525.Az

Türkiyə iyunun 23-də növbəti demokratiya bayramını qeyd edəcək


 

Türkiyə iyunun 23-də növbəti demokratiya bayramını qeyd edəcək<b style="color:red"></b>

Türkiyə ölkənin ən iri iqtisadi-siyasi, tarix və mədəniyyət mərkəzi olan İstanbulun bələdiyyə başçısını seçmək üçün seçki kampaniyasının sonuna yaxınlaşır.
 
İyunun 23-də İstanbul əhalisi özünün bələdiyyə başçısını seçmək üçün seçki məntəqələrinə axışacaq. Bununla da martın 31-də başlanmış bələdiyyə seçkiləri tam yekunlaşmış olacaq.

Xatırladaq ki, martın 31-də keçirilən seçkilərdə Türkiyə xalqı 74 minə yaxın yer uğrunda mübarizə apardı və seçkilərdə 1398-i bələdiyyə sədri, 22 mini bələdiyyə üzvü, 50 min 372-si muxtarı seçib. Ədalət və İnkişaf Partiyası (AKP) “Cümhur İttifaqı” olaraq birlikdə seçkilərə qatıldığı yerlərdə 16 böyük şəhər, 24 vilayət, 538 mahal, 200 qəsəbədə olmaqla ümumilikdə 775 bələdiyyədə qalib gəlib. Bu, ölkədəki bələdiyyələrin təxminən 52 faizi deməkdir.

Türkiyədə, xüsusilə də İstanbulda bələdiyyə seçkilərinin çox strateji siyasi əhəmiyyəti var. Ölkənin ictimai-siyasi həyatında yerli özünüidarəetmə orqanlarının rolu digər seçkili qurumlardan az deyil və bələdiyyələr birbaşa ölkə vətəndaşlarının sosial həyatının və yaşayışının təmin olunmasında iştirak edirlər. Bələdiyyələr vətəndaşlarla hər gün təmasda olan, onların sosial-iqtisadi problemlərinin həllində əsas yükü üzərinə götürən və insanların ilk olaraq üz tutduqları institutdur. Türkiyədə yerli orqanlar ötən illər ərzində fəaliyyətləri ilə ümumi istimai proseslərin fonunda cəmiyyətdə demokratik və mədəni inkişafda güvən qazanıb, hakimiyyətin həyata keçirdiyi ən iri proqram və layihələrin reallaşmasında ön planda olublar. Buna görə də bələdiyyələrin ümumi ictimai-siyasi proseslərə təsiretmə imkanları çox geniş və güclüdür. Bələdiyyə seçkilərində qələbə qazanan siyasi qüvvə qarşıdakı növbəti seçkilərdə daha potensial imkanlar əldə edə bilər. Çünki bu seçkilərdə qalib gələn partiya ictimai-siyasi və sosialyönümlü fəaliyyətini ortaya qoymaqla qarşıdan gələn növbəti seçkilərə daha güclü sosial bazaya malik qüvvə kimi gedəcək, üstünlüyə malik qüvvə kimi diqqəti çəkəcək. Türkiyənin yeni seçki sisteminə əsasən parlament və prezident seçkiləri eyni gündə keçiriləcək və bu baxımdan hazırkı seçkilər 2023-cü il seçkiləri üçün olduqca mühüm əhəmiyyət kəsb edir.

İstanbul Türkiyənin siyasi xəritəsinin mərkəzi, iqtisadiyyatının qan damarı, seçki qalası hesab edilir. Bu şəhər həm də Türkiyənin ictimai-siyasi həyatında həlledici yer tutur, ictimai rəyin "nəbz nöqtəsi" hesab olunur, ölkənin ictimai-sosial həyatı ilə yanaşı, siyasi həyatına da nüfuz edir. Buna görə də İstanbuldakı seçkiyə dünyanın dörd bir tərəfinin diqqəti yönəlib. İstanbul Böyükşəhər Bələdiyyə başçısı olmaq üçün əsas siyasi qütb – AKP-nin namizədi Binəli Yıldırım və Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu bir aydan artıqdır ki, dayanmadam, yorulmadan seçki mübarizəsi aparırlar.

Xatırladaq ki, Türkiyənin Ali Seçki Qurumu (YSK) 31 mart seçkilərində bir sıra qanun pozuntularının olmasına dair dəlil və sübutları əsas gətirərək İstanbulda seçkilərin nəticələrini ləğv etmiş, bu şəhərdə bələdiyyə seçkilərinin təkrar keçirilməsi barədə qərar verilmişdi.

