525.Az

Hakimlərin maaşı artırılır


 

Hakimlərin maaşı artırılır <b style="color:red"></b>

"Məhkəmələr və hakimlər haqqında" qanun layihəsi Milli Məclisin (MM) iyunun 27-də keçirilən növbədənkənar sessiyasının iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb.

Belə ki, adıçəkilən qanunun 106-cı maddəsinə (hakimlərin maddi təminatı) ediləcək dəyişiklikdə qeyd edilib ki, hakimlərin aşağıdakı məbləğdə aylıq vəzifə maaşları müəyyən edilir və onlara bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir: Ali Məhkəmə sədrinə Azərbaycan Respublikası Milli Məclisinin sədrinin aylıq vəzifə maaşı həcmində, yəni 2475 manat; Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və apellyasiya məhkəmələrinin sədrlərinə ali məhkəmə sədrinin vəzifə maaşının 90 faizi həcmində; Ağır cinayətlər məhkəmələrinin, Naxçıvan Muxtar Respublikası ağır cinayətlər məhkəməsinin, hərbi məhkəmələrin və inzibati-iqtisadi məhkəmələrin sədrlərinə Ali Məhkəmə sədrinin vəzifə maaşının 80 faizi həcmində; Digər məhkəmələrin sədrlərinə Ali məhkəmə sədrinin vəzifə maaşının 70 faizi həcmində; Bütün məhkəmələrin sədr müavinlərə müvafiq məhkəmə sədrinin vəzifə maaşlarının 90 faizi həcmində; Ali Məhkəmənin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və apellyasiya məhkəmələrinin kollegiya sədrlərinə müvafiq məhkəmə sədrinin vəzifə maaşının 85 faizi həcmində; Bütün məhkəmələrin hakimlərinə müvafiq məhkəmə sədrinin vəzifə maaşlarının 80 faizi həcmində müəyyən edilir.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılıb və I oxunuşda qəbul edilib.

Eyni zamanda, bu il sentyabrın 1-dən hakimlərə ödənilən bütün növ ödənişlər (vəzifə və hərbi (xüsusi) rütbəyə görə maaşlar istisna olmaqla) gəlir vergisindən azad edilir. Bununla bağlı isə  Vergi Məcəlləsinə dəyişiklik  birinci oxunuşda müzakirəyə çıxarılıb. Qeyd edək ki, indiyə qədər hakimlərə öz səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün qanunla müəyyən edilmiş miqdarda verilən aylıq pul təminatı gəlir vergisindən azad edilib. Vergi Məcəlləsində isə bu müddəa ləğv edilir.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılıb və I oxunuşda qəbul edilib.

Kamil HƏMZƏOĞLU

 





28.06.2019    çap et  çap et