525.Az

Dünya şöhrətli fotoqraf: "Çəkdiyim fotolar göstərəcək ki, biz nə qədər vəhşi olmuşuq"


 

Dünya şöhrətli fotoqraf: "Çəkdiyim fotolar göstərəcək ki, biz nə qədər vəhşi olmuşuq" <b style="color:red"></b>

Dünya şöhrətli fotoqraf, humanist Reza Deqatinin APA-ya müsahibəsi

- Reza bəy, Azərbaycana budəfəki səfərinizin məqsədi nədir?

- Budəfəki gəlişimin iki məqsədi var. Əvvəla Heydər Əliyev Mərkəzində Azərbaycan haqqında sərginin açılışı oldu. Açılışda iştirak etməli idim. İkincisi də BMT ilə bir proqram həyata keçirməyə başlamışıq: Kənd təsərrüfatında və başqa sahələrdə çalışan Azərbaycan qadınlarına həm fotoqrafiya öyrədəcəm, həm də onlarla bağlı fotolar, film çəkəcəyəm.

- Azərbaycanda əvvəllər də oxşar layihələr həyata keçirmisiniz?

- Belə layihəm olmayıb, amma Azərbaycan haqqında başqa işlər görmüşəm; kitab yaratmışam, reportaj eləmişəm, Azərbaycanla bağlı dünyada çoxlu sərgi düzənləmişəm.

- Amma Əfqanıstan və başqa ölkələrdə daha fərqli fəaliyyətləriniz olub. Məsələn, Əfqanıstanda qadınlar üçün radio qurmusunuz. Nə əcəb bu vaxta qədər Azərbaycanda belə layihələr həyata keçirməmisiniz?

- Azərbaycanda bu işləri mən 96-97-ci illərdə eləmişəm. Bayılda o vaxt Zəngilandan gələn məcburi köçkünlər vardı. Onların uşaqlarına elə Bayılda məktəb düzəltmişdim. Həmin məktəb indi də qalır. O zaman burda hökumət çox zəif idi, ölkə yoxsulluq vəziyyətində idi, ona görə burda məktəb açmışdım. Amma siz dediyiniz kimi layihə eləməmişəm, qismət olsa, bundan sonra edəcəyəm.

- Əvvəl memarlıq təhsili almısınız, sonra fotoqrafiyaya keçdiniz. Memarlığı atmağınıza səbəb nə oldu?

- Əslində mən fotoqraflığa daha əvvəl başlamışdım. Foto çəkmək özümə maraqlı idi. Elə o zaman da belə fikirləşirdim ki, fotoqrafiya dünyaya böyük dəyişiklik bəxş edəcək. Ona görə 13 yaşım olanda Təbrizdə fotoqrafçılığı öyrəndim. İnsanların şəkillərini çəkib bir-birinə göstərirdim. Sonra memarlığı oxudum. Axı o vaxt fotoqrafçılıq peşə sayılmırdı, bilmirdik bunu harada oxuyub öyrənmək olar. İran inqilabı başlayanda isə düşündüm: bir halda ki, İranda dəyişiklik başlayıb, mən də foto sahəsinə keçim. Bu səbəblə bir dəfə universitetə gəlib xahiş elədim ki, mənə üç gün icazə verin, gedim mitinqlərin, nümayişlərin fotosunu çəkim, qayıdacağam. Elə o gedən getdim; üç gün oldu dörd gün, dörd gün oldu beş gün... Bax beləcə 40 il keçdi.

- Şəkil çəkməyə başlayanda məqsədinizin foto ilə dünyanı dəyişmək olduğunu dediniz. Dəyişə bildinizmi?

- Mən indi başqa cür düşünürəm. Dünyanı foto yox, insanlar dəyişir. Foto da gərək insanları dəyişə. Mənim və ya başqalarının fotoları insanları dəyişir, həmin insanlar da dünyanı dəyişirlər. Mən əminəm ki, foto ilə insanlar arasında bu cür rabitə mövcuddur. 21-ci əsr foto əsridir. İnsanlar indi fotoya baxırlar, onun vasitəsi ilə hər şeyə reaksiya verirlər.

