525.Az

Müəllim - Şirməmməd Hüseynov haqqında xatirələr


 

Müəllim - <b style="color:red">Şirməmməd Hüseynov haqqında xatirələr </b>

Yusif RZAYEV 

Müəllim sarıdan bəxtim həmişə gətirib. Ağcabədinin kənd məktəbində birinci sinifə gedəndə də, sonra Ağdam səhər 1 saylı orta məktəbdə oxuyanda da, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alanda da...

Jurnalistika fakültəsinin müəllimlərinin təmənnasızlığı bu günün özündə də adla deyilir. Bu ənənəni qoyanlardan biri, əslində, birincisi idi professor Şirməmməd Hüseynov.

Nə gizlədim, çox olub, ən müxtəlif məclislərdə Onun haqqında söhbət düşəndə, ya da təsadüfən televiziya ekranında görəndə ətrafımdakılara xüsusi əda ilə, qürrələnə-qürrələnə "Şirməmməd müəllim mənə dərs deyib" - deməyim. Aydındır ki, bu hərəkətin məğzində bir özümü öymək duyğusu gizlənib həmişə. Yəni mən elə-belə adam deyiləm, baxın görün kimdən dərs almışam! Və bu davranışı müxtəlif illərdə jurnalistika fakültəsində oxumuş, Şirməmməd müəllimdən dərs almış başqa çox adamdan da, həm də dəfələrlə görmüşəm.

... 1992-ci ilin noyabr ayının sonları idi. Jurnalistika fakültəsinin son kursunda oxuyurdum. "525-ci qəzet"in 2-ci sayı nəşr olunmuşdu. Şirməmməd müəllimin dərsi idi. Dərs təzə başlamışdı. Söhbət əsnasında Şirməmməd müəllim stolunun üstündəki qovluqdan qəzetin həmin sayını çıxardıb dedi: "Bir qəzet var, burda bir yazı diqqətimi çəkdi". Bunu deyib qəzetin ilk səhifəsindəki - manşetdəki yazının başlığını oxudu. Bəhs olunan mövzuya yazıdakı münasibəti bəyəndiyini dedi və yazını təqdir elədi. Uşaqlardan biri yerindən məni göstərib: "Şirməmməd müəllim, o qəzetin redaktoru Yusifdir də, təzə çıxır qəzet" - dedi. Şirməmməd müəllim mənə baxıb qayıtdı ki: "Sən dərsə niyə gəlirsən? Niyə gedib işinlə, qəzetinlə məşğul olmursan? Dekanatlıqda deyəcəm, bunu nəzərə alsınlar. Sən öz işinlə məşğul ol".

İllər keçdi, əziz müəllimimiz "525"lə əməkdaşlığa başladı. Bu hadisəni neçə dəfə Onun özünə xatırlatmaq istəsəm də, utandım...

Az qala 20 ildi, Şirməmməd müəllimin "525"də hər həftə yazıları gedirdi. Hər həftə yazıları vaxtında göndərərdi, yenə ürəyi rahat olmazdı, zəng edib soruşardı: "Oğlum, yazı gəldimi?"

Həvəsi olanda hələ göndərdiyi yazılarla bağlı kiçik informasiya da verərdi, əzbər cümlələr deyərdi yazılardan. Hər dəfə bu zəkaya, bu şövqə heyran qalırdım və həm də bu böyük insanın mənə dərs dediyinə, müəllimim olduğuna görə qürur duyardım.

İki həftə əvvəl yazı ilə bağlı yenə zəng elədi: "Yusif, oğlum, bu yazı bu ay sonuncu yazıdır, yazını hazırlayıb göndərməkdə mənə kömək eləyən adamlar tətilə çıxır. Bir də sentyabrda görüşərik" - deyib sağollaşdı.

Və indi bu ağır xəbəri - Onun dünyasını dəyişdiyi xəbərini eşitdim.

Bağırmaq, hönkürmək istədim, gücüm, taqətim çatmadı...

Mən bu gün bir zamanda, bir ölkədə yaşadığıma, mənim müəllimim olduğuna, mənə dərs dediyinə görə fəxr elədiyim yeganə kişini, ustad müəllimimi itirdim.

Azərbaycan isə böyük Şirməmməd Hüseynovu itirdi!..

Ruhunuz şad olsun, böyük kişi!..

