525.Az

Tanıyaq və tanıdaq: Səxavət Əndəlib


 

Tanıyaq və tanıdaq: <b style="color:red">Səxavət Əndəlib</b>

Əziz oxucular, "525-ci qəzet"də "Günümüzün Güney Azərbaycan ədəbiyyatı - Poeziya" adlı guşə açılıb.

Guşədə İran İslam İnqilabından (1979) sonra ədəbiyyata gəlmiş, Güney Azərbaycanda 1960-cı ildə və daha sonra doğulub boya-başa çatmış və sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan, incə və həssas ruhlarına toxunmadan, yaratdıqları möhtəşəm poeziya örnəklərini incələmədən onların ana dilində fərqli janr və üslublarda qələmə aldığı şeir və poemalara, yaxud da həmin əsərlərdən müəyyən hissələrə yer verəcəyik.

Bu əsərlər günümüzün Güney ədəbiyyatında baş verən yeniliklərin, ədəbi prosesin incəliklərini bir az da yaxından izləmək, həyata, insanlığa, yazarların ictimai-siyasi və milli məsələlərə baxışlarını öyrənmək baxımından diqqətəlayiqdir... 

Türkiyənin ünlü filosof-yazarı Cəmil Meriç "Qərb kültürün vətənidir, Şərq irfanın. Nə Qərbi tanıyırıq, nə Şərqi, ən az tanıdığımız isə özümüz..." deyirdi. Güney Azərbaycanda son çağın dinamik inkişaf edən ədəbiyyata, özəlliklə poeziyaya nəzər saldıqda burada yaşayan xalqın özünəməxsus kültürü, ədəbiyyatı, kitab mədəniyyəti, sözyaratma qüdrətinin nə qədər yüksək olduğu yansıyır. Möhtəşəm mədəniyyət yaradan bir xalq, susmayan dili, özünü, kimliyini, tarixini öyrənmək istəyən şairləri
olan xalq isə dünya tarixindən heç vaxt silinmir, əbədiyaşarlıq qazanır...

Beləliklə, özümüzü, Güneyimizi daha yaxından tanımaq, həm də daha çox sevmək üçün, dəyərli yazarların yaratdıqları bənzərsiz poetik dünyanın qapıları üzünüzə açılır, əziz oxucular!

Səxavət ƏNDƏLİB

1966-cı ildə Qaradağ bölgəsinin Hinava kəndində doğulub. Valideynləri Səxavətin məktəbə getməsi, təhsil alması qayğısını çox çəkdiklərindən o, mükəmməl təhsil alıb.

Səxavət deyir: "Məndə poeziyaya yaranan sevgi anamın uşaqikən dediyi öykülər (hekayə), habelə bayatılardan qaynaqlanıb. Bugünədək iki kitabım işıq üzü görüb. "Aşıqlardan işıqlar" isə nəşriyyatda çap prossesindədir. Hazırda arxivimdə 100-dən artıq Azərbaycan aşıq dastanı var. "XIX əsr Azərbaycan ədəbiyyatı" (farsca) mövzusu
nda elmi araşdırma aparıram".

Yol ağacları

Ömür günləri tək ötür önümdən
Yolları getdikcə yol ağacları.
Fikrimi, zehnimi çəkir özünə,
İşıq dirəkləri, tel ağacları.

Dil dedim, dilimə dil vermədilər,
El dedim, elimə yol vermədilər,
Əlimə bır dəstə gül vermədilər,
Ələndi başıma əl ağacları.

Görmədim dünyanın gül məhəbətin,
Məhəbbətdən uzaq yaşamaq çətin,
Barı məzarımın üstündə bitin,
Ay gül ağacları, gül ağacları!

Əndəlib, gün keçdi bir şey qalmadı,
Sevdiyim havanı dünya çalmadı,
Həyat bağçasından əskik olmadı
Qanqal kötükləri, kol ağacları.

Nə tələsirsən?

Hələ görkəmindən gözüm doymamış,
Ay duman bu dağa nə tələsirsən?!
Ruhumun səfası məxməri çəmən,
Saralıb solmağa nə tələsirsən?!

Mənür üzündən açılıb ləçək,
Dünyada sənin tək de varmı göyçək?
Ruhumu oxşayan ay gözəl çiçək,
Solub-saralmağa nə tələsirsən?

Başımın dumanı qovzanır göyə,
"Aman" deyə-deyə, "ay" deyə-deyə,
Soruşa bilmədim, ay ömür niyə,
Belə qocalmağa nə tələsirsən?!

Əndəlib, bir aşıq sazını çalır,
Eşitcək könlümdən bir səs ucalır,
Aşıq, "Yallı" qalır, "Vağzalı" qalır,
"Qürbəti" çalmağa nə tələsirsən?!

İstəmirəm

İlin sevincidir mənim sevincim,
Elsiz ürəyimi şad istəmirəm!
Xeyirdə çəkilməz, şərdə çəkilməz,
Ünvan istəmirəm, ad istəmirəm.

Əsir övladıyıq biz məhəbbətin,
Sevgisiz, eşqsiz yaşamaq çətin,
Harda ki var sənin sözün, söhbətin
Orda isinməyə od istəmirəm!

Səfa məskənidir dünyanın üzü,
Əndəlib əzizlə düzlüyü, düzü!
Qardaş yaradıbdır yaradan bizi,
İnsanı insana yad istəmirəm!

Ömür

Öz ömrünü ömürlərə,
Qıyan ömrə ömür deyin.
Haqq-nahaqı öz yerində,
Deyən ömrə ömür deyin.

Əldən verməz həqiqəti,
Düz əməli, düz niyəti,
Ömür boyu şərafəti,
Duyan ömrə ömür deyin!

Ay Əndəlib, yaz dəftərə,
Bu dünyadır bir pəncərə,
Mən demirəm ömürlərə,
Ziyan ömrə ömür deyin!

 





28.06.2019    çap et  çap et