525.Az

Qələmsiz yazılanlar - Rəşad Məciddən sms-esselər


 

Qələmsiz yazılanlar - <b style="color:red">Rəşad Məciddən sms-esselər </b>

Fərqli ovqatların əksi 

Özüm də bilmirəm, bu yazılar nədir və onları necə adlandırım? Qələmsiz yazıldıqları həqiqətdir. Bir yaxın adama, bəlkə, gələcək kitabımın redaktoruna göndərilib. Amma hansı niyyətlə? Bəlkə, bir romanın eskizləri, parçalarıdır bunlar? Bəlkə, bir az bioqrafik, özümlə bağlı düşüncələrdir? Hər bir insanın düşüncələrini kiminləsə bölüşmək ehtiyacı olur. Ömrü boyu özünə qapanıb yaşayan adamın da haçansa bir gün içindəkiləri kiməsə açıb danışmaq zərurəti yaranır. Bölüşdüyün, danışdığın adam yaxın bildiyin, güvəndiyin kəs olanda isə daha çox açılırsan. Özündən, həyatından, yaşadıqlarından, udub-uduzduqlarından, gücündən, zəifliyindən - neçə illərdən bəri qəlbinin bir küncündə gizlədib saxladığın hər nə var - açıb danışmaq istəyirsən. Bəzən, hətta doğma adamdan giley-güzar da ola bilər. Təbii ki, özündən gileyləndiyin məqamlar da, özündən özünə yazdıqların da var. Amma hər nədirsə, hamısı öz yaşantıların - özünün yaşadıqlarındır, parça-parça olmuş, hissə-hissə bölünmüş həyatın əksi, nişanələridir.

Ona görə də "Qələmsiz yazılanlar"ın ikinci hissəsi kimi "Sms-esselər" adlandırdığım həmin bu qeydləri də çap etdirməyi düşündüm. Ayrı-ayrı vaxtlarda, fərqli şəraitlərdə yazıb göndərdiyim və çoxusunu özümdə saxlamadığım bu mətinləri yığıb toplamaq elə də asan başa gəlmədi. Göndərdiyim doğma adamdan xahiş etdim, yardımçı oldu. Amma içərisində yazıb özümdə saxladığım, gizlətdiklərim də var idi. Onları da bura əlavə elədim. Və beləcə, qaçaraq, yüz yerə parçalanmış, əlli yerə bölünmüş həyatımın fərqli ovqatlarının əksi, mənzərəsi olan bu yazılar ortaya çıxdı.

FƏDAKARLIQ 

İki gündür, bir az asudə vaxt tapan kimi beynim bir yazının süjetinə bənd olur. Yazmaq ehtirası ilə qorxunun mübarizəsi başlayır. Düşünürəm ki, gərək yazam. Amma içimdə bir tərəddüd var. Bəlkə, nəsə oxuyum deyə, kitab rəfinin qarşısına keçirəm. Prosper Merime gözümə dəyir. Xatırlayıram ki, ondan nəsə oxumuşam və yadımda xoş aurası qalıb. Onun yanında O Henrini görürəm, kitabı götürüb "Son yarpaq"ı axtarıram. "İncəsənəti sevirsənsə" hekayəsi gözümə sataşır, tanış gəlir, yəqin nə vaxsa oxumuşam. Yenidən oxumağa başlayıram.

Gənc oğlan rəssamdır, gənc qız pianoçu. Hərəsi bir bölgədəndir, Nyu-Yorkda rastlaşıblar, sevişiblər, evləniblər. Saatlarla incəsənətdən coşqulu söhbətlər edirlər. Birotaqlı evlərində xoşbəxtdirlər. Bir gün pulları tükənir, qız iş axtarır və axır ki, tapır: bir varlı ailənin qızına fortepiano dərsi deməyə başlayır. Oğlan isə çəkdiyi rəsmlərə müştəri tapdığını deyir. Sevinirlər ki, sənətlərinə uyğun iş tapa biliblər. Bir gün qız əlisarıqlı dönür evə. Deyir ki, dərs verdiyi qız evdə onu yeməyə qonaq edəndə isti yağ  dağılıb, əlini yandırıb. Sonra məlum olur ki, qız indiyəcən fortepiano dərsi demirmiş, camaşırxanada işləyirmiş, paltar ütüləyirmiş. Oğlan da elə həmin camaşırxanada ocaqçı işləyirmiş. Oğlan deyir ki, incəsənəti sevirsənsə, hər çətinliyi keçmək olar. Qız onun sözünə düzəliş edir: Əgər sevirsənsə...

Hekayə xeyli düşündürür...

