525.Az

Üsyankar tələbənin düşündürən esseləri - Rəşad Məcid yazır


 

Üsyankar tələbənin düşündürən esseləri - <b style="color:red">Rəşad Məcid yazır </b>

Bu yaxınlarda "Qanun" Nəşrlər Evində gənc yazıçı Türkan Turanın "O" esselər kitabı çapdan çıxıb. Kitabda müəllifin son bir il ərzində "525-ci qəzet"də dərc olunan esseləri toplanıb. Azərbaycan Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid kitaba ön söz yazıb.

Xatırladaq ki, iyunun 24-ü, saat 12:00-da Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda kitabın imza günü və təqdimat mərasimi keçiriləcək.

Rəşad Məcidin kitaba yazdığı ön sözü oxuculara təqdim edirik.

Təxminən 10 il əvvəl Odlar Yurdu Universitetinin Jurnalistika fakültəsindən 15-20 nəfərlik tələbə heyəti "525-ci qəzet"ə təcrübə keçməyə gəlmişdi. Türkanla tanışlığımın tarixçəsi də elə həmin dövrə təsadüf edir.

Gözüm həmişə fərqli düşüncəli, istedad işartıları olan, zəhmətdən, çalışmaqdan qorxmayan tələbələri, jurnalistikaya həvəsi olan gəncləri axtarıb. Bu əlamətlər Türkanda da vardı. Amma ilk günlərdən o, həm də üsyankarlığı, barışmamağı, mübahisə etməsi ilə diqqətimi cəlb etdi. Elə ilk görüş zamanı xeyli deyişməyimiz yadımda qalıb. Baş redaktorla mübahisə edəcək dərəcəsində cəsarətli idi.

Türkan sonralar müxtəlif media orqanlarında - televiziya, qəzet və saytlarda çalışdı, məndən müsahibə də götürdü. Onun ayağının ilk dəydiyi, praktika keçdiyi "525"ə və şəxsən mənə münasibəti həmişə fərqli olub və bu da çoxlarını təəccübləndirib.

Ədəbiyyat və sənət barədə onunla tez-tez söhbətlərimiz olurdu. Türk yazıçıları - Orxan Pamuk və Elif Şəfəqdən də danışırdıq, bizim Ramiz Rövşəndən də. Hiss edirdim ki, ədəbiyyata marağı dərindir, gizlindədir. Sonralar vaxtaşırı sosial şəbəkələrdə həm türk şairlərindən, həm digər yazıçılardan fərqli paylaşımlarına rast gəlirdim. Hərdən yazıları rastıma çıxsa da, hiss edirdim ki, Türkan özünü hələ tapmayıb. Bir dəfə ona Orxan Pamukun "Məsumiyyət muzeyi" əsərindən danışdım, əsərin "Eşq acısının anatomik yerləşimi" hissəsi barədə fikirlərimi bildirdim. Türkan həmişə mənim sevdiyim, bəyəndiyim, adını çəkdiyim əsərləri tapıb, oxuyub, təbliğ edib. Bir dəfə saytlardan birində Türkanın eşq acısından yazısını gördüm və "Məsumiyyət muzeyi" barədə söhbətimizi xatırladım. Esseni bəyəndim və sosial şəbəkədə paylaşıb təriflədim: "Türkan Turan eşq acısından lap Orxan Pamuk kimi yazıb".

Türkan Turan son vaxtlar yazdığı esselərində insanın ağrı və əzablarını, daxili təbəddüladlarını, işgəncələrini, mənəvi ağrıların fiziki ağrılara çevrilməsini və insan orqanizminin müxtəlif yerlərindəki fəsadlarını qələmə alır. Bəzən hətta heyrətamiz, az qala, kəşf səviyyəsində fikirlər söyləyir, tapıntılar edir. Onun yazılarından bəzi fikirləri sizinlə də bölüşürəm:

"İnsanın heç dırnağı ağrıyar, dərisi sızıldayar? Ayrılıq bu cür anormal ağrıları qabardır. Bütün xəstəliklər baş qaldırır. Güc tükənir, iştah kəsilir. Elə bil, boğazında yumruq boyda nəsə qalıb. Udquna bilmirsən. Yediyinin, içdiyinin dadı olmur. Mədəyə pis xəbər almış kimi ağrı dolur. Ürək döyüntülərin də yavaşıyır sanki. Qamətin şuxluğunu itirir" ("Günəş yenə doğacaq").

