525.Az

Bakıda 9-cu Beynəlxalq Sığorta Forumu işə başlayıb


 

Bakıda 9-cu Beynəlxalq Sığorta Forumu işə başlayıb<b style="color:red"></b>

Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) dəstəyi, Azərbaycan Sığortaçılar Assosiasiyasının və İcbari Sığorta Bürosunun təşkilatçılığı ilə sayca 9-cu “Azərbaycanda sığorta bazarı: trendlər və imkanlar” adlı Beynəlxalq Sığorta Forumu keçirilir. 20-yə yaxın xarici ölkədən 50-yə yaxın nümayəndənin qatıldığı Forumda ümumilikdə 150-dən çox şəxs iştirak edir.

“APA-Economics”in məlumatına görə, forumda çıxış edən MBNP-nin İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov sığorta sektorunda nəzərə çarpan inkişaf və perspektivlər, müşahidə olunan trendlər, tətbiq edilən yeni mexanizmlər, sığorta bazarının şəffaflaşdırılması və sektoral nəzarətin gücləndirilməsi, həmçinin sığorta bazarına inam və etimadın yüksəldilməsi ilə bağlı görülən işlər barəsində məlumat verib. İ. Alışov bildirib ki, sığorta sektorunun inkişaf etdirilməsi və sektora nəzarətin gücləndirilməsi daim dövlətin diqqət mərkəzindədir. Belə ki, Azərbaycan Nazirlər Kabinetinin 21 may 2019-cu il tarixli, 354S nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Sığorta sektorunun inkişaf etdirilməsi üçün görülməli işlərlə bağlı Tədbirlər Planı”nın qəbul edilməsi bunun bariz nümunəsidir.

Azərbaycan Nazirlər Kabinetinin qeyd olunan Sərəncamı ilə təsdiq edilən “Sığorta sektorunun inkişaf etdirilməsi üçün görülməli işlərlə bağlı Tədbirlər Planı”nın icrası məqsədilə MBNP, Azərbaycan Təhsil Nazirliyi, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, İcbari Sığorta Bürosu və Azərbaycan Sığortaçılar Assosiasiyası arasında əməkdaşlığa dair birgə memorandum imzalanacaq. Anlaşma Memorandumu bu qurumların iştirakı ilə ölkədə sığorta sahəsi üzrə maarifləndirmə, təbliğat-təşviqat işlərinin aparılması və aidiyyəti qurumların İcbari Sığorta Bürosunun elektron informasiya sistemi ilə inteqrasiyasına dəstəyin verilməsi üzrə birgə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

Tədbirdə MBNP-nin dəstəyi ilə İcbari Sığorta Bürosu tərəfindən formalaşdırılmış Hadisələrin İdarəedilməsi Sistemi və CLİP layihələrinin təqdimatı keçirilib. Bildirilib ki, Hadisələrin İdarəedilməsi Sistemi sığorta tənzimlənməsi zamanı istehlakçıların işlərinin rahatlaşdırılmasına, səlahiyyətli dövlət orqanlarından alınan sənədlərin, xüsusilə Forma 4-ün elektronlaşdırılmasına, vətəndaş məmur təmasının minumuma endirilməsinə, Bonus-Malus sisteminin effektivliyinin artırılmasına xidmət edəcəkdir. Hadisələrin İdarəedilməsi Sistemi çərçivəsində yaradılan mobil tətbiq isə sığorta tənzimləmələrinin sürətli şəkildə həyata keçirilməsinə və həm sığortaçının, həm də dövlət orqanının dərhal məlumatlandırılmasına şərait yaradacaq.

Əlavə olaraq, CLİP layihəsi çərçivəsində İcbari Sığorta Bürosunun elektron informasiya sisteminin Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemi ilə məlumat mübadiləsinin tamamlanması reallaşıb. Bu layihənin reallaşması ilə “istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” üzrə müqavilələrin elektron şəkildə bağlanması mümkün olacaq.

 





28.06.2019    çap et  çap et