525.Az

"Nəşriyyat yalnız küçədə kitab satmaqla davam gətirə bilməz"


 

"QANUN" NƏŞRLƏR EVİNİN RƏHBƏRİ ŞAHBAZ XUDUOĞLU ÖLKƏDƏ KİTABÇILIĞA HƏRTƏRƏFLİ DƏSTƏYİN VACİBLİYİNİ VURĞULAYIR

"Nəşriyyat yalnız küçədə kitab satmaqla davam gətirə bilməz"<b style="color:red"></b>

- Şahbaz bəy, rəhbərlik etdiyiniz "Qanun" Nəşrlər Evinin ciddi problemlərlə üzləşdiyi, nəşriyyatın işinə maneələr törədildiyi ilə bağlı tez-tez müxtəlif səpkili xəbərlər yayılır. Bəs hazırda vəziyyət necədir, fəaliyyətinizə müdaxilər davam edirmi?

- Son illər əvvəlki kimi problemlər yoxdur. Əvvəllər "Qanun"un üzərində cərimələr vardı. O zaman hesablarımız 5 il bağlı qaldı, haqqımızda cinayət işi açıldı. Nəşriyyatda çalışanlar istintaqa cəlb olundular. Buna baxmayaraq, biz ruhdan düşmür, fəaliyyətimizi davam etdirirdik. Şükür, hazırda bu problemlər arxada qalıb. İndi ciddi problemimiz yoxdur, amma daha da yaxşı olması üçün çalışırıq. Hər gün yeni kitablar nəşr edirik. Bu, bizim nəşr etmək arzusunda olduğumuz kitablardır. Təbii ki, xırda problemlər, manelər də var; bəzən ölkəmizdə qanunları başqa cür tətbiq edənlərlə üz-üzə qalırıq. Bunlarla bağlı öz narahatlığımızı bildiririk. Amma hazırda məxsusi olaraq "Qanun"a qarşı hər hansı bir təzyiq, fəaliyyətimizi məhdudlaşdırma cəhdi yoxdur.

- Kitabçılıq sahəsində qarşılaşdığınız ən böyük problem nədən ibarətdir?

- Bu il fevralın 1-dən qüvvəyə minən qanun sahibkarların fəaliyyətini, o cümlədən, kitabçılıqla bağlı işləri çətinləşdirib. Gömrükdə kitablarla haqsız rüsumlar tətbiq olunur. Ölkəyə gətirdiyimiz kitablara görə, indiyə qədər 4 faiz rüsum ödəyirdik, bu ildən bu rüsumu 5 faizə qaldırdılar. Gömrük Məcəlləsinin 113-cü maddəsinə edilən əlavəyə əsasən, ölkəyə gətirilən mallar gömrük ərazisinə çatmazdan əvvəl həmin mallarla bağlı gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilməsi tələb olunur. Bəyannamə vaxtında verilməyəndə İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən vəzifəli şəxslər min manat, hüquqi şəxslər isə min beş yüz manat cərimə ödəməyə məcbur olurlar.

- Bu sənədi əvvəlcədən təqdim etmək çətindir ki?

- Təcrübədə belədir ki, sahibkarlar tələb olunan bu bəyannaməni gömrük orqanlarına kitab yükü Azərbaycana gələndən sonra, yol sənədlərinə əsasən təqdim edə bilirlər. Bəyannamənin yük gəlməmişdən əvvəl gömrük orqanlarına təqdim edilməsi mümkünsüzdür. Belə bir mümkünsüz addıma görə də cərimə ödəməklə xeyli miqdarda zərərə düşürük. Bu da kitabçılığa növbəti zərbədir. Nəzərə alınmalıdır ki, biz ayrıca bir maşını kitabla doldurub ölkəyə gətirmirik. Ona görə də, bilmirik bu yük ölkəyə nə zaman daxil olacaq, onun haqqında gömrük idarəsinə əvvəlcədən məlumat verə bilmirik. Onlar bunu əsas götürürlər və dəyərindən asılı olmayaraq, yük haqqında əvvəlcədən məlumat vermədiyinə görə sahibkarları cərimə edirlər. Biz də deyirik ki, bu cərimənin dəyərini kim müəyyən edib? Niyə biz, məsələn, beş yüz manatlıq kitaba görə min beş yüz manat cərimə ödəməliyik? Belə bir qanun qəbul edilərkən yükün həcmi və yaxud da dəyəri nəzərə alınmalı idi. İndi yüzlərlə sahibkar var ki, qanunun bu maddəsindən narazıdır. Bəlkə də, böyük sahibkarlar üçün bu məbləğ çox xırda görünə bilər, amma orta və kiçik sahibkarlara bu cərimə çox ciddi ziyan vurur. Halbuki dövlət tərəfindən orta və kiçik sahibkarlığın inkişafı üçün xeyli normativ aktlar qəbul olunub. Təəssüf ki, qanuna yeni əlavə bizə - kiçik və orta sahibkara qarşı yönəlib.

