525.Az

Gəncədə gənclər “Çay evi”nin yerində yeni kitabxana yaratdılar


 

SAHİBKAR ÖZ GƏLİRLİ OBYEKTİNİ BU MƏQSƏDLƏ GƏNCLƏRƏ HƏDİYYƏ EDİB

Gəncədə gənclər “Çay evi”nin yerində yeni kitabxana yaratdılar<b style="color:red"></b>

Cəmiyyətdə heç bir təmənna güdmədən,  insanların, xüsusən  yetişməkdə olan nəslin gələcək taleyini düşünən adamlar olmasaydı, bu dünya yəqin dağılardı. Böyük yazıçı və filosofların bütün bəşər tarixi boyu bu və ya digər formada dönə-dönə təkrarladıqları bu fikri, nə yaxşı ki, bu günümüzdə də , yəni əksər insanların “hər şeyi pul həll edir” düşüncəsində olduğu bu amansız zəmanədə də təsdiqləyə bilən adamlara rast gəlmək mümkündür.

Gəncədə,  indiki zəmanənin ruhu baxımından bir çoxlarına təəccüblü gələ bilən hadisə baş verib. Bir “Çay evi”nin sahibi gənclərin mənəvi tərbiyəsinin daha vacib olduğunu düşünərək, oz pulgətirən obyektini ləğv edib, onun yerində təmənnasız olaraq “Maarif evi” adlı kitabxana  açmaq qərarına gəlib. Cavan nəslin sağlam ruhda yetişməsi yönündə örnək sayıla biləcək bu addım ictimaiyyət, xüsusən də gənclər arasında ruh yüksəkliyi ilə qarşılanıb.

Sabiq “Çay evi”nin sahibi  gənclərin bu cür yerlərdə,bəzən sonu qanla bitə bilən mənasız söhbət və mübahisələr, həmçinin  indi dəbdə olan qəlyançəkmə kimi xeyirsiz  vərdişlərə öyrəşməsi kimi narahatedici halları göz önünə alaraq, öz pulgətirən obyektini ləğv edib onu maariflənmək istəyən gənglərin ixtiyarına vermək qərarına gəlib.

“Mən çox zaman iaşə sahəsində fəaliyyət göstərsəm də dost-tanışlarım arasında ziyalı adamlar da az deyil. Onlarla söhbətlər əsnasında indiki zəmanədə cəmiyyətə mənəvi baxımdan daha faydalı ola bilən bir addım atmağın vacibliyi haqda düşündüm. Hələ gənclərlə də bu yöndə bir növ, təbliğat apardım. Onların həvəsini hiss edib, çay evinin yerini təmənnasız olaraq, kitabxana açılması üçün vermək qərarına gəldim. Doğrusu, çoxları məni qınayır ki, şəhərin mərkəzində yerləşən bu yeri yüksək məbləğə hansısa iş adamlarına kirayə vermək olardı. Amma düşündüm ki, maddi sərvət gəldi-gedərdi, mənəvi dəyərləri isə qorumaq lazımdır”-deyə,  55 yaşlı Gəncə sakiniCəlal Axundov öz vətəndaşlıq mövqeyini ifadə edir.

Bu təşəbbüsə ürəkdən şad olan kitabsevər gənclər də Yeni “Maarif evi”nin açılışını təntənə ilə qeyd ediblər. Çıxışlardan məlum oldu ki, kitabxanaya gənclər öz ailələrindən, kitabsevər valideyinlərinin zəngin kolleksiyalarından gətirdikləri nümunələri bağışlayıblar. Həmçinin burada xeyli yeni kitablar da var. Beləcə, yeni maarif evinin kitab fondu gündən günə zənginləşməkdədir.

“Açılış ərəfəsindəki bir neçə gün ərzində vətəndaşların bağışladığı kitablar sayəsində fondumuzda iki min nüsxədən çox kitab toplandı. Mən özm də rəhmətlik babamın yüzlərlə nadir kitabını gətirib burada rəflərə düzmüşəm. Bizim “Maarif evi”ndə xüsusən ensiklopedik ədəbiyyatın zəngin bir kolleksiyası yaranıb. Eləcə də yeni nəşrlərin çəkisinin artırılmasının qayğısına da qalırıq. Əsasən qiraətxana kim fəaliyyət göstərəcəyik. Bu otaqlarda bir dəfəyə 70 nəfərədək adam oturaq kitaboxuya biləcək. Həmçinin texniki imkanlarımız burada müxtəlif təqdimat və digər tədbirlər keçirmək üçünyararlıdır” – deyə, yeni maarifçilik ocağının gənc rəhbəri İmamaverdi Vəliyev bildirir.

Beləliklə, Gəncənin kitabsevər gəncləri,öz bilik və mənəvi dünyalarını zənginləşdirmək üçün, fondu artıq min nüsxəni bir neçə gündə keçən “Maarif evi” nin timsalında daha bir imkan əldə ediblər.

Biz də istərdik ki, bu kiçik yazımız xüsusən müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamlarımız üçün,  gənclərin mənəvi tələbatına həssas yanaşmağa bir çağırış nümunəsi kimi qavranılsın.

Zakir Muradov, 
Gəncə

 

 





19.06.2019    çap et  çap et