525.Az

Qarabağ münaqişəsi: Hərbi, ya hərb?


 

SƏMƏD SEYİDOV: "ERMƏNİSTAN, PAŞİNYAN HAKİMİYYƏTİ ÇOX TƏHLÜKƏLİ YOL TUTUB"

Qarabağ münaqişəsi: <b style="color:red">Hərbi, ya hərb?</b>

Son bir ay ərzində cəbhə-təmas xəttində vəziyyət yenidən gərginləşib. İşğalçı və təcavüzkar Ermənistan tərəfindən Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə müsbət həlli prosesinə hər gün demək olar ki, cəbhədə atəşkəs rejiminin pozulması ilə əngəllər, təxribatçılıq əməlləri törədilir. Hətta, son iki həftə ərzində Azərbaycan Ordusunun iki hərbçisi şəhid olub. Cəbhədə vəziyyətin bu cür gərginləşməsi fonunda Azərbaycanın sülh danışıqlarını dayandırıb, ondan imtina edib, hərb variantına əl atması mümkündürmü və gözləniləndirmi? Eyni zamanda, hərb variantına əl atılacağı təqdirdə, beynəlxalq, regionda marağı olan güclərin buna münasibəti və reaksiyası necə olacaq?

Bununla bağlı "525"ə açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin rəhbəri, Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, işğalçı və təcavüzkar dövlət olan Ermənistanın baş naziri Nikol Paşinyan son zamanlar Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox təhlükəli və xətalı yol tutub.

S.Seyidov qeyd edib ki, çevriliş dalğasında hakimiyyətə gələn və ötən müddətdə heç bir vədini yerinə yetirə bilməyən, böyük etirazlarla qarşılaşan N.Paşinyan diqqəti özündən uzaqlaşdırmaq üçün cəbhə xəttində vəziyyəti gərginləşdirərək öz maraqlarını təmin etmək, ən əsası, məsuliyyətdən yayınmaq niyyətindədir:

"O, öncədən də məsuliyyəti üzərinə götürmək istəmirdi, müxtəlif bəhanələr uydururdu. Amma nə edir-etsin, məsuliyyət artıq birbaşa onun çiyinləri üzərindədir. Odur ki, Paşinyan məsuliyyəti boynundan atmaq üçün vəziyyəti gərginləşdirməkdə, beynəlxalq səviyyədə Azərbaycanı hansısa bir təxribata çəkməkdə maraqlıdır. Məhz buna görə də sərhəddə, cəbhə, təmas xəttində gərginləşmə gündən-günə artmaqdadır. Allah bizim şəhidlərimizə, o cümlədən, son iki şəhidimizə rəhmət etsin. Onlar məhz Ermənistanın atəşkəsi pozması, təxribat törətməsi nəticəsində şəhid oldular. Amma sizi əmin edirəm ki, şəhidlərimizin qanları yerdə qalmayacaq, Azərbaycan Qarabağ savaşını udacaq. Eyni zamanda, əvvəlki fikirlərimin davamı olaraq bildirmək istəyirəm ki, Ermənistanın özündə, hakimiyyətin öz daxilində tamamilə fərqli bəyanatlar səsləndirilməkdədir. Bir tərəfdən Paşinyanın özü, o biri tərəfdən onun Müdafiə naziri, üçüncü tərəfdən Dağlıq Qarabağda olan separatçılar, dördüncü tərəfdən isə konkret olaraq erməni hərbçilər - əsgərlər hamısı bir-birinə qarışıb və bu qarışıq, xaotik vəziyyətdə də Paşinyan məhz ən xətalı, ən təhlükəli yolu, təxribatlar törətməklə vəziyyəti gərginləşdirmək və diqqəti özündən yayındırmaq, məsuliyyətdən yayınmaq yolunu seçib. Ancaq bu yolun sonu, axırı yoxdur. Bunu da ilk növbədə Paşinyanın özü anlamalı, dərk etməlidir".

Millət vəkili, siyasi şərhçi Elşən Musayev öncə qeyd edib ki, Azərbaycan prezidentinin Qarabağ siyasəti ənənəvi siyasətin, estafetin davamıdır:
 
"Bu məsələdə ölkə başçısı hər zaman eyni azərbaycançılıq, eyni milli mənafe xəttini götürüb, indi də bu xətt eyni qaydada davam edir. Sadəcə, son vaxtlar, xüsusən Paşinyanın hakimiyyətə gəlməsindən sonra yaranan təxribatlar, erməni katolikosunun söylədiyi fikirlər, Şuşada baş verən məlum hadisələr, Ermənistan Baş nazirinin "Yallı" getməsi Azərbaycana qarşı yönəlmiş təxribat, təhriketmə cəhdləridir".
 
