525.Az

"Mürtəce" Azərbaycan romantikləri - Timuçin Əfəndiyevin yazısı


 

"Mürtəce" Azərbaycan romantikləri - <b style="color:red">Timuçin Əfəndiyevin yazısı </b>

Sosrealizm ədəbiyyatşünaslığı uzun müddət Azərbaycan romantizmini iki yerə - mütərəqqi və mürtəcelərə bölərək ikinciləri burjuaziya ilə bağlamış, adlarını çəkmiş, lakin yaradıcılıqları haqqında geniş məlumat verməmişdir.

Bu romantiklərin içərisində Əbdülxalıq Cənnəti, Ağadadaş Müniri, Əliabbas Müznib, İbrahim Tahir Musayev, Əhməd Kamal, İsmayıl Səfa, Seyid Zərgər kimi şairlərin yaradıcılığının ideya və forma cəhətdən ədəbiyyata yenilik gətirmədikləri iddia olunurdu. Lakin zaman keçdikcə bu şairlərin hər biri öz fərdi üslubları, mövzu və problematikaları baxımından ədəbiyyatımızın faktlarından olduğu aydın oldu.
  
Ağadadaş Müniri
 
XIX əsrin sonları XX əsrin əvvəllərində Azərbaycan poeziyasının nümayəndələrindən biri Ağadadaş Müniri Bakı ədəbi mühitində yetişmiş şairlərdəndir. Yaradıcılığı sovet ədəbiyyatşünaslığında mürtəce romantiklər kontekstindən qiymətləndirilmişdir. Doğrudur, bu qiymətləndirmə daha çox ideoloji nöqteyi-nəzərdən baş vermiş, konkret olaraq şairin yaradıcılığına müraciət edilməmişdir. Lakin bütün hallarda "mürtəce romantik" kimi tanıdılan şairin yaradıcılığının ədəbiyyat tariximizdəki yerini və mövqeyini yenidən nəzərdən keçirmək lazım gəlir.

Mirzə Ağadadaş Müniri (1863-1940) Bakının Hövsan kəndində anadan olmuşdur. Həyatı və tərcümeyi-halı haqqında geniş məlumatlar yoxdur. Yeddi yaşında atadan yetim qalmış, anasının təkidi ilə mədrəsəyə getmiş, on beş yaşınadək orada oxuduğu ilə bağlı məlumatlar verilir. Şairin tərcümeyi-halını əks etdirən olduqca maraqlı bir şeiri vardır. Şeir "Tərcümeyi-hali-Ağadadaş Müniri" adlanır.  Bu şeirdə şair özünün həyatı haqqında bəzi məlumatlar verir. Buradan məlum olur ki, şairin atası öz zəhməti ilə dolanmış, Xəzər dənizində üç onluq maaşla çalışmışdır. Məhəllə dərzisi olan anası oxutdurmuşdur. Şeirdə şairin rəssamlıqla məşğul olması, daha sonra isə "Müniri" təxəllüsü ilə şeir yazması da deyilir.

Əslimiz olmuş əhli-Hövsandan,
Gəmi zəhmətkeşi olubdur atam.
Alıb illik maaş üç onluq,
Güzaran etmişik oniylə müdam.
Gərqi-bəhri Xəzər olub atamız,
İxtisarən, məni oxutdu anam.
Yeddillik yetim on beşə tək,
Eylədim sevdigim ülumi tamam.
Anam oldu məhəlləyə dərzi,
Özüm oldum çocuqlara rəssam. 
(Müniri A. Bahar ağlayışı, B. 2016, s 21)

