525.Az

ABŞ-da yaşayan rejissor: "Amerikada uğur qazanmağın çoxlu yolları və üsulları var"


 

ABŞ-da yaşayan rejissor: "Amerikada uğur qazanmağın çoxlu yolları və üsulları var"  <b style="color:red"></b>

Müsahibimiz Amerika Birləşmiş Ştatlarında yaşayan azərbaycanlı rejissor Elmar Bayramovdur.

O, özünü və ölkəsini dünyada tanıtmaq, sənətin daha yüksək pillələrinə qalxmaq arzusundadır.

E.Bayramov əvvəlcə  "Don Marleone" adlı film çəkərək Azərbaycan kinosunda uğur qazandı. Arzusu triller və aksiyon filmləri çəkməkdir. Amma bəzən arzuların tam gerçəkləşməsi üçün daha cəsarətli addımlar atmaq lazım gəlir. Dünyanın bu başından o başına üz tutan həmsöhbətim Elmar Bayramov belələrindəndir. Bəlkə də çoxları bir filmdən sonra başqa sifarişlər gözləyər, yalnız maddi gəliri düşünər və daha böyük arzularından yan keçərdi. Amma Elmar Bayramov arzularının qanadında düz Amerikaya qədər getdi və heç də peşman deyil.  

- 1968-ci ildə Lənkəran şəhərində anadan olmuşam. Atam Çernobıl əlilidir, anam məktəbdə laborant işləyir. Bir bacım və qardaşım var, hər ikisi ingilis dili müəllimidir. Məryəm və Məsumə adlı iki övladım var. Birinin 8, digərinin 4 yaşı var.  Həyat yoldaşım Könül Kəngərli rəssamdır. İki ilə yaxındır, Nyu-York şəhərində  yaşayırıq.

- Uşaqlıqda daha çox nəyə maraq göstərmisiniz və sizdə kinorejissor olmaq arzusu nə vaxt yaranıb?

- Uşaqlıqda ailəlikcə filmlərə baxmağı, film bitdikdən sonra onun haqqında dərin  müzakirələr aparmağı çox xoşlayardıq. Bizə  çəkiliş zamanı arxa planda baş verən hadisələr çox maraqlı gələrdi. O vaxtlar "youtube" kimi video platformalar yox idi, kino çəkilişi zamanı arxa planda olanları görə bilmirdin. O vaxt kino çəkmək, çəkiliş meydanında olmaq barədə xəyallar qurardım. Fikirləşirdim ki, sən bu filmi özün çəkirsən, bu barədə düşünürsən və bunun nə dərəcə əlçatmaz bir arzu olduğunu dərk edirsən. Nəhayət, illər keçdi, biz böyüdük, əlimizə belə bir fürsət düşdü, kino çəkdik.

- Adətən, oğlan uşaqları uşaqlıqda Arnold Şvartsnegger, Silvester Stallonenin çəkildiyi filmləri həddindən çox sevib və izləyiblər. Siz necə, uşaqlıqdan bu tip filmləri bəyənirdinizmi?

- Təbii. Uşaqlıqdan çox sevdiyimiz,  həyəcan və səbirsizliklə gözlədiyimiz filmlər Silvester Stallone, Arnold Şratsnegger, Jan Klod Vandam, Ceki Çan,  Bryus Linin çəkildiyi filmlər idi. O filmlərə baxıb çox həvəslənirdik, hətta döyüş səhnələrinin zənginliyi məndə də idmana böyük maraq yaratmışdı.

- "Don Marleone" filmi ilə Azərbaycanda  tanındınız. Film kinoteatrlarda göstərildi. Amma komediya janrından fərqli olaraq  bu filmə maraq elə də yüksək səviyyədə olmadı. Sizcə, belədirmi və belədirsə, niyə ciddi filmlərə maraq azalıb?

- "Don Marleone" filminin ssenarisini hazırlayarkən, onun triller və aksiyon olmasını nəzərdə tutmuşduq. Amma müəyyən səbəblər ortaya çıxdığı üçün ssenariyə bir qədər komediya janrı da qatmalı olduq. Bu, əhalinin hər zaman görməyə öyrəşdiyi bir film deyildi. Amma düşünürəm ki, 10 ildən çoxdur, ölkədə komediyanı və ümumiyyətlə, filmi irəliyə aparan müxtəlif tip aktyorlar yetişib. Həmin aktyorların çəkildiyi filmlərin uğurlu olmaq ehtimalı çoxalır. "Don Marleone" filmində də ssenariyə tam uyğun aktyorlar seçmişdik. Film Azərbaycan kino industriyasında bir yenilik idi. Nəticə etibarilə, film insanların hər zaman öyrəşdiyi, təkrar gördüyü, eyni ritmli zarafatların olmadığı bir film idi və məncə, məhz buna görə tamaşaçıların marağına səbəb olmadı. Kinoteatrlarda  baxış sayı az oldu və cəmi 3 həftə davam etdi.

- Səhv etmirəmsə, artıq iki ilə yaxındır, Amerikada yaşayırsınız. Bu ölkəyə gəlişiniz necə oldu? Amerika arzuları gerçəkləşdirirmi, siz də bu fikirdəsinizmi?