"Son yarpaq"ı ilk dəfə 14-15 yaşlarımda Şuşada oxumağım yadımdadır. Ən aydın yadımda qalan əsərlərdəndir. Ömrüm boyu tez-tez xatırlamışam onu. İndi oxuyuram,  görürəm ki, yağışlı gündə divara yarpaq rəsmi çəkən kişi 2 gün sonra sətəlcəmdən ölür, amma son yarpağın düşmədiyini görən qıza həyat eşqi güc verir və sağalır. Düşünürəm, görəsən, niyə bu tipli əsərləri sevirəm - fədakarlıqdan bəhs edən, insanı uçurumdan qoruyan, yaşadan, ona ümid verən, işıqlı əsərləri? Xarakterimmi belədir deyə bu tipli əsərləri bəyənirəm, yoxsa əksinə, bu əsərlərin təsirindən xarakterim belə formalaşıb?!.   

"SEVİNC"

Bu gün səhərdən Çexovun "Sevinc" hekayəsi yadıma düşüb. İnsan hisslərinin bu qədər sadə, adi, bir az da ironik şəkildə ifadəsi çox təsirlidir... Hekayə cəmisi bir səhifədir. Deməli, gecənin yarısı Mitya gəlir evə, çox xoşbəxtdir, coşub-daşır, sevinir... Başlayır valideynlərini qınamağa ki, dünyadan xəbəriniz yoxdur, qəzet oxumursuz, heç nə bilmirsiz, amma mən artıq məşhuram, bütün Moskva məndən danışır-filan... Bir az keçəndən sonra məlum olur ki, bunun haqqında yazı var qəzetdə və yazını oxumağa başlayırlar... Oxuduqca coşur, sevinir, şərh edir hər cümləni... Sən demə, bu adam sərxoş halda atın altına yıxılıbmış, bu haqda kiçik bir informasiya gedib qəzetdə, adını da qeyd ediblər... Bu isə həmin informasiyadan sevinib, ruhlanıb, coşub və bu xəbəri qabağına çıxan hamıya danışır... Mitya deyir, bu qəzeti saxlamaq lazımdır, amma hələlik aparım filankəslərə də göstərim...

Bir vaxtlar ilk şeirlərim çıxanda  uşaqların "Qonşumuz Rəşad şair olub" - deyə əllərində qəzet küçədə qaçmaları yadımda düşdü. Yazı yazan hamının xatirəsində, heç olmasa, bir belə hadisə var... Amma Çexov sadəcə, yazıdan yox, adi informasiyadan xoşbəxt olan adamı göstərir və əslində, bununla hər insanın içindəki tanınmaq, daha çox görünmək arzusunu ifadə edir. 25 ildən çoxdur, insanların görünmək arzusunu yerinə yetirməyə çalışırıq. Bəlkə də, bu, savab işdir. Axı, heç kimə pislik eləmir adam... Yazır, vəssalam... Şair demiş, "stadionda kiminsə başına butulka atmır ki..." Sadəcə, görünmək istəyir! İstəyir ki, onu görsünlər, adam saysınlar...

Olsun da, qoy olsun! 

HƏR ŞEY... 

AzTV-də gənc rəssam danışır: "Rəssamlıq mənimçün hər şeydir, səhər duran kimi rəngləri fikirləşirəm, nə çəkəcəyimi düşünürəm".

15-20 yaşlarımda poeziya da mənimçün eləydi, yuxudan duranda da, yeriyəndə də,  düşünəndə də şeir pıçıldayırdım. Sən demə, bu, gənclik ovqatı imiş. Poeziya, şeir çox şeydir insan üçün - hər halda mənim üçün - amma hər şey deyil. HƏR ŞEY bədənin bütün nöqtələrini dolduran, fiziki hiss elədiyin, çəkisini anladığın, fəqət həm də hava kimi ələ gəlməyən, dopdolu kütlədir. Bədənindən aşıb-daşdığını hiss edirsən. HƏR ŞEY təkcə yuxudan ayılanda yox, yuxuda da, gerçəklikdə də beynindən heç zaman çıxmayan, düşündükcə səni ən dərin musiqidən də uzaqlara, göyün yeddinci qatına qaldıra bilən, metafizik, ruhi, həm də real, ilahi obrazın və fiziki varlığın qovuşduğunu dərk edib yaşamaqdır. Və hamıdan yuxarıda olduğunu apaydın görməkdir.   