"Nəfəs alırsan, udduğun hava şüşə qırıntıları kimi içinə dolur. Çiliklənmiş parçalar udlağını didik-didik edərək, qırtlağından keçib, ağ ciyərinə yeriyir. Öz gözündə o qədər eybəcərləşirsən ki, birindən iltifat eşidəndə heyrətdən ağzın açıla qalır, davranışını itirirsən, ani bir istilik keçir bədənindən. "Görəsən, bu sözlər mənə aiddir? Həqiqətən, mən buna layiqəm? Onda niyə o, bunu görmədi?" deyə, söylənirsən içində! ("Udduğum şüşə qırıntıları").

"Bir gün şirin nağıl sona çatır, göydən alma əvəzinə daş-qaya tökülür. Baxırsan ki, qurduğun qalanın bünövrəsi torpaq yox, gürzə yığınının üstündə ucalıb. Özü isə qarşında dayanır, gözlərindən əqrəb kinini üstünə ələyir. Təəccüblənirsən! Yenidən şahə qalxacağına inanır, səbir edirsən. Sevginin gücündən doğulub, elə sevginlə bəslənib böyüyən narsisti qəbul etmək istəmirsən. Səbəbi özündə axtarır, harada səhv addım atmağınla bağlı xırdalıqları ələk-vələk edirsən. Ağrıyan əzələn kimi olur - nə kəsib ata bilirsən, nə ağrılara dözməyə gücün çatır ("Göydən yerə çırpılmaq").

"Onsuzluğa bir dəfə alışdığınız üçün ikincidən də çəkinməyib, təhdidlər edəcəksiniz, "ayrılıram, gedirəm" deyərək. Daha onun üçün ölməyəcəksiniz, çünki bir dəfə onun sizin "qanınıza" bulaşmış əlini görmüsünüz! ("Gedənin qayıtması").

Türkan 2018-ci ilin aprel ayından "525-ci qəzet"ə mütəmadi esselər yazır. Hər essesində də insanın hiss və duyğuları, ağrı və əzabları, müxtəlif çalarları üzə çıxır və o yazılarda elə abzaslar, elə cümlələr olur ki, içəridən aşıb-daşan hədsiz şövqü, böyük enerjini hiss edirsən. Mən həmişə fikirləşmişəm ki, Türkanda fitri yazıçılıq qabiliyyəti var və o, böyük əsərlər yazmağa qadirdir.

Türkanın esseləri maraqla qarşılanır. Bu esseləri gözləyən, öz fikirlərini bildirən xeyli insan var. Azərbaycanın tanınmış ziyalıları da Türkanın yazılarına maraq göstərirlər. Yadımdadır, Ramiz Rövşən bir neçə dəfə Türkanın esselərini bəyəndiyini bildirib və bu haqda fikirlərini onun özünə də deyib. Bu mənada, inanıram ki, bu kitab oxucular üçün də çox maraqlı olacaq.

Hər bir insanın içərisində mənəvi ağrıları, hansısa kədərli, yaxud sevincli ovqatları olur. Belə ovqatlarda nəsə oxumaq, təsəlli tapmaq istəyirsən. Əminəm ki, bu kitab da seviləcək və bir çox oxucunun çarpayısının yanında yer tutacaq, bəzən hiss və ya duyğuların onlara əzab verdiyi məqamda Türkanın esselərindən hansısa abzası açıb oxuyanda sakitləşəcək, rahatlaşacaq, suallarına cavab tapacaqlar. Mən kitabı oxuculara məmnuniyyətlə təqdim etməklə onu da demək istəyirəm ki, Türkanın artıq ədəbi bilikləri xeyli zənginləşir. Son vaxtlar Türkan böyük türk yazıçısı Zülfü Livaneli ilə "525-ci qəzet" üçün silsilə müsahibələr edib. O, Livanelinin yaradıcılığına yaxşı bələddir. Təklif etmişəm ki, kitabı "Livanelinin gözü ilə" adlandırsın. Əminəm ki, o kitab da çox maraq doğuracaq, Azərbaycanda və Türkiyədə xeyli oxucu qazanacaq. İnanıram ki, Türkan maraqlı romanları, musiqiləri, fərqli, çoxşaxəli yaradıcılığı ilə sevilən Livanelinin gözü ilə dünyanı, Türkiyəni, Ankaranı, Azərbaycanı, İstanbulu, siyasəti, məhəbbəti... oxuculara tanıda biləcək.

 





22.06.2019    çap et  çap et