- İndi hamının əlində smartfon var, hamı rahat şəkildə foto çəkir, sonra onu sosial şəbəkələrdə yayır. Sizcə bu tendensiyanın foto sənətinin dəyərinin azalmasına təsiri yoxdur ki?

- Heç təsiri yoxdur. Bilirsiniz, hamının əlində qələm var. Bunların hansı Bəxtiyar Vahabzadə kimi yaza bilir? Onun da əlində qələm vardı. Əldə qələmin olması yazıçı olmaq demək deyil. Hər kəsin də əlində telefonun, fotoaparatın olması o demək deyil ki, hamı fotoqraf olacaq. Sabah gedim mən də özümə ən bahalı saz alım, o demək deyil ki, aşıq olacağam. Əksinə, çox yaxşı təsiri var. O adamlar ki, mobil telefonlarla foto çəkirlər, sonra peşəkar fotoqrafın da çəkdiyinə baxırlar və anlayırlar ki, bu işdə başqa bir sirr var. Mən ona görə fotoqrafiya kursları açıb hər kəsə bu sənətin sirrini öyrədirəm.

- Reza bəy, 1979-ci ildə ABŞ səfirliyinə hücum vaxtı həmin hadisəni işıqlandıran yeganə jurnalist olmusunuz. Bu hadisənin Sizin taleyinizdə necə bir rolu oldu?

- Mən özümü ora yetirən birinci jurnalist idim. O zaman Fransanın agentliyi ilə, bir də “Newsweek”lə işləməyə başlamışdım. Onlara telefon açıb dedim ki, belə bir hadisə olub. Diqqət etmədilər. 36 saat sonra dedilər ki, bu çox böyük məsələdir. Onda mənim fotolarım bütün dünyada yayılmağa başladı.

- Siz səfirliyin içinə daxil olmuşdunuz?

- Mən ora çatanda gördüm ki, bir neçə adam hasardan o üzə aşır, mən də aşdım. Birdən gördüm ki, bunlar bir qrupdurlar, hamısının köynəyinə nişan - üstünə Xomeyninin şəkli vurulmuş kağız yapışdırılıb. Hasardan aşan kimi məni tutub soruşdular ki, nişanın hanı, dedim jurnalistəm, bu sözdən sonra məni geri qaytardılar. Onlarla içəridə qala bilmədim. Səfirliyin qapısı dəmir barmaqlıqlar idi, ordan içərini çəkmək olurdu. Həmən adamlar fotoaparatı əlimdən alıb lenti çıxardılar, özləri ilə götürdülər. Oradan çəkdiklərim bütün dünyaya yayıldı. O zaman 7 dəfə “Newsweek”in üz qabığına çıxmışam.

- Şah rejimi dövründə də 3 il həbsdə yatmısınız. Təqsiriniz nə idi?

- O da elə fotoya görə olmuşdu. O zaman foto-jurnallar yox idi, ölkədə cəmi bir televiziya fəaliyyət göstərirdi. Mən də memarlıqda təhsil alan tələbə idim. Gizlincə gedib yoxsulların, fəqir adamların fotolarını çəkərdim, evdə fotoçıxarma laboratoriyası düzəltmişdim, orda fotonu çıxarardım, köynəyimin altında gizlədərdim, gecə gedib universitetin həyətinə, şəhərin küçələrinə yapışdırardım. Altına da yazardım ki, baxın, şəhərdə belə aclar yaşayır. Televiziya belə şeyləri göstərmirdi deyə, insanlar mənim fotolarımı görəndə təsirlənirdilər.

- Solçu idiniz?

- Solçu nə deməkdir?

- Solçu, yəni sosialist, kommunist.

- Bilirsiniz, mən əslində bunların heç birinə inanmıram: nə solçusuna, nə sağçısına, nə mərkəzçisinə. Mən inanıram ki, incəsənət adamı bunların hamısından uzaq görə bilir. Mənə universitetdə deyirdilər ki, solçusan, deyirdim mən sol-sağ bilmirəm, mən insanın dərdini çatdırmaq istəyirəm. Sol deyirsiniz, solam, sağ deyirsiniz, sağam.

- Bunun üstündə sizi tutub 3 il həbs verdilər.

