törədilən soyqırımlar və digər sanballı tədqiqat əsərləri yazıldı və geniş elmi ictimaiyyətin istifadəsinə verildi. Xəqani müəllim doktorluq dissertasiyasını müdafiə etməklə kifayətlənmədi. Müdafiədən sonra onun ali məktəblər üçün dəyərlı dərs vəsaiti və monoqrafiyası, bir çox elmi əsər və məqalələri işıq üzü gördü. Onun Azərbaycan tarixi elminin müxtəlif sahələrinə dair çoxlu elmi əsərləri, dərslikləri və monoqrafiyaları, ali məktəblərimizdə tədris edilən və sevilərək oxunan kitabları var.

Xəqani Məmmədovun elmi-tədqiqat sahəsi çox genişdir. Zəhmətkeşlərin əmək tərbiyəsi ilə elmi yaradıcılığa və araşdırmalara başlayan və elmlər namizədi alimlik dərəcəsi alan (1985-ci ildə) X.Məmmədov, sonradan daha aktual problemləri tədqiq etməyə və Azərbaycan tarixinin sovet dövründə yasaq edilmiş problemlərini araşdırmağa başladı. Azərbaycan xalqının milli azadlıq mübarizə­si­nin məntiqi nəticəsi kimi dövlət müstəqilliyinin bərpasının böyük əhəmiy­yəti həm də o oldu ki, qədim və zəngin dövlətçilik tariximizin obyektiv yazılmasına əlverişli şərait yaran­dı. Azərbaycan tarixinin yeni təfək­kür tərzində, doğru-düzgün yazılmasına xüsusi diqqət və qayğı göstərən Ümummilli Lider Heydər Əliyev 1993-cü il sentyabrın 21-də və 1997-ci il yanvarın 31-də ziyalılarla, AMEA-nın rəhbərliyi ilə görüşündəki nitqində Azərbaycanın XIX-XX əsrlər tarixinin yenidən yazılma­sının vacibliyini qeyd etdi və bu istiqamətdə elmi-tədqiqat işlərinin genişlən­dirilməsinin zəruri olduğunu  bildirmiş, tarixçilərə dəyərli məsləhətlərini, tapşırıq­larını və tövsiyələrini ver­di. Azərbaycan tarixi elminin gələcək inkişaf stra­tegiyasını müəyyənləş­dirmək, tarixçilər ordusunu səfərbər etmək və istiqamət­lən­dirmək baxımın­dan Heydər Əliyev bu tarixi görüşləri ilə Azərbaycan tarix­çilərinə hər hansı bir problemin dərindən və obyektiv araşdırılması üçün dövlət səviyyəsində hərtərəfli şərait yaratdı. Eyni zamanda, XIX-XX əsrlər Azərbaycan tarixinin yazılmasını daim nəzarətdə saxlayacağını, bu  vacib məsələyə hərtərəfli kömək və yardım edəcəyini bildirdi. Bu, Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixinə dövlət siyasəti səviyyəsində diqqət və qayğısının parlaq ifadəsi, tarixçilər qarşısında duran fəaliyyət proqramı idi. Heydər Əliyev deyirdi: “...Tariximizin parlaq səhifələri də, qaranlıq səhifələri də var. Tariximizin hər bir səhifəsinə hörmətlə, ehtiramla yanaşaq... Biz qısa vaxtda heç olmasa XX əsrin tarixini yazmalıyıq».

Beləliklə, Ümummilli Lider Heydər Əliyevin xalqımızın tarixinin yeni təfəkkür tərzində araşdırılmasına dair tapşırıqları və göstərişləri tarixçi alimlərin qarşısında bir proqram sənədi oldu. Tarixçi alimlər yeni-yeni aktual mövzularla araşdırmalara başladılar.

Geniş araşdırmalara başlayan X.Məmmədov 1998-ci ildə “Azərbaycanda maarifçilik və milli hərəkat (XIX yüzilliyin sonları-XX yüzilliyin əvvəlləri)” mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri doktoru alimlik dərəcəsi aldı. Onu da qeyd etməliyik ki, iki il əvvəl, yəni 1996-cı ildə onun tərəfindən “Azərbaycan milli hərəkatı(1875-1918-ci illər)” adlı monoqrafiyanın nəşr olunub geniş ictimaiyyətə çatdırılması respublika tarix elmində böyük marağa səbəb oldu və görkəmli tarixçi alimlər həmin kitaba yüksək qiymət verdilər. Arxiv sənədləri və milli-azadlıq hərəkatının görkəmli xadimlərinin, qabaqcıl ziyalılarının əsərləri, dövrü mətbuat materialları əsasında, geniş araşdırmalar nəticəsində yazılan həmin monoqrafiyada ilk dəfə idi ki, XIX əsrin sonu-XX əsrin əvvəllərində Azərbaycan milli hərəkatının sosial-iqtisadi və siyasi təməli, maarifçilik hərəkatı və milli-mədəni inkişaf, milli-demokratik ideyalar, erməni-azərbaycanlı münaqişələrinin milli-azadlıq hərəkatına təsiri, qabaqcıl ziyalıların türkçülük və demokratik dəyərlərə söykənən istiqlal mübarizəsinin ümummilli xalq hərəkatına çevrilməsi nəticəsində Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və s. məsələlər ətraflı tədqiq edilirdi.

