525.Az

Meksikanın təbii xüsusiyyətləri və tarixinə qısaca baxış - Telman Orucov


 

UZAQ VƏ YAXIN MEKSİKA

Meksikanın təbii xüsusiyyətləri və tarixinə qısaca baxış - <b style="color:red">Telman Orucov</b>

(Əvvəli ötən şənbə saylarımızda)

Qorbaçovun siyasi icadı olan SSRİ Xalq deputatları qurultayı bu prosesi sürətləndirən bir alətə çevrilmişdi. Ölkədə iş-güc yaddan çıxmışdı, axşamlar hamı Kremldəki, rejissoru və baş aktyoru SSRİ prezidentinin özü olan şouya tamaşa edirdi. Bu şou həm də hər yerdə müxalifətin güclənməsinə və fəallaşmasına şərait yaratmışdı. Rusiya Federasiyasının prezidenti V.V.Putinin sonralar "XX əsrin geosiyasi fəlakəti" adlandırdığı SSRİ-nin dağılması artıq böyük sürət götürmüşdü. Öz nartsizminin və populizminin qurbanı olan Qorbaçov Qərbə nəyin bahasına olursa-olsun xoş gəlmək üçün hər cür alçaldıcı güzəştlərə getməyə də hazır idi. Əslində, o, birinci növbədə öz rus xalqına ağır xəyanət etməkdən də çəkinməmişdi, çünki SSRİ dağıldıqdan sonra Rusiyanın ərazilərindən kənarda, keçmiş sovet respublikalarında 25 milyon rus qalmışdı, Pribaltika ölkələrində isə onlara hətta tuzemlər kimi baxılır, rusların ən mühüm insan hüquqları belə indiyədək pozulmaqda davam edir. Qorbaçov öz ilk prezident tituluna, "sonuncu" sözünü də əlavə etməklə, onun istehza və alçalma obyektinə çevrilməsinə də biganə qaldı. Bu biabırçı siyasi xadimə öz xalqının nifrəti ölçüyəsığmaz idi və sonralar Yeltsinə qarşı Rusiyanın prezidenti seçilmək üçün seçki kampaniyasına qoşulduqda, o, təhqiramiz sayılmalı olan 1 faiz səs almışdı. Qorbaçovun mazoxizmi ölkəyə çox baha başa gəldi. Yeganə uduş isə bir sıra xalqların əsrlərlə davam edən imperiya əsarətindən azad olub, müstəqillik qazanması idi. Azərbaycan da daxil olmaqla, bütün keçmiş sovet respublikalarında müstəqil dövlətlər yarandı. Bir sıra xalqların Rusiya inqilabi ordusunun - Qızıl Ordunun işğalına qədər öz dövlətləri olmadığı halda, Şərq ölkələri içərisində Azərbaycanda 1918-ci ildə ilk dəfə əsl demokratik respublika yaranmışdı. Ona görə də Azərbaycan SSRİ parçalandıqdan sonra məhz öz keçmiş dövlətçiliyini bərpa etdi.

7 noyabrda Meksikadakı Sovet səfirliyinin geniş həyətində səfir "a la fonrchette" qaydasında böyük ziyafət düzəltmişdi. Məclisə Meksikanın paytaxt isteblişmenti də dəvət olunmuşdu. Bakıda qonaq olmuş Dantonla və bir neçə digər parlament üzvü ilə çox mehriban görüşdük. Dövlət bayramı günü olsa da, məclisdə bayram əhval-ruhiyyəsi yox idi. Elə bil ki, qonaqların hamısı ölüm ayağında olan xəstəni yoluxmağa gəlmişdi. Səfir Darusenkovun da davranışında nəsə bir təşviş hiss olunurdu. Bir gün əvvəl keçirilən və səfirin də iştirak etdiyi dostluq cəmiyyətinin iclasında isə yerli sollar çəkinmədən Qorbaçovun ünvanına ağır ittihamlar səsləndirmişdilər.

7 noyabrda Bakıda nümayiş keçirilməməsi barədə qeydlərim elə təsəvvür yaratmasın ki,  buna görə mən hansısa təəssüf hissləri keçirir, pərişan olurdum. Əsla yox. Səmimi etiraf etməliyəm ki, bayram nümayişlərinə heç vaxt ürəkdən gələn loyallıq göstərməmişdim, baxmayaraq ki, qoyulmuş qaydaya görə nazir vəzifəsində olduğuma görə 7 il ərzində ildə iki dəfə keçirilən nümayişlər vaxtı Hökumət evi qarşısındakı yan tribunada, Mərkəzi Komitə katibi kimi isə 4 il müvafiq olaraq mərkəzi tribunada olmuşdum. Bununla heç bir qürur hissi keçirmirdim, bəziləri isə bu fərqlənmə imkanını bütün il boyu böyük həsrətlə gözləyirdi. Bəzi səhnələr isə heç cür xoşa gəlmirdi, xüsusən həkimlərin ağ kəpənəklər dəstəsi kimi ağ xalatda kütləvi qaydada tribuna önündən gəlib keçməsi məndə daxili etiraz hissləri oyadırdı. Nümayişin sonluğu da çox vaxt rəhbərlikdə narazılıq yaranmasına səbəb olurdu. Çünki əvvəlki izdihamdan əsər-əlamət qalmırdı, kiçik qalıq dəstəsi kərtənkələ quyruğuna bənzər qaydada xeyli müddət ərzində nümayişi yekunlaşdırırdı. Bu nəzərdə tutulan təntənəyə xələl gətirməyə bilməzdi.

