525.Az

Acı taleyin xoşbəxt sonluğu


 

Acı taleyin xoşbəxt sonluğu<b style="color:red"></b>

BAKI DÖVLƏT UNİVERSİTETİ QUBA TƏDRİS-TƏCRÜBƏ VƏ İSTİRAHƏT MƏRKƏZİNİN 45 İLLİK ACILI-SEVİNCLİ GÜNLƏRİ 

Bu tədris-təcrübə və istirahət mərkəzinin əsası Azərbaycan Respublikası Nazirlər Kabinetinin (o vaxtkı Azərbaycan SSR Nazirlər Soveti) 10 iyul 1967-ci il tarixli 388 saylı sərəncamına əsasən Quba rayonunun Jdanov adına sovxozunun (indiki 2-ci Nügədi kəndi) ərazisindən torpaq sahəsinin  ayrılması ilə qoyulub. NS sədri Ənvər Əlixanovun imzaladığı sərəncamda deyilir: “Kolxoz və sovxozların  dövlət, ictimai və digər tələbatlar üçün torpaq sahələri ayrılmasına razılıq verdiyini nəzərə alaraq, ...   Quba rayonu İcraiyyə Komitəsinə tapşırılsın ki, Jdanov adına sovxozun ərazisindən 8 hektar torpaq sahəsini S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Biologiya fakültəsi üçün tədris-təcrübə bazası təşkil etməkdən ötrü ayırsın”.  

Beləliklə, rektor Mehdi Əliyev və Biologiya fakültəsinin dekanı Həbibə Qasımovanın rəhbərlik etdiyi nümayəndə heyəti 1967-ci ilin sentyabrında ilk dəfə bazanın ərazisinə qədəm qoydular. Lakin bu ərazi təsəvvür edilən baza məfhumundan çox uzaq idi. Yaşayış məntəqəsindən uzaq, yolsuz, baxımsız sıx meşə ərazisi, alma bağları və kolluqlar qonaqları düşünməyə vadar edir. İnsan ayağı dəyməyən bu yerlərdə təcrübə dərslərini təşkil etmək üçün yalnız təbiətin bəxş etdiyi  nemətlər var idi. Rektorluq və dekanlıq bazaya  yol açmaq, ərazidə heç olmazsa, çadır qurmaqdan ötrü şərait yaratmaq üçün düz 2 il çalışdı. Nəhayət, 1970-ci ilin yayında  Biologiya fakültəsinin yeni dekanı Qara Mustafayev və bir qrup tələbə təzəcə salınmış cığırla gəlib alma ağaclarının altında qurulan çadırlarda ilk təcrübə keçdilər. Beləcə “çadır-təcrübə praktikası” 1991-ci ilədək davam etdi. 1989-cu ildə Xocalı şəhərinin inkişafı ilə əlaqədar həyata keçirilən Dövlət Proqramına uyğun olaraq, Rusiya Federasiyasından alınan taxta konstruksiyalı ikimərtəbəli binalardan biri o vaxtkı dekan Akif Quliyevin şəxsi səyləri nəticəsində universitetə verildi və həmin 16 mənzilli, 47 otaqlı ev 1990-cı ilin sonlarında Nügədi kəndində qurulub başa çatdı. 1991-ci ildən etibarən tələbələr, nəhayət, rahat otaqlarda yerləşərək təcrübə keçməyə başladılar. Lakin bu xoşbəxtlik də uzun sürmədi. Ermənilərin təcavüzü nəticəsində 1993-cü ildə Qubadlıdan qaçqın düşən 38 ailə müvəqqəti yaşamaq üçün bazada yerləşdirildi, bu “müvəqqətilik” 2012-ci ilə kimi davam etdi və bu 20 il ərzində tələbələrin təcrübə dərsləri ilə bağlı arzuları (Altıağac tədris-təcrübə bazasındakı yarımçıq dərsləri nəzərə almasaq) ürəklərində qaldı.

2007-ci ildən Qubanın Güləzi kəndində başlanan sürüşmənin yaratdığı problemləri həll etmək, həmin kəndi yeni əraziyə köçürmək məqsədilə dövlət tərəfindən rayonun Aşağı Atuc kəndi ərazisində 60 hektar torpaq sahəsi ayrıldı və həmin yerdə hər birinin həyətyanı sahəsi 8 sot olan 189 mənzil inşa olundu. 2012-ci il martın 6-da istifadəyə verilən həmin qəsəbənin sakinlərinin bir qismi də həyat şəraitini yaxşılaşdırmaq arzusu ilə müraciətlər edən BDU-nun tədris-təcrübə bazasında məskunlaşan qaçqınlar oldu və bu hadisə yeni tədris-təcrübə mərkəzinin (bazasının yox) tikintisinə şərait yaratdı. (Bir müddət sonra BDU-nun Elmi Şurası “Biologiya fakültəsinin tədris-təcrübə bazası” adının dəyişdirilərək “Bakı Dövlət Universitetinin Tədris-təcrübə və istirahət mərkəzi” olması haqqında qərar qəbul etdi.)

