525.Az

Bakı Xoreoqrafiya Akademiyasının növbəti uğurlu layihəsi


 

Bakı Xoreoqrafiya Akademiyasının növbəti uğurlu layihəsi<b style="color:red"></b>

Bakı Xoreoqrafiya Akademiyası yarandığı ilk gündən Azərbaycanın mədəni həyatına bir canlanma gətirib. Mükəmməl çoxpilləli təhsillə yanaşı, biri-birinin ardınca keçirilən tədbirlər, təhsilə, musiqiyə və dünyaya baxış nöqteyi-nəzərindən Akademiyanın ictimaiyyətə verdiyi töhfədir.

Bu tədbirlər sırasında Ü.Hacıbəylinin "Arşın mal alan" operettasının musiqisi əsasında "La prescription du marriage heureux"  adlı  rəqs-tamaşa, Azərbaycanda "Multikulturalizm ili"nə həsr olunmuş "Multikulturalizmin Azərbaycan modeli:   tarix, mədəniyyət və incəsənət" mövzusunda   IV Respublika elmi-praktiki konfrans və layihə çərçivəsində "Azərbaycan yurdum mənim" rəqs-tamaşa, "Səmayi Şəms" xoreoqrafik kompozisiya, P.Çaykovskinin "Şelkunçik" baleti, L.Minkusun "Don Kixot" baleti, Q.Qarayevin "Yeddi Gözəl" baleti, Azərbaycanın ilk balerinası Qəmər Almaszadə adına klassik və milli rəqs üzrə I beynəlxalq müsabiqə və digər tədbirləri göstərmək olar. Bu tədbirlər sırasına Rusiya Federasiyasının Xalq artisti, baletmeyster, xoreoqraf Vladimir Vasilyev, İngiltərə rəqs ustası, Cənubi Orland Balet Akademiyası və Yeni Zelandiya Rəqs məktəbinin məzunu Vilyam Prat, məşhur Niderland xoreoqrafı Tom Bosma, "Dance Art" (UNESCO) Milli Komitəsinin Bolqarıstandan rəhbəri, Bolqarıstan Balet Assosiasiyasının icraçı direktoru Silvia Tomova, Rusiya Federasiyasının xalq artisti, dünya şöhrətli Nikolay Tsiskaridze və başqa xoreoqrafiya sənəti korifeylərinin akademiyada keçirdiyi ustad dərslərini də əlavə etmək lazımdır.

Akademiyada mütəmadi olaraq keçirilən respublika miqyaslı elmi-nəzəri konfranslar, elmi sessiyalar, dəyirmi masa və seminarlar, elmin, mədəniyyətin müxtəlif sahələrini əhatə edir:  "Xoreoqrafiya sənətinin aktual problemləri" mövzusunda II Respublika Elmi-Praktiki Konfrans, "Heydər Əliyev və Azərbaycan incəsənəti" mövzusunda III Respublika Elmi-Nəzəri Konfrans, "Milli mədəni dəyərlərin qorunmasinda və təbliğində Heydər əliyev fenomeni" V Respublika Elmi-praktiki konfrans, "Simfonik muğamlarin balet tamaşalarinda təcəssümü" adlı elmi seminar, "Müasir dövr humanitar sahənin elm, təhsil və yaradıcılıq problemləri üzrə elmi və elmi-tədqiqat fəaliyyətinin istiqamətləri və mühüm nəticələri" mövzusunda VI Respublika elmi-praktiki konfrans, "Qara Qarayevin 100 illik yubileyi ilə bağlı  elmi sessiya  və s.

Bakı Xoreoqrafiya Akademiyasının son tədbirlərindən biri də aprel ayının 25-26-da Azərbaycanda ilk dəfə olaraq təşkil olunan "VERA ARTE" konsertmeyster ustalığı üzrə I respublika müsabiqəsidir. Belə bir tədbirin məhz Xoreoqrafiya Akademiyasında təşkil olunması heç də təsadüfi deyil. Konsertmeystr - yəni əsərin musiqi müşayiətçisi balet səhnələrinin ayrılmaz üzvüdür.