Müniri şeirlərini qəzəl, məsnəvi, rübai, qitə, qəsidə şəkillərində yazmışdır. Bakı şairləri ədəbi mühitində yazıb yaratmışdır. S.Ə.Şirvaninin "Bakı şairlərinin tərifi" şeirində "Təbi Müniri şəmsü qəmərdən münirdir, Baxdıqca şeirinə gözə nuri-bəsər gəlir" misraları şairə verilən ən yaxşı qiymətlərdən biridir. Şairin müasirləri də onun yaradıcılığını yüksək dəyərləndirmişlər. Tədqiqatçı Sona Xəyal şairin təmsil olunduğu mühit haqqında yazır: "Həmin dövrdə Azərbaycanın bir çox bölgələrində ədəbi məclislər fəaliyyət göstərirdi. Ağadadaş Müniri Məcməüş-şüəranın o taylı-bu taylı Azərbaycanda tanınan və sevilən ən fəal üzvləri olan Mirzə Əbdülxalqı Yusif, Mizrə Əbdülxalq Cənnəti, Mikayıl Seydi, Seyyid Zərgər, Mirmahmud Nuri və b. ilə səmimi dostluq əlaqələri saxlamışdır ki, onun mənzum məktubları, xoş günlərində şair dostlarına yazdığı təbriknamələr, habelə dost ölümünə yazdığı mərsiyələr bunu sübut edir" (Sona Xəyal "Mirzə Ağadadaş Müniri-155"//Müniri A. Əsərlər. Bakı, Ecoprint, 2018, s. 3).

"Müniri" təxəllüsünü, "Münir" sözündən (ərəb sözüdür, mənaca, "işıq" deməkdir) götürən şairin yazıları çox az hallarda çap olunmuşdur. Onun şeirləri XX əsrin əvvəllərində, əsasən "Dirilik" jurnalında dərc edilmişdir.
Daha sonra "Türkcə qəzəllər" (1917) kitabında işıq üzü görmüşdür. Sovet dövründə şairin bir neçə qəzəli "Ədəbi parçalar" (1926) kitabında getmişdir. Bundan sonra şairin şeirləri yalnız C.Rəmzinin tərtib etdiyi "Deyilən söz yadigardır" kitabının birinci cildində dərc edilib. Burada şairin "Əlində", "Olmayan yerdə", "Özgədir", "Xali", "Sevər" rədifli və "Gəh salıb rüsxari-zülfün, gəh açıb zülfün tamam", "Elm etdi rövşən, ey dil, Avropanı", "Könül quşin edüb, ol şüxi-canşikar şikar" rədifsiz qəzəlləri, eləcə də "Tərcümeyi-hali-Ağadadaş Müniri" şeiri verilmişdir. Şairin bir neçə qəzəli isə "Poetik məclislər" toplusunda getmişdir. Lakin bütün bunlar şairin yaradıcılığının çox az bir hissəsidir. Doğrudur, "Azərbaycan ədəbiyyatı tarixi" kitabında "Müniri sovet quruluşundan ruhlandığını göstərən bir çox şeirlər yazmışdır" fikri də yer almışdır. Lakin bu günlərdə şairin dərc edilən kitablarında bu cür nümunələrə rast gəlmədik. Olsun ki, sovet ədəbiyyatşünasları bu fikri şairin yaradıcılığını ideoloji təzyiqdən qurtarmaq üçün işlətmişdir. Lakin hələ ki, Ağadadaş Münirinin əsərlərini tərtib edənlər bu cür nümunəni ortaya qoymamışlar.

A.Münirinin yaradıcılığı klassik poetik ənənə üzərində qurulmuş və sonadək bu mövzu və problematikaya sadiq qalmışdır. Müraciət etdiyi formalar da (qəzəl, qəsidə, təxmis, müxəmməs, rübai və s.), dil, ifadə vasitələri və bədii üslub da klassik ənənənin davamıdır:

Nəsimi-sübh yetirdi məşamə gül ətrin,
Vəleyk ətri-gülüstan bilinmədi, qaldı.
Meyin nə olduğunu etdi piri-meykədə faş,
Vəli o nəşeyi-pünhan bilinmədi, qaldı.
Neyü nəva bizə verdikdə nayinin xəbərin,
Əsasi- nayü neyistan bilinmədi, qaldı.
Təbiət etdi müxalif qüvvələr ilə zühur,
Təbiəti qılan ünvan bilinmədi, qaldı. 
Bilindi səltənəti-mur, dövləti-zənbur,
Büsati-mülki-Süleyman bilinmədi, qaldı.
Oxundu XosrovüŞirin hekayəti kəmü biş,
Vəleyk məxəzi-ünvan bilinmədi, qaldı.
(Müniri A. Bahar ağlayışı, B. 2016, s 21)