X.Məmmədov həmin kitabda ilk dəfə olaraq Azərbaycan milli hərəkatının mərhələlərini müəyyənləşdirmiş, həmin hərəkatın təkamül tarixini izləmiş, hər bir mərhələnin də özünəməxsus xüsusiyyətlərini səciyyələndirmiş, milli hərəkatın daxili və xarici amillərini faktlar və sənədlər əsasında müəyyənləşdirmişdi. Azərbaycan milli hərəkatı probleminin tədqiqi ilə bağlı arxiv materiallarının, habelə xarici sovetoloqların və azərbaycanşünas alimlərin bir çox tədqiqatlarının ilk dəfə elmi dövriyyəyə cəlb edilməsi kitaba elmi marağı daha çox artırmış, onun elmi-nəzəri və əməli  əhəmiyyətini daha da yüksəltmişdi.

X.Məmmədovun ömür kitabının və elmi araşdırmalarının hər hansı bir səhifəsinə diqqət yetirərkən, onun sözun əsl mənasında dəyərli və istedadlı bir alim olması dərhal təsdiqlənir. Ona görə ki, X.Məmmədov tədqiqatçı alim kimi Azərbaycan tarixinin bir çox məsələlərini araşdırmış və yorulmaq bilmədən yeni-yeni əsərlər və elmi məqalələr yazıb. “Azərbaycanda maarifçilik və milli hərəkat” (Bakı, 1998, doktorluq dissertasiyası), ”Aydınlarımızın istiqlal mücadiləsi” (Bakı, 1999), “Azərbaycan Xalq Cümhuriyyətinin təhsil, elm və mədəniyyət sahəsində fəaliyyəti” (Bakı, 1999), “Azərbaycan xalqının milli istiqlal mübarizəsi” (Bakı, 2005, dərs vəsaiti), “Türkiyədə və Azərbaycanda erməni millətçilərinin cinayətləri” (Bakı, 2007, monoqrafiya),  “Erməni iddiaları və Azərbaycanlıların soyqırımı” (Bakı, 2008, dərs vəsaiti) və digər elmi əsərlər X.Məmmədovun qələminin məhsuludur. Bunlardan başqa X.Məmmədov “Azərbaycan tarixi” XI sinif, “Siyasi tarix” ( I və II hissələr),  “Azərbaycan tarixi” ( Ali məktəblər üçün dərslik , Bakı, “ Bakı Universiteti Nəşriyyatı “,  2014, 2015 və 2017-ci illər) və başqa dərsliklərin həmmüəllifidir.

X.Məmmədov yaradıcı alimdir. Bu vaxta qədər onun 15 adda monoqrafiyası, dərsliyi, dərs vəsaiti, elmi-metodik kitabçaları, proqramları, 120-dən artıq elmi əsərləri və məqalələri çap olunub. Onun əsərləri Polşa, İsveç, Türkiyə və başqa  xarici ölkələrdə nəşr edilib.

X.M.Məmmədov dövlətçiliyimizin qorunmasında və möhkəmlənməsində vətəndaş qeyrəti ilə irəlidə gedən ziyalılarımızdandır. Təhsil sisteminin yaxşılaşdırılmasına və təkmilləşdirilməsinə dair Xəqani müəllimin səmərəli təklifləri və tövsiyələri vardır. Gözünün nurunu, qəlbinin işığını, elmi təfəkkürünü və zəkasının mayasını tələbələrinə, magistrlərinə və yetirmələrinə verən Xəqani müəllim bu gün həqiqətən çox xoşbəxt pedaqoqdur, onun yetişdirdiyi ləyaqətli kadrlar, yüzlərlə mütəxəssislər Xəqani müəllimi özlərinin idealı sayır, ona çox böyük sevgi və sayğılarla, hörmət və ehtiramla yanaşırlar.  

X.Məmmədov həm də respublıkamızda bacarıqlı ali təhsil və elmi təşkilatçılarından biridir. O, 1995-2003-cü illərdə Bakı Biznes Universitetində beynəlxalq əlaqələr üzrə prorektor və “Humanitar fənlər” kafedrasının müdiri vəzifələrində işləyib, 2005-2007-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilk Akademiyasında “Rəhbər kadrların ixtisasının artırılması” fakültəsinin dekanı vəzifələrində çalışıb,  2007-ci ildə Təhsil Nazirinin əmrinə əsasən Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialının direktoru vəzifəsinə təyin edilib və 2013-cü ilə kimi həmin vəzifədə fəaliyyət göstərib.

