525.Az

“Yada düşdü” jurnalının yeni sayı


 

“Yada düşdü” jurnalının <b style="color:red">yeni sayı</b>

“Yada düşdü” ədəbi-bədii, nostalji jurnalın növbəti sayı işıq üzü görüb. Jurnal  Zöhrə Fərəcovanın dahi Üzeyir Hacıbəyova həsr olunmuş “Musiqimizin fəxri” yazısı ilə açılıb. “Qəlbimizə yazılan şeirlər” rubrikasında Tofiq Bayramın məşhur “Azərbaycan deyəndə” şeiri yer alıb. Hüseynağa Qəniyevin “Zamanların yetirdikləri və dedikləri” yazısı isə jurnalın “Zaman və şəxsiyyət” bölümündə təqdim edilib.

Nostalji dərginin “Poeziya, poeziya...” bölümündə bu dəfə də maraqlı nümunələr verilib. Xalq şairi Nəriman Həsənzadənin şair Barata müraciətlə, Rəşad Məcid haqqında yazdığı şeir zarafatyana ruhu, doğma koloriti ilə diqqəti çəkir:

Qazaxda görüblər Rəşad Məcidi
Deyirlər bircə gün qonaq olubdu.
Gəzdiyi, gördüyü kitab dükanı,
Yazdığı, pozduğu varaq olubdu.
 
Qazaxa Ağdamın nəfəsi gəlib,
Xudunun, Şahmarın əvəzi gəlib.
Dilində Qarabağ ləhcəsi gəlib,
Sözü bal qarışıq qaymaq olubdu.
 
Unutmaq olarmı şux nənələri,
Gözəl adətləri, ənənələri.
Nələri deyim mən, ayə, nələri,
Millət səndən, məndən qabaq olubdu.
 
Vaqif Şuşa qalasında yaşadı,
Tarix şahididi, Zaman yaşıdı.
Qazax Qarabağın süd qardaşıdı,
El-elə söykənib oymaq olubdu.
 
İndi sənin, mənim adım üzdədi,
Yurdun haqqı-sayı üstümüzdədi.
Xəngəl qonaqlığı yoxsa sözdədi?
Adımız dillərdə qınaq olubdu.
 
Biz uzaq düşmüşük toydan-mağardan,
Kür boyu gördüyüm axar-baxardan.
Orda üzümüzü sənsən ağardan
Barat, sənin qapın ocaq olubdu.

Həmin rubrikada həmçinin şair Barat Vüsalın şeirləri dərc edilib. “Unutsaq, unudularıq” başlığı ilə professor Qəzənfər Paşayevin televiziya rejissoru Əmirhüseyn Məcidov haqqında “Bir də görürsən ki, açılan solur..” adlı xatirə yazısı verilib.

Filologiya elmləri doktoru Vaqif Yusiflinin “Yaşıl işıq” yazısı tənqidçi-publisist-tərcüməçi, kino xadimi, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadənin 70 illik yubileyinə həsr olunub. Jurnalda Badamdar şəhidləri, xalqımızın Vətən uğrunda canından keçmiş fədakar övladları haqqında informasiya da var. Salatın Əhmədovanın “Hisslərin sehri” yazısında ana məhəbbətinin böyüklüyündən bəhs edilir. Sözügedən dərginin baş redaktoru Nahid Hacızadənin “Gəncliyindən ustad sayılırdı” memuar yazısı Xalq şairi Süleyman Rüstəm haqqında xatirələr üzərində qurulub.

Dərginin bu sayında başqa maraqlı materiallar – Nizami Cəfərovun “Mir Cəlal müəllim”, Teymur Əkbəroğlunun “Şeytan Zadənin sərgüzəştləri”, Elçin Hüseynbəylinin “Ölən gözlərdə də ümid var”, Nəzakət Hüseynovanın “Sonuncu məktub”, Sahibə Paşayevanın “Təkcə xatirələr qocalan deyil...”, İlham Abbasovun “Dəmiryol stansiyasında”, Xoşqədəm Cəbrayıloğlunun “Qəm yüklü qatar” bədii və publisistik yazıları, həmçinin sonda yeni nəşrlər haqqında annotasiya dərc edilib.

S.MÜRVƏTQIZI

 





08.10.2013    çap et  çap et