Balet - incəsənətin sintetik janrlarına aid olan bir növüdür. Özündə səhnə dekorasiyalarını, geyim, rəqs və musiqini  ehtiva edən bir sənətdə, əlbəttə ki, musiqi müşayiəti ən önəmli yerlərdən birini tutur. Hər bir  rəqsin və ya baletin hazırlıq dövrünü konsertmeyster müşayiəti olmadan təsəvvür etmək mümkün deyil. Balet konsertmeysterləri isə digər müşayiətçilərdən tamamilə fərqli bir spesifikaya malik musiqiçilərdir. Onlar balet musiqisinin çətin partiyalarını ifa etməklə yanaşı, rəqsin terminologiyasını da bilməlidirlər: "Preparation", "Plie", "Battement  tendu ", "Battement tendu jete ", "Rond de jambe  par terre ", "Battement fondu ", "Battement frappe ", "Rond de jambe en l'air ", "Petit battement" və s.

Konsertmeysterin məharəti bütün bu rəqs ritmləri ilə yanaşı, balet ifaçılarının "Pa"larını da müşayiət etməkdir. Xoreoqrafiya Akademiyasında təşkil olunan bu müsabiqənin məqsədi təkcə Bakıda yox, bölgələrimizdə də fəaliyyət göstərən istedadlı konsertmeysterləri tapıb üzə çıxartmaq idi. İştirakçıların siyahısında Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriya, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə yanaşı, müsabiqədə regionlardan - Bərdə, Balakən, Şirvan, Salyan, Şamaxı, Şəki, Mehdiabad, Quba, Sumqayıtdan olan konsertmeysterlərin də iştirakı bu tədbirə olan marağın göstəricisi idi.

Əvvəlcədən qeyd edim ki, müsabiqə çox yüksək səviyyədə təşkil edilmişdi. Başda təşkilat komitəsinin sədri, Bakı Xoreoqrafiya Akademiyasının rektoru, professor Timuçin Əfəndiyev olmaqla Akademiyanın bütün rəhbər işçilərinin qatıldığı bu tədbirin hazırlıq mərhələsi və yekunu müsabiqənin gedişində özünü göstərdi.

Maraqlı musiqi nömrələri və tərtibatı ilə seçilən təntənəli Açılış  mərasimində "La performance  dei  maestri" adlı konsert proqramı nümayiş olundu. Konsertdə Bakı Musiqi Akademiyası və Bakı Xoreoqrafiya Akademiyasının müəllim və tələbələri iştirak edirdilər. Onların sırasında xalq artistləri, əməkdar artistlər, prezident təqaüdçülərii, respublika və beynəlxalq müsabiqə  laureatları var idi (Xalq artisti, professor Ülviyyə Hacıbəyova, Xalq  artisti Nazpəri  Dostəliyeva,  Əməkdar artist  Nigar  İbrahimova,  Əməkdar  artist  Fəridə  Hüseynova, Əməkdar  artist Əyyub Əliyev,  Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının solisti  Cəmilə  Kərimova , Prezident təqaüdçüsü  Ülviyyə Dadaşova,  Prezident  təqaüdçüsü, Beynəlxalq və Respublika müsabiqələr  laureatı Atabala Manafzadə, Beynəlxalq və Respublika müsabiqələr laureatı  Ceyhun Əzizov, Beynəlxalq və Respublika müsabiqələr laureatı  Arzu  Səfərova, Beynəlxalq və Respublika müsabiqələr laureatı Kamil  Cəfərov,  Beynəlxalq və Respublika müsabiqələr laureatı Sübhan  Rüstəmov, BXA-nın dosenti Nigar Ağayeva, BXA-nın  müəllimi  Sevda Axundova,  BXA-nın  konsertmeysterı  Səidə Axundova,   Beynəlxalq müsabiqələr laureatı  Nəzrin  Aslanlı), Xalq artisti, BXA-nın dosenti Yusif Qasımov və Əməkdar artist  Səbinə  Qasımova).