Mərasim simvolun ən mühüm növüdür. Böyük Çin mütəfəkkiri Konfutsi mərasimləri yüksək qiymətləndirirdi, onların pozulmasını böyük qəbahət sayırdı. Sovet ideoloqları onun vəsiyyətinə daha canfəşanlıqla əməl edirdilər. Bayram nümayişinin ləğvi heç də könüllü qaydada baş vermədi, ölkədə siyasi vəziyyət dəyişmişdi, partiya artıq siyasi qüvvələrin özəyi hesab olunmurdu. Hər yerdə müxalifət güclənmişdi, əhali arasında da müəyyən nüfuz qazanmışdı. 1989-cu ilin Oktyabr  bayramında Naxçıvanda iki nümayiş keçirilmişdi, rəsmi tədbirlə yanaşı, Xalq Cəbhəsi də Haqq meydanında əks təyinatlı bir toplantı keçirmişdi.

Mən Moskvadakı 1971-ci ilin 7 noyabr nümayişində də iştirak etmişdim və aldığım təəssürat o qədər də xoş deyildi. Gurultulu təbliğata baxmayaraq, nümayiş iştirakçılarında elə bir şadlıq əhval-ruhiyyəsi gözə dəymirdi. Soyuq havada səhər tezdən hər kollektivdən olan adamlar təyin olunmuş yerlərə yığışırdı, sonra fasilələrlə meydana tərəf irəliləyirdi. Tarix muzeyinin yanından keçdikdən sonra uzaqdan görünən Mavzoleyin səmtinə yaxınlaşdıqda, milis işçiləri adamları qaçmağa məcbur edirdi, görünür, bu da bir təhlükəsizlik tədiri rolunu oynayırmış. Ayağın zərbəsi ilə döşənmiş daşların üzərindəki lehmə, çirkli su paltarı batırırdı, hətta üzü də bulayırdı.

Quruluşun tətbiq etdiyi daşlaşmış mərasimlər islahata uğramadığından bəlkə də əvvəllər mövcud olan cəzbediciliyini, coşğunluq haləsini artıq itirmişdi. Əvvəlki xof da yoxa çıxmışdı, hətta bir nümayişdə Qorbaçovu güllə ilə vurmaq cəhdi də edilmişdi. Dekretlə təsis edilən, əslində, məcburi xarakter daşıyan, süni, xalqın adətlərinə zorla calaq edilən belə kütləvi tədbirlər acı sonluqla da yekunlaşmalı idi.    

Meksikanın təbii xüsusiyyətləri və tarixinə qısaca baxış 

Meksika Şimali Amerikadakı Federal respublikadır, rəsmən Meksika Birləşmiş Ştatları adlanır. Ərazisi 2 milyon kv.km-ə yaxındır. Bu qəribə adlanan torpaq coğrafi cəhətdən Yer üzərindəki böyük səhra regionu hesab olunur. Onun ərazisini heç bir böyük çay kəsib keçmir və ölkənin əksər ərazisində su az olmaqla, çatışmır.

Tarixçilər və sosioloqlar razılaşırlar ki, metislərlə (hindu və avropalıların qanlarının qarışığı) kreollar (Amerikada doğulmuş avropalılar) arasında keçid mədəniyyət xüsusiyyətləri, bir nəzərə çarpan şəkildəki proporsiyalardan ibarətdir. Belə bir mülahizə də vardır ki, hətta "kiminsə damarlarında hindu qanı yoxdursa, bu, daim onun ruhunda mövcuddur".

Əhalinin mədəni cəhətdən vahidləşməsinə həm də hava və quru yol nəqliyyatı şəbəkəsinin mövcudluğu kömək etmişdi, dövlət isə çox sayda ştatı birləşdirdi.

Meksika qeyri-adi fiziki müxtəlifliyə malik ölkədir. Uzun dağ silsilələri, düzənliklər və iqlim müstəsnalığı ilə xarakterizə olunan Şimali Amerika qitəsinin təbii fenomeni ilə Mərkəzi Amerika və Karib dənizi regionunun tropik xüsusiyyətləri onu körpü kimi səciyyələndirir. Qərbi Syerra Madre və Şərqi Syerra Madre dağ silsilələri Meksikanın Sakit okean sahili boyu şimaldan cənubadək uzanır. Ölkədə həm də Transversal Vulkanik Dağ Silsiləsi mövcuddur. Meksika körfəzi boyu ilə isə sahil düzənliyi uzanır. Yukatan yarımadasında da sahildə çökək düzənliklər vardır.