P.S. Bu müdhiş xəbərin sarsıntısı, qəhəri içində, nədənsə, Şirməmməd müəllimin ömür-gün yoldaşı, fədakar qadın, əziz Ülkər xanımı xatırladım. Təxminən il yarım, ya iki il əvvəlin söhbətidir, bir gün Ülkər xanım mənə zəng elədi, qısa hal-əhvaldan sonra dedi: "Yusif, niyə Şirməmməd müəllimin qəzetdəki yazılarında onun yaxşı şəklini vermirsiniz?" Tutuldum: "Ülkər xanım, niyə, yaxşı şəkil deyil ki?" Ülkər xanım: "Yox, bu şəklildə qoca görünür. Mən sənə başqa bir şəkil göndərirəm, bundan sonra yazılarında o şəkli verərsən" - dedi. Çaşmışdım, tez özümü toplayıb cavab verdim: "Baş üstə, Ülkər xanım, göndərin".

Telefonu yerə qoyub fikrə getdim, indiki zamanda ən uzun sevginin ömrünün uzağı üç il sürməsi ilə bağlı son vaxtlar eşitdiyim bir fikri xatırlayıb dodağımın altında öz-özümə mızıldandım: "Yalan sözdür, nə üç il, sevgi bir ömür də sürə bilər".

Rəşad MƏCİD: 

- Ustad müəllimimiz Şirməmməd Hüseynovu itirdik. Həyatımızda dərin bir boşluq yarandı. Tələbəlik illərindən üzü bəri, hələ şəxsən yaxın olmadığımız vaxtlardan ona əfsanə kimi baxırdıq - düzlüyü, ədaləti, prinsipiallığı və xarizmasıyla.

Sonra yollarımız "525"də kəsişdi. Tez-tez görüşdük. Dəyərlərə dəyişməz münasibəti, sadiqliyi, gördüyü işə sonsuz inamı və zövq alması, yorulmazlığı, əzmkarlığı, saflığı, gözütoxluğu, müdrikliyi, ləyaqəti, mülayimliyi və hökmü ilə bizə nümunə oldu O! Belə yaşamaq mümkündür - nümunəsini göstərdi.

Keçən həftə yay tətilinə görə, hər şənbə "525"də dərc olunan yazılarına iki aylıq fasilə verdiyini dedi... və 1 gün əvvəl bizi tərk etdi. Amma əminik, sentyabr gələcək, Şirməmməd müəllim yenə yazacaq, yenə qəzetdə tariximizi araşdıran yazıları, tələbələrinə örnək olan həyatıyla, müdrik söhbətləriylə bizimlə birgə olacaq!

Allah rəhmət eləsin! Bütün xalqımıza, media ictimaiyyətinə, çoxsaylı tələbələrinə, fədakar, əziz Ülkər xanıma, Fərəh və Lalə xanımlara, nəvələrinə, doğmalarına dərin hüznlə başsağlığımı çatdırıram!..

Solmaz Rüstəmova-TOHİDİ
 

- Xarici səfərdəyəm. Qulu Məhərrəmli zəng vurub eşitdiyi ağır xəbərin düz olub-olmadığını soruşur. Özü də xaricdədir. Heç birimiz hələ baş verən itkimizin böyüklüyü, əvəzsizliyi haqda danışmırıq. Hər ikimizi Ustadla vidalaşmağın imkansızlığı üzür. Mən Fin sərhədini vaxtından əvvəl keçmək, Sankt-Peterburqa qayıdıb təyyarə ilə Bakıya uçmaq variantlarını araşdırıram. Heç bir halda mümkünlüyü yox. Mənimlə birgə olan həmkarlarım məni sakitləşdirməyə çalışır, bəlkə də bu imkansızlığın Ustadımın yadımda elə canlı qalmasının rəmzi olduğunu bildirirlər. Mənim də özümü bununla aldatmaqdan başqa çarəm qalmır.

İndiki halda hisslərimlə, fikirlərimlə bölüşməkdə qələmim acizdir. Ustadımı son dəfə mayın 28-də görmüşdüm. Cümhuriyyətin 101-ci yaşının təbrikinə gəlmişdim, həyətdə Əflatun Amaşovla rastlaşdıq. Birlikdə Ustadın evinə qalxdıq. Çox sevindi, həmişəki kimi gördüyü işlərdən, "525-ci qəzet"dəki son yazılarından danışdı, mənə İstiqlal gününün 1-ci ildönümünün Cümhuriyyət tərəfindən necə qeyd edildiyinə aid yazını bütünlüklə oxutdu. Hamımız çox təsirləndik! Bu bayramın 101 ildən sonra Müstəqilliyini bərpa etmiş, Cümhuriyyətin üçrəngli bayrağını qaldırmış Azərbaycanda qeyd edilməsindən, ziyalının, alimin, məmurun Vətən qarşısında borcu və sevgisindən söz açıldı. Müdrik fikirlər eşitdik. Onunla vidalaşarkən Ustad ayaqüstü öz dediklərinə sanki yekun vurmağa başladı. Ondan xahiş etdim ki, yenidən danışsın, yazmaq istəyirəm. Ürəyimə heç bir fikir-filan gəlməmişdi, sadəcə dedikləri Böyük Sözlər idi, indi məlum oldu ki, bizlərə Vəsiyyətidir!