"FREE ZONA"NIN SƏRÇƏLƏRİ 

Hava limanında "free zona"da olmaq nənəmin alma bağının rahatlığı kimi gəlir mənə. Bütün yoxlamalardan keçəndən sonra, uçuşdan əvvəl, bir saat-para saat zamanın olur. Beyin rahat, qayğılardan azad. Özün də səfər üstdə. Yəqin, həm də buna görə "free zona" təkcə sözün hərfi mənasında yox, ümumiyyətlə, azadlıq anlamına gəlir mənim üçün. Sərçələri düşünürəm. Hansısa açıq şüşədən aeroportun içərisinə girib uçuşan sərçələr! Bəzən şəffaf şüşələri səma, ənginlik bilib, indicə azadlığa çıxacağını düşündüyü məqamda dimdikləri şüşəyə dəyib yumrulanan, qanadını bir anlıq unudub daş kimi aşağı yumalanan, sonra özünə gəlib yenidən qanadlanan "free zona" sərçələri! Azadlığın bir addımlıqda olduğunu düşünüb sevinəndə sərçələrin dimdiyinə dəyən şüşələr! Mavi səmanı əks etdirən aldadıcı şüşələr! Və nənəmin alma bağı...

LUMİNİSET LAMPA 

Masazırdakı evin həyətində, çardağın altında uzanmışam. Anam Yavər xanım ordan-burdan danışır. Öz aləmimdə olsam da, hərdən qulaq verirəm. Şahin Sinariya ruhlar barədə kitab tərcümə edib. Birini də ona göndəriblər. Anam arada bu kitabdan danışsa da, söhbət bu luminiset lampaların işığına ilişir. Bu lampa işığı mənə Ağdamdakı həyət evimizi xatırladır. Düşünürəm, niyə Ağdamı xatırladır bu işıq?!

Deməli, 1975-ci ildə Ağdamda birinci katibi olan Telman Orucov Məcidovu rayon bankının müdir müavinliyindən "Qorpo"ya sədr təyin edir. Avqust ayında ailəmiz "dördmərtəbədən" “hamam məhəlləsindəki” həyət evinə köçür. Mən Turşsudayam. Ağdama gələndə keçmiş evə -  "dördmərtəbəyə" gedirik. Orada bizi - bacımla məni qarşılayıb təzə evə aparırlar. Bax, bu 700-800 metrlik yolu aydın xatırlayıram. Təzə evi görmək marağı, yeni ev, yeni şərait - genişliklə, yeniliklə tez tanış olmaq arzusu! "Dom pioner"in, rayon milis idarəsinin qabağından, evlərin arasından keçən yol və həmin andakı ovqatım indi də dipdiridir. Və milis idarəsinin, şəxsi evlərin qabağında yanan luminiset lampaların xəfif, fərqli işığı. Görünür, Ağdamda o vaxt dəb idi - həyətləri, çardaqları, qapının, darvazanın çölünü luminiset lampayla işıqlandırırdılar. Bax, beləcə "köhnə hamam" məhəlləsindəki evimizə - Əli İbrahimov küçəsi, döngə 1, ev 19-a çatırıq. Evin içi və həmin an yaşadığım duyğularım elə də yadımda qalmayıb. Amma evə gedən yolu, luminiset lampaların işıqlarını, darvazanı, həyəti, həyətdəki lüminıset işığını lap yaxşı xatırlayıram.

Və indi Masazırda, Yavər xanımın söhbətlərinin və sükutunun içində, luminiset işığında həmin ovqat məni buraxmaq bilmir!.. 

TORPAQDAN DA BƏRƏKƏTLİ 

Günəş də sevgi qədər güc, enerji verə bilməz. Bahar da onun qədər ruhlandıra bilməz. Torpaq da onun qədər səxavətli ola bilməz. Ən üstünü sevgidir.

Bunları düşünə-düşünə valideynlərimi ayrı-ayrılıqda öpdüm. Atam həyətdə oturmuşdu. Təəccübləndi. Çox həssas  adamdır, əminəm ki, unutmayacaq bu halımı. Mən olmayanda danışacaq, "Oturduğum yerdə oğlum gəlib öpdü məni" - deyəcək. Xeyli müzakirə edəcəklər bu hərəkətimi. Axı, mən uşaq deyiləm. Amma sevgi insanı gör necə uşaqlaşdırırmış. Çox borcluyam bu hissimə - Tanrının mənə  göndərdiyi ilahi möcüzəyə! Mənə lütf elədiyi bu hala görə borcluyam... Sevgi - can verməkdir həm də... Yaşamağın məğzi, mənasıdır! Sevgi - şeytan əməli deyil, Allahın işidir, onun özüdür, bəlkə də! Bu ruha, işığa, gücə səcdə etməliyəm! Qorumalıyam!..

 





26.06.2019    çap et  çap et