525.Az

"Tanrım, dön bir mənə bax..." - Adilə Nəzərin şeirləri


 

"Tanrım, dön bir mənə bax..." - <b style="color:red">Adilə Nəzərin şeirləri </b>

50 YAŞIN ŞEİRİ

Göndər gəlsin, nə dərdin var, İlahi,
Duz yükünü çəkə bilən adama...
Neyləyəcək gözlərdəki soyuqluq,
Buz yükünü çəkə bilən adama.

Asılmaq var bir ömürün dorundan,
Tutunmaq var bir ocağın qorundan,
Qorxu yoxdu bu həyatın zorundan,
Öz yükünü çəkə bilən adama...

Zalımlığı, fağırlığı nə imiş,
Bəxtin belə sağırlığı nə imiş.
Əlli yaşın ağırlığı nə imiş,
Söz yükünü çəkə bilən adama...

***

Buluda bel bağlama, göz yaşın olan yerdə,
Gözün qələm gəzməsin, yaddaşın olan yerdə.
Ürəyinə yüklə sən həyat adlı hər yükü,
Kimsədən ağıl umma, öz başın olan yerdə.

HƏR ŞEY BİRDİ

Olan bu dünyaya aşina, bilir,
Sürünən də birdi, uçan da birdi.
Yetənlər mənzilin başına, bilir,
Yeriyən də birdi, qaçan da birdi.
İgidlər var pay payladı qanından,
Ətri gəlir vətənin hər yanından...
Bilinmirsə, torpaq üçün canından,
Keçməyən də birdi, keçən də birdi.
Kara gəlməz nə məsləhət, gənəşmək,
Bu dünyanın əyrisilə güləşmək.
Kor quyunun qarasına Günəş tək,
Saçmayan da birdi, saçan da birdi.
Bir tövbəyə bircə günah silinər,
Açıq yoldu, bir də dönüb gəlinər.
"Qara qutu" açılanda bilinər,
Bağlayan da birdi, açan da birdi.
İstək gözdən süzülməsə, sızmasa,
Sevindirməz qarşılığı olmasa.
Əgər Tanrı bəxti gözəl yazmasa,
Seçməyən də birdi, seçən də birdi.
Ay Adilə, gəldin sözün belindən,
Kim küsübdü, inciyibdi dilindən.
İçdiyi su olmasa dost əlindən,
İçməyən də birdi, içən də birdi.
AT GETSİN

Arzu, kam sənin olsun,
Götür qəmi at getsin...
Sevinc tam sənin olsun,
Azı, kəmi at getsin...

Bax, gözün güzgüsünə,
Hay ver qəlbin ününə,
Günəş doğsun gününə,
Yaşı, nəmi at getsin...

Gəl, eşq üçün odlanaq,
İkimiz bir adlanaq,
Deyib-gülüb şadlanaq,
Qüssə-qəmi at getsin...

Baxma, həyat çətindi,
Sevən adam mətindi,
O, sənin cənnətindi,
Cəhənnəmi at getsin...

BU SEVGİDİ

Mən necə anladım sənə,
Məhəbbətin dili olmur.
Şırıl-şırıl axan sudu,
Çökdürürsən, lili olmur.

Çoxdu bu odun məkiri,
Yandıqca eylər zikiri.
Ağla asılmaq fikiri
Gələndə kətili olmur.

Mən çoxdan dönmüşəm muma,
Azalıram dama-dama...
Hər qəlb alışmaz bu şama,
Hər qəlbin fitili olmur.

Gəz-dolan, yenə sal meyil,
Bulaqdı, suzanda əyil.
Bu Sevgidi - fani deyil,
Eşqin Əzraili olmur.

UÇUN, QUŞLAR...

Uçun, quşlar, uçun bizim ellərə,
İndi orda çoxdan sünbül vaxtıdır.
Dağ arası yumalanan yellərə,
Qanad tutun, çöllərin gül vaxtıdır.

Xəbər verin, kimsə yola baxırmı,
Çaylarımız gümbür-gümbür axırmı,
Qonşu gəlin al örpəyin taxırmı,
Yoxsa yenə o qara tül vaxtıdır?

