525.Az

Özbəkistan prezidentinin ailəsində düşmənçilik


 

Özbəkistan prezidentinin ailəsində düşmənçilik<b style="color:red"></b>

Özbəkistanın avtoritar prezidenti İslam Kərimovun qlamur qızları beynəlxalq ulduzlarla dolanır, təmtəraqlı həyat tərzi yaşayırlar. Amma BBC Özbək xidmətinə verilən eksklüziv müsahibədə prezidentin kiçik qızı Lola Kərimova-Tillayeva bildirib ki, Orta Asiyanın ən tanınmış hakim ailələrinin birində böyük düşmənçilik var.

“Biz bacımla 12 ildir ki, danışmırıq”, deyə Kərimova-Tillayeva qeyd edir: “Aramızda ailə və ya dostluq əlaqələr yoxdur”.

Kərimova-Tillayevanın bacısı Gülnarə ilə münasibətləri barədə açıq şərhləri, mediada Orta Asiyanın siyasi sülalərinin ətrafındakı sükutu bir müddətlik pozur. Eyni zamanda ailə əlaqələrinin olduqca mühüm olduğu regionda, bu cür açıqlamalar daha da gözlənilməzdir.

Bacıların atası İslam Kərimov artıq 20 ildən çoxdur ki, Özbəkistanı dəmir yumruqla idarə edir. O, müxalif düşüncəni qəbul etməyən və həbsxanaları işgəncə ilə bol olan ölkəyə rəhbərlik etməkdə suçlanır. Hakim elita zənginlik və imtiyazda yaşayarkən, yüz minlərlə adi özbək xaricdə miqrant işçi kimi yaşayır – çünki onlar ölkə daxilində dolanacaq qazana bilmirlər.

İ.Kərimovun pop ulduzu, diplomat, moda dizayneri və filantrop olan böyük qızı Gülnarə tez-tez xəbərlərdə olur. O, həmçinin nüfuzlu iş qadınıdır və 75 yaşlı atasının davamçısı olacağı barədə fikirlər var.

Onun kiçik bacısı Lola Cenevrədə yaşayır və vaxtilə onu “diktatorun qızı” adlandıran fransız onlayn jurnalı məhkəməyə verəndən sonra məhşurluq qazanıb. Hazırda Özbəkistanın UNESCO-da səfiri kimi fəaliyyət göstərir.

İş və şəxsi həyatlarındakı paralellərə baxmayaraq görünür ki, iki bacının ortaq cəhətləri azdır. “Yaxşı əlaqələrin olması üçün ya nöqteyi nəzərlər, ya da xarakter oxşarlığı gərəkdir”, deyə xanım Karimova-Tillayeva bildirir: “Bizim münasibətlərimizdə belə bir şey yoxdur – heç vaxt olmayıb və indi də yoxdur. Biz tamamilə fərqli insanlarıq. Bildiyiniz kimi, bütün bu fərqlər vaxtla ancaq çoxalırlar”.

Xanım Kərimova-Tillayeva BBC Özbək xidmətinin ona elektron poçt vasitəsilə göndərdiyi 18 sualı cavablayıb.

Lola Karimova-Tillayeva deyir ki, siyasətdə maraqlı deyil və onun üçün prioritet – əri Timur və üç uşağıdır.

Özünü açıqcasına bacısından uzaqlaşdırmaq indi xanım Karimova-Tillayevanın işinə yaraya bilər. Gülnarə Kərimova Avropada fırıldaqçılıq üzrə irimiqyaslı tədqiqatla əlaqələndirilib.

İsveç və İsveçrədə prokurorluq Gülnarə Kərimovanın hazırkı və keçmiş müttəfiqlərini rüşvətxorluq və çirkli pulları yumaq ittihamları üzrə istintaq edir. Məlumata görə, xanım Kərimovanın Fransa və İsveçrədəki bəzi mülklərində axtarış aparılıb.

Xanım Kərimova-Tillayeva araşdırmalar barədə açıqlama vermir və deyir ki, atasının baş verənlərdən agah olub-olmadığını bilmir: “Bacım barədə bütün məlumatları xarici mediadan, o cümlədən BBC saytından alıram. Özbəkistan prezidentinin agah olması barədə sualınıza gəldikdə, mənim bu barədə məlumatım yoxdur. Mən Özbəkistana ildə cəmi 2-3 dəfə gedirəm. Atamla görüşlər zamanı isə siyasi məsələləri müzakirə etmirik”.

Prezident Kərimovun 75 yaşı var və onun varisi barədə müzakirələr davam edir.

Orta Asiyanın ailə və klanlar siyasətində, prezidentlərin uşaqlarına adətən varis kimi baxırlar: “Biz tamamilə fərqli insanlarıq. Bildiyiniz kimi , bütün bu fərqlər vaxtla ancaq çoxalırlar. Hazırda özümü siyasətçi kimi görmürəm”.

Onun bacısı Gülnarə isə işarə edib ki, prezidentliyə öz namizədliyi istisna etmir.

Xanım Kərimova-Tillayeva isə bunun mümkünlüyünü rədd edir: “Bunun imkan olmaq şanslarını aşağı dəyərləndirirəm”.

Görünür ki, Kərimov bacıları bir çox sahədə baş-başadırlar. Hər ikisinin ayrıca xeyriyyəçi təşkilatı var.

Xanım Kərimova-Tillayeva Özbəkistanda kimsəsiz və əlil uşaqlara yardım edən “Sən tək deyilsən” xeyriyyəçi təşkilatından ətraflı danışıb. O, bu işi “peşəsi” kimi təsvir edib. O deyir ki, dərin imanlıdır və bir müsəlman kimi var-dövlətini paylaşmağı borc hesab edir.

