525.Az

İlham Əliyevdən sosial sahədə növbəti inqilabi addım


 

PREZİDENT ƏHALİNİN MÜDAFİƏSİNİ GÜCLƏNDİRMƏK MƏQSƏDİLƏ YENİ SOSİAL PAKETİ TƏSDİQ EDİB

İlham Əliyevdən sosial sahədə növbəti inqilabi addım<b style="color:red"></b>

Azərbaycanda bu ilin əvvəlindən başladılan və inqilabi xarakter daşıyan sosial islahatlar Prezident İlham Əliyevin iyunun 18-də imzaladığı sərəncamlarla yeni mərhələyə qədəm qoydu.

Bu sənədlər dünyada sosial dövlət kimi tanınan Azərbaycanın mövqelərini daha da gücləndirəcək.  Dövlətimizin iqtisadi imkanları, gəlirləri artdıqca əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində mərhələli şəkildə addımlar atılır. Lakin bu il həyata keçirilən sosial islahatlar daha geniş, hərtərəfli olması, insanların büdcəsinə, yaşayışına daha müsbət təsir göstərməsi, hətta onlara gələcəkləri üçün yığım imkanları verməsi ilə fərqlənir.

Belə ki, Prezident İlham Əliyevin iyunun 18-də imzaladığı sərəncamlarla dövlət qulluqçularının, hərbi qulluqçuların, hüquq-mühafizə orqanı əməkdaşlarının və digər xüsusi rütbəli şəxslərin, müəllimlərin, habelə dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan işçilərin əmək haqlarının nəzərəçarpacaq dərəcədə artırılması barədə sərəncamları Azərbaycanda aparılan sosial siyasətin inqilabi xarakter daşıdığını, dövlətin vətəndaş üçün olduğunu bir daha əyani şəkildə göstərir. Sosial ədalət prinsiplərinin daha da möhkəmləndirilməsi məqsədi ilə ölkə başçısı tərəfindən minimum əmək haqqı məbləği 40 faizə yaxın artırılaraq 250 manata çatdırılıb ki, bu da özəl sektorda çalışan 350 min vətəndaşla yanaşı, dövlət sektorunda Vahid Tarif Cədvəli əsasında əmək haqqı alan 600 minə yaxın şəxsin maaşının artımına səbəb olacaqdır.

Bu qərarlar ümumilikdə 2 milyondan çox insanı əhatə etməklə, həm dövlət orqanlarında, həm də özəl sektorda çalışan şəxslərin maddi vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaqdır.

İmzalanmış sərəncamlar minimum aylıq əmək haqqının 180 manatdan 250 manata çatdırılmasını, dövlət qulluqçularının aylıq vəzifə maaşlarının 50 faiz artırılmasını, hərbi və hüquq-mühafizə orqanlarının xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərinin əmək haqlarının 40 faiz, dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin vahid aylıq vəzifə maaşlarının orta hesabla 20 faiz, dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan şəxslərin aylıq vəzifə maaşlarının orta hesabla 40 faiz artırılmasını nəzərdə tutur.

Cari ilin əvvəlindən etibarən qəbul edilmiş bu səpgili qərarlar qlobal iqtisadiyyatda baş verən neqativ meyllərin ölkə əhalisinin sosial təminatına mənfi təsirini minimallaşdırmağa imkan vermişdirsə, hazırkı sərəncamlar isə əhalinin gəlirlərinin artmasına, yığım imkanlarının genişlənməsinə şərait yaradacaqdır. Əməkhaqlarının əhəmiyyətli artımı əhalinin alıcılıq qabiliyyətinə müsbət təsir etməklə, iqtisadi aktivliyin daha da artmasına öz töhfəsini verəcəkdir.

İqtisadi sahədə əldə edilmiş mötəbər uğurların sosial sferaya transformasiyası ölkə başçısının bəyan etdiyi sosial iqtisadi kursun başlıca prinsipi olmaqla, cari ilin əvvəlindən etibarən ölkə vətəndaşlarının sosial təminatını əhəmiyyətli dərəcədə artırıb.