Ağadadaş Münirinin dili obrazlı və  poetikdir: "Lalə tək bağrına bir dağ qoyub xalü-xətin", "Səbr qurtarmış, əcəl yetməz verəm kuyində can", "Bağlıdır divanə dil bir zülf zəncirində kim", "Dəhanın varü yox bəhsində varü-yoxdan əl çəkdim", "Səni həq tək yaradıb, ey büti-ziba, özü tək", "Ləbin dəhanini, isbat edər kəlamə gələndə", "Ruhsuz bir bədənik, nitqi-Məsiha lazım", "Zülf ilə xalü xətin zikrin bilirmi zahid", "Bir ahu gözlüyə seydəm ki, hər səyyadə ram olmaz", "Rəqs ilə mövləvilər zikri ləbin  tutarlar, Canan  gələndə  bəzmə  məstanə,  tar əlində" və s. kimi poetik zənginlik onun orijinal şair olduğunu göstərir.

A.Münirinin ən məşhur əsərlərindən biri "Ənar" qəsidəsidir. İmam Əlinin və Həzrəti Fatimənin ailəsində baş vermiş, əxlaqi bir hadisənin bədii tərənnümü olan bu qəsidə klassik şeir şəklində yazılmışdır. Şair burada klassik ənənəyə sadiq qalaraq əsas mövzuya keçməzdən əvvəl qəsidəni "Bahariyyə" ilə başlayır. Əruzun rəməl bəhrində qələmə alınmış qəsidənin səciyyəvi xüsusiyyəti hər bir misranın cümlə şəklində olub, beytin ümumi məzmun çərçivəsi daxilində fikir bitkinliyi ifadə edə bilməsidir.

Şairin yaradıcılığında ürfani qəzəllər də mühüm yer tutur. Şair bu qəzəllərində mənəvi-əxlaqi dəyərləri, insani sifətləri, ürfani eşq və məhəbbəti təsvir edir, mehr və ülfəti obrazlı şəkildə tərənnüm edir.

Zülfin tutub dolannam, çün şanə yar əlində, 
Söylər görən, nə tutmuş divanə mar əlində?

Məstanə gözlərindən qıl nəşə hasil, ey dil!
Ta hər nə qədr yarın peymanə var əlində.

Gül ruyivün xəyalışeyda qılubdu könlüm,
Hərdəm gəlir çü bülbül əfğanə xar əlində.
(Müniri A. Bahar ağlayışı, B. 2016, s 13)

Ağadadaş Münirinin romantik şairlər sırasına daxil edilməsinin, fikrimizcə, müəyyən səbəbləri vardır. Məlumdur ki, onun yaradıcılığı da sovet ədəbi tənqid və ədəbiyyatşünaslığı tərəfindən mürtəce romantizmin nümayəndəsi kimi dəyərləndirilmişdir. Lakin A.Müniri yaradıcılığında romantizm digər "mürtəce" romantiklərin yaradıcılığından əsaslı şəkildə fərqlənir. Yəni onun yaradıcılığında romantizmin bütün parametrləri digər şairlərdə olduğu kimi üzə çıxmır. Həm forma, həm də məzmun baxımından onun yaradıcılığında romantizmin təşəkkül tapdığını söyləmək olmaz. Bəs, nədən şairin yaradıcılığı birdən-birə romantizm cərəyanı kontekstində qiymətləndirilmişdir? Məsələ burasındadır ki, A.Münirinin yaradıcılığı sovet dövründə geniş tədqiqat obyekti olmamış, sağlığında ədəbi tənqiddə şeirləri dəyərləndirilməmişdir.