Ölkənin torpaqları özünün yüksək dərəcədə dəmir oksidlərinə malik olması ilə tanınır. Tropik zona, demək olar ki, ölkənin yarısını tutur. Sakit okeanın, Meksika körfəzinin və Karib dənizinin suları ilə əhatə olunduğundan, sahildən əsən külək may və avqust ayları arasında tropik tufan əmələ gətirir.

Avropalılar gəlməmişdən əvvəl Amerika Meksikası bir sıra inkişaf etmiş mədəniyyətlərin vətəni olmuşdu. İspan işğalı vaxtından (1519-1521-ci illər), XIX əsrin əvvəllərindəki müstəqilliyə nail olunana qədər bu ölkə Yeni İspaniya vitse-krallığının bir hissəsi idi. Ona Meksikadan əlavə, həm də Filippin adaları, İspan Karib adaları və Birləşmiş Ştatların cənubi-şərqindəki Corciyanın hissələri, Kaliforniya daxil olmaqla, Birləşmiş Ştatların cənubi-qərbi daxil idi. İmperiya İspaniyanın Habsburq monarxları tərəfindən idarə olunurdu.

Avropa qitəsində baş verən hadisələr, İspaniyanın Napoleon tərəfindən işğal edilməsi Meksikaya da öz təsirini göstərdi. Mühüm yerli qiyam Migel İdalqo tərəfindən qaldırıldı, o, Dolores şəhərciyindəki kilsənin keşişi idi, "maariflənmiş" islahatçılar qrupunun mərkəzində dayanırdı. 16 sentyabr 1810-cu ildə İdalqo "Doloresin harayı" pamfletini dərc etdirdi. Bu sənəd Meksikanın İspan yarımadası tərəfindən idarə edilməsinə son qoyulmasına, irqlərin bərabərliyinə və torpaqların yenidən bölüşdürülməsinə çağırırdı. Meksikanın İstiqlaliyyət günündə bu hadisə milli bayram rəmzi kimi seçildi.

İdalqo Meksikanın ispanlar tərəfindən allahsız hesab etdiyi fransızlara verilməsindən qorxub, öz ardıcıllarına Meksika bakirəsi, Qvadelupanın bizim Xanımı uğrunda vuruşmağı və ölməyi tapşırdı. İdalqo özünün kiçik şəhərciyini tərk edəndə, on minlərlə adam onun bayrağı altına yığılmışdı.

Quana Xuato şəhəri müstəmləkə mədən sənayesinin başlıca mərkəzi idi, orada ispanlar və kreollar yaşayırdılar. İdalqonun zəbt etdiyi ticarət malları anbarında royalistlər əvvəlcə öz barrikadalarını qurmuşdular. Qiyamçılar 30 min nəfərdən ibarət olmaqla, istehkamı aldılar və içəridəki 500 ispanı öldürdülər. Kreol elitanın əksəriyyəti qətlə yetirildi və şəhər soyğunçuluğa məruz qaldı, kreollar da ispanlar kimi böyük zərər çəkdilər.

İdalqo qiyamının yatırılması üçün vitse-kralın cəhdlərinə köməklik göstərildi. Royalist qüvvələr İbalqonu ona xəyanət edənin köməkliyi ilə 18 yanvar 1811-ci ildə Kalderon körpüsündə məğlub etdilər. 19 martda onun özü, qiyamın digər liderləri ilə birlikdə həbs edildi. 31 iyulda isə İdalqo edam edildi, bu vaxt onun 58 yaşı var idi. Bununla da siyasi vətəndaş müharibələrinin birincisi sona çatdı.

Bir qədər sonra, 1813-cü ildə Napoleon qoşunları İspaniyadan geri çəkildi. Kral VII Ferdinand sürgündən geri qayıtdı və 1814-cü ildə yenidən taxt-taca çıxdı. Onun ilk hərəkətlərindən biri 1812-ci ildə Kortes (parlament) tərəfindən qəbul edilmiş Konstitusiyanı ləğv etmək oldu. Fransızların getməsi Meksikada Morelos inqilabının məğlub edilməsinə şərait yaratdı. İnqilabçılar 1813-cü ildə Meksikanın İspaniyadan müstəqilliyi barədəki Deklarasiyanı elan etmişdilər. Xose Mariya Morelos ispanlar tərəfindən əsir götürüldü və 1815-ci ildə edam edildi. Meksika İstiqlaliyyəti 1820-ci ildə qələbə çaldı. VII Ferdinand isə məcbur edildi ki, 1812-ci il liberal Konstitusiyasını bərpa etsin.

(Ardı var)

 





25.06.2019    çap et  çap et