525.Az

Don Kixota gülərkən Əhmədağaya ağlamaq... - Şahanə Müşfiq yazır


 

Don Kixota gülərkən Əhmədağaya ağlamaq... - <b style="color:red">Şahanə Müşfiq yazır </b>

"Həyatda iki cür dəli var: Birincisi həqiqi dəli, ikincisi isə dəli kimi görünən ağıllı"- deyirlər. Özünü Don Kixot kimi görən Əhmədağa öncə birincilərdən olduğu kimi görünsə də, sonradan fikrimizi dəyişməyi bacardı. Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının yeni tamaşası "Bizim Don Kixot"dan danışırıq.

Görmüşük, doğum günü olan insana dostları, əzizləri, sevənləri hədiyələr hazırlayarlar. Amma Xalq artisti, professor İlham Namiq Kamal isə özünün 70 illik yubileyi münasibətilə biz tamaşaçılarını sevindirməyə davam edir. Bu dəfəki sürprizi də mərhum dramaturq Rəhman Əlizadənin "Don Kixot Abşeronski" pyesi əsasında hazırlanan səhnə əsəridir. Tamaşaya teatrın baş rejissoru Qurban Məsimov quruluş verib. Bir hissəli müzikl kimi təqdim olunan səhnə əsərinin quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı (mahnıların sözləri Rəhman Əlizadənindir) Əməkdar artist Vüqar Camalzadədir.

***

Nə çoxdur yaşadığı dünyanın həqiqətlərinə göz yumub özlüyündə yeni bir dünya yaradan insanlar. O insanlar ki, qəlbi sevgiylə, yaxşılıqla, ədalətlə doludur. Onların istədiyi tək şey də dünyada ədalətin bərqərar olması, sevginin bütün insanlar üzərindəki tək hakim qüvvə olması, haqsızlığın Yer üzərindən yerli-dibli silinməsidir. Bu insanlar ömürləri boyunca məhz bunun üçün mübarizə aparır, nəylə, kimlə savaşdıqlarını bilmədən savaşırlar. Əgər nəylə savaşdığını bilmirsənsə, onda ətrafdakılar tərəfindən dəli kimi qəbul olunmağın da təbiidir. Çünki insanların onlar kimi düşünməyənlərlə ən asan mübarizə üsulu "dəli" adlandırıb özlərindən kənarlaşdırmaqdır. Ta Servantesin zamanından bu tərəfə onları Don Kixot adlandırırlar. Ya da "Don Kixotluq" sindromu.

Əhmədağa da "Don Kixotluq" sindromuna tutulub. Özünəinam problemi yaşayan, insanlarla qarşılıqlı münasibətdə çətinlik çəkən, sosiallaşma və özünütəsdiq problemləri yaşayan bir çox insan kimi o da olduğu şəxsdən başqası kimi görünmək yolunu seçib. Abşeronun bir kəndində müəllim işləyən Əhmədağa qarşılaşdığı haqsızlıqlardan heç də məmnun deyil. Özü nə qədər təmiz qalmağa çalışsa da, təmiz olmayan cəmiyyətdə xoşbəxtliyini tapa bilmir. Çünki özü olduqca, bu cəmiyyətin bir fərdi kimi qaldıqca o pisliyin içərisində çabalamağa, o pisliyə əllərini bulaşdırmağa məcburdur. Amma o, hamı kimi olmayacaq. Həqiqətlərə susmayacaq. Susmur da. Bir gün əyninə kəfən geyinib müəllimlər otağında yığılan "süpürgə puluna", "süfrə puluna", "fond puluna" və haqsız, gərəksiz yerə yığılan bütün pullara qarşı çıxır. Əhmədağa müəllim həqiqətləri hayqırırdı. Amma direktor da daxil olmaqla hər kəs ona dəli deyib dəlixanaya atır. Və başlayır Əhmədağanın Don Kixotluq savaşı...

Bu Don Kixot uzaq İspaniyadan deyil, "qulağımızın dibindəki" Abşerondan çıxıb. O da insanlar tərəfindən təklənib, dəlixanaya atılıb. Görünür, qəhrəmanımızın bundan elə də şikayəti yoxdur. Çünki o, burada özünə, fikirlərinə yaxın insanlar tapır. Məsələn, özünü Sanço Panso zənn edən Məhərrəm İsrafiloviç. Bu yerdə bir fikri xatırladım. Deyir: "Həyat dəlixanadır, xoşbəxt olmaq üçün sadəcə özün kimi dəlilər olan palatanı tapmalısan".

