525.Az

“Azərbaycan və Qazaxıstan dinlərarası dialoqla bağlı dəyərli təşəbbüslər irəli sürür”


 

“Azərbaycan və Qazaxıstan dinlərarası dialoqla bağlı dəyərli təşəbbüslər irəli sürür”<b style="color:red"></b>

Şeyxülislam Allahşükür PaşazadƏ “Astana Qurultaylarının sivilizasiyaların dialoqunda rolu” konfransında iştirak edib 

Bu yaxınlarda Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanın paytaxtı Astanada keçirilən “Astana Qurultaylarının sivilizasiyaların dialoqunda rolu” mövzusunda beynəlxalq elmi-praktik konfransdan qayıdıb.

QMİ-dən verilən məlumata görə, konfransdan öncə QMİ sədri Şeyxülislam A. Paşazadə Qazaxıstan Parlament Senatının sədri Kayrat Mami tərəfindən qəbul edilib. Qonağı səmimi salamlayan Senat sədri Azərbaycan və Qafqaz müsəlmanlarının dini liderinə Astanada keçirilən Dünya və ənənəvi din liderlərinin ilk Sammitinin 10 illiyinə həsr olunmuş forumun işinə qatıldığı üçün dərin təşəkkürlərini bildirib. Prezident Nursultan Nazarbayevin təşəbbüsü ilə düzənlənmiş Astana Qurultaylarının dinlərarası dialoq işinə verdiyi önəm barədə danışan cənab K. Mami Şeyxülislam A. Paşazadə kimi dinlərarası əməkdaşlıq işinə böyük əməli töhfələr vermiş bir dini liderin iştirakından məmnunluq duyduqlarını deyib.

Azərbaycan dövlətinin və onun rəhbərinin mədəniyyətlər və sivilizasiyalararası dialoq məsələlərinə xüsusi dəyər verdiyindən söhbət açan Şeyxülislam A. Paşazadə, həm Qazaxıstan, həm də Azərbaycanın liderlərinin belə bir önəmli məsələyə yüksək diqqət nümayiş etdirmələrinin ölkələrimiz və xalqlarımız üçün xoş nəticələrə vəsilə olduğunu və dini lider olaraq bunu mühüm amil kimi qiymətləndirdiyini nəzərə çatdırıb. Ulu öndər Heydər Əliyevlə Qazaxıstanın lideri Nursultan Nazarbayev arasında mövcud olmuş yüksək ehtiramlı münasibətlərin bu gün də İlham Əliyevlə Qazaxıstanın ağsaqqal rəhbəri arasında davam etdirilməsindən söhbət açan və bundan dövlətlərimiz və xalqlarımız arasında münasibətlərə böyük fayda gəldiyini vurğulayan Şeyxülislam A.Paşazadə bu dəyərli əlaqələrin hər zaman inkişaf etməsi üçün dualar etdiyini qeyd edib. O, qardaş qazax xalqının ümummilli liderinin dünya çapında dinlərarası dialoq mühitinin formalaşdırılmasına böyük töhfələr verməsindən qürur duyduğunu, Qazaxıstan xalqına və onun rəhbərinə daha böyük uğurlar arzuladığını bildirib. Bu ilin aprelində Bakıda keçirilmiş MDB Müsəlmanları Məşvərət Şurasının “MDB müsəlmanları sülh və stabil inkişaf tərəfdarıdırlar” mövzusunda Beynəlxalq Konfransın xüsusi əhəmiyyət daşıdığını vurğulayan Qazaxıstan Parlamentinin sədri K.Mami bu qurumun rəhbəri kimi də Şeyxülislamın qardaş xalqlarımız arasında dini-mənəvi əlaqələrin daha da inkişaf etdirilməsi yolunda səylərini əsirgəməyəcəyinə əmin olduğunu bildirib. Həmin tədbirdə Qazaxıstandan böyük nümayəndə heyətinin iştirak etdiyini xatırladan K. Mami Azərbaycanda onlara göstərilən qonaqpərvərlikdən, qardaş ölkə başçısı tərəfindən qəbul edilmələrindən, həmçinin birgə Ümrə ziyarətində iştirak etmələrindən məmnunluqla söhbət açıb.

Şeyxülislama xitabən: “Qazaxıstan həm də Sizin evinizdir” deyən cənab K. Mami həmçinin, bu yaxınlarda Qəbələdə keçirilmiş Türkdilli dövlət başçılarının Sammiti barədə xatırladaraq mənəvi sahədə də birgə əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi zərurətindən danışıb. Həyatın bütün sahələrində sürətlə inkişaf edən Azərbaycana ən xoş arzularını ifadə edən cənab K. Mami səmimi salamlarını qardaş Azərbaycan xalqına yetirməyi Şeyxülislamdan xahiş edib.