- Bəli. 3 il həbsdə yatdım, bunun 5 ayını da işgəncə gördüm. Balaca, bağlı otaqda qalırdım, günün istənilən saatında aparıb döyürdülər, elektrik şoku verirdilər, əlimi arxadan bağlayıb asırdılar, saatlarla o vəziyyətdə qalırdım. İnanmırdılar ki, bu işi görən bir nəfər adam ola bilər, elə bilirdilər xarici ölkələrdən hansınınsa agentiyəm. İnanmırdılar ki, 19-20 yaşında olan bir adam gedib yoxsulların şəklini çəkə bilər.

- Sizi Şah rejimində də qəbul etmədilər, sonra molla rejimi gəldi, onlar da qəbul etmədilər və təqiblərdən sonra 1981-ci ildə mühacirət etməyə məcbur qaldınız. Soruşmaq istəyirəm, sizin üçün azadlıq nədir? Ümumiyyətlə, sənətkar üçün azadlıq nədir?

- Azadlıq odur ki, adam öz işini görə. Sənətkar işini görə bilməlidir. İşimə görə dəfələrlə ölümlə üzləşmişəm. Elə vaxt olub ki, gözümü bağlamışam, demişəm, vəssalam, Reza, getdin. Sonra gözümü açmışam ki, böyrümdəkilər ölüblər, birinin başı gedib, o biri paralanıb. Mənsə yüngül xəsarət almışam.

- Harada olub?

- Çox yerdə. Livanda olub, İran-İraq müharibəsində olub, Əfqanıstanda olub.

- Doxsanıncı ildə Qanlı Yanvar hadisələrini çəkmək üçün Bakıya gələndə də qatarda rus əsgərlərin əlinə keçməmək üçün yük yerində gizlənmisiniz.

- Hə.

- Bakıya gəlmək öz təşəbbüsünüz idi, yoxsa hansısa agentlikdən göndərmişdilər?

- Siz bir agentlikdə işləyəndə hər hansı bir coğrafiyanı ayırırlar ki, həmən yerə sən məsulsan. O zaman da bütün Azərbaycan, Əfqanıstan, Orta Şərqin hamısından məsul mən idim. Qara Yanvar xəbərini mən Parisdə eşitdim, 21-i günü. Elə həmin gün səfirliyə qaçdım. Onda Azərbaycana viza verilmirdi, gərək Moskvaya uçub, oradan da Bakıya yetişəydin. Mən də o cür elədim, Moskvada Azərbaycan nümayəndəliyinə getdim, onlar da mənə kömək elədilər, qatarla özümü yetirdim Bakıya. Burda məni üç gün gizlin şəkildə morqa apardılar. Hadisələr olan yerləri gəzdirdilər.

- Maneçilik törətmirdilər?

- Yanımda olan azərbaycanlılar mənə kömək edirdilər. Bir də belə bir şey öyrənmişdim, rus əsgər görən kimi deyirdim, “ya po ruski neznayu, ya azerbaycanes”, o dəqiqə buraxırdılar, xarici olduğumu bilmirdilər.

- Xocalı faciəsini eşidəndə də yetişdiniz...

- O da eyni oldu. Fevralın 27-i, ya 28-i xəbər tutdum. Dərhal Bakıya gəldim. Burda dedilər ki, xarici jurnalistlər Qarabağa gedə bilməz. Mən də Fransadan gələn Ümumdünya Səhiyyə Təşkilatının əməkdaşlarına qoşulub Ağdamacan getdim. Orda komandir Allahverdi ilə (Azərbaycan Milli Qəhrəmanı, şəhid Allahverdi Bağırov-M.A.) tanış oldum, üç gün onunla qaldım, mənə çox kömək elədi. Orda mən çox dəhşətli mənzərə gördüm. Xocalıdan qaçanların hamısı ilə söhbət edirdim, faciəni araşdırırdım.

- 20 Yanvar, Xocalı, Qarabağ hadisələrini dünyaya çatdırmısınız. Bütün bunlar həyatınızı təhlükəyə atmaq bahasına başa gəlib. Bunları edərkən daha çox peşəkar kimi davranmısınız, yoxsa içinizdə bir azərbaycanlı, vətənpərvərlik alovu da olub ki, gəlib öz millətimin dərdini görüb xaricə çatdırım?