- Şahbaz bəy, tez-tez müxtəlif təhsil müəssisələrində, açıq havada kitab yarmarkaları keçirirsiz. Bu aksiyalar kitaba marağı artırırmı?

- Biz təqribən 7-8 ildir, küçələrdə kitab yarmarkaları keçiririk. Paytaxtın müxtəlif yerlərində, Yasamalda, Nərimanovda, Səbaildə və  əhalinin çox olduğu  digər ərazilərdə kitablarımızı sərgiləyirik. Parklarda endirimli kitab aksiyaları, imza günləri təşkil edirik. Məşhur jurnalistlər, yazıçılar həmin yarmakalarda bizimlə birlikdə kitab satırlar. Burada bizim məqsədimiz yalnız kitab satmaq deyil, eyni zamanda, biz insanlarla yeni çap olunmuş kitablar haqqında söhbət edirik. Bəzən günlərlə, səhərdən axşama qədər yeni kitablar haqqında insanlara məlumat veririk. Söhbətlər zamanı məlum olur ki, insanların çoxu Bakının hansı ərazilərində kitab mağazalarının olduğunu bilmirlər. Biz insanlarda kitaba maraq artırır, bu yarmarkalar vasitəsi ilə yeni oxucular qazanırıq.

- Nəşriyyatınızda çıxan yeni kitablar haqda sosial şəkəbədə paylaşımlar edir, canlı yayında kitablar haqda məlumat verirsiniz. Belə aksiyaların kitab satışına təsiri olurmu?

- Əlbəttə, olur. Nəşriyyatımızda çıxan yeni kitabı sosial şəbəkədə reklam etdikdən sonra onun reytinqi dərhal qalxır. Həmin kitabla bağlı müraciətlər olunur, sifarişlər artır. Kitab mağazalarında kitabın satışı sürətlənir. Biz bu ənənəni davam etdirəcəyik. Biz düşünürük ki, bu, kifayət deyil, kitab təbliğatıyla bağlı fərqli yanaşmalarımız olmalıdır. Biz bu işi mükəmməl şəkildə qurmağa çalışırıq.

- Kitab satışınını qənaətbəxş hesab etmək olarmı? Nəticələrdən razısınızmı?

- Biz bu işin peşəkarı olduğumuz və kənar fəaliyyətlə məşğul olmadığımız üçün real mənzərə bizim üçün ürəkaçandır. Hər gün ərzində azı 1 kitab, ildə isə 400-dən çox kitab çap edirik.

- Yerli ədəbiyyatdan, yoxsa xarici müəlliflərdən?

- Daha çox tərcümə ədəbiyyatından nümunələr nəşr edirik.

- Səbəb nədir, oxunmur ki, yerli ədəbiyyat?

- Bu, bazarın anormal vəziyyəti ilə bağlıdır. Əslində, daha çox yerli ədəbiyyat oxunmalı, yəni maraqlı yazarlar çox olmalıdır. İndi bizdə də bu baxımdan inkişaf gedir. Məsələn, əvvəllər təkcə Çingiz Abdullayevin kitabları satılırdısa, indi artıq belə deyil. Biz Anarın, Kamal Abdullanın əsərlərini yüksək maraq olduğu üçün ikinci dəfə nəşr etmişik.

- Son dövrdə kitabın təbliğinə dair dövlət tərəfindən həyata keçirilən layihələr sizi qane edirmi?