Artıq istifadəyə yararsız vəziyyətə düşən ikimərtəbəli taxta konstruksiyalı evi və onun ətrafındakı tikililəri bərpa etmək mümkün deyildi. Uzun müddət “müvəqqəti” istifadəçilər tərəfindən bərbad hala düşən, təməlinə qədər çürüyən binanı XXI əsrin tələbəsi üçün təmir etməkdənsə, yeni bina tikmək daha əlverişli idi. Ondan inşaatçılar üçün müvəqqəti daldanacaq yeri və anbar kimi istifadə etmək qərarı ilə bir qədər aralıda – gözəl bir dağətəyi yerdə beşmərtəbəli yeni binanın təməli qoyulmağa başladı. (Başı bəlalı, bir zaman Xocalıda tikilməsi nəzərdə tutulan, lakin  universitetə bağışlanan, sonra elə Qarabağdan qaçqın düşən soydaşlarımıza qismət olan ikimərtəbəli taxta bina qaçqınlar gedəndən az sonra elektrik xətlərinin qısa qapanması nəticəsində alışıb yarım saatın ərzində külə döndü...)

2023.16 kvadrat metrlik təməlin üzərində ümumi sahəsi 8400 kvadrat metr olan beşmərtəbəli binanın tikilməsi qərara alındı. Bu, ərazicə BDU-nun 2008-ci ildə istifadəyə verilən onmərtəbəli 3-cü tədris korpusunun sahəsindən böyük idi. Nəzərə alanda ki, burada yalnız birtipli tədris auditoriyaları yox, həm də hər birində fərdi sanitar qovşağı, duş kabinəsi və yataq dəsti olan 150 otaq, 200 nəfərlik yeməkxana kompleksi, 300 nəfərlik böyük akt zalı, idman və trenajor zalları, kitabxana və  digər zəruri otaq və avadanlıqlarla təchiz edilmiş mürəkkəb bir şəbəkə qurulmalı idi. Tikintinin miqyasını təsəvvür etmək onu başa çatdırmaq qədər çətin idi. Çətinliyi bir qədər də mürəkkəbləşdirən 2 amil də var idi: 1) tikintiyə heç bir vəsait ayrılmamışdı, bütün işlər daxili imkanlar hesabına görülməli idi; 2) tikinti 2013-cü ilin sentyabrında başa çatmalı idi. Cəmi il yarıma nəhəng bir işi, həm də vəsait ayrılmadan, yalnız daxili imkanlar hesabına görüb başa çatdırmaq heç də real görünmürdü. Lakin universitet kollektivinin birgə səyi, bütün qüvvələrin səfərbər olunması və əlbəttə, rektor, akademik Abel Məhərrəmovun yüksək təşkilatçılıq bacarıqları bu qeyri-real xəyalları gerçəyə çevirdi.

Sərt hava şəraitinə, yolun uzaqlığına, qarşıya çıxan irili-xırdalı problemlərə baxmayaraq, tikinti sürətlə davam edirdi. BDU-nun bir neçə məsul işçisi tikintiyə təhkim edildi, universitetin təsərrüfat sahəsində çalışan əməkdaşlarının böyük əksəriyyəti Qubaya ezam olundu. 2013-cü il aprelin 28-də BDU kollektivi Nügədidə ilk iməciliyi keçirdi. Rektordan tələbəyədək, təxminən 1500 adamın qatıldığı iməcilik kollektivin monolit birliyinin göstəricisi oldu və tikintini başa çatdırmaq ümidlərini artırdı. Bundan sonra iməciliklər intensiv xarakter aldı, necə deyərlər, ürəyinin çağırışı ilə onlarla insan şənbə və bazar günlərini tikintinin başa çatmasına həsr etdi. Avqust ayından isə bu intensivlik bir qədər də artdı, ayrı-ayrı fakültələrin əməkdaşları açılış ərəfəsində ərazinin abadlaşmasına və səliqəyə salınmasına öz töhfələrini verdilər. Qısa müddət ərzində əkilən ağaclar və güllər, salınan yollar, göz oxşayan yaşıllıqlar təbiətin bu dilbər guşəsinə yeni rövnəq gətirdi. Heç kəsin belə tezliklə başa çatacağını təsəvvür edə bilmədiyi bu tikinti sentyabrın ortalarında, axır ki, yekunlaşdı və bir zamanlar – 1919-cu ildə universitet açılarkən ilk rektor V.V.Razumovskinin dediyi: “Şərqlə Qərbin qovşağında bir məşəl yandı – bu, Bakı Dövlət  Universitetidir”, – sözləri insanları nə qədər sevindirmişdisə,“ 45 illik gözləmələrdən sonra, nəhayət, Qubada tədris-təcrübə mərkəzi açıldı!!!” nidası da ürəklərdə belə bir fərəh oyatdı.