- Sözün düzü, bu, çox dərin haldır. Jurnalist də doktor kimidir. Tutalım bir adam doktorun oğlunu öldürüb və indi özü xəstədir, heç nəyə baxmayaraq doktorun borcu onu müalicə etməkdir. Mən də o cür. Belə faciə görəndə əsas insan amili önə çıxır. Bu ermənidir, azərbaycanlıdır, rusdur, əfqandır, bunların əhəmiyyəti olmur. Mən dünyaya belə baxmasam, sözlərimin təsiri olmayacaq. Ona görə fərq eləməz. Mən hətta o vaxtı Ağdamda olanda qarşı tərəfə keçmək istəyirdim ki, görüm Xocalıda əslində nə olub? O vaxt “Qırmızı Xaç”dan olan fransız dostlarım mənə dedilər ki, Reza, bizdə belə bir məlumat var, sən o tərəfə getsən, səni öldürəcəklər. Buna görə getmədim, imkanım olsaydı, gedib görəcəkdim. Amma Fələstin-İsrail müharibəsində mən eyni vaxtda hər iki tərəfi gedib çəkmişəm. Münaqişələrə obyektiv yanaşmasan, dünya səviyyəsində jurnalist ola bilməzsən.

- Münaqişə ocaqlarını, müharibələri, dəhşətləri çəkmək Sizdə hansısa psixoloji təsir yaradıb?

- Əlbəttə bunları çəkmək xoş deyil. Bu dəhşətlər məndə də iz qoyur. Demək olmaz ki, bu qədər faciəni görməyimə baxmayaraq, mən rahat yaşayıram. Onlar sonradan kabus kimi gözümün qabağına gəlir. Amma niyə bu işi davam etdirirəm? Mən bilirəm ki, müharibə qurbanlarının səsini dünyaya çatdırmaq lazımdır. Bu da mənim boynuma düşüb.

- Onun üçün fotoqrafiya ilə yanaşı, dünyanın hər yerində insan haqları ilə bağlı fəaliyyətlər həyata keçirirsiniz və adınızın qabağında humanist sözü də yazılır?

- Məndən soruşanda ki, sən fotojurnalistsən, yoxsa humanist, deyirəm ki, mən özüməm. Çünki hamısı bir-birinə bağlıdır. Düşünürəm ki, həm foto çəkib dünyaya göstərə bilirəm, həm də insanlara foto çəkməyi öyrətsəm, Əfqanıstanda olduğu kimi radio açmağa, jurnal çıxarmağa kömək eləyə bilsəm, onlar özləri öz səslərini dünyaya çatdıra bilərlər. Ona görə mən bu işləri görürəm. Fotolarımdan, sərgilərimdən, kitablarımdan nə gəlirim olursa, bu işlərə xərcləyirəm.

- Sizin belə bir maraqlı layihəniz də olub: oğlunuzla Parisdən Pekinə səyahət etmisiniz.

- Məndən həmişə soruşanda ki, özünüzü necə təqdim edərdiniz, deyirəm mən hər şeydən əvvəl iki uşaq atasıyam. İnsan gərək uşaqlarına da vaxt ayırsın. Amma mənim işim elədir ki, ildə doqquz ay uşaqlarımdan ayrı düşmüşəm. Daim səfərlərdə olmuşam. Düşünürdüm ki, gərək bir zaman onlar üçün də nəsə edəm. Bu da oğlumun fikri idi. 8 yaşı olanda bir dəfə aeroportda ağladı ki, məni də özünlə apar. Mən də ona söz verdim ki, qoy 15 yaşın olsun, sən bir səyahət planı hazırla, o plana uyğun olaraq hara istəsən gedərik. Oğlum da on beş yaşı olanda dedi ki, Parisdən Pekinə gedək.

- Jül Vernin qəhrəmanları kimi...

- Hə, biz də Parisdən qatarla iki aya Pekinə getdik. Özümüzlə təkcə çiyin çantaları götürmüşdük, üstümüzdə artıq heç nə yox idi. Bir də söz vermişdik ki, hər gün bəlli miqdarda pul xərcləyəcəyik, ondan artığını xərcləməyəcəyik. Bax, belə maraqlı səfər oldu. Mən o səfəri lentə də aldım, sonra “National Geographic” onu altı saatlıq film elədi. Oğlum da o zaman bloq yazırdı. Fransanın bir nəşriyyatı səyahət xatirələrindən ibarət kitab çıxarmaq üçün ona müqavilə yollamışdı.