“Büdcə gəlirlərinin daha artıq məbləğdə təmin edilməsi, sosial sahədə islahatların dərinləşməsi üçün münbit şərait yaradıb. Dövlət büdcəsində formalaşan əlavə gəlirlərin bilavasitə ölkə vətəndaşlarının sosial rifahına yönəldilməsi ölkənin kompleks iqtisadi inkişafı fonunda dövlət – vətəndaş etimad mühitini dərinləşdirməklə, aparılan sosial siyasətin alternativsiz olduğunu bir daha sübut edir.

Millət vəkili Azər Badamov mövzu ilə bağlı “525”ə bildirib ki, Azərbaycanın iqtisadi gücü artdıqca, dövlət tərəfindən əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində atılan addımlar da davamlı xarakter alır. O bildirib ki, bu ilin əvvəlində dövlət başçısının imzaladığı sosial paket çərçivəsində 3 milyondan çox vətəndaşımızın gəlirləri artıb:

“Amma bu paketin imzalanmasından sonra qeyd edilmişdir ki, bu, son deyil və il ərzində yeni artımların şahidi olacağıq. Artıq ölkə başçısı növbəti sosial paketin icrasına sərəncam verdi. Sərəncama uyğun olaraq ölkədə minimum əmək haqqının 70 manat artıralaraq 250 manata çatdırılması nəzərdə tutulur. Minimum əməkhaqqının və dövlət büdcəsindən maliyyələşən işçilərin əmək haqlarının artırılması ilə bağlı imzalanmış növbəti sərəncamlar da ümumilikdə 2 milyondan çox insanın sosial rifahına müsbət təsir göstərəcəkdir. Bu da hər bir ailənin büdcəsinin artması deməkdir. Minimum əmək haqqının alıcılıq qabiliyyətinə görə Azərbaycan MDB məkanında ikinci yerə çıxıb”.

Deputatın sözlərinə görə, əsas odur ki, əhalinin pul gəlirlərinin artmasına baxmayaraq, ölkədə infilyasiya minimum həddə qalmaqdadır: “Bu da əhalinin artan pul gəlirləri fonunda alıcılıq qabiliyyətinin yüksəlməsi deməkdir”.

Siyasi ekspert, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev isə “525”ə deyib ki, prezidentin il ərzində artıq ikinci dəfə imzaladığı sosial islahatlar paketi dövlətimizin və şəxsən ölkə rəhbərinin həyata keçirdiyi yeni sosial inqilab layihəsi kimi dəyərləndirilməlidir. O, yeni imzalanmış sənədlərin cəmiyyətin böyük bir hissəsini əhatə etdiyini vurğulayıb: “Bu sənədlər paketi dövlətimizin sosial mahiyyətini, onun siyasətinin mərkəzində insan faktorunun dayandığını bir daha nümayiş etdirir. İslahatlar Azərbaycan xalqını bu gün dünyada, xüsusilə də iqtisadi, maliyyə sektorunda gedən və təsirləri surətlə başqa ölkələrə yayılan neqativ proseslər və hadisələrdən qorumaqda böyük gücə malikdir.

Ümumiyyətlə, müqayisə aparsaq, 2019-cu ilin əvvəlində sosial islahatlar paketi ilə indiki sosial islahatlar paketinin predmeti, hədəfləri eyni olsa da, ancaq müəyyən prinsipial fərqlər var. Bu da ondan ibarətdir ki, bu ilin əvvəlindəki ilkin islahatlar paketi əgər dünyada gedən neqativ proseslərdən Azərbaycan xalqının gündəlik yaşayışını qorumağa daha çox hesablanmışdırsa, budəfəki islahatlarda artımın məbləği insanların rifahının yaxşılaşdırılmasına, hətta sabahkı yaşayışı, gələcəyi üçün yığım etməsinı belə imkan verəcək həddədir.