Filialın direktoru vəzifəsində işlədiyi dövr ərzində o, əsas fəaliyyətini tədris intizamının gücləndirilməsinə, tələbələrin dərsə dəvamiyyətinin yüksəkdilməsinə, təhsilin keyfiyyətinin artırılmasına, filialın maddi-texniki bazasının möhkəmləndirilməsinə, xüsusən də tələbələrin bilik səviyyəsinin qiymətləndirilməsi zamanı obyektivlik və şəffaflığın təmin edilməsinə yönəltmişdi.  Nəticədə 2007-2012-ci illərdə əvvəlki illərdən fərqli olaraq filial əməkdaşlarından 4 nəfər dosent elmi adını almış, 2 nəfər fəlsəfə doktoru elmi dərəcəsinə yüksəlmiş, filialın 8 məzunu Respublikanın müxtəlif ali məktəblərinin magistratura pilləsinə daxil olmuşdu. Filialın yerləşdiyi tədris inzibati korpusu əsaslı təmir edilmişdi.

O, 2009-cu ilin mart ayının 18-də keçirilən Referendum ərəfəsində rəsmi vəkil olaraq Ağcabədi, Ağdam, Laçın, Goranboy, Beyləqan və Xocavənd rayonlarında keçirilən tədbirlərdə fəal iştirak edib.

2013-cü ilin may ayında Azərbaycan Respublikasının BMT-dəki Daimi nümayəndəliyinin rəhbərliyi tərəfindən Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmiş beynəlxalq konfransda iştirak etmək üçün ABŞ-ın Nyu-York şəhərinə dəvət olunmuş professor X.Məmmədov həmin konfransda “Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının memarıdır” mövzusunda maraqlı məruzə ilə çıxış edib. Professor Nyu-York şəhərində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatının üzvləri ilə görüşüb və orada “Erməni iddiaları və azərbaycanlıların soyqırımı” mövzusunda məruzə ilə çıxış edib və diaspor təşkilatı tərəfindən xatirə medalı ilə təltif olunub.

Professor X.Məmmədov 2015-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinə dəvət edilib və tarix-coğrafiya fakültəsinin “Azərbaycan tarixi” kafedrasının professoru vəzifəsinə qəbul edilib. O, 2016-cı ildə həmin kafedraya keçirilən seçkilərdə iştirak etmiş və qalib gələrək, 5 il müddətinə “Azərbaycan tarixi” kafedrasının professoru vəzifəsinə seçilib.

Tarixin inkişaf dialektikasının qanunauyğun prinsipi belədir ki, cəmiyyətin tərəqqisində və irəliyə doğru inkişafında elm, maarif, təhsil, milli-mənəvi dəyərlər həmişə qabaqcıl rol oynamış və onu daha da zənginləşdirən ixtira sahibləri, böyük alimlər xalqın mənəvi irsinin zəngin fundamentini təşkil ediblər. Bu gün üçüncü minilliyin baxış bucağından baxarkən həyatını elmə, təhsilə, gənc nəslin maariflənməsinə, onların cəmiyyətin layiqli vətəndaşı kimi yetişməsinə və formalaşmasına həsr edən insanların geniş və çoxşaxəli fəaliyyətinə heyran qalmaya bilmirsən. Həyatını və mənalı ömrünü bütünlüklə xalqına xidmətdə keçirən, xeyirxah əməlləri ilə nəsillərə nümunə olan professor Xəqani Məmmədov belə ziyalılarımızdandır. Onun həm alim, həm müəllim və həm də ziyalı kimi həqiqət konsepsiyası daha geniş ictimai məna kəsb edir.

Xaqani müəllimin daxili aləmində və bütöv xarakterində təmkinli bir müdriklik var, böyük səbir sahibidir, dostunu və opponentlərini axıradək dinləmək, öz fikir və mülahizələrini söyləmək, dəyərli tövsiyələrini vermək, onlara kömək əlini uzatmaq bacarığına malikdir. O,  özünün mənalı ömrünü bütünlüklə elmə, təhsilə və maarifə həsr etməklə geniş elmi-pedaqoji və ictimai-siyasi həyat yolu keçmiş və 65 illik ömür bioqrafiyasının zirvəsinə yüksələ bilib.

Hörmətli Xəqani müəllimi 65 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona cansağlığı və xoşbəxtlik, geniş elmi-pedaqoji fəaliyyətində böyük uğurlar arzulayıram.

Məmmədov NURU
Tarix elmləri doktoru, professor

 





18.06.2019    çap et  çap et