- Oğlunuz hazırda nə işlə məşğuldur?

- Oğlum hazırda kino sahəsindədir, ssenarilər yazır.

- Yoldaşınız da yazıçıdır.

- Bəli, yoldaşım fransızdır, yazıçıdır.

- Belə olan halda ədəbiyyata münasibətiniz necədir?

- Ədəbiyyat bizim sütunumuzdur. Ədəbiyyatsız necə yaşamaq olar? Mən şeiri çox sevirəm. Bütün şairləri oxuyuram.

- Bizim şairlərdən kimləri bəyənirsiniz?

- Hamısını. Füzulidir, Nəsimidir... Sabiri çox sevirəm. Sabirin sözləri bu məmləkətdə gərək yenə də çıxsın, oxunsun.

- Bizdə belə fikir var ki, Sabirin şeirlərinin indi də aktual olması yaxşı hal deyil, deməli biz 100 ildə heç dəyişməmişik.

- Yox, belə deyil. Siz deyirsiniz ki, insan yüz ildə dəyişilər? Dəyişməz. Bəlkə insanın geyimi dəyişilə, binaları dəyişilə, yeməyi dəyişilə, amma fikri dəyişməz. Fikri dəyişmək üçün beş yüz il lazımdır.

- Amma müsəlman dünyasında dəyişikliklər nədənsə çox ləng gedir.

- Hər yerdə ləng gedir. Bütün dünyada belədir. Bilirsiniz, ən böyük maneələr, divarlar insanın beynindədir. Gərək o divarları qədəmbəqədəm yıxasan. Başqa yol yoxdur. Birdən-birə olmaz.

- İran rejissorlarından kimləri sevirsiniz?

- Kiyarüstəmi ilə yaxın dost olmuşuq. Onun işlərini çox bəyənirəm. Cəfər Pənahi ilə yaxın dostuq. Bir zamanlar əlaqəmiz vardı. İndi bilmirəm necədir.

- Deyəsən hələ də ev həbsindədir.

- Hə, elədir. Mən 40 ildir ki, İrana getməmişəm, xəbərsizəm.

- Sizi ora buraxmırlar?

- Mən özüm getməmişəm. Dəqiq bilirəm ki, o məmləkətdə ki, din adamları hakimiyyətə gələrlər, cəhənnəm dedikləri yer elə ora olar. Din adamları ki, əlini hökumətə qoydular, onda din də aradan gedər, hökumət də. Mən bilirəm ki, ora getsəm, bir gün sonra ya başıma qəza gətirəcəklər, maşınla vuracaqlar, ya da tutacaqlar. Bilirsiniz, İranda nə qədər yazıçı, şair, sənət adamı həbsdədir?

- Bəs oradakı azərbaycanlıların hüquqları barədə nə düşünürsünüz?

- Qoymurlar da. Təzə bir qanun layihəsi hazırlayıblar. Layihəyə görə uşaqlar məktəbə qəbul olanda fars dilindən imtahan olunacaqlar, fars dilini bilməyənlər məktəbə gedə bilməyəcəklər. Bu isə o deməkdir ki, istər azərbaycanlısı olsun, istər kürd olsun, istər bəluc olsun, evində övladı ilə öz dilində danışa bilməyəcək. Gərək uşaqla fars dilində danışsın ki, onu məktəbə qəbul eləsinlər.

- Reza bəy, müasir Azərbaycan fotoqrafiyası ilə tanışsınız?

- Azərbaycan fotoqraflarının çoxu ilə tanışam. Fotoqrafiya sənəti o zaman inkişaf edir ki, özünü göstərmək imkanı olur. Burda təəssüf ki, indiyə kimi elə bir imkan olmayıb. Fotoqrafların çap olunmaq imkanları məhduddur. Ona görə də hələ dünya səviyyəsinə çatmayıblar. İncəsənət fotoqrafı var, Sənan Ələsgərov, çox yaxşı çəkir, Fərid Məmmədov var, yaxşı fotoqrafdır. Amma onların inkişafı üçün də foto sahəsi geniş imkanlara malik olmalı, sərgilər açılmalı, onların fotoları kitablarda, jurnallarda çıxmalıdır. Ya da gərək varlı insanlar bu sənətə kömək etsinlər, onlar da fotonun dəyərini anlasınlar. Təəssüf ki, Azərbaycanda imkanlı adamlar hələ o həddə çatmayıblar ki, fotonun dəyərini bilsinlər, sənətə yardım etsinlər.