Bəli, 2013-cü il sentyabrın 18-i BDU-nun tarixinə xüsusi bir hadisə kimi yazıldı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Bakı Dövlət Universitetinin tədris-təcrübə və istirahət mərkəzinin  açılış mərasimində iştirak etdilər. Hörmətli qonaqlar mərkəzin açılışını bildirən lenti kəsdikdən sonra bina ilə tanış oldular. Tikintinin gedişi və binanın strukturu ilə yaxından maraqlanan ölkə başçısına rektor, akademik Abel Məhərrəmov ətraflı məlumat verdi. Cənab İlham Əliyev tədris və istirahət otaqları, akt və konfrans zalları, yeməkxana və idman kompleksləri ilə tanış oldu, binanın tikintisindən və tələbələr üçün yaradılan şəraitdən razılığını bildirdi. Məlumat verildi ki, 8 hektar ərazisi olan  mərkəzin həyətində 2 idman stadionu (biri futbol, digəri voleybol və böyük tennis), mərkəzi qazanxana və su anbarı, zövqlə bəzədilmiş park və yaşıllıqlar yerləşir. 400 nəfər üçün nəzərdə tutulan tədris və istirahət korpusunda universitetin müəllim və tələbələri üçün hər cür şərait yaradılıb. Binanın girişində ümummilli lider Heydər Əliyevin büstü qoyulub, arxasındakı divarda onun ölkəmizin müstəqilliyi ilə bağlı dəyərli fikirləri həkk olunub. Üzbəüzdə isə həm ümummilli liderin, həm də ölkə başçısı cənab İlham Əliyevin universitetlə bağlı şəkillərindən ibarət fotostend hazırlanıb. Mərmər pilləkənlərlə 2-ci mərtəbəyə qalxarkən geniş vestibül göz oxşayır. Burada BDU-nun tarixi ilə bağlı maraqlı lövhə, tədris-təcrübə və istirahət mərkəzində gedən tikinti işlərini əks etdirən fotostend yerləşdirilib, tələbə və müəllimlərin asudə vaxtda söhbət etmələri və gündəlik mətbuatla tanış olmaları üçün yumşaq mebel dəstləri quraşdırılıb. Elə 2-ci mərtəbədə müxtəlif disputların, müzakirələrin aparılması və tədbirlərin keçirilməsi üçün 30 nəfərlik konfrans zalı yerləşir. Bu mərtəbədə həm də professor-müəllim heyəti üçün nəzərdə tutulmuş və  ən müasir tələblərə uyğun inşa edilmiş 2-3 otaqdan ibarət 5 VİP mənzil də var. Müxtəlif səviyyəli tədbirlərin keçirilməsi üçün hər cür şəraiti olan 300 nəfərlik böyük akt zalı 3-cü mərtəbədədir. Buradakı işıqlandırma və səs sistemi, akustika və video görüntülər şəbəkəsi peşəkar mütəxəssislər tərəfindən məharətlə quraşdırılıb. Böyük akt zalının qarşısındakı vestibüldə tənəffüs zamanı iştirakçıların istirahəti üçün şərait yaradılıb.

4-cü mərtəbə yalnız yataq otaqları üçün nəzərdə tutulub. Geniş və işıqlı dəhlizlərdəki səliqə-sahman göz oxşayır. Zövqlə bəzədilərək bütün zəruri avadanlıqlarla təchiz edilmiş və fərdi sanitar qovşağı, duş kabinəsi olan otaqların əksəriyyəti 2-3 tələbə üçün  nəzərdə tutulub.

Aşağı mərtəbədə yerləşən yeməkxana 200 nəfərlik müəllim-tələbə heyətinə birdəfəyə xidmət edə biləcək. Bura ərzaqların saxlanılması, hazırlanması və təqdimatı üçün Avropa istehsalı olan avadanlıqlarla təchiz edilib. Binada idman növləri ilə məşğul olmaq üçün ayrılmış bölmədə trenajor zalı, güləş döşəkləri, stolüstü tennis, bilyard və digər stolüstü oyunlar üçün şərait var. Burada yaradılmış elektron kitabxanada müxtəlif mövzulara aid yüzlərlə ədəbiyyat toplanıb. Bundan əlavə, tədris-təcrübə və istirahət  mərkəzində müxtəlif elmi istiqamətlər üzrə laboratoriyalar, elektron lövhə və digər müasir avadanlıqlarda təchiz edilmiş tədris auditoriyaları təşkil olunub.