- "Don Marleone" filmindən sonra bir neçə sifarişimiz var idi. Sifarişlərin hamısı komediya janrına aid idi. Komediya isə bizim janrımız deyildi. Bu janra xüsusi marağım yox idi. Artıq Amerikaya getməyi planlaşdırmışdıq. Corciya ştatının Atlanta şəhərində fəaliyyət göstərən "Robert" prodakşn bizimlə işbirliyi qurmaq istəyirdi.  Biz Los-Ancelesə gəldik və bir neçə günümüzü şəhəri tanımağa sərf etdik. Daha sonra prodakşının təklifi üzərində düşündük və qərar verdik ki, bu təklifi dəyərləndirək.  Görüşdük, danışdıq və qərar verdik ki, Amerikada qalaq və işimizi burda davam etdirək. Çünki Amerikada istənilən sahədə - istər kino sahəsi olsun, istər digər sahələr - uğur qazanmağın çoxlu yolları və üsulları var. Qərara gəldik ki, məşğul olduğumuz sahəni Amerikada daha çox inkişaf etdirə bilərik və daha faydalı olarıq. 

- Burada rejissorluq təhsilinizi artırmaq fikriniz varmı?

- Amerikada rejissorluqla bağlı xüsusi təhsil almaq fikrim yoxdur. Məqsədim Amerikada böyük prodakşnlarda filmlərin çəkilişi ilə bağlı təcrübə əldə etməkdir. Film təcrübəsi bizim üçün çox lazımdır, çünki biz artıq film çəkməyin strukturunu bilirik. Bizə dünyanın bir nömrəli ölkəsi olan Amerika kino təcrübəsini bilmək lazımdır. Bir il "Frend the film" kursunda təhsil aldım. Bu təhsil mənə filmdən əvvəlki və sonrakı prosesləri, film sektoruna daxil olmağın üsullarını öyrətdi.

- Bildiyimizə görə, Amerikada "Black Qarden" adlı şirkət açmısız, şirkətin işi nədən ibarətdi və orada yaşayan azərbaycanlılarla işbirliyiniz varmı?

- İl yarımdır, "Black Garden Company" adı altında fəaliyyət göstəririk. İlk uğurumuz keçən il oldu və biz qısametrajlı film istehsal etdik. "Oops" adlı qısametrajlı filmimiz "Ən yaxşı döyüş filmi" nominasiyasında qalib olub. Digər filmimizin montaj işlərini bitiririk. Komandamızda təbii ki, azərbaycanlılar var, amma onlarla yanaşı ruslar, ukraynalılar, amerikalılar da az deyil.

- Şirkət sizə maddi olaraq istədiyinizi qazandırırmı?

- Şirkətimizdə qısametrajlı filmlər, reklam çarxları, şəxsi tanıtım videoları hazırlayırıq. Bu işlərdən gələn qazanc xərclərimizin bir  hissəsini ödəyir. Gəlirimizin digər hissəsini online sifarişlərdən və satışlardan əldə edirik.

- Həyat yoldaşınız rəssamdı və o da  sizinlə birlikdə çalışır. Xanımınızın həm də iş yoldaşınız olması işinizə necə təsir edir?

- Artıq 3 ildən çoxdur, həyat yoldaşım Könül Kəngərli ilə birlikdə çalışıram. "Don Marleone" filmi və digər bütün filmləri birğə işləmişik. O, bu işin içindədir, işimizin prinsiplərini bilir, mənə çox dəstək olur.

- Amerikada diqqətçəkən rejissor olmaq asandırmı və bunun üçün nələr etmək lazımdır?

- Amerikada insanların marağına səbəb ola biləcək filmlər çəkmək üçün ilk növbədə bu ölkədə yaşayan insanların həyat prinsiplərini öyrənmək lazımdır. Çəkəcəyimiz filmlərdə aktyorların yaratdıqları obrazlar, cərəyan edən hadisələr, seçilən mövzular amerikalıların ruhuna, xarakterinə uyğun gəlsə, işimizin keyfiyyət göstəriciləri yüksək olsa, tamaşaçıların, kinosevərlərin marağına səbəb ola biləcək məhsul ortaya qoymaq mümkündür.

- Çəkdiyiniz və yaxud çəkəcəyiniz filmlərdə Azərbaycanla bağlı hansısa məqamlar varmı?

- Ümumiyyətlə, həyat prinsipimiz cəmiyyətə və insanlığa faydalı ola bilən işlər görməkdən ibarətdir. Mövzularımız Azərbaycan haqqında, dünyada baş verən müxtəlif hadisələr haqqında da ola bilər. Amma məqsədimiz cəmiyyətə və insanlığa faydalı olan mesajları çatdırmaqdır. 

- Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün hansısa bir ideyanız varmı və varsa, onu necə  gerçəkləşdirmək  istəyirsiniz? 

- Azərbaycan zəngin tarixə və mədəniyyətə malik bir ölkədir. Biz bunu çox gözəl bilirik. Onu da bilirik ki, bu zənginliyi bütün dünyaya çatdırmaq və göstərmək lazımdır. Düşünürəm ki, gələcəkdə Azərbaycanın tarixi, mədəniyyəti, musiqisi və sairə barədə film çəkə, bu yolla ölkəmizi tanıda bilərik.

Aynur NADİRQIZI

 





22.06.2019    çap et  çap et