525.Az

Kim daha çox sevə bilər? - Rəvan Cavid yazır


 

Kim daha çox sevə bilər? - <b style="color:red">Rəvan Cavid yazır </b>

Sevgi an məsələsidir. Üçdən geriyə sayırsan və içindəki kəpənəkləri hiss edə bilirsən. Baxırsan, vurulursan. Dünyanın ən səmimi, ən məsum hissidi vurulmaq.

Hər şey ağlınızda qurduğunuz obrazı birinin simasında tapmağınızdan başlayır. Baxırsınız ki, əlləri, gözləri, saçları eynən sizin öz qeyd dəftərinizə yazdığınız kimidir, odur, özüdür ki var. Elə bil, bu günə qədər ancaq onu axtarmaq, onu tapmaq, onu arzulamaqdan ötrü yaşamısınız. Şəhər onun meqapolis, şeirlər onun söz, kitablar onun sonsuz əhvalat, siz isə onun sevgi halısınız. Sufilər sevgiyə susuz çöllərin yağış payı deyirlər. Çatlamış sinənizin altında yaşamaqla mücadilə aparan, dözən, şəhərin qələbəliyindən özünü orada gizlədən ürəyinizin üstündən gözlənilmədən dumanlı bir çiskin axır. Ətraf görünməz olur, ancaq bu, çoxdandır arzusunda olduğunuz yağışdır. Heç nə vecinizə olmur. Addım atırsınız, ayaqlarınız islanmış sarmaşıqda sizi ləngidir, üzünüzə tikanlı budağın ucu toxunur, əlləriniz mamırlı gövdələrdən yapışır, siz isə dünyanın ən gözəl oazisində olduğunuzu bilirsiniz. Bura qədər günəşin dərinizin məsamələrindən içinizə işləyən şüaları ilə yoldaş olub keçdiyiniz səhralar geridədir. Həm də bu vahədən sonra da səhra başlayır. Burda qalmaq istəyirsiniz, qatı dumanı əllərinizlə kənara itələyib həyatın özü kimi sədaqətli və sirli olan meşənin olmaq istəyirsiniz.

Ora - o adamın sevgi ərazisi ən təhlükəsiz yerdi sizin üçün. Çoxdan anlamısınız, ən azı artıq on beş saniyədir. Zamanın və sevginin içindəsiniz. Tanrı öz yerini ona verib. O, başlanğıcdır, sıfıra bənzəyir. Əvvəlki hər şey, bütün yaşadıqlarınız, gördükləriniz, hiss etdikləriniz sıfırın altındakı mənfi ədədlərin cərgəsindədir, yadınızdan çıxarın onları. Hər şey indi başlayıb. Çantanızdakı kitabın səhifələrindən oxuduğunuz romanın nə qədər gerçək, nə qədər sizdən olduğunun fərqindəsiniz. Yeddi milyarddan yalnız o sizin qarşınızda bütün həyatınızın meyarı kimi dayandı. Siz onu harada görmüsünüz, bilmirəm, məkanları təsvir edib sizi xəyal qırıqlığına uğratmayım, bəlkə də mənim adını çəkəcəyim kafe, ya park, ya metro hələ sizin qarşınıza çıxmayıb. Nə bilmək olar, bəlkə siz heç onu hələ görməmisiniz, bir balaca ümid də məndən, bu yazıdan olsun.

Hava aydınlanır, yayın bürküsü yavaş-yavaş hiss olunur, sərçələr də sizi anlayıb səslərinin ən gözəl tonunda oxuyurlar. Gecə yatmayıb onun bütün sosial şəbəkə hesablarına baxmısınız. Bütün şəkillərinə, postlarına. İçərişəhərin daş döşənmiş yollarında, arxasında Bakını Bakı edən binaların olduğu foto ilə, dörd saatdan çoxdur ki, danışırsınız. O şəklə yazdığınız sonuncu mətni oxumusunuz. Sabahın planlarını qurmusunuz o şəkillə. Bütün keçmişinizi, sevdiyiniz musiqiləri, filmləri, maşın brendlərini, kofe markalarını, "Netflix" seriallarını danışmısınız. Onun da sizin kimi mavi rəngdən xoşlandığını təxmin edirsiniz. Olmasa, eybi yox. Yəqin qırmızını, ya da sarını sevir. Ona vurulmağınız hələ ilk gecədən sizi məşğul edib və siz istəyirsiniz ki, o, ən gözəl işiniz olsun. Dərinliyinizdəki romantik tipaj da özünü yeni-yeni büruzə verməyə başlayır.

