525.Az

Azərbaycanda gender bərabərliyi və media azadlığı


 

Azərbaycanda gender bərabərliyi və media azadlığı<b style="color:red"></b>

"Azərbaycanda Gender bərabərliyi və media azadlığı" layihəsinə yekun vurulub.

Bununla əlaqədar dünən Bakıda "Gender bərabərliyi və media" mövzusunda keçirilən dəyirmi masada çıxış edən Avropa Şurasının Bakı ofisinin rəhbəri səfir Zoltan Hernyes layihənin əhəmiyyətindən danışıb. O bildirib ki, belə layihələr gender bərabərliyi, media azadlığı mövzularında müzakirələrin aparılması baxımından çox önəmlidir: "Layihə çərçivəsində vətəndaş cəmiyyəti, media təmsilçiləri də qeyd olunan layihənin həyata keçirilməsində iştirakçı olub, müvafiq tövsiyə və təkliflər irəli sürülüb".

Səfir medianın demokratik cəmiyyətdə mühüm rol oynadığını diqqətə çatdırıb. O deyib ki, medianın müstəqilliyi önəmli olsa da, media işçiləri qadın və kişilərin obrazını qərəzsiz, stereotipsiz şəkildə təqdim edilməsinə görə cavabdehlik daşıdıqlarını bilməlidirlər: "Gender bərabərliyinin reallığa çevrilməsində medianın rolu əvəzedilməzdir. Media gender bərabərliyinin inkişafına həm təkan verə, həm də onu əngəlləyə bilər: O, cəmiyyətdə ideyaların, münasibət və davranışların formalaşmasında aparıcı rol oynayır. Məhz bu səbəbdən Avropa Şurası gender bərabərliyi və media sahəsində bir sıra standartlar və bələdçilər hazırlayıb".

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova vurğulayıb ki, Azərbaycanda gender bərabərliyinə həssas yanaşma var. Onun dediyinə görə, Azərbaycan gender bərabərliyinin təmini yolunu seçib və bu günə qədər qadınların hüquqlarının müdafiəsini davam etdirir: "Azərbaycanda qadınların hüquqlarının müdafiəsi sahəsində xeyli inkişaf var. Qadınlar bir çox ölkələrdə əhalinin, demək olar ki, çox hissəsini təşkil edirlər. Azərbaycanda isə demək olar ki, qadın və kişi sayı bərabərdir. Azərbaycanda çox güclü, düzgün balanslaşdırılmış gender siyasəti yürüdülür". 

S.Qəhrəmanova qeyd edib ki, gender bərabərliyi Azərbaycanın siyasətində həmişə önəmli yer tutub: "Bizə yalnız qadınlar deyil, kişilər də müraciət edirlər. Çünki biz cəmiyyətdə bərabərliyi qorumaq istəyirik. Bu gün artıq gender bərabərliyi Azərbaycan cəmiyyətində mühüm amil kimi qəbul edilir".

Komitə sədrinin müavini cəmiyyətin inkişaf etməsi üçün qadınların inkişafını çox vacib sayıb: "Əhalinin yarısını təşkil edən qadınlar inkişaf etməsə, ölkənin demoqrafik inkişafından da danışmaq olmaz. Qadınların özünəinamı, peşəsini düzgün seçməsi vacibdir. Bu gün hansısa peşədə qadınların sayı kişilərə nisbətən daha çoxdur. Məsələn, təhsil, mədəniyyət və səhiyyə sahəsində qadınların sayı hər zaman çox olub. Amma yüksək vəzifələrdə daha çox kişilər çalışırlar. Bu da qadınlar arasında özünəinam hissini azaldır".

Prezident Administrasiyasının nümayəndəsi Vüqar Səlimov qeyd edib ki, Azərbaycan bundan sonra da belə layihələri dəstəkləyəcək.

Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov isə bildirib ki, Avropa Şurası Azərbaycanda fəaliyyətə başlayandan jurnalistlərin peşəkarlığının artırılması, söz və mətbuat azadlığı məsələsi ilə bağlı çoxsaylı tədbirlər həyata keçirir: Avropa Şurasının "Azərbaycanda Gender bərabərliyi və media azadlığı" layihəsi də həyata keçirilən çox önəmli layihələrdən biridir. Onun sözlərinə görə, ümumilikdə layihə Azərbaycanda gender bərabərliyi və media sahəsində maarifləndirmə tədbirlərinə yeni bir təkan verib, jurnalistlərin bu istiqamətdə peşəkarlığının daha da artırılmasına xidmət edib.

Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı isə deyib ki,  icra olunan layihə insan hüquqlarının təmini üçün aktual məqsədlər qoyub və elə bu səbəbdən uğurlu həyata keçirilib: "Uzun müddətdir Azərbaycan insan hüquqlarının müdafiəsi baxımından Avropa Şurası ilə bir sıra mühüm layihələri həyata keçirir. Zaman-zaman müxtəlif layihələr ilə bağlı birgə işlər görülüb və çox dəyərli nəticələr əldə edilib. "Azərbaycanda Gender bərabərliyi və media azadlığı" layihəsi də çox əhəmiyyətli layihlərdən biridir. Burada həm gender bərabərliyi həm də bunun mediada təmin olunması prinsipi öz əksini tapıb".

Sonra "Gender bərabərliyi və media azadlığı": əsas nailiyyətlər və alınan dərslər mövzusunda  Avropa Şurası Bakı ofisinin əməkdaşı, layihə rəhbəri Pərvanə Bayramova çıxış edib. Həmçinin, gender və media eksperti Yelena Surculiya Miloyevicin video çıxışı  nümayiş olunub.

"Gender bərabərliyi və media azadlığı" layihəsinin nəticələrinə həsr olunan film nümayiş olunub, "Gender bərabərliyi və media azadlığı" kursu üzrə kurikulumun təqdimatı olub.

S.QARAYEVA

 





19.06.2019    çap et  çap et