525.Az

“Məmməd Araz: Azərbaycan poeziyasında vətəndaşlıq zirvəsi” adlı elmi konfrans keçirilib


 

“Məmməd Araz: Azərbaycan poeziyasında vətəndaşlıq zirvəsi” adlı elmi konfrans keçirilib<b style="color:red"></b>

“Hər bir şairin və ümumiyyətlə, yaradıcı adamın əbədi və əzəli bir ilham mənbəyi var. Məmməd Arazın başlıca ilham mənbəyi tarixi minilliklərə söykənən və tarix səhnəsində həmişə öz sözü, mövqeyi olan Azərbaycandır. O Azərbaycan ki, o, “Qayalarda bitən bir çiçək, çiçəklərin içində qayadır”; o Azərbaycan ki, onun “hər daşından alov dilli ox ola bilər” və o Azərbaycan ki, o, məqamında kükrəyən, məqamında “yatmış qoca vulkandır”. Ümummilli liderimiz Heydər Əliyevin fəxr və qürur hissi ilə bütün gəncliyimizə təlqin etdiyi “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” milli və mənəvi düşüncə tərzi M.Araz poeziyasının mayasını, ana xəttini təşkil edir”.

Bu fikirlər Xalq şairi Məmməd Arazınd 80 illik yubileyi ilə əlaqədar dünən AMEA Naxçıvan Bölməsində bölmənin, Naxçıvan Dövlət Universitetinin və Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə keçirilən elmi konfransda səsləndirilib. Konfransı giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev Xalq şairinin 90 illik yubileyinin keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun imzaladığı tarixi sərəncamlara diqqət çəkib. Akademik bu sərəncamları Azərbaycan ədəbiyyatı tarixində xüsusi rol oynamış, ədəbiyyatımızın ilk üç istiqlalçı şairi arasında özünəməxsus dəsti-xətti ilə seçilən Məmməd Arazın irsinə göstərilən diqqətin bariz nümunəsi kimi dəyərləndirib.

 Elmi konfransda “Xalq şairi Məmməd Arazın həyatı və yaradıcılığı” haqqında AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Ramiz Qasımov məruzə edib, Naxçıvan Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru, şair Xanəli Kərimli “Məmməd Araz yaradıcılığında Azərbaycançılıq” məfkurəsinin ideya-bədii məziyyətlərindən danışıb. Vurğulanıb ki, Məmməd Araz yaradıcılığı Azərbaycan tarixinin bugünkü gənclik üçün qaranlıq qalan məqamlarına işıq salan poeziyadır. Xüsusilə hələ sovet qadağaları dövründə qələmə aldığı və bu gün də günün döyünən nəbzinə çevrilən “Məndən ötdü, qardaşıma dəydi” şerində M.Araz böyük cəsarətlə Azərbaycanın başına gətirilən bəlalardan danışıb, zaman-zaman bu torpaq üzərində gedən “cahan çarpışmalarını” diqqətə çatdırıb.

Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigar “Milli qüruru tərənnüm edən şair” adlı məruzəsində şerimizin Məmməd Araz zirvəsinin bədii xüsusiyyətlərindən danışıb və onun ədəbiyyatımızda özündən sonra məktəb yaradan qüdrətli ədəbi simalardan olduğunu deyib.

“Məmməd Araz bir şair olmaqla yanaşı, həm də Azərbaycan dilinin və sözün qüdrətinin əzəmətli qoruyucusu kimi çıxış edir. Onun yaradıcılığı Azərbaycan dilinin axıcılığını və gözəlliyini bütün çalarları ilə əks etdirir.” AMEA Naxçıvan Bölməsinin İncəsənət Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Adil Bağırovun “Məmməd Araz yaradıcılığında sözün qüdrəti” və böyük elmi işçi, filologiya üzrə fəlsəfə doktoru Zülfiyyə İsmayılın “Məmməd Araz yaradıcılığında dil məsələləri” adlı məruzələrində bu məqama xüsusilə diqqət çəkilib.

Elmi konfransa AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev yekun vurub.

Qeyd edək ki, Xalq şairinin 80 illik yubileyi ilə əlaqədar AMEA Naxçıvan Bölməsində şairin əsərlərindən ibarət sərgi də nümayiş etdirilib.

 

 





08.10.2013    çap et  çap et