Əlvida, Ustadım! Cisminlə vidalaşmaq mənə nəsib olmadı! Bircə təsəllim odur ki, bu gün ruhun Böyük Məhəmməd Əminin ruhu ilə qovuşacaq, Cümhuriyyətçilərin ruhu ilə danışacaq! Onlara Üçrəngli bayrağının bu gün bütün Azərbaycan üzərində dalğalandığını xəbər verəcəksən! Rəsulzadə irsini Vətən övladlarına qaytardığını bildirəcəksən. Cümhuriyyət xadimləri xatirəsinin, Cümhuriyyət fikrinin, Cümhuriyyət dəyərlərinin, Cümhuriyyət sevgisinin Azərbaycan gəncliyinin bütün qəlbinə hakim kəsildiyinə əmin edəcəksən! Bu işdə Sənin özünün - Cümhuriyyət ruhu daşıyıcısının şəxsi xidmətinin miqyasını o müdrik ruhlar özləri hiss edəcək.

Əlvida, əziz Müəllimim, yanında qəbahətimiz olubsa, bizi bağışla. Biz heç vaxt Sən ola bilməyəcəyik, Ustad! Amma Sənə layiq olmağa çalışacağıq.

Sənin get-gedə zəifləyən vücudunu qucaqlayanda, nuru sönməkdə olan gözlərini görəndə hər dəfə ürəyim qısılırdı, amma gümrah, əminlik dolu səsini eşidəndə dərhal sakitləşirdim. 95 yaşının yubiley tədbirlərinə dair fikirlərimiz vardı, bilirdin, bəyənirdin, amma gözləmədin!

Əbədiyyət dünyasına qənşər! Qəlbin rahat, ruhun şad olsun!

Qulu MƏHƏRRƏMLİ:

- Azərbaycan jurnalistikasının əfsanəsi, millət yaddaşının keşikçisi, böyük maarifçi-pedaqoq, mənəvi irsimizin, o cümlədən, Cümhuriyyət tarixi və İstiqlal mübarizəmizin, Rəsulzadə fenomeninin və mətbu irsimizin cəfakeş araşdırıcısı, görkəmli tədqiqatçısı-alim, professor Şirməmməd Hüseynov vəfat edib...

Bu acı xəbəri xarici ölkədə almaq ikiqat ağırdır. Dərdi bölüşməyə, itkinin və kədərin miqyasını anlatmağa kimsə yox... İki gün əvvəl özü xəstəxanadan mənə zəng etmişdi. Bir qəzet məqaləsinin adını dəqiqləşdirirdi. Bir saat sonra yenə zəngləşdik, ordan-burdan danışdıq və qorxa-qorxa səhhətini soruşdum. "Yaxşıyam, məndən nigaran qalma" - dedi. Amma çox nigaran qalmışdım. Ertəsi gün axşam bir də zəng etdim, telefonu qızı Fərəh xanım götürdü, ustadı soruşdum, "yaxşıdır" dedi. Amma onun qayğılı səsindəki övlad kədəri min kilometr uzaqdan belə duyulurdu...

Ş.Hüseynovun tarixi bir missiyası var idi və bu missiyanı şərəflə yerinə yetirdi. Milləti maarifləndirdi, milli düşüncəmizi, istiqlal duyğularımızı körüklədi, xalq olaraq hansı yolla gedəcəyimizi göstərdi. Yaxın keçmişimizlə mənəvi-ruhi əlaqəni bərpa etdi, bizə Cümhuriyyət dərsi keçdi. Qurucu babalarımızı tanıtdı, Rəsulzadənin üzərindəki qara qısqanclıq pərdəsini qaldırıb onu gün işığına çıxartdı, əsərlərini çap etdi, ideyalarına qol-qanad verdi, mətbu irsimizlə bağlı qiymətli kitablar yazdı.

Tamamlaya bilmədiyi işləri qalsa da, özündən sonrakılar üçün zəngin irs və mənalı yaşamaq örnəyi qoyub getdi. Həyatı və yaradıcılığı həqiqət, ləyaqət və vicdan üzərində qurulmuş Şirməmməd Hüseynovun vəfatı ilə mətbuat tariximizdə, jurnalistikamızda böyük bir epoxa sona yetir.

Əziz müəllimim, böyük ustad, Allah sənə rəhmət eləsin! Bu millət üçün etdiyiniz təmənnasız xidmətlər heç vaxt unudulmayacaq, yeriniz hər zaman görünəcək! Ruhun böyük Zərdabinin, Rəsulzadənin, Ağaoğlunun, Üzeyir bəyin müqəddəs ruhuna qovuşur. O gözəl ruhun şad olsun!

 





26.06.2019    çap et  çap et