Ötən illərin təcrübəsi göstərir ki, Türkiyədə iqtidar, yaxud müxalifət partiyası olmasından asılı olmayaraq, bələdiyyələri qazanmış siyasi qüvvələrin təmsilçiləri xalqın iradəsinə, seçiminə və etimadına hörmət nümayiş etdirərək öz fəaliyyəti və etimadı doğrultmağa çalışırlar.

Ölkədə oturuşmuş demokratiya  prinsiplərinə uyğun olaraq hər bir bələdiyyə, muhtar ona verilmiş səsi, seçici inamını itirməmək üçün xalq və dövlət naminə yorulmadan işləməyə çalışır. Türkiyə kifayət qədər demokratik ənənələrlə idarə olunan köklü dövlətdir. Bundan başqa, siyasi fikir ayrılığına baxmayaraq, Türkiyə partiyaları ilk olaraq dövlətçiliyə xidmət edirlər. 31 mart bələdiyyə seçkiləri onu göstərdi ki, Türkiyə demokratiya və inkişaf yolunda inamla irəliləyir. Bu ölkə artıq qlobal miqyasda söz sahibidir və onun mövqeyi getdikcə daha da güclənir. Qlobal güclərin təzyiq və təhdidlərinə baxmayaraq, Türkiyə demokratik yolu ilə inamla, inadla irəliləyir. Heç kim ölkənin demokratik imicinə xələ gətirə bilməz, Türkiyəyə qarşı təhdid dili ilə danışa bilməz. Türkiyə qanunun aliliyinin hökm sürdüyü, demokratik ənənələri olan suveren dövlətdir. İnsan haqlarının az qala addımbaşı pozulduğu, demokratiya, söz və seçki azadlığı kimi fundamental prinsiplərin deqredasiyaya məruz qaldığı bəzi Avropa dövlətlərindən daha demokratik iradə nümayiş etdirən Türkiyənin siyasi qətiyyəti, iradəsi çoxlarına nümunə ola biləcək səviyyədədir. Türkiyə sahib olduğu demokratiya mədəniyyəti, hüquqi dövləti, vətəndaşları inteqrasiya olunmuş gücü və təcrübəsi sayəsində yeni əsrə də möhürünü vuran dövlətdir.

Türkiyənin siyasi tədqiqat mərkəzlərinin qənaətinə görə 23 iyun seçkiləri martın 31-də keçirilmiş seçkilər qədər gərgin və güclü siyasi mübarizə şəraitində baş tutacaq, seçki məntəqələrində yüksək aktivlik müşahidə olunacaq. Çünki bu ölkədə bələdiyyə seçkilərində iştiraka maraq demokratik ölkələrlə, xüsusilə Qərb ölkələri ilə müqayisədə hər zaman yüksək olub. Avropada bələdiyyələrdə seçki fəallığı 45-60 faiz olduğu halda, Türkiyədə 80 faizdən də yüksək olur. 31 martda bunu daha əyani şəkildə gördük, bələdiyyə seçkilərində seçicilərin iştirakı 85 faiz təşkil etdi. Bu amillər həm də Türkiyənin qaynar siyasi həyatına dəlalət edir.

23 iyun tarixi Türkiyədə növbəti dəfə demokratiyanı nümayiş etdirəcək. Özünün şanlı tarixi tarixi, maddi və mənəvi dəyərləri ilə bütün insanların birlikdə sülh içində yaşadığı Türkiyə Cümhuriyyəti hər zaman çətinliklərin, sınaqların öhdəsindən ləyaqətlə gəlib, bütün imtahanlardan üzüağ, alnıaçıq çıxıb. 100 ildir ki, möhkəm ənənəyə çevrilmiş demokratik seçkilər növbəti dəfə xalqın milli iradəsini təsdiqləyəcək. Qardaş ölkə növbəti demokratiya imtahanından üzüağ çıxdığını dünyaya nümunə olacaq şəkildə göstərəcək.

Martın 31-də olduğu kimi, 23 iyunda da milli iradə yenidən qalib gələcək. Fəqət, kimin qalib gəlməsindən asılı olmayaraq İstanbulın Bələdiyyə başçısı seçilən siyasətçi 16 milyonluq İstanbulun, Türkiyə xalqının ümumi qələbəsini qeyd edəcək. Qazanan güclü Türkiyənin, azad demokratiyanın qələbəsi olacaq. Xalq, dövlət və demokratiya qazanacaq. Seçkinin nəticələri həm də İstanbul sakinlərinin sosial rifahına xidmət edəcək.

Aydın Ağazadə
"525-ci qəzet"in Türkiyə üzrə müxbiri

 





21.06.2019    çap et  çap et