525.Az

Ümumdünya Qaçqınlar günü ilə bağlı tədbir keçirildi


 

ƏLİ ƏHMƏDOV: “DÜNYA BİRLİYİ HUMANİTAR FƏLAKƏTLƏRİN QARŞISINI ALMAQ ÜÇÜN CİDDİ FƏALİYYƏT ORTAYA QOYMALIDIR”

Ümumdünya Qaçqınlar günü ilə bağlı tədbir keçirildi<b style="color:red"></b>

Bakıda, Beynəlxalq Muğam Mərkəzində 20 iyun - Ümumdünya Qaçqınlar günü ilə bağlı tədbir keçirildi.

“Qaçqınlar üçün bir addım atın!” şuarı ilə keçirilən tədbir BMT Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi Guido Ambrosonun açılış nitqi ilə başladı. Daha sonra BMT-nin Qaçqınlar üzrə Ali komissarı Filippo Qrandinin video-müraciəti təqdim olundu.

Müraciətdə qeyd edilib: “Bu gün Ümumdünya Qaçqınlar günüdür. Bu gün sizin - həyatda qalmaq üçün yurdunu tərk etməyə, doğma yuvasından ayrılmağa məcbur edilmiş insanların ehtiramla anıldığı gündür. Bu gün sizin cəsarətinizə və həyata yenidən başlamaq qətiyyətinizə qiymət verildiyi gündür. Bu gün mən qaçqınlara xidmət etdiyim 35 illik peşə fəaliyyətim dövründə görüşmüş olduğum sizin kimi insanlar barədə düşünürəm. Bu görüşlər sizin təhlükəsiz sığınacaq tapdığınız düşərgələrdə, qəsəbə və şəhərlərdə olub. Mən daim sizin hekayələrinizdən təsirlənir, ümidlərinizdən ruhlanıram. Təkcə Ümumdünya Qaçqınlar günündə yox, mən və həmkarlarım hər gün sizə kömək etmək – yalnız çətinlikləri dəf etməniz üçün yox, həm də inkişafa nail olmanız üçün bacardığımız hər şeyi edəcəyimizə söz veririk. Baxmayaraq ki, zorla didərgin salınmış insanların sayı indiyə qədər qeydə alınan bütün rəqəmlərdən yüksəkdir, biz dünyanı sizə dəstək üçün səfərbər etməyin ən yaxşı yollarını işləyib hazırlamışıq. Bunlar kifayət edirmi? Xeyr. Qaçqınların üçüncü ölkələrdə məskunlaşmaq üçün ehtiyac duyduqları yerlərin sayı hələ də çox azdır. Maliyyələşdirmənin səviyyəsi olduqca şağıdır. Bəzi ölkələr sığınacaq əldə etmənin sizi üçün əlçatan olmasına əngəl törədən məhdudiyyətlər tətbiq edirlər. Qayıqların sularda batan qaçqınları xilas etməsinə maneəçilik törədilir. Sülh danışıqları ləng gedir və nəticə vermir. Amma bir çox səxavətli ölkələr və icmalar əvvəlkitəl qonaqpərvərlik nümayiş etdirir. Həmçinin, inkişaf sektorundan və özəl sektordan olan yeni tərəfdaşlar  vəsait və təcrübələrini təklif edirlər. Sıravi insanlar ianələrlə yardım edir və könüllü qismində çalışırlar. Humanizm öz mövqeyini qətiyyətlə qoruyur. Buna görə də, bu Ümumdünya Qaçqınlar günündə bizim ümidimiz olmalıdır”.

Tədbirdə çıxış edən Baş nazirin müavini Əli Əhmədov bildirdi ki, dünyada 70 milyondan çox qaçqın və məcburi köçkün var. Təəssüflər olsun ki, qaçqınların sayı daha da artır. Bu faktın dünyada hər kəsi düşündürməli olduğunu deyən Baş nazirin müavini hesab edir ki, beynəlxalq birlik qaçqın və məcburi köçkünlərin sürətlə artmasına seyirci qalmamalıdır: “Dünya birliyi Qaçqınlar gününü qeyd etməklə yanaşı, humanitar fəlakətlərin qarşısını almalı, yalnız sözlə kifayətlənməməli, qlobal proqram hazırlayaraq əməli fəaliyyət ortaya qoymalıdır”.

