525.Az

"Özgə qadınlar" - Afaq Şıxlının şeirləri


 

"Özgə qadınlar" - <b style="color:red">Afaq Şıxlının şeirləri </b>

ANAMA

Əziz anam, ömür adlı qatardan
Ayrıların sırasına düşmüşəm.
Doğmalarım yadlarıma qarışıb,
İki dünya arasına düşmüşəm.

Bu gün imiş dünənlərin yarını,
Sevən sevib, gəzən tapıb yarını.
Dərən dərib nübarını - barını,
Mən talenin urasına düşmüşəm.

İsmətimdən pərdə çəkib üzümə,
Dar günümdə güvənmişəm özümə.
Arxalanıb ağ diləkli sözümə,
Misraların qarasına düşmüşəm.

Qərib eldə ömür keçib talanda,
Xeyir- şərdə, həqiqətsə yalanda.
Şeirlərim sarı simmiş, çalanda
Ürəyimin yarasına düşmüşəm!

Mizan əyri, çox da ona düz deyin!
Fələk sayır bildiyini, yüz deyin!..
Mən düşündüm, tapammadım, siz deyin -
Tərs qismətin harasına düşmüşəm?

ƏZİZLƏYƏK ATAMIZI!

Əzizləyək atamızı!
Uşaq kimi əzizləyək!
Qayğısını çəkə-çəkə
Ruhumuzu təmizləyək!

Qoy arınsın vicdanımız
Hər dəfə can deyə-deyə.
Qayğımızla körpü salaq
Qocalıqdan körpəliyə.

Hər ərkinə qurban edək
Malımızı, pulumuzu.
Alqışları, duaları
Aydınlatsın yolumuzu.

Yada salaq, necə bizə
Güc verərdi Ata sözü.
Necə bəxtəvər sanardıq
Qucağında özümüzü.

O qüdrətli vücudunda
Uşaq qədər güc yox indi.
Dünya dəyiş-düyüş olmuş -
Biz - övladın, o - bizimdi...

Ataların sağlığında
Haqdan yanan bir ocağıq!
Ata-ana olmayınca
Kimə övlad olacağıq?

***

Gəlmişsə də bu dünyaya,
Gərək xoşbəxt ola insan.
"Xoşbəxtəm" demək asandır,
Bir də buna inanasan.

Özünə yol seçmək azdır,
Seçdiyin yolu sevəsən!
Sevən üçün qış da yazdı,
Həyatı dolu sevəsən!

İnanasan öz gücünə
Bilməsə də kimsə bunu.
Boğmayasan kaş içində,
Xoşbəxt olmaq arzusunu.

***

Bizə də Günəşdən pay düşüb bu gün,
Bizə də üz tutub nuru göylərin!
Nə vaxtdı könlümüz həsrətə küsgün,
Nə vaxtdı dərdimiz dərindən-dərin...

Bizdə də xoş günün odu-ocağı,
Yandırıb nisgilin dodaqlarını.
Alovlu şəfəqlər bu sabah çağı,
Əridib qürbətin buz dağlarını.

Sağalıb elə bil o qərib yaram
Sevib-sevənlərin alqışlarına.
Günəşin nuruna şeir yazıram
Bənzədib Tanrının baxışlarına!

GEDƏCƏKSƏN...

Gedəcəksən, kövrələcək
Oxuduğum şeirlər...
Yenə qürbətə dönəcək
Yaşadığım bu yerlər.

Saralacaq gül bənizi
Çiçəklərin, otların...
İzlərini axtaracam
Sevindiyim vaxtların.

Sənsiz şəhər boşalacaq,
Qəm gözümü yumacaq.
Həsrətimdən bixəbərlər
Məndən ağıl umacaq...

BU YAY...

Bu yay belə yay idi;
Gecələri gah aydın,
gah parçalı buludlu...
Sabahları səninlə
bir görüşə umudlu...

Qəribliyə qol açmış arzuları -
çiçəksiz...
Hər addımı ürəksiz...

Dəyib keçən günlərə,
çiliklənən gümanlar
yüz həsrətə tay idi...
Bir ucu intizarda,
Bir ucu son baharda,
Bu yay belə yay idi...

İNSAN

İnsan da bir dəmir parçası məgər,
Bir eşqin oduna əriyə bilir.
Unudulsa əgər, atılsa əgər,
İçindən-içindən çürüyə bilir.

Özünü tapmaqçün əzilıb öncə,
Zindanlar üstündə bərkiyir o da.
Alışıb yanınca, közə dönüncə,
Soyudur hirsini bir ovuc suda.

Cəlb edib özünə bənzəməyəni,
Yaxşısa - yamanı qoynuna alır.
İnsan da bir dəmir parçası kimi,
Lazım olmayanda pas atıb qalır.

Mariko Sumikuraya

Sənin gözəlliyində -
cəhrayı rəngi,
təbiətində - ahəngi sevdim,
Sakura!