Şairin yaradıcılığında digər romantiklərdə olduğu kimi, vətən, millət, azadlıq, hürriyyət faktorları demək olar ki, yoxdur. Bədii təsvir və ifadə vasitələri, obrazlar baxımından da A.Münirinin yaradıcılığı romantiklərin yaradıcılığı ilə səsləşmir. Əlbəttə, bununla şairin adının bu cərəyanda səhvən hallandığını da demək olmaz. Bir neçə səbəb vardır ki, şairin adı məhz romantizm kontekstində hallandırılmışdır. Aydın görünür ki, mürtəce romantiklər sırasında ən çox adı hallananlar klassik üslubda və formada yazan  Bakı şairləri olmuşdur. A.Müniri də Bakı ədəbi mühitində yazan şairlərdən olmuşdur. Onların yaradıcılığında ən çox tənqid olunan amil yeni formaya keçə bilməmələri və yeni həyatı yazmamaları olmuşdur. Lakin A.Münirinin romantizmə aid edilməsində bəzi əsaslı faktorlar da olmuşdur. Onun yaradıcılığındakı pessimizm, ürfanilik, zəif də olsa türkçülük, islam amilinə üstünlük verilməsi və s. amillər onun adının romantizm, özü də mürtəce romantizm kontekstində çəkilməsinə imkan vermişdir. Xüsusilə, "Yerdə" rədifli qəzəlinin 1926-cı ildə nəşr edilən "Ədəbi parçalar"da işıq üzü görməsi onun adının bu siyahıda çəkilməsinə səbəb ola bilərdi. Şeirdəki ürfani görüşlər və pessimizm əhvali-ruhiyyəsi dövrün "inqilabi" nikbin əhvali ruhiyyəsi ilə ziddiyyət təşkil edirdi. Maraqlıdır ki, bu şeir S.Mənsurun "Rəngidir" şeiri ilə eyni vaxtda çap olunmuşdur. Hər iki şeir məna cəhətdən biri-birilə yaxınlıq təşkil edir:

Məhəbbət töxmin əkməz mehrüülfət bilməyən dehqan,
Əmanətpərvər olmaz nəfs, vicdan olmayan yerdə. 
                                  -----                  
Əmanət tərk olunmaz açmasa üz şahidi-məqsəd,
Mürüvvət cilvələnməz ədlü mizan olmayan yerdə.
     -----
Məarif şəklə düşməz etməsə gər ciddü cəhd arif,
Nəmüvv asarı olmaz mehri-taban olmayan yerdə. 
     ----
Dili-fulad üçün həddadi-xoşkirdar lazımdır
Ki, ahən seyqəl almaz fikri-suhan olmayan yerdə. 
     ----
Müniri, murlər seyr eyləyür əflaki, qafilsən,
Süleymani büsat içrə, Süleyman olmayan yerdə.
(Ədəbi parçalar, B. Azərnəşr,1926, s 46)

Tədqiqatçılar Vərağa Almasov və Elnur Kazımovun şairin yaradıcılığındakı bu ürfani görüşlərlə bağlı qənaətləri belədir: "XX yzilliyin başlanğıcında yazıb-yaratmış bir şairdən orta əsrlərin tutqun və dumanlı təsəvvüf ab-havasını ummaq və ədəbi qanunauyğunluqlar baxımından, nə də ictimai-mədəni mühitin diktə etdiyi sosial-mənəvi şərtlər yönündə qətiyyən özünü doğrultmazdı. Lakin belə bir cəhəti görməmək olmaz ki, Müniri lirikasında ürfani görüşlər Abbas Səhhət və Cəfər Cabbarlı reallığı ilə Hüseyn Caid və Abdulla Şaiq romantikliyinin üzvü uyarlığından doğan orijinal bir məziyyətdir" (Almasov V., Kazımov E. Klassik irsimizə yeni töhfə// Müniri A. Əsərlər, Bakı, Ecoprint, 2018, s. 116).