Bir sözlə, bir zamanlar çadırlarda yaşayaraq tədris təcrübəsi keçənlər arasında fantaziyası ən güclü olanların da təsəvvür edə bilmədiyi arzular artıq reallığa çevrilib. Buna böyük zəhmət, iradə, əzmkarlıq, bəlkə, daha çox vətənsevərlik, milli təəssübkeşlik lazım idi ki, bunu da universitet kollektivi bacardı. Elə 2013-cü il sentyabrın 21-də – açılış mərasimindən 2 gün sonra tədris-təcrübə və istirahət mərkəzində ilk dəfə keçirilən rəsmi tədbirdə – Bakı Dövlət Universiteti Böyük Elmi Şurasının genişləndirilmiş iclasında bir neçə digər məsələ ilə bərabər bu barədə də danışıldı. Təxminən 150 nəfər əməkdaşa müxtəlif mükafatlar verildi. Xüsusi xidmətləri olan 12 nəfərə, o cümlədən iqtisadi və təsərrüfat işləri üzrə prorektor Nəbi Ramazanlıya, aparıcı mühəndis Müstəqim Məmmədova, Elmi kitabxananın direktoru Sara xanım İbrahimovaya və başqalarına “Quba rayonunda inşa edilən tədris-təcrübə və istirahət mərkəzinin vaxtında və keyfiyyətlə təhvil verilməsində müstəsna xidmətlərinə və universitetin ictimai həyatındakı fəal mövqeyinə görə” rektorun imzaladığı xüsusi fəxri fərman təqdim olundu. İclasın sonunda universitet kollektivi adından çıxış edən HİK-in sədri Fikrət Şiriyev qeyd etdi ki, mərkəzin tikintisində 2000 nəfərə yaxın əməkdaşımız iştirak edib. “Bu gün onların hamısına minnətdar olsaq da, hamının adını çəkə bilmədik. Lakin bir nəfərin adı mütləq qeyd olunmalıdır, icazə verin ona imzalanmış təşəkkür məktubunu oxuyum:

“Bakı Dövlət Universitetinin rektoru akad. Abel Məhərrəmova

Hörmətli Abel müəllim!

Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən təntənəli açılışı həyata keçirilən Quba Tədris-təcrübə və İstirahət Mərkəzinin istifadəyə verilməsi münasibətilə Sizi Bakı Dövlət Universitetinin bütün kollektivi adından təbrik edirik!

Uzun müddət diqqətdən kənarda qalan bir ərazidən füsunkar təbiətli, müasir üslublu bir kompleksə çevrilən bu mərkəz bilavasitə Sizin təşəbbüsünüz, təşkilatçılığınız və memarlığınızla ərsəyə gəlmişdir. Doğma universitetin 23 minlik böyük  kollektivi: professor-müəllim heyəti, tələbələri, kollektivin hər bir üzvü, – ümumiyyətlə, elmi, təhsili, tərəqqini dəyərləndirməyi bacaran bütün insanlar adından gördüyünüz bu nəhəng işə görə Sizə təşəkkür edirik. Bu layihənin gerçəkləşməsində xidməti olan bütün insanlar Sizinlə birgə olmaqdan qürur hissi keçirir, xalqımızın, ölkəmizin həyatında əlamətdar hadisə kimi qiymətləndirilən bu Mərkəzin tikintisinin başa çatmasında Sizə dəstək olmaqdan məmnunluq duyurlar. İnanırıq ki, Mərkəz xalqımıza, təhsilimizə, elmimizə uzun onilliklər boyu xidmət edəcək, universitetimizin, təhsilimizin tarixinə şərəflə yazılan bu səhifəni varaqlayan gələcək nəsillər akademik Abel Məhərrəmovun titanik zəhmətini, yorulmaz və məqsədyönlü fəaliyyətini, müstəsna xidmətlərini həmişə yüksək dəyərləndirəcəklər.

Böyük ehtiramla

BDU-nun kollektivi  

21 sentyabr 2013-cü il”.

Bu  çıxışdan sonra kollektiv adından AMEA-nın müxbir üzvü, professor Rəfiqə Əliyeva rektora mükafatı və məktubu təqdim etdi.

Elmi Şuranın rəsmi hissəsi bitdikdən sonra qonaqlar yeməkxanaya dəvət olundu, tədbirin bədii hissəsi keçirildi.

Bununla da Bakı Dövlət Universitetinin Quba Tədris-Təcrübə və İstirahət Mərkəzi fəaliyyətə başladı.

 

Fikrət Şiriyev
BDU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri

 





08.10.2013    çap et  çap et