Azərbaycanın bu humanitar fəlakətlə üzləşən dövlətlərdən biri olduğunu xatırladan Ə.Əhmədov 1 milyondan artıq azərbaycanlının öz doğma yurdlarından didərgin salındığını tədbir iştirakçılarının diqqətinə çatdırdı: “Torpaqlarımızın 20 faizi Ermənistanın işğalı altındadır. Bu gün Ermənistanla münaqişənin sülh yolu ilə həlli istiqamətində danışıqlar aparılır. ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə proses davam etsə də,  25 il ərzində real nəticə əldə edilməyib. Ona görə də həmsədr dövlətlər problemin həlli üçün öz səylərini artırmalıdır”.

Baş nazirin müavininin sözlərinə görə, geridə qalan dövr ərzində dövlətimiz qaçqın və məcburi köçkünlərin sosial-məişət problemlərinin həlli istiqamətində ciddi addımlar atıb, bu fəaliyyətə milyardlarla dollar vəsait sərf edib. Lakin dünya birliyi bu cür problemlərin həlli üçün real addımlar atmadıqca, təcavüzkarı cəzasız qoyduqca, qaçqınların sayı daha da artacaq: “Əgər bu istiqamətdə ciddi fəaliyyət həyata keçirilsə, real nəticələr əldə ediləcək. Bu, artıq səmimi kömək olar”.

Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev də hesab edir ki, qaçqın və məcburi köçkünlərlə bağlı problemlərin real həllinin tapılmasına ciddi ehtiyac var: “Qaçqın və məcburi köçkünlərin problemlərinin həlli onların öz torpaqlarına qaytarılmasından keçir. Azərbaycanın 1 milyondan çox qaçqın və məcburi köçkünü doğma torpaqlarına qaytarılmalıdır. Bunun üçün ilk növbədə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin icra mexanizmlərini tapmalıyıq. Mən burdan BMT qurumlarına səslənirəm: gəlin bu problemin həll yollarını bir yerdə axtaraq. Həm Azərbaycanlı qaçqınlar, həm də humanitar fəlakətlə üzləşən digər insanların öz doğma torpaqlarında yaşamaq haqqı bərpa olunmalıdır”.

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov isə qeyd etdi ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı yarananda dünyada qaçqınların sayı 40-42 milyon ətrafında idi: “Bu istiqamətdə beynəlxalq müstəvidə fəaliyyətə start veriləndə biz ümid edirdik ki, dünya üzrə qaçqınların sayında azalma müşahidə olunacaq. Ancaq deyilənlərin əksinə olaraq son 20 il ərzində qaçqınlar sayı 60 faizdən çox artaraq 70 milyonu ötüb. Bu da faktdır ki, dünya üzrə qaçqınların 85 faizi inkişaf etmiş ölkələrdə məskunlaşıb. Bu, həmin dövlətlərin də hərəkətə keçməsi, humanitar fəlakətlə üzləşən insanların problemlərinin həllinə çalışmasına əsas verməlidir”. Azərbaycana da başqa ölkələrdən sığınacaq almaq üçün müraciətlərin edildiyini deyən V.Hüseynov ölkəmizin həmin insanlara dəstək olduğunu vurğuladı: “Fərqli mədəniyyətlərin daşıyıcıları olan həmin insanlar ölkəmizdə diskriminasiyaya məruz qalmır, sərbəst, rahat və təhlükəsiz yaşamaq imkanı əldə edirlər”.

Çıxışının sonunda Dövlət Miqrasiya Xidmətinin rəisi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunacağına, azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdacağına inamını ifadə etdi.

Tədbirdə, həmçinin, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai çıxış etdi. O, burada təkcə BMT nümayəndəsi yox, həm də 34 il əvvəl humanitar fəlakətlə üzləşərək qaçqınlıq həyatına sürüklənən şəxs kimi iştirak etdiyini bildirdi.

Sonda Q.İsakzai Azərbaycan hökumətinə qaçqınlara münasibətdə nümayiş etdirdiyi qonaqpərvərliyə görə təşəkkür etdi.

C.ABASOV

 





20.06.2019    çap et  çap et