Amma bu sahədə də görünür ki, o, xeyriyyə işi barədə tez-tez tvitləyən bacısını tənqid edir: “Fikir vermişəm ki, gördüyün işlər barədə nə qədər çox danışsan, onlardan bir o qədər az həzz alırsan”.

Məqalədə həmçinin iddia edilib ki, Lola xanım italiyalı aktrisa Monica Bellucci kimi ulduzlara xeyriyyə tədbirlərinə gəlmək üçün pul verməklə ölkəsinin imicini təmizə çıxartmağa çalışıb.

O zaman mediada bir çoxu onun hərəkətlərini, atasını müdafiə etməsi kimi qiymətləndirib. Amma BBC-ə şərhlərində xanım Kərimova-Tillayeva ailəsinə birmənalı dəstək göstərməyib:

“Bu sözün işlədilməsinin düz və ya səhv olmasını sual etməmişəm, çünki başa düşürəm ki, bu, siyasi termindir. “Amma o kontekstdə, “diktatorun qızı” termininin tərifi mənim şəxsiyyətimə çox təsir edib. Hər adam öz şəxsi keyfiyyətlərinə, işlərinə, münasibətlərinə və hərəkətlərinə görə mühakimə olunmaq kimi ayrılmaz hüquqla dünyaya gəlir”.

Görünür ki, onun həmçinin atasının hakimiyyətinin siyasətinə qarşı tənqidi mövqeləri var. Özbəkistan hər il pambıq yığımında uşaq əməyindən istifadə etdiyinə görə illərdir ki, tənqid olunur.

“Radikallaşma problemi daha çox işsizliyin və imkanların olmamasının nəticəsidir.”

Xanım Kərimova-Tillayevanın sözlərinə görə, ana olaraq o, uşaqların uşaq olmaq hüququna çox inanır: “Mənim üçün bu məsələni dəyərləndirmək çətindir, amma belə faktlar varsa, acınacaqlı haldır və dünyanın heç bir ölkəsində baş verməməlidir. Zorun tətbiq olunmasını qətiyyətlə rədd edirəm; məcburi əmək şəklində və ya hər hansı adama qarşı digər zorakılığa qarşıyam, xüsusilə uşaqlara qarşı zorakılığa”.

Xanım Kərimova-Tillayeva həmçinin atasının islamçı ifratçılığa qarşı mübarizə adı ilə müxalifəti sıxışdırması barədə iddialara da münasibət bildirib: “Radikallaşma problemi daha çox işsizliyin və imkanların olmamasının nəticəsidir. Bu iki faktor, əhalinin narazılığının əsas səbəbidir və ifratçılıq probleminə birmənalı şəkildə bağlıdır”.

O, bu problemlərin güc tətbiqilə həll olunmasına qarşıdır. Onun sözləri atasının prinsipləri ilə uyğun gəlmir.

Prezident Kərimov iyunda ölkənin miqrant işçilərinə qarşı gözlənilməz hücuma başlayıb və xaricdə iş axtaran özbəkləri, xalqı biabır edən “tənbəl adamlar” adlandırıb. “Adam iyrənir ki, özbəklər bir tikə çörək üçün ora gedirlər. Özbəkistanda heç kim acından ölmür” – deyə İ.Kərimov bildirib.

Amma xanım Kərimova-Tillayevanın özünü ailəsindən uzaqlaşdırmaq cəhdlərinə baxmayaraq, medianın onun özünün böyük var-dövlətində marağı da az deyil.

2010-cu ildə o və əri Timur Tillayev Cenevrənin eksklüziv Vandoeuvres rayonunda möhtəşəm ev alıblar. Məlumata görə, evin qiyməti 46 milyon dollar olub.

Cütlük həmçinin İsveçrənin Bilan biznes jurnalında ölkənin ən varlı adamlar siyahısında olub.

Aydındır ki, bir çox özbəkin yaşadığı çətinliklərə görə, xanım Kərimova-Tillyaeva bu cür məlumatların həssaslığından agahdır.

“Biz özümüz də adımızı bu siyahıda görəndə təəccübləndik. Mən hələ də bu barədə ərimlə zarafat edirəm”, o deyir və əlavə edir ki, mətbuatda gedən rəqəmlər “reallıqdan uzaqdır”.

Varlığını izah edəndə isə xanım Kərimova-Tillayeva deyir ki, əri ilə birlikdə ticarət və nəqliyyat şirkətində səhmləri var.

Onun diqqətlə yazılmış bəyanatına əsasən, nə o, nə də əri ailə əlaqələrindən faydalanıb.

Məlumata görə, Timur Tillayev Özbəkistanda liderlik edən Abusaxiy nəqliyyat və idxal şirkətinə rəhbərlik edir.

Ev məsələsinə gəldikdə isə, xanım Kərimova-Tillayeva deyir ki, cütlük evi ipoteka ilə alıb və ilkin olaraq qiymətin cəmi 18 faizini ödəyib. Qiymətin 46 milyon olması barədə məlumatlar düzgündürsə, bu, təxminən 8 milyon dollar deməkdir.

“Cenevrədəki ailə evimiz, bizim əsas evimizdir”, o deyir. “Özbəkistanda Daşkənddəki mənzildən başqa bütün daşınmaz əmlakımızı satmışıq. Uşaqlarla Özbəkistana gedəndə, orada qalırıq”.

Kərimova-Tillayeva ailəsinin evə ildə cəmi iki-üç dəfə gedir. Və prezidentin kiçik qızı ailəsindən və ölkəsinin imicindən özünü bu qədər uzaqlaşdıranda, bundan sonra bu səyahətlər daha da nadir baş verə bilər.

 





09.10.2013    çap et  çap et