Düşünürəm ki, indiki islahatlar paketi əvvəlkindən insanların gündəlik rifahını daha da dəyişdirmək və onlara yığım imkanı yaratmaq baxımından çox əhəmiyyətli olacaq.

Bu islahatların bir özəl xüsusiyyəti də ölkədə dövlət və xalq etimadının, anlaşıqlı mühitin daha da dərinləşməsində oynadığı roldur. Çünki cəmiyyət görür ki, iqtisadi sahədə aparılan islahatlar ölkənin gəlirlərinin iqtisadi sektorunun güclənməsini, valyuta ehtiyatlarının artımını təmin etdikcə, o iqtisadi artımın insanların sosial müdafiəsinə və sosial təminatına təsir etməsi də mərhələ-mərhələ, ardıcıl şəkildə baş verir. Yəni iqtisadiyyat gücləndikcə, əldə olunmuş vəsait bəzi ölkələrdə olduğu kimi, xalqdan gizlədilmir, əksinə, xalqın özünə qaytarılırü.

Millət vəkili Cavid Osmanov vurğulayıb ki, prezidentin əhalinin sosial rifahının yüksəldilməsinə dair həyata keçirdiyi işlərin miqyası gündən-günə genişlənir. Onun sözlərinə görə, sosial sahədə atılan mütərəqqi addımlar Azərbaycan vətəndaşının maraqlarının dövlətin apardığı siyasətin mərkəzində dayandığını bir daha təsdiqləyir. Bütün atılan addımlar Prezident İlham Əliyevin güclü sosial siyasətinin başlıca hədəfinin əhalinin rifahının təminatı olduğunu, bu siyasətin əsasında vətəndaş amili, sosial ədalət və humanizm prinsiplərinin dayandığını bir daha təsdiq edir və ictimaiyyət tərəfindən çox yüksək qarşılanır.

Deputat əlavə edib ki, Azərbaycanın qarşısında yeni hədəflər, yeni məqsədlər dayanır: “Biz daha güclü Azərbaycan qurmaq üçün daha böyük əzmlə, səylə çalışmalıyıq. Perspektivlə bağlı fikirlərini ifadə edən Prezident İlham Əliyev deyib ki, növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var. Biz Azərbaycanı daha da qüdrətli ölkəyə çevirəcəyik. Məqsəd dövlətimizin daha da gücləndirilməsi, xalqın rifah halının daha da yüksəldilməsidir”.

İqtisadçı millət vəkili Aydın Hüseynov hesab edir ki, yeni islahatlar paketi Azərbaycanda həyata keçirilən sosial islahatların növbəti inqilabi mərhələsi olmaqla yanaşı, dövlət başçısının vətəndaşlarımıza verdiyi dəyərdir: “Yəni bu, maddi dəstək, sosial layihə olmaqla yanaşı, böyük bir mənəvi dəstəkdir. Digər tərəfdən, minimum aylıq əməkhaqqının 180 manatdan 250 manata qaldırılması, o cümlədən, dövlət qulluqçularının, müəllimlərin, hüquq-mühafizə orqanlarının əməkdaşlarının əməkhaqlarının əhəmiyyətli dərəcədə artırılması Azərbaycan vətəndaşlarının sosial rifahının yaxşılaşmasına böyük töhfə verəcək, dövlət sektoru ilə yanaşı, özəl sektorda da xeyli sayda insanın əməkhaqlarının artmasına səbəb olacaq. Prezident İlham Əliyev tərəfindən imzalanan bu inqilabi sərəncamlar bir daha sübut edir ki, ölkədə aparılan siyasət sosialyönümlüdür, vətəndaşların rifahının yüksəldilməsinə, sosial müdafiəsinin gücləndirilməsinə yönəlib".

A.Hüseynov əməkhaqlarının artırılmasının dövlət büdcəsi hesabına həyata keçirildiyini, ölkədə infilasiya, bahalaşmanın ola biləcəyinə dair heç bir iqtisadi əsasın olmadığını da əlavə edib.

PƏRVANƏ

 

 

 

 

 





21.06.2019    çap et  çap et