- Rəsmi statistikaya görə, ölkədə iki mindən çox işlək kitabxana var. Biz istərdik ki o kitabxanalara bizim kitablarımız getsin. Bizdə haqlı olaraq sual yaranır: niyə "Qanun"un kitabları o kitabxanalarda yoxdur? Rayondakı kitabxanalara getsəniz, baxın, orada "Qanun"un bir dənə də kitabı da yoxdur. Amma orada elə kitablar var ki, heç oxunmur. Biz yalnız kitabxanlarda "Qanun"a şərait yaradılsın, demirik. İstərdik ki, mərkəzi və yerli qurumlar nəşriyyatlardan kitab alsınlar. Arzu edirik, yüksək vəzifəyə sahib insanlar kitab yarmarkalarında görünsünlər.

- Qurumlara kitab satışı üçün müraciət etmisizmi, nə deyirlər?

- Əlbəttə. Dəfələrlə söhbətlərimiz olub və alacağlarına söz veriblər. "Qanun" elə kitabları Azərbaycan dilinə gətirib ki, bu qısa müddəti üçün fantastik göstəricidir. Buna dəstək olmaq lazımdır. Eyni zamanda, Azərbaycanda 4500 məktəb kitabxanası var. Biz uşaq ədəbiyyatı seriyasından çox faydalı kitablar nəşr edirik. Bunların əksəriyyəti klassik əsərlərdir. Niyə bu kitablar kitabxanalarda yoxdur?! Olmalıdır. Dövlət nəşriyyatların kitablarını alsa, bu, həm yazıçıya dəstək olar, həm də nəşriyyata. Nəşriyyat yalnız küçədə kitab satmaqla davam gətirə bilməz. Bizə dövlət qurumları dəstək olmalıdır. Təəssüf ki, bizdə yeni qurumlar yaranarkən büdcəsi varsa, digər nəşriyyatlardan kitab almaq əvəzinə, düşünür ki, bəlkə elə bir mətbəə də özümüz açaq?! Yəni qurumlar əməkdaşlıqdan yayınırlar. Mən qurumları da qınamıram. Amma bəzən xırda məsələlər də insanı çox incidir. Məsələ budur ki, hər kəs kitabdan danışır, amma kitaba konkret əl uzadan, sahib çıxan yoxdur. Yaşlılar çox zaman gəncləri qınayırlar "kitab oxumurlar" deyə. Biz fəaliyyətimiz zamanı buna şahidik ki, ən çox kitab oxuyan elə gənclərdir. Bu gün "Qanun" gənclərin aldıqları kitabların hesabına ayaqda dura bilir.

- Şahbaz bəy, sizcə, ali təhsil müəssisələrində kitaba münasibət nə səviyyədədir?

- Əslində, tələbəni kitabsız təsəvvür etmək olmaz, o kitabla paraleldir, tələbə mütləq kitab oxumalıdır. Məsələn, Azərbaycan Dillər Universitetində bir gözəl təşəbbüs oldu; tələbələr aldıqları kitabların pulunu universitet ödəyirdi. Bu, gözəl ənənədir. Azərbaycanda çox gözəl universitet binaları var. Bəs niyə gözəl müəssisələrin kitabxanalarında lazımi kitablar tapılmır? Kitabxanalar niyə kitab almır? Belə şəraitdə tələbə necə intellektual ola bilər?! Tələbələr öz universitetlərində istədikləri kitabları tapıb oxuya bilmirlər. Bu baxımdan, nümunə olaraq UNEC-i, yəni İqtisad Universitetini misal göstərə bilərəm. Bizdən ən çox bədii ədəbiyyat alan tələbələr məhz bu universitetin tələbələridir. Biz bunu yarmarkalarımıza gələn tələbələrin sayına əsasən müəyyən edə bilirik. Təəssüf ki, kitab oxuma məsələsində filologiya fakültəsinin tələbələri bir o qədər aktiv deyillər. Bakı Dövlət Universitetində hər zaman bizim kitab stendlərimiz olub. BDU Azərbaycanda ən çox tələbəsi olan universitetdir və orada kitaba indiki münasibət heç də qənaətbəxş deyil.

- Digər qurumlara kitaba dəstək layihələri təklif edirsinizmi, cavabında nə deyilir?