Daha sonra müsabiqə Akademiyanın konsert zalında öz işinə start verdi. Müsabiqənin I turunda müsabiqə iştirakçıları tələbata əsasən instrumental və vokal  ifaçılarını (klassik və milli) müşayiət edirdilər.

II tur 26 aprel tarixində xoreoqrafiya zalında   öz işinə başladı, açılış mərasimində  Akademiyanın Klassik rəqs kafedrasının müdiri, Əməkdar Mədəniyyət işçisi Mayra Almaszadə  I kurs tələbələrinin iştirakı ilə, müsabiqədə II turun tələbatına uyğun ekzersisi nümayiş etdirdi (konsertmeyster Musiqi fənləri kafedrasının baş müəllimi Lalə Hüseynli).

Müsabiqənin Münsiflər heyətini Bakı Musiqi Akademiyasının və Bakı Xoreoqrafiya Akademiyasının yüksək səviyyəli ixtisasçıları təmsil edirdilər: Kamilla Hüseynova (BXA-nın Bədii rəhbəri, Prezident mükafatçısı, Azərbaycan Respublikasının Xalq artisti, dosent), Təranə Muradova (BXA-nın Xarici  əlaqələr üzrə prorektoru, Azərbaycan Respublikasının Xalq artisti, dosent), Lyudmila Həsənova (BXA-nın Baletmeyster sənəti kafedrasının müdiri,  pedaqogika üzrə  fəlsəfə doktoru, BXA-nın professoru), Nərminə  Quliyeva (Əməkdar müəllim, pedaqogika  üzrə fəlsəfə doktoru,  professor,  BMA-nın tədris işləri üzrə prorektoru), Gülnarə  Acalova (Əməkdar müəllim, professor), Leyla Abbasquliyeva (sənətşünaslıq üzrə fəlsəfə doktor, professor,   BMA-nın  Konsertmeyster ustalığı kafedrasının müdiri). Münsiflər heyətinin sədri  - Bakı Musiqi Akademiyasının Tədris işləri üzrə prorektoru, professor Nərminə xanım Quliyeva idi.

Nüfuzlu münsiflər qarşısında çıxış edən hər bir iştirakçı müsabiqənin şərtlərinə əməl edərək öz məharətlərini nümayiş etdirə bildilər. İki turdan ibarət olan müsabiqə, nəticədə layiqli qalibləri üzə çıxartdı.

"VERA ARTE" konsertmeyster ustalığı üzrə I respublika müsabiqəsinin qalibləri: III yerlər - Adilə İbrahimli (Bakı Musiqi Akademiyası), Səma Xəlilzadə (Bakı Musiqi Akademiyası), Simuzər Səmədova (Bakı Xoreoqrafiya Akademiyası) , Dinarə Rəhimova (Bakı Musiqi Akademiyası), Elnur Cəfərli (Bakı Xoreoqrafiya Akademiyası), II yerlər -  Mənzər Arzumazadə (Bakı Musiqi Akademiyası), Arzu Hüseynova (Mehdiabad Uşaq Musiqi Məktəbi), Aydan Rüstəmli (Bakı Musiqi Akademiyası), Cəmalə Abdinzadə (Azərbaycan Milli Konservatoriyası  nəzdində Musiqi Kolleci (orta) və nəhayət I yerlər -  Nərmin İbrahimova (Bakı Musiqi Akademiyası), Ülviyyə Dadaşova (Bakı Musiqi Akademiyası), Tutu Məmmədli (Bakı Xoreoqrafiya Akademiyası),  Rəna Zəkiyeva (Bakı Xoreoqrafiya Akademiyası) layiq görüldülər.

Əlbəttə ki, "VERA ARTE" konsertmeyster ustalığı üzrə I respublika müsabiqəsi Bakı Xoreoqrafiya Akademiyasının qarşıdan gələn 90 illik yubileyinə  həsr olunmaqla yanaşı, Azərbaycanın professional musiqi ifaçılığı tarixində də bir iz qoydu.

Həcər BABAYEVA

Əməkdar incəsənət xadimi, professor

 





26.06.2019    çap et  çap et