Sonra o, bütün bunlara inanmır. Siz bütün mümkün ifadələrlə özünüzü izah edirsiniz. O isə tanımadan, bilmədən birinin şəklinə vurulmağın mümkünsüzlüyü barədə uzun mühazirələr yazır. Telefonun ekranında etiraz rəngində mesajların səsi qulağınızdan, mətnləri isə güllə kimi düz gözünüzün önündən keçib gedir. Ancaq bilirsən ki, o da anlayıb, o da bilir. Axtardığın gözlərdi, saçlardı, əllərdi, səsdi, tapmısan, sonra nə olubsa yadına gəlmir.

Hər kəsin içində böyütdüyü, əzizlədiyi duyğuya metafizik bir tərif verib, onun sərhədləri, psixoanalizi haqqında danışıb irreal, irrasional hissləri qaydalarla yorucu etmək istəmirəm. Onsuz hər kəs özü kimi yaşayır. Barmaq izi kimidi, birinə qarşı keçirdiyin hisslər digərində özünü yanılda bilir. Ya da sadəcə bir keçidlik şifrən olur. Ondan sonra bir də heç kimin ola bilmirsən. Ya da kimsə sənin içindəki o məlum hissləri oyada bilmir. Soyuq qalırsan. Küçədəki sevgililərin hamısı haqqında ayrılıq planları qurursan. Yersiz kibirə, lazımsız kinə gülümsəyirsən. Elə bilirsən ki, bütün dünya sənin yalnızlığına şahid kəsilib. Hər kəs öz işini-gücünü atıb sənin qağayılara bulku atmağına baxır. Gecələr hamı bir nəfər kimi pəncərənin qabağına yığılır, onun şəkillərinə necə baxdığına tamaşa edir. Təklik qəribədən lap qəribədir. Ümidini soyunub narahatlığını əyninə geyirsən. Beynindəki tərəddüd hər gün böyüyür. Heç nə sənə təəccüblü gəlmir. Zaman keçdikcə daha çox bağlanırsan. Daha çox sevirsən. Daha çox darıxırsan. Bircə dəfə kəlmə kəsmədiyin adamın ən doğması, ən yaxını olursan. Səsini tapırsan, sonra o səs bütün "playlist"indəki "ən yaxşılar"dan da yaxşı gəlir. Onu yaşadığın bütün zamanların adına adıyla çağırırsan. Nə keçmiş, nə gələcəkdi bu. Heç indi də yaşamırsan o hissi. Bu dünyadan arınmış bir gözəllikdi, yaşayırsan keçir. Peşman olmayacağın hər şey var içində. Təbiətin, kosmosun, yolun hər kəs üçün təklif etdiyi mərhəmətidir sevgi. Sevgi yaranışın ən gözəl inqilabıdır. Hər şey ondan sonra başladı, bitməmək üzrə davam edir.

Dünyanı sevgi və sənət xilas edəcək. Dayanmadan nəsə yaratmaq və kimisə sevmək lazımdı. İndicə. Bu yazını oxuyar-oxumaz yenidən onun profilindəki şəkillərdən birinə ən gözəl gününüzdən bir parçanı danışacaqsınız. İkinizə da yaxşı gələcək. Sevmək bütün ona bənzəyənlərdə ondan nəsə tapmaq yox, onda olmayan nəyəsə ilişib yan keçməkdi. Digərləri onun alınmayan təkrarlarıdır. Bir də yazılmayacaq böyük romanlar kimi, çəkilməyəcək rəsmlər kimi, bir də heç vaxt yaranmayacaq simfoniyalar kimidi. Sevgi və Tanrı onu sizin üçün var etməkdədir. Bəlkə gecikdiniz, bəlkə tələsdiniz, hər halda ondan başqa gedəcəyiniz yer yoxdu.

Ümidin bitdiyi yerdən gerçəklik başlayır. Arzularla həyat eyni sərhəddədir, onlar arasında hətta yaşıl zona da yoxdu. Birindən keçib gedəndə özünü digərinin sərhədləri daxilində tapırsan. Sevgi isə ayrılığın sərhəddindədir. Hər şeydən ayrılıb ona gedirsən, sonra ondan bütün dünyanı sevərək tamaşa edirsən. Sən hər şeydən əminsən, elə o da. Baxırsınız ki, hamı bəhsə girib. Hər kəs daha gözəlini yaşamaq istəyir sevginin. Kimsə bir bəhs atıb dünyaya: "Kim daha çox sevə bilər?"

 





25.06.2019    çap et  çap et