- Əlbəttə, edirik. Hətta dəfələrlə! Biz ölkənin böyük mobul operatorlarına müraciət edirik. Təklif edirik ki, siz müştərilərinizə müxtəlif hədiyyələr verirsiniz, olmazmı ki, o hədiyyələri kitablarla əvəz edək?! Eyni zamanda, məsələn, bir kitabla ailənin digər üzvləri də maariflənsinlər. Nəticə yoxdur...

- Şahbaz bəy, bir kitabı həm tərcümə, həm nəşr, həm də satışını təşkil etmək sizə çətin olmur? Bütün bunların öhdəsindən necə gəlirsiz?

- Azərbaycan mühitində çətindir. Şəxsən nəşr etdiyimiz kitabları mütləq oxumalıyam ki, oxucularımıza tövsiyə edə bilim. Bu, asan başa gəlmir. Günümün çox hissəsi kitablara həsr olunur. Bu məsələdə mənə situmul verən oxucuların rəyidir. Çalışıram, günlük vaxt qrafikimə əməl edim. Hər gün azı əlli səhifə kitab oxumalıyam. Bu, həftəyə 4-5 kitab edir. Gündə azı bir saat tərcümə edirəm. Eyni zamanda, redaktə işi ilə də məşğul oluram. Çalışıram, kitab oxuma sürətim ləngiməsin.

- “Nəsimi ili” ilə bağlı "Qanun"da hansı işlər görülür?

- Biz ingilis və rus dilində İ.Nəsiminin qəzəllərini çap etmişik. "Mini klassika" layihəmizdə “Nəsimi ili” ilə bağlı 4 kitab buraxmışıq.

- Böyük bir nəşriyyat üçün 4 kitab az deyilmi?

- Əlbəttə, azdır. Biz bu işi ilboyu davam etdirəcəyik.

- Belə deyilir ki, nəşriyyatlar yerli yazıçıları yetəri qədər təbliğ etmir. Səbəbi sizdən öyrənək...

- Biz ayrı-ayrı yazıçıları deyil, bütövlükdə kitabı təbliğ edirik. Bu mənada, müəlliflər özləri-özlərini təbliğ etməli, lazımi məlumatları oxuculara çatdırmalıdırlar. Bu təbliğat, televiziyalarda və eləcə də sosial şəbəkələrdə getməlidir. Müəllif kitabı haqqında danışmalı, kitabından hissələr paylaşaraq, onu reklam etməlidir.

- "Qanun" kitabla bağlı daha nə kimi işlər görməyi planlaşdırır?

- Əvvəla, çalışırıq köhnə müəlliflərlə əməkdaşlığımızı davam etdirə bilək. Önümüzdəki süni maneələri aşmağa səy göstəririk. Digər problemlər də var ki, onların da həlli vacibdir. Biz kitabı sevdirmək haqda yollar düşünərkən, qəfildən qaz, işıq, su və başqa idarələrdən başımızın üstünü kəsdirirlər və bütün günü nəyisə izah etmək məcburiyyətində qalırıq. Bütün bunlar çox çətin vəziyyət yaradır. Davamlı olaraq rayonlarda yarmarkalar keçirmək istəyirik. Digər iri şəhərlərdə indiyə qədər yarmarka keçirməmişik. İstəyirik, yerli yazıçılarla regionlara səfər edək, kitab günləri keçirək. Tanınmış müəlliflərin Bakıya gəlişini təşkil etməyi, onların imza günlərini Bakıda keçirməyi düşünürük.  Azərbaycan və xarici ədəbiyyatdan "Mini klassika" layihəmizi davam etdiririk. Bu layihə bu gün özünü doğruldur. Məsələn, bu seriyadan nəşr etdirdiyimiz Cəlil Məmmədquluzadənin kitabları keçən ay rekord sayda satıldı. Bu, bizi sevindirir. Bildiyiniz kimi, dram əsərləri və uşaq ədəbiyyatı Azərbaycanda məhduddur. Gələcək nəşrlərimizdə bu sahələrə daha çox diqqət ayırmağı nəzərdə tutmuşuq.

Şəhla ASLAN

 





19.06.2019    çap et  çap et