525.Az

İtaliyada azərbaycanlı şairlərin yaradıcılıq gecələri olacaq


 

İtaliyada azərbaycanlı şairlərin yaradıcılıq gecələri olacaq<b style="color:red"></b>

İyulun 2-dən 6-dək Cüzeppe Verdi adına Milan Dövlət Konservatoriyasının "Verdi zalı"nda Konservatoriyanın bədii qiraət layihəsində ənənəvi performans həftəsi keçiriləcək. Bu performans həftəsi poeziya, musiqi, rəqs, mahnı, rəsm sənət növləri birliyi nəticəsində nümayiş etdirilir.

Tədbirin bədii rəhbəri C.Verdi adına Milan Konservatoriyasının professoru, şair, bəstəkar, Vladimir Delman adına xorun bədii rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin üzvü Davide Gualtieridir. Tədbiri tanınmış jurnalist Stefano Ghezzi idarə edəcək. Mərasimin soprano Kseniya Dementyeva, Konservatoriyanın xoru və Orkestri, xoreoqraf Mais Nuriyev, Enza Aurilio Milan Orizon rəqs akademiyasının tələbələri ilə, tanınmış musiqiçi Maestro Giovanni Hoffer və digər sənətkarların iştirakı ilə keçirilməsi gözlənilir.

Dünyanın müxtəlif şairlərinin yaradıcılığına həsr edilən layihədə Azərbaycan şairlərinə iki gün vaxt ayrılıb. İyulun 2-də "Şərqin səsləri" adı altında Davide Gualtieri tərəfindən Azərbaycanın Xalq şairi Fikrət Qoca və iyulun 4-də şair Rəşad Məcidin yaradıcılıq gecəsi keçiriləcək.

Onu da qeyd edək ki, Azərbaycan şairlərinin şeirlərini italyan dilinə Davide Gualtieri çevirib, sətri tərcümə isə İtaliyada "Azəri" Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, xoreoqraf Mais Nuriyevindir .

Xalq şairi Fikrət Qocanın italyan dilinə tərcümə edilən və İtaliyada nəşr olunan şeirlər kitabında "Haqdan soruşur", "Görmürəm" ,"Nuhun gəmisi yer üzü", "Fırlanıram vals, vals, vals", "Bu yaşımda bu gün", "Yarımçıq iş" və sair kimi seçilmiş şeirləri hər iki dildə bəstələnmiş musiqi müşayiəti ilə rəqs, xor və rəsm olmaqla təqdim olunacaq.

Daha sonra iyulun 4-də şair və nasir, "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcidin italyan dilinə tərcümə olunan və İtaliyada nəşr olunan "O" adlı şeirlər kitabından seçilmiş şeirlər sırasında "Kimsən?", "Gedib daşa dəyən esemeslərim" , "Aldatdın məni", "Darıxanda", "Sıxırsan", "Vitrindəki mələyim", "O", "Bir də gəlməyəcək ", “Üzünə qurban", "Dik atılıram", "Sən yaxşısan", "Əgər", "Səndən yaxşısı", "Yat" , "Düşüncə", "Qopardım", "Çıxma beynimdən", "Son" və sair şeirləri də olduğu kimi hər iki dildə səslənəcək.

Bu günlər ərzində şair Viktor Permiakovun yaradıcılıq gecəsi də keçiriləcək. Onu da qeyd edək ki Viktor Permyakov Azərbaycanda doğulub. Onun şeirləri italiyalı rəssam, Brera adına Milan Dövlət Mədəniyyət Universitetinin rektoru Franco Marroccoya və Serena Nononun əsərlərinə ithaf edilib.

Layihədə italiyalı şair Maddalena Capalbinin də poeziya günü keçiriləcək.

Bu yaradıcılıq gecələrində şairlərin həyat və yaradıcılığından ətraflı danışılacaq, müasir şairlərin yazdıqları müdrik şeirlərin üslubu və izahatı da veriləcək.

Layihə çərçivəsində filmlər də nümayiş etdiriləcək. Azərbaycan şairlərinin şeirləri hər iki dildə səslənməklə hər şeirə bəstələnmiş musiqi müşayiəti ilə, rəsm, rəqs, xor, müxtəlif musiqi alətlərinin ifasında improvizasiyalar ediləcək.

Xatırladaq ki, Fikrət Qoca və Rəşad Məcidin italyan dilinə tərcümə edilmiş və İtaliyada çapdan çıxmş şeirlər kitabının təqdimatı hələ 2015-ci ilin fevral və iyun aylarında Milan Bələdiyyəsi binası "Palazzo Marino" konfrans zalında keçirilmişdi.

Tədbirlərə Azərbaycanın İtaliyadakı səfirliyi, Milan Konservatoriyasının tələbə və professor heyəti, İtaliyada yaşayan azərbaycanlılar, sənət adamları, o cümlədən, yazıçı və şairlər, Mədəniyyət üzrə Milan Bələdiyyəsindən rəhbər heyəti, eyni zamanda, Azərbaycandan da nümayəndə heyəti - Xalq yazıçısı Anar, akademik İsa Həbibbəyli, kitabın müəllifi Rəşad Məcid, şair Vaqif Bəhmənli, gənc yazıçılar Günel Anarqızı, Pərvin, Xalq artisti Fikrət Verdiyevin rəhbərlik etdiyi sənətçilər qrupu da iştirak etmişdilər.

Onu da qeyd etmək lazımdır ki, Azərbaycan şairlərinin kitabında tanınmış Azərbaycan rəssamlarının rəsmləri də yer alıb. Tədbirdə şairlərin yaradıcılığından, o cümlədən, Azərbaycan poeziyası haqqında da geniş məlumat verilməsi planlaşdırılır.  Davide Qualtierinin Azərbaycanla bağlı bir sıra şeirləri var. Onların arasında şair Rəşad Məcidə də həsr etdiyi "Körpü salırıq" şeirini xüsusilə qeyd etmək lazımdır.

Bu kimi təcrübələr sübut edib ki, italyan oxucuları Azərbaycanı istedadlar ölkəsi kimi tanıyırlar və Azərbaycan poeziyasını sevərək oxuyurlar. Əlaqədar qrumlardan qeyd olunub ki, Davide Qualtieri ilə Azərbaycanla bağlı olan əməkdaşlığın daimi davam etməsi nəzərdə tutulur.

Mais Nuriyev
İtaliyada Azəri Azərbaycan Mədəniyyət Asossasiyasının prezidenti, xoreoqraf Azərbaycanın Əməkdar artisti

 





22.06.2019    çap et  çap et