Sənin incəliyində -
çiçək zərifliyini,
bir qadının
zəifliyini sevdim, Sakura!

Üzünü görmədiyim bir şəhəri,
üzümə hələ açmamış al səhəri,
özgə bir xalqın adətlərini,
süfrəsinin nemətlərini sevdim...

Qismət olsa, bir gün səni
saçlarıma taxaraq
keçəcəm Tibanın küçələrindən.
Doğan günəş bərq vuraraq
salamlayacaq məni,
evlərin pəncərələrindən.

Ürəyimin həsrət yanğısını
sevinclə soyudacağam!
Və o zaman, Sakura,
yaşaya bilmədiyim
gəncliyimə qayıdacağam!

NƏ VAR Kİ!

Canım-gözüm, dünya elə dəyişib...
Hər yetəni yar bilməyə nə var ki!
Sən dərdlinin dərdlərinə çarə qıl,
Xoşgünlüyə xoş gəlməyə nə var ki!

Əyən əyib doğruluğun qəddini,
Haqsızların nə imanı, nə dini?!
Kotan kimi yer əkməkdi çətini,
Toxum olub səpilməyə nə var ki!

Həyat - özü tüstülənən buxarı,
Axtarsan da yoxdu axar-baxarı.
Boğaz boydan, söz boğazdan yuxarı,
Belə sevib-sevilməyə nə var ki!

Hər nə gəlsə bəxtdən gəlir, ona san!
Afaq Şıxlı, bəxti yatmış sonasan...
Sınanda da ağac kimi sınasan,
Budaq kimi əyilməyə nə var ki!

ÖZGƏ QADINLAR

Özgə qadınları gözəl olurlar...
Yoxdur gözlərində həsrət qorxusu.
Nə gül üzlərində kədər izi var,
Nə də üstlərində mətbəx qoxusu.

Onlara xoş gəlmək gələr əlindən,
Onlarçün sən cavan olarsan yenə.
Nə tərif söyləsən - düşər yerinə,
Nə alsan - yaraşar əyinlərinə.

Səninki... ha çalış, olmaz onlartək...
Dəyişib zamanla, əvvəlki deyil.
Qapını açanda çırpınmaz ürək,
Səninki olsa da "səninki" deyil.

Heyiflər deyərsən keçən hər ana,
Eh, nələr ötüşər fikrindən, nələr...
Amma ki, nədənsə gəlməz ağlına:
O da bir özgənin xoşuna gələr.

ÇİÇƏK OLDUĞUNU UNUDAN QADIN

Ay rı düşüb, sahil kimi, dənizdən,
Xoşbəxtliklə arasında cizgi var.
Nə zamandı sevinməyir o üzdən,
Ürəyində bir gərəksiz sevgi var;

Fəsillərlə həsrət qalıb günəşə,
Gecələri bulud örtüb ayını.
Qürurundan bəxt verənə gənəşib
İstəməyib öz səadət payını.

Tək qaldıqda hey ağlayıb-inləyib,
İncisə də, incitməyib heç kəsi.
Qar altında ətir saça bilməyib
Boynubükük arzuların qönçəsi.

Qarışıb ömründə yalanla gerçək,
Donub əllərində qərib həyatın -
Qadın olduğunu unudan çiçək,
Çiçək olduğunu unudan qadın.

ANAM ƏVVƏLKİ DEYİL...

Düşüncələr anamı
harayasa aparır,
Fikir, xəyal içində...
Hərdən nəsə danışır
dodağının ucunda...
Kölgə kimi dolaşır
ayağının ucunda...
Üzümə göz diksə də,
Görmür məni elə bil.
Yorğundu baxışları,
Seyrəlib alqışları,
Anam əvvəlki deyil...

Çiçək ətri qoxuyur,
Əynində məxmər donu.
Durub-durub öpürəm,
Qucaqlayıram onu.
Bu kiçicik otaqda
O - böyük dünyam mənim.
Ruhundan ruhum doğub
Bədənindən - bədənim.

Ana!
Məni bir az sev!
"Əzizim" de, sevindir!
Bu mənzil yox,
ürəyim sənin könül evindir.
Uğur deyə nəyim var -
Sənin zəfərlərindir!
Ana!
Gözlərim dolur
Səni qərib ellərdə
yadıma salan kimi.
Bəsləmədin,
amma sev məni öz balan kimi!

... Üzünün qırışında
zaman fəryad qoparır,
Fikri durna qatarı.
Ruhu sual içində,
Ömrü bələni aşır.
Yanımda ola-ola
getdikcə uzaqlaşır,
Uşaqlaşır elə bil.
Dəyişir yerişləri,
Dəyişir baxışları...
Anam əvvəlki deyil...
Uzaq və yaxın Meksika

 





24.06.2019    çap et  çap et