Şeyxülislam A. Paşazadə səfər çərçivəsində Astana forumlarının Katibliyinin XII sessiyasında iştirak edib. Katiblik növbəti Qurultayın keçirilməsinə dair təşkilatı məsələləri, gələcək prioritet və perspektivləri müzakirə edib. Müzakirələr zamanı çıxış edən QMİ sədri qurumun işinin daha da təkmilləşdirilməsi yönündə təkliflərini, o cümlədən, ən mühüm təkliflərin reallaşdırılmasını təmin etmək məqsədilə xüsusi fondun təsis olunmasına ehtiyac olduğunu bildirib. Sessiyada cari ilin aprelində Bakıda keçirilmiş MDB Müsəlmanları Məşvərət Şurasının Konfransının konstruktiv əməkdaşlıq nümunəsi iştirakçılar tərəfindən xüsusi vurğulanaraq təqdir olunub.

Şeyxülislam A. Paşazadə “Astana Qurultaylarının sivilizasiyaların dialoqunda rolu” mövzusunda beynəlxalq elmi-praktik konfransın açılış mərasimində çıxış edib. Şeyxülislam indiyədək keçirilən 4 Astana Qurultayının tarixi əhəmiyyəti, onların keçirilmə təşəbbüsünün müəllifi Qazaxıstan prezidenti N. Nazarbayevin dəyərli missiyası barədə fikirlərini dilə gətirib. Dinlərarası dialoqa dair Azərbaycan və Qazaxıstan dövlət başçılarının dünya çapında dinlərarası dialoq məsələlərində dəyərli təşəbbüslərlə çıxış etmələrini, multikulturalizm ideyalarına sadiqliklərini olduqca əhəmiyyətli hal sayan A.Paşazadə yaşadığımız siyasi-mənəvi ərazini məkanı bütün dünyada tolerantlıq məkanı kimi tanıdılması vacibliyindən çıxış edərək, birgə tədbirlər keçirilməsi zərurətini xüsusi vurğulayıb.

Şeyxülislam çıxışında mənəvi dəyərlərə qayıdış yaşandığı dövrdə dövlətlərimizin rəhbərliyində tolerantlığı yüksək mədəniyyətin təzahürü kimi dəyərləndirən Heydər Əliyev və bu dəyərlərə böyük önəm verən Nursultan Nazarbayev kimi liderlərin mövcudluğunu Azərbaycan və qazax xalqlarının səadəti kimi səciyyələndirib.

Öz çıxışında A. Paşazadə, həmçinin, Qazaxıstan xalqının, onun lideri-türk xalqlarının ağsaqqalı N. Nazarbayevin Azərbaycan xalqının Qarabağ probleminin ədalətli həlli istiqamətində səylərinə hər zaman beynəlxalq müstəvidə dəstək nümayiş etdirdiyini xalqımızın yüksək qiymətləndirdiyini deyib.

Səfər çərçivəsində A. Paşazadə Qazaxıstanın Dini işlər üzrə Dövlət Agentliyinin rəhbəri cənab Kayrat Lama Şəriflə görüşüb. Azərbaycanla Qazaxıstan arasında tarixi dini-mənəvi əlaqələrin inkişaf etdirilməsində maraqlı olduqlarını bildirən Qazaxıstan rəsmisi, bu işdə QMİ sədrinin də öz səylərini əsirgəməyəcəyinə əminliyini ifadə edib: “Mənəvi dəyərlərin dirçəldilməsi dövrünü yaşadığımız bir dövrdə nəinki Qafqaz, bütün MDB müsəlmanlarının ağsaqqalı olaraq Şeyxülislam Allahşükür Paşazadənin böyük təcrübəsinə və geniş dünyagörüşünə böyük ehtiyac duyulur”. QMİ sədri konfransın kuluarlarında bir sıra tanınmış din xadimləri, o cümlədən, Vatikandan təşrif buyurmuş Papa yanında Dinlərarası əlaqələr üzrə Şuranın başçısı kardinal Jan Lui Toran, iranlı Məhəmməd Bağır Xürrəmşad, Məcid əl-Turki və b. ilə səmimi görüşlər keçirib.

Konfransın gedişində Şeyxülislam A. Paşazadə Qazaxıstanın aparıcı KİV-lərini maraqlandıran sualları da cavablandırıb. Həmin gün QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə Qazaxıstan Müsəlmanları Ruhani İdarəsinin sədri, Müfti Yerjan Mayamerovla görüşüb.Astanada yeni inşa olunmuş nəfis Həzrəti-Sultan məscidində baş tutmuş görüşdə qardaş xalqlarımız arasında mövcud dini-mənəvi əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində perspektivlər müzakirə edilib, həmçinin, MDB Müsəlmanları Məşvərət Şurası çərçivəsində birgə əməkdaşlığın inkişafı barədə fikir mübadiləsi aparılıb.

Konfransda Azərbaycanı təmsil edən Şeyxülislam A. Paşazadənin rəhbəri olduğu nümayəndə heyətində QMİ Xarici Əlaqələr Şöbəsinin müdiri Müqəddəs Payızov və QMİ Mətbuat Xidmətinin rəhbəri Rəhimə Dadaşova da olub.

S.ABDULLAYEVA

 





08.10.2013    çap et  çap et