525.Az

Nə olar, bir dəfə də düz söz yazın...


 

Nə olar, bir dəfə də düz söz yazın...<b style="color:red"></b>

Azərbaycan Yazıçılar Birliyinə çirkin böhtan atdığına, Mikayıl Müşfiq, Bəxtiyar Vahabzadə kimi klassiklər haqqında nalayiq ifadələr işlətdiyinə görə, Xalq yazıçısı Elçini, Xalq şairi Ramiz Rövşəni aşağıladığına görə və Nizamnaməmizin müvafiq maddəsinə uyğun olaraq, katibliyin qərarı ilə Elşad Barat iyunun 14-də Birliyin üzvlüyündən çıxarılmışdır.

Bundan sonra Elşad Barat Birliyin sədri Anardan onu qəbul etməsini xahiş etmişdir. Bu sayaq insanların xislətinə bələd olduğu üçün Birliyin sədri Elşadın israrlı təkidlərinə baxmayaraq, onu təklikdə deyil, Birliyin Gənclər üzrə katibi Rəşad Məcidin və Mətbuat Xidmətinin rəhbəri Xəyal Rzanın iştirakı ilə qəbul etmişdir.

Elşad Barata çatdırılmışdır ki, onun Yazıçılar Birliyinə ayrılan məbləği guya ki, Çingiz Abdullayevin maşın almasına xərclənməsi barədə  yazdıqları heç nəyə əsaslanmayan çirkin böhtandır.

E.Baratın ancaq xeyir gördüyü, maddi yardım aldığı Birliyi belə şərləməsi və şantaj etməsi qəbuledilməzdir. Atdığı böhtana, eləcə də tanınmış yazıçıların ləyaqətinə toxunduğuna görə, Yazıçılar Birliyindən üzr istəməsi, söylədiyi yalanları təkzib etməsi təklif olunmuşdur.

Bundan sonra onun məsələsinə yenidən baxıla bilərdi. Bu görüş iyunun 18-də saat 14-də baş tutmuşdur. Bir saat sonra isə Elşad Barat saytlara məlumat verərək, yenə yalanlarını paylaşır. Yazır ki, ondan Ç.Abdullayevdən üzr istəməsi tələb olunur və üzr istəməsə məhkəməyə veriləcəyi ilə hədələnir. Bu da düz deyil.

Ç.Abdullayevə böhtan atdığı üçün məhkəməyə müraciət etməsi isə Xalq yazıçısının şəxsi işidir. Birlik rəhbərlərinin gənc yazıçını doğru yola çağırmaq təşəbbüsünə Elşad Barat təəssüf ki, yeni yalanlarla cavab verir.

Azərbaycan Yazıçılar Birliyinin Mətbuat Xidməti

 





21.06.2019    çap et  çap et