Məlumdur ki, Ağadadaş Münirinin şeirlərinin bir neçəsi "Dirilik" jurnalında dərc olunmuşdur. Bu da onu göstərirdi ki, şairin əməkdaşlıq etdiyi əsas dərgilərdən biridir. Həmin dərginin redaktorunun milliyyətçi Əliabbas Müznib olduğunu və burada daha çox türkçülük, islamçılıq problemlərinin geniş yer aldığını nəzərə almış olsaq, şairin də bu problematikadan yan keçmədiyini görmək olar. Şairin "Türk" rədifli şeiri milli poeziyada türk adını, onun keçmişini tərənnüm edən ilk şeirlərdəndir. Şair türk səltənətini dünyada yüksək qiymətləndirərək yazır:

Gəldi livayi-səltənətilə cahanə türk.
Verdinişan hilalı qaşın asimanə türk.
 
Etdi rəvaqi-noh fələki səltənətnişin,
Əsgərligə nücumi çəkib mahiranə türk.
 
Etdi Ütaridə qələmin bəs sərii-tiz,
Minşiligindəçəksin onu imtəhanə türk.
(Müniri A. Bahar ağlayışı, B. 2016, s 23)

A.Müniri türkün keçdiyi sınaqları, imtahanları xatırladır, səhrada "bir karvana yol göstərdiyini", "tiri-şəhabı" qılınclara nazir etdiyini dilə gətirir və onun vuruş meydanlarındakı şücaətini poetik şəkildə təsvir edir:

Sübh ulduzun qəravul içün etdi pişrov,
Yığdı piyadəəsgərini Kəhkəşanə türk. 
 
Dərya kimi təlatüm edə hər zəman hərif,
Bürci-fələkdə xəndəq aça xanə-xanə türk.
 
Bir gün, Müniri, Əhriməni surə döndərir,
Təng eyləyir bu mülki-Süleymanı anə türk.
(Müniri A. Bahar ağlayışı, B. 2016, s 23)

A.Münirinin yaradıcılığında romantiklərlə səsləşən başqa bir mövzu isə məktəb, maarif, elm haqqındakı şeirləridir. M.Hadinin, A.Səhhətin, A.Şaiqin yaradıcılığında da bu mövzu başlıca yer tutur. Bu cəhətdən A.Münirinin bəzi şeirləri romantik poeziya ilə üst-üstə düşür. O, elmi, məktəbi, təhsili xalqın, millətin gələcəyi üçün ən yaxşı yol hesab edir və Avropanın tərəqqisində bu amilləri həlledici hesab edirdi.

Mövhumə allanıb dil, cəhl oldu əqlə qalib,
Əfkarımız pozuldu, məqsədlər oldu fani.
 
Varü yoxu itirdik təhsili-kimiyadə,
Elm ilə hasil etdi Avropa kimiyani.
 
Təhqiqsiz söz oldu əfkarımız cahanda,
Bir boş fəsanə bildik keyfiyyəti-cəhani.
 
Hər nə dedi inandıq dərvişüsufi, zahid,
Sərbəstə qaldı yekca əsrari-asimani.

Tariklikdə itdi əfkarımız, Müniri,
Əxlaqımız dəgişdi, bəlli olub ziyani.  
(Müniri A. Bahar ağlayışı, B. 2016, s 25)

Müstəqillik dövrü ədəbiyyatşünaslığında vaxtilə öz qiymətini almamış şairlərin yaradıcılığına maraq bir qədər artmışdır. A.Münirinin yaradıcılığının da öyrənilməsi bu cəhətdən diqqətəlayiqdir. Lakin şairin əsərləri yenidən nəşr edilsə də, haqqında geniş tədqiqat əsərləri yazılmamışdır. Xüsusilə, onun adı romantiklərlə bir yerdə çəkilsə də, onlarla əlaqəsi, yaradıcılıq estetikası arasındakı uyğunluluq və ya fərqlər geniş tədqiqat obyekti olmamışdır. Buna görə də onun romantizm cərəyanına hansı səbəbdən daxil olması yenidən araşdırılmalıdır. 

 





28.06.2019    çap et  çap et