- 40 ildən çoxdur, foto çəkirsiniz. Heç tükənmişlik hiss edirsiniz?

- İncəsənət adamı heç vaxt təqaüdə çıxmaz. Sabah tezdən də səfərim var, şövqlə durub Masallı-Salyan zonasına qadınları çəkməyə gedəcəyəm. İnsan yoruldum dedi, onda gərək o zaman sənəti buraxa.

- Dünyada çəkmək istədiniz yer, məkan, insan, hadisə qalıbmı?

- Dünyada 205 məmləkət var, mən 115-i gəzmişəm. Gör hələ nə qədəri qalıb! Bir söz də deyim. Mən Masallı-Salyan bölgəsində çox olmuşam, amma bununla belə sabah gedəcəyim üçün yenə həyəcanlıyam.

- 1987-ci ildən Azərbaycana sürəkli gəlib-gedirsiniz. Bu 32 ildə Azərbaycan Sizin üçün nə məna ehtiva edib?

- Azərbaycan mənə doğma olub. Heç vaxt düşünməmişəm ki, Təbrizdə anadan olmuşam, atam-anam da ərdəbillidir, yox, elə o vaxtdan buranı özümə vətən bilmişəm. Mən uşaq olanda Təbrizdə əmilərim bura haqqında danışardılar, bizim orda Bakıdan gələn qohumlarımız vardı. Uşaqlıqdan bizə öyrədirdilər ki, ora da, bura da ikisi bir yerdir. Düzdür, burdakı insanların fikirləri rusların fikrinə yaxın olub, orda farsların. Sözlərdə də fərqlilik var. Amma əslində kökdə birdirlər. Ona görə mən Azərbaycanda özümü heç vaxt qərib hiss eləməmişəm. Bəlkə də sabah mən Təbrizə getsəm, orda özümü yad hiss edərəm.

- Heç doğulduğunuz şəhər üçün darıxmırsınız?

- Bilirsiniz, sürgün yaşamağın darıxmaq tərəfi olsa da, başqa bir qüdrəti də var. Birdən adam gözünü açıb görür ki, dünya əslində elə bir torpaqdır, insan da elə bir insandır. Sadəcə, qədimdə insanlar müharibələr, savaşlar vasitəsi ilə bir-birindən ayrılıb, dünyanı sərhədlərə ayırıb, ölkələrə bölüblər.

- Bu qədər müharibə fotoları çəkmisiniz, qaynar bölgələrin içində olmusunuz, müharibənin nə demək olduğunu yaxşı bilirsiniz. Sizcə, nə vaxtsa müharibələrin bir sonu olacaq? Nə qədər absurd səslənsə də, statistikalar göstərir ki, artıq ötən əsrlərdəki kimi dəhşətli, qlobal qırğınlar, müharibələr baş vermir.

- Mütləq, əminəm ki, müharibə sona çatacaq. Ya müharibə aradan gedəcək, ya da müharibə insanları aradan götürəcək. Mən inanmıram ki, insan o həddə çata ki, müharibə onu bütövlükdə aradan apara və onun qabağını almaya. Bəlkə 500 il sonra olacaq, bəlkə 1000 il sonra olacaq, amma olacaq. 500-1000 ildən sonra insanlar bizə baxıb deyəcəklər ki, 21-ci əsrin insanları necə vəhşi olublar, nə qədər qan töküblər. Məktəb əvəzinə, xəstəxana əvəzinə bunlar gedib tank alırdılar.

- Və Sizin çəkdiyiniz bu şəkillər onlar üçün əyani vəsait olacaq.

- Ay sağ ol. Mənim çəkdiyin fotolar göstərəcək ki, biz nə qədər vəhşi olmuşuq.

- Deməli fotoqraf kimi, məqsədiniz həm də gələcəyə bu mesajı ötürməkdir.

- Elədir.

 





25.06.2019    çap et  çap et