Millət vəkilinin dediyinə görə, Azərbaycan bu təxribatçılıq cəhdlərinə uysaydı, onda düzgün olmazdı, çünki Azərbaycanın öz səbir xətti var, diplomatik etiketi, son ana qədər diplomatiyadan istifadə haqqını özündə saxlayır:

"Düzdür, bizi qınayanlar var ki, beynəlxalq hüquq da sizin tərəfinizdədir, niyə müharibə eləmirsiniz? Güclü, modern ordunuz var, niyə hərb variantına əl atmırsınız? Hansı ki, bütün dünya Aprel döyüşlərində gördü ki, bu ordu nəyə qadir idi, nə qədər xüsusi, kritik sayıla biləcək əraziləri azad etdi. Azərbaycanın burada məqsədi nədir? Diplomatiyadan maksimum istifadə etmək. Nə qədər gücümüz çatırsa, nə qədər o xətt varsa, ora qədər getmək. Sonuna qədər səbir edirik ki, sabah böyük güclər, beynəlxalq təşkilatlar, dövlətlər Azərbaycanı qınamasın ki, biz filan məsələdə artıq vasitəçilik edirdik, yekuna varırdıq, məsələ həll olunurdu, məlum qətnamələr icra olunurdu. Amma bayaq qeyd etdiyim kimi, Aprel döyüşləri bir daha sübut etdi ki, bizim səbrimizin limiti var və təxribatlar elə bir həddə yönələ bilər ki, Azərbaycan artıq dözüm gətirə bilməz. Elə bir məqam yetişər ki, artıq Azərbaycan o Aprel döyüşlərinin davamını gətirə bilər. Çünki Ermənistanın sabit hakimiyyəti yoxdur. Həmişə iki illik, üç illik hakimiyyətlər var. Çünki iqtisadiyyat fiasko, siyasi proseslər fiasko. Azərbaycan isə uzun məsəfəyə yönələn bir siyasət yürüdür. Qətiyyən şübhə etmirəm ki, cənab prezident öz uğurlu, mütərəqqi fəaliyyəti nəticəsində Qarabağın işğaldan azad olunmasına nail olacaq. Bütün İlham Əliyevsevərlərin qənaəti bundan ibarətdir ki, İlham Əliyev Qarabağı qaytaran lider kimi Azərbaycan tarixinə düşəcək".

Millət vəkili Musa Quliyev də belə hesab edir ki, Ermənistan nə danışıqlardan qaça biləcək, nə Qarabağ məsələsinin həllini uzatmağa, nə də Qarabağın işğalına, onun müstəqilliyinə nail ola biləcək, onların Qarabağ arzuları gözlərində qalacaq. 

M.Quliyev xatırladıb ki, Azərbaycan prezidentinin də bu məsələdə qəti və birmənalı  mövqeyi ortadadır:

"Bunu beynəlxalq təşkilatlar da bilir, bunu erməni ictimaiyyəti də bilir, bunu erməni rəhbərliyi də bilir. Yadınızdadırsa, Paşinyan ilk dəfə - hələ təzə baş nazir seçiləndə "Bu məsələ Ermənistanın məsələsi deyil, Dağlıq Qarabağın məsələsidir, Dağlıq Qarabağı əhalisi bunu həll etməlidir" - deyərək danışıqlardan qaçmaq üçün bəhanələr gətirirdi və görəndə ki, mümkün olmadı, bəhanələri bir şeyə yaramadı, axırda danışıqlar stolu arxasında oturmağa məcbur oldu.

İndi də sərhəddə, cəbhə və təmas xəttində atəşkəs rejimini pozmaqla, snayperlərə atəş əmrini verməklə, vəziyyəti gərginləşdirmək və danışıqların müddətini uzatmaq istəyirlər. Amma onlar Aprel döyüşlərini də yaddan çıxarmayıblar və bilirlər ki, Azərbaycan ordusunun gücü nədən ibarətdir. Mən hesab edirəm ki, bu məsələ çox uzanmayacaq. Yaxın vaxtlarda bu məsələnin həlli istiqamətində ciddi addımların atılacağı gözlənilir. Azərbaycan bu məsələni mütləq və mütləq öz xeyrinə həll edəcək".

Kamil HƏMZƏOĞLU

 





19.06.2019    çap et  çap et