Əsər boyunca bizim milli Don Kixotun başına gəlməyən macəralar qalmır. Gah "silahdaşıyla" birgə qəsrdəki divlərlə döyüşür, gah aşiq olur, gah dostlarıyla maraqlı söhbətlərə qoşulur. Xoşuna gələn qızın əsl adı Gülnazdır. Bizim Don Kixot isə onu Dulsineya adlandırır. Amma nə dostu Məhərrəmin Sanço, nə də sevdiyi Gülnazın Dulsineya çağırılması onu millilikdən uzaqlaşdıra bilmir. Bizim Don Kixot Əhmədağa adından imtina etsə də, Əhmədağa ruhundan çıxa bilmir. Buna görədir ki, dünyaya ədalət, haqq, sevgi dərsi verərkən Azərbaycan şairləri Nizamidən, Füzulidən, Nəsimidən nümunələr səsləndirir. Onları əsl insanlıq etalonu adlandırır.

***

Əhmədağa - Bizim Don Kixot rolunun ifaçısı İlham Namiq Kamal ilk dəfədir ki, Kukla Teatrı səhnəsindədir. Yarım əsrdən çox zaman müddətində fərqli səhnələrdə qarşımıza çıxan sənətkarın bu dəfəki tərəf müqabilləri kuklalardır. Ancaq sənətkarın bu fərqliliyi yadırğaması hiss olunmur.

O, sanki illərdir səhnədə kuklalarla işləyirmiş kimi rahat və sərbəstdir. Çünki həmişəki kimi özüdür. Görkəmli səhnə ustası ilə eyni səhnəni bölüşən cavan aktyorlar - Cavid Telman, Aygül Ağayeva, Araz Həsənov, Adil Dəmirov da əlləri və səsləriylə kuklalara can verməyin öhdəsindən məharətlə gəldilər.

Tragikomik tamaşada sırf gülüş yaratmaq üçün düşünülmüş süni hərəkətlərə, qondarma reprikalara rast gəlmirik. Qarşımızda tamamilə həyati səhnələrdən ibarət Əhmədağanın faciəsi, Don Kixotun komediyası var. Bu faciə də, komediya da ayrı-ayrılıqda həqiqətlərə söykənib. Əslində, Əhmədağa nə qədər inkar etsə də, kimliyinin yaxşı fərqindədir. Ancaq o, öz faciəsini də dərk edir. Çünki əgər Əhmədağa olsa, zindana, Don Kixot olsa, dəlixanaya salınacaq. Yəni bütün hallarda onun azadlığı əlindən alınacaq. Elə bu dünyanın özü də insanın azadlığına qənim kəsilməyibmi? İnsan burada nə qədər özüdür, ya da nə qədər xoşbəxtdir? Bizim Don Kixot da bunu deyir. Onun sözlərinə görə, dünya ona görə düzəlmir ki, insanlar qondarma sürətlərin, özü olmayan adların arxasında gizləniblər. Əslində, Sanço olan Məhərrəm, Dulsineya olan Gülnaz, Don Kixot olan isə Əhmədağanın arxasında əriyib yoxa çıxıb. İnsan o zaman xoşbəxt olacaq ki, bu yoxolmaya "dur" deməyi bacarsın. Dünyaya, insanlara yalnız və yalnız sevgiylə yaxınlaşsın, məqsədsiz, təmənnasız.

Əslində, hər kəs bunu arzulayır. Ancaq Don Kixotların fərqi ondadır ki, onlar bunu dilə gətirir, hətta uğrunda mübarizəyə də atılırlar.

***

Səhnə əsərinin fərqli və maraqlı quruluşu tamaşaçını özünə cəlb edir. Quruluşçu rejissor Qurban Məsimov əsərə özünəməxsus yozum verib. Bu yozumla Əhmədağa həqiqi mənini itirmədən Don Kixotlaşır. Həqiqətləri dərk edərkən isə çıxış yolunu intiharda görür. Ancaq bu intihar tamaşaçını narahat etmir, ümidsizliyə qapdırmır. Çünki hələ çox Don Kixotlar doğulacaq, çox Əhmədağalar Don Kixotlaşacaq.

 





22.06.2019    çap et  çap et