Dünya birdir, tutanlar dörd əllidir,
Çəkdiklərim gözlərimdən bəllidir,
Nə olsun ki, burda yaşım əllidir,
Orda gəncliyimin bülbül vaxtıdır.

Uçun, quşlar, o ellərdə vəfa var,
Hər çəhlimdə, hər cığırda səfa var.
Hürriyyət tək, azadlıq tək şəfa var,
Burda qəlbin hələ ki qul vaxtıdır.

Qarışdırma ayaqları başlara,
Çox dəyibdi başın daşdan-daşlara,
Ay Adilə, sən də qoşul quşlara,
Qoşul, ürək vaxtı - könül vaxtıdır.

SÖZ

Söz yerdən göyədək ucalan bir taxt,
Canımı söz üçün oda yaxmışam.
Yeni bir fikirlə toqquşduğum vaxt,
Heyrətdən lal kimi donub baxmışam.
Sözüm var, üz edib üzə tutmağa...
Yaxşını yamandan uca tutmağa.
İnsan tapmayanda əl uzatmağa,
Sözün ətəyindən tutub qalxmışam.
Dəniz tək dalğalı olduğum olub,
Çəmən tək saralıb solduğum olub.
Buludun yerinə dolduğum olub,
Şimşəyin yerinə özüm çaxmışam.
Mən sözdən yarandım, mən özüm sözəm,
Düz yol məndən keçib, mən həmin izəm.
Dəyəri ölçülməz suyam, təmizəm, 
Sevdalı bir gözdən sızıb axmışam.
Sehr sözdə olur, sirr sözdə olur,
Ən qiymətli gövhər, dürr sözdə olur.
Bu qəfəs dünyada hürr sözdə olur,
Sözə əsir düşüb, azad çıxmışam.

OLMAYA

Ölüm yaman dərddi demə,
Dərd belə asan olmaya.
Dərd odur ki ağlayasan,
Səsini kəsən olmaya.

Getməyəsən, yolun ola,
Qucmayasan, qolun ola,
Bal dodağın, dilin ola,
Bir quru busən olmaya.

Demə, hansı yol asan ki?
Dərd qarışıb yola sanki.
Vay, o günə qalasan ki,
Ərk edən, küsən olmaya.

Bir vəfasız yar yanında,
Paslanasan ömür qında.
Ürəyinin soyuğunda,
Üşüyən, əsən olmaya.

Zaman keçə, güman yetə,
Qəfil gecə Günəş bitə, -
Bir sevgi ki, eşqdən ötə...
Deməsən, desən olmaya.

Gündüzlərin ola gecə,
Yol yorasan - dalan, küçə.
Güzgüdən neçə sən keçə,
Heç birisi sən olmaya.

TANRIM, DÖN BİR MƏNƏ BAX

Tanrım, dön bir mənə bax,
Nə ev oldum, nə oba.
Üzümdə güllər açdı,
Can evimsə xaraba.

Şimşəyinəm hönkürüm,
Buludunam, qoy yağım.
Solumda ağrı çoxdu,
Qurbanın olsun sağım.

Bir bax, Eşqin havası
Kül etdi axır məni.
Verdiyin qələm deyil,
Qopuzdu, yaxır məni.

Çaldıqlarım təzəydi,
Dəyişdi xəzan oldu.
Olmaz, olmaz, dedilər, -
Qadından ozan, - oldu...

Ruhumdakı bu yanğı
Axı nədi? - bilmirəm.
Kirpiklərim düşməndi,
Yuxu nədi bilmirəm.

Alnımı boş qoydun ki,
Öz adını yazasan?!
Tanrım, dön bir mənə bax,
Özünü arzulasan...

TORPAQ SAXLAMAZ MƏNİ

Mən bir havalı quşam,
Budaq saxlamaz məni.
Min yol yanam-tutuşam,
Çıraq saxlamaz məni.

Yoxam ki toy-düyündə...
Əridim neçə ündə.
Ürəyin bircə gün də
Qonaq saxlamaz məni.

Qanadına yazılsam,
Bir ucuna qısılsam,
Damcı olub asılsam,
Yarpaq saxlamaz məni.

Eşq elə bir meyil ki,
Əyildikcə, əyil ki...
Ölmək çətin deyil ki...
Torpaq saxlamaz məni